Məhkəmə qərarları › İş №2-1(103)-3480/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3480/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3480/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə (bundan sonra mətndə DƏMX-nin Bakı şəhər İdarəsi) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1596/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə (bundan sonra mətndə DƏMX-nin Bakı şəhər İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və cavabdeh DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli şikayətini araşdırmaqdan əsassız olaraq imtina etdiyinə görə, ona dəymiş 10000 (on min) manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 28 oktyabır 2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən “Sonalar Sonası” şadlıq evinin administratoru İmdat adlı şəxslə “Xan” zalında toy mərasimi razılaşdırılmışdır. Razlaşmaya görə menyuda qeyd edilən qəlyanaltı, isti yeməklər, içkilər, təbii şirələr və desert toya dəvət olunmuş qonaqlara limitsiz olaraq verilməli idi və bunun əvəzində onlar şadlıq evinə hər adam başına 45 AZN (musiqi ansanblı, müğənnilər, zalın bəzədilməsi, divikom çəkiliş və bəy gəlin maşını daxil olmamaqla) pul ödəməyi öz üzərlərinə götürmüşdülər. Toya bir gün qalmış məlum oldu ki, əlavə olaraq musiqiçilər və furşet masası üçün də əlavə olaraq 900 manat, qonaqların sayı 350 adamdan az olduğuna görə hər adam başına 47 manat (müğənnilər, zalın bəzədilməsi, divikom çəkiliş və bəy gəlin maşını daxil olmamaqla) ödəmək lazımdır. Toy zamanı məlum oldu ki, bu işdə cavabdeh olan şəxs İmdat nəinki menyuda qeyd edilən yeməkləri limitsiz verir, heç menyuda qeyd edilən yeməkləri belə vermir. Xidmətin çox zəif olmasının üstünün açılmasına səbəb 11-ci masada oturan qonaqlardan gələn şikayət oldu. Bundan sonra nəzarəti gücləndirib bütün masalardan hansı yeməklərin verilib-verilməməsi ilə maraqlanmışdır. Məlum oldu ki, menyuda qeyd edilən quzu qolu, bel tini, göbələk, külləmə kartof, balıq kababı və aş qara qonaqlara təqdim edilmir, təqdim edilsə də pərakəndə şəkildə çox az miqdarda verilibdir. Şəxsən özü ofisiantdan heç olmasa bu stola balıq kababının verilməsini xahiş etmişdir. Ofisant mətbəxdən ona balıq kababının verilmədiyini bildirdi. Baxmayaraq ki, menyuda balıq kababı nəzərdə tutulmuşdur. Bu çatışmamazlıqlar barədə dəfələrlə İmdata xəbərdarlıq etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. O, da sonda nəzərdə tutulmuş pulu ona ödəməyəcəyini bildirmişdir. İmdat isə istədiyi pulu onlardan alacaqlarını, əgər pul ödənilməyəcəksə video diski pozmaqla onu təhdid etmişdir. Ona görə də xx.xx.2022-ci il tarixində AR ƏƏSMN-nin qaynar xəttinə zəng edərək, 28 oktyabr 2022-ci il tarixinədək “Sonalar Sonası” şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyinin araşdırılması üçün həmin ünvanda yerləşən şadlıq evində yoxlamanın aparılmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 01 yanvar 2023-cü il tarixinədək dayandırıldığından müraciətdə qeyd edilən əmək qanunvericiliyinə dair məsələlər üzrə yerində araşdırma aparmaq mümkün olmadığı bildirilmişdir. O, bu cavabı ciddi qəbul etməsə də, ilin sonuna az bir müddət qaldığından səbr etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixində yenidən cavabdehin qaynar xətinə zəng edərək, 28 oktyabr 2022-ci il tarixinə qədər, “Sonalar Sonası” şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyinin araşdırılması üçün həmin ünvanda yerləşən şadlıq evində yoxlamanın aparılmasını xahiş etmişdir. Cavabdehin 08 fevral 2023-cü il tarixli cavab məktubunda qeyd edilir ki, onun bundan əvvəl AR ƏƏSMN-nə ünvanladığı **********5 nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə DƏMX Bakı şəhər İdarəsində baxılmış və **********4 nömrəli xx.xx.2022-ci il tarixli məktubla müvafiq qaydada cavablandırılmışdır. Sonuncu cavabdan da göründüyü kimi cavabdehin bu şikayəti araşdırmaq məqsədi yoxdur. Hesab edir ki, cavabdeh DƏMX-nin Bakı şəhər İdarəsi qanunu düzgün tətbiq etmədiyindən və əsaslı şikayətini araşdırmaqdan imtina etdiyinə görə ona mənəvi ziyan vurmuşdur. Mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixində rəsmi müraciət etsə də çox təəssüf ki, ərizəsinə cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Göründüyü kimi “Vətəndaşların müraciətinə baxılması haqqında” Qanunun 10.1-ci maddəsinin tələbləri, cavabdeh DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən kobud surətdə pozulmuşdur. Eyni zamanda, Qanunun 16-cı maddəsinin tələbinə görə, bu Qanunun tələblərinin pozan şəxslər AR Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkəti nəticəsində ona 10000 (on min) manat dəyərində mənəvi ziyan dəymişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli şikayətlərini araşdırmaqdan əsassız olaraq imtina etdiyinə görə, 10000 (on min) manat mənəvi ziyanın ödənilməsi, eyni zamanda xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli şikayətlərin araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1596/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixində ƏƏSMN-nin yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə 28 oktyabr 2022-ci il tarixinədək “Sonalar Sonası" şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyini araşdırılması üçün şadlıq evində yoxlamanın aparılmasını xahiş etsə də, cavabdeh həmin müraciətə mahiyyəti üzrə cavab verməməklə şikayəti araşdırmaqdan imtina etdiyindən, məhkəmə tərəfindən “İnzibati icraat haqqında” qanunun tələblərinin pozuntusu kimi hesab edilməli idi. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan : - DƏMX-nin Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 №-li məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən “Sonalar Sonası” adlanan şadlıq sarayında işçilərin əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə DƏMX-nin Bakı şəhər İdarəsində baxılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01 yanvar 2023-cü il tarixədək dayandırıldığından müraciətdə qeyd edilən əmək qanunvericiliyinə dair məsələlər üzrə yerində araşdırma aparmaq mümkün deyildir. -DƏMX-nin Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17- 5/2-N-3663/2023 №-li məktubunda göstərilmişdir ki, bundan əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı **********5 nömrəli xx.xx.2022-ci il tarixli müraciətinə DƏMX-nin Bakı şəhər İdarəsində baxılmış və **********4 nömrəli xx.xx.2022-ci il tarixli məktubla müvafiq qaydada cavablandırılmışdır (ona göndərilmiş cavab məktubu və göndərilən məktubların xx.xx.2022-ci il tarixli reyestrindən çıxarış məlumat üçün məktuba əlavə olunmuşdur). Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış müraciətində qeyd olunmuş əsaslarla hər hansı obyektdə yoxlamaların keçirilməsi sonuncunun əsasnaməsində nəzərdə tutulmadığından və cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırıldığından, qeyd olunan hərəkətlər nəticəsində iddiaçıya hər hansı bir mənəvi ziyanın vurulması müəyyən olunmadığından hazırki iddia sübuta yetirilmiş hesab oluna bilməz.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə1. Müraciət etmək hüququ. 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Maddə 6.Vətəndaşların müraciətlərinə dair tələblər 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə”. İ.Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. İİ. Xidmətin fəaliyyət istiqamətləri 2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır. 2.1.1. əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir; 2.1.2. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir; 2.1.3. əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir; 2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. İİİ. Xidmətin vəzifələri 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqana yazılı surətdə müraciət edərək, şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyinin araşdırılması üçün şadlıq evində yoxlamanın aparılmasını xahiş etmiş, sonuncu tərəfindən onun müraciəti cavablandırılaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların 01 yanvar 2023-cü il tarixədək dayandırıldığı üçün müraciətdə qeyd edilən əmək qanunvericiliyinə dair məsələlər üzrə yerində araşdırma aparmaq mümkün olmadığı bildirilməsi nəticəsində ona mənəvi ziyanın vurulduğunu bildirərək, vurulmuş mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər kəsin fikir və söz azadlığı, habelə qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Göründüyü kimi, hər kəsin öz işgüzar nüfuzunu müdafiə etmək hüququ ilə yanaşı, fikir və söz azadlığı, habelə vətəndaşın öz hüquqlarını və azadlıqlarını müdafiə etmək üçün dövlət orqanlarına müraciət etmək hüququ da konstitusion səviyyədə tanınır və onlara təminat verilir. Odur ki, konkret mübahisədə tərəflərin istinad etdiyi bu hüquqlar bir-biri ilə toqquşduqda məhkəmə həmin hüquqların hədlərini və məhdudlaşdırılma əsaslarını dəqiq müəyyən etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hüququn məhdudlaşdırılmasına yalnız qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və bu məqsədə mütənasib (demokratik cəmiyyətdə zəruri) olduqda haqq qazandırmaq olar. Belə olan təqdirdə, dövlət orqanına başqa şəxsin ona qarşı törətdiyi güman olunan qanunsuz əməli barədə məlumat vermiş vətəndaşın şikayətinə görə sonuncunun mülki məsuliyyətə cəlb edilməsi məsələsində işgüzar nüfuzunu müdafiə hüququ - fikir və söz azadlığı - dövlət orqanlarına müraciət hüququnun düzgün tarazlığına nail olunmalıdır. Belə ki, vətəndaşın şikayəti üzrə aparılan araşdırma nəticəsində onun bildirdiklərinin sübuta yetməməsi mümkündür. Lakin bu hal konkret və mötəbər sübutlara malik olmayan vətəndaşın məruz qaldığı fərz olunan əməl barədə dövlətə məlumat vermək hüququnu əlindən almamalıdır. Çünki, vətəndaşın üzərinə düşən öhdəlik dövlət orqanına dürüst və vicdanlı məlumat vermək, əgər varsa bu barədə sübutlar təqdim etməkdən ibarətdir. Həmin fakt üzrə tam və hərtərəfli araşdırma aparmaq, qanunsuz hərəkəti sübuta yetirmək isə dövlət orqanının vəzifəsidir. Həmçinin, vətəndaşın narazı qaldığı əməllə bağlı əlindəki sübutların yetərliliyinə qiymət vermək səlahiyyəti yoxdur. Bu səlahiyyət dövlət orqanına aiddir. Ona görə də, müraciətin sübutayetənlik baxımından uğursuz olacağına görə sonradan qarşı tərəfin iddiası ilə təqib edilmək qorxusu vətəndaşın dövlət orqanına müraciət etmək hüququnu böyük həcmdə məhdudlaşdırmaqla, onu xəyali hüquq səviyyəsinə endirmiş olardı. Belə yanaşma, insan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin etməyi dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmaqla, dövlətin bu sahədəki pozitiv öhdəlikərinin icrası ilə də bir araya sığmır. Bu mənada kollegiya xüsusilə vurğulayır ki, dövlət orqanına edilmiş müraciətin qanuni hədlər çərçivəsində olub-olmaması hər bir işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən qiymətləndirilməli, müraciətin nədən qaynaqlanması, tərəflər arasında narazılığın meydana gəlməsinə səbəb ola biləcək real münasibətin mövcudluğu, şikayətin məzmun etibarilə bu münasibətə uyğun və bildirilən narazılıqla əlaqəli olması, o cümlədən müraciətdə yer alan məlumatların digər şəxsə yönəlik açıq-aşkar əsassız və böhtan xarakterli olması, onun şərəf və ləyaqətini ləkələmək məqsədini güdməsi, baş vermə şəraiti, vaxtı, yeri, iştirakçıları və digər şərtləri, hadisələr obyektiv qiymətləndirildikdə məlumatın inandırıcılığı, işlədilən ifadələrin mahiyyətcə qiymətləndirici rəy, tənqid, yoxsa təhqir məzmununda olması, müraciətin aidiyyəti dövlət qurumuna göndərilməsi, yəni həmin qurum tərəfindən şikayətə baxılmasında müraciət edənin əsaslı mənafeyinin və gözləntisinin olması, yoxsa belə mənafe olmadan yalnız şəxsi cəmiyyətdə gözdən salmaq niyyətinin güdülməsi və sair kimi hallar mütləq dəyərləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, şəxsin dövlət orqanlarına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində və qanuni hədlərdə (başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan) istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilməlidir. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiliyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə, belə hərəkət hüquqauyğun sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddia tələbində qeyd edilən vurulmuş mənəvi zərərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış müraciətində qeyd olunmuş əsaslarla hər hansı obyektdə yoxlamaların keçirilməsi sonuncunun əsasnaməsində nəzərdə tutulmadığından və cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırıldığından, qeyd olunan hərəkətlər nəticəsində iddiaçıya hər hansı bir mənəvi ziyanın vurulması müəyyən olunmadığından hazırki iddia sübuta yetirilmiş hesab oluna bilməz. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən əsaslar hazırkı qərarın əsaslandırıcı hissəsində nəzərdə tutulmuş hallarla təkzib olunur və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1596/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1596/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar