Məhkəmə qərarları › İş №2-1(103)-3482/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3482/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3482/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs FİNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyət ) “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, 39 T 413785.36; 4471010.08 coğrafi koordinatlarında yerləşən 0.65 ha sənaye təyinatlı torpaq sahəsinin çoxmənzilli yaşayış binasının tikilməsi məqsədilə "xxxx" MMC-yə ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, 39 T 413785.36; 4471010.08 koordinatlarında özlərini "xxxx" MMC-nin əməkdaşları kimi təqdim etmiş şəxslər tərəfindən zəbt edilmişdir. İddiaçı məhkəmənin diqqətinə çatdırır ki, həmin torpaq sahəsi neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Sənaye təyinatlı olması və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Azneft” İB- nin müddətsiz istifadəsinə ayrılması açıq şəkildə göstərir ki, Bakı şəhər İcra Hakimiyyətinin mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda 3-cü şəxsə ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyatı təhlükədir. İddiaçı bildirir ki, mübahisə predmeti olan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamı rəsmi qaydada “Azneft” İB-yə verilməmiş və yalnız sözügedən sərəncam "xxxx" MMC-dən əldə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8332/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə İddiaçınə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Bakı şəhər İcra Hakimiyyətinə aid olmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərarının qanunsuz olduğunu və ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iclasda iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : xx.xx.2022-ci il tarixli 250 nömrəli sərəncamdan görünür ki, sərəncam "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 001 nömrəli müraciətini, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 1/1364 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın xx.xx.2022-ci il tarixli **********03 nömrəli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli razılıq məktublarını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarxii 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sini və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.65 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçi (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyətinə məktub ilə müraciət edərək Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən 0.65 ha torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının inşa edilməsi məqsədi ilə "xxxx" MMC-yə ayrılmasına köməklik göstərməsini xahiş etmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısı xx.xx.2021-ci il tarixli məktub ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü bəndi və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4. və 4.18.2. yarımbəndləri ilə dövlət mülkiyyətində olan torpaq sahələrinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edildiyindən qaldırılan məsələni cavabdehin müzakirəsinə göndərərək münasibət bildirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı “Torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə” xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən 0,65 hektar torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan torpaq sahəsinin icarəyə əsasında ayrılmasına rəy bildirilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən sifarişçinin vəsaiti hesabına həmin torpaq sahəsinin kəmiyyət və keyfiyyət göstəriciləri barədə kadastr məlumatlarını özündə əks etdirən yerquruluşu planının hazırlanması işləri aparılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda tərtib edilmiş yerquruluşu planında qeyd edilən koordinatlar daxilində yerləşən, dövlət mülkiyyətinə aid 0,65 hektar torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında "xxxx" MMC-nə ayrılmasına etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq yerqurluşu planı tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə Bakı Şəhər icra Hakimiyyətinin başçısına müraciət edərək bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrılmasına etiraz etmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən"FİNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsində yerləşən 0,65 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadədə olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin elektron poçtuna daxil olmuş cavab məktubuna əlavə edilən qoşma sənəd olan xx.xx.2021-ci il tarixli, 7-3694/7 nömrəli Xidmət tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan məktubda torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına etiraz etmədikləri bildirilmişdir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci il tarixli Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid ərazidən, çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-nə ayrılması nəzərdə tutulan 0,65 hektar torpaq sahəsinin yerqurluşu planı təsdiq edilmişdir. İş materiallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdehin xx.xx.2022-ci il tarixli, 250 nömrəli sərəncamı ilə 0.65 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçi (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İlk növbədə Kollegiya iddiaçının mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olması və torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinin Bakı şəhər İcra Hakimiyyətinə aid olmaması ilə bağlı dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 250 nömrəli sərəncamdan görünür ki, sərəncam "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 001 nömrəli müraciətini, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 1/1364 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın xx.xx.2022-ci il tarixli **********03 nömrəli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli razılıq məktublarını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarxii 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sini və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.65 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçi (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi icarə əsasında üçüncü şəxsin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə, Torpaq Məcəlləsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq məsələləri ilə bağlı yerli icra hakimiyyətlərinə (Bakı Şəhər İcra Hakimiyyətinə) bir çox səlahiyyətlər verilmişdir. ......... - 4.11.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək; - 4.16.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; - 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə orpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanına əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd edilənlərdən aydın olur ki, dövlət mülkiyyətində olan torpaqlar məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadəyə və icarəyə verilə bilər. Odur ki, cavabdehin “torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinin Bakı şəhər İcra Hakimiyyətinə aid olmaması ilə bağlı dəlili əsassızdır” İnzibati İcraat Haqqında Qanunun 65.1-ci maddəsinə əsasən, Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamının etibarsızlığının tanınmasını xahiş etsə də, həmin inzibati aktın etibarsız sayılması üçün yuxarda sadalanan normalarda göstərilən hallardan hər hansı biri nə birinci, nədə apellyasiya instansiya məhkəmələrində aparılan araşdırma zamanı öz əksini tapmışdır. İddiaçı mübahisəli torpağın ona ayrılmasını iş materiallarına əlavə etdiyi 29 dekbar 2012-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritənin surəti ilə əsaslandırmağa çalışsada, həmin xəritənin verilməsinə əsas olmuş sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə mübahisəli ərazinin iddiaçıya ayrılması ilə bağlı iddiaçı tərəfindən hər hansı hüquqmüəyyən edici sənəd (Sərəncam, qərar və s..) təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanıda buna dair hər hansı mötəbər sübut aşkar edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, torpaq sahəsi neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir, eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Həmçinin torpaq sahəsinin sənaye təyinatlı olduğu bildirilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının pozulması hazırkı mübahisə predmetinin əsasını təşkil edə bilməz. Torpağın təyinatı ilə bağlı məsələyə gəldikdə isə, iş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdeh Bakı Şəhər İcra hakimiyətinin müvafiq torpaq sahəsinin ayrılmasına dair münasibəti müsbət olmuş və bunla bağlı müvafiq rəy verməklə yerquruluşu planını tərtib etmişdir. Onuda qeyd etmək lazımdır ki, həmin torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid etməklə “Yerqurluşu Planı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. Həmin “Əsasnamə”nin 2-ci bəndi əsasən yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Həmçinin Kollegiya bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında haqlı olaraq qeyd etmişdir ki, "xxxx" MMC suveren hakimiyyət daşıyıcısı səlahiyyətli icra hakimiyyəti orqanlarının hərəkətlərinə (Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinə) və qərarlarına etimad göstərməkdə (iş üzrə materiallardan şəxsin etimad hüququnu istisna edən hallar müəyyən olunmamışdır), həmin etimada güvənərək mübahisəli sahədə tikinti işlərinin aparılmasında haqlı sayılmalı, onun mübahisəli sahədə bununla bağlı çəkdiyi xərclər nəzərə alınmalıdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar