Məhkəmə qərarları › İş №2-1(103)-3483/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3483/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3483/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi , İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7468/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, qapalı şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü Əli X2 İslam Respublikasının vətəndaşıdır, əslən Azərbaycan Türküdür. 30 ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır. Azərbaycan vətəndaşı Xuraman Eşqi ilə rəsmi nikahdadır və üç övladı vardır. Bu müddət ərzində hər il Dövlət Miqrasiya Xidməti tərəfindən bir illik müvəqqəti yaşamaq üçün mütəmadi olaraq icazə alıb və ailəsilə birlikdə yaşamışdır. Bir övladı müqəddəs vətən borcunu yerinə yetirib və ikincisi isə universitədə təhsil aldığı üçün çağırış altındadır. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidməti onun və ailəsinin durumunu, Azərbaycan Respublikasına bağlılığını və onların keçmişini tam olaraq bildiyi halda xx.xx.2023 -cü il tarixli, 3-37/2-30xx-xx/2023/717 qərarı ilə imtina cavabı vermişdir. İnzibati orqan imtinanın əsası kimi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50- ci maddəsinə və “İnzibati icraat haqqında” AR Qanununun 59-cu maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsində Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar sadalanmışdır. Qanunun həmin normasına görə 13 əsas müəyyən edilmişdir. İnzibati orqan isə Məcəllənin 50-ci maddəsinə istinad etməklə kifayətlənmiş, məhz hansı əsasa görə ona imtina cavabı verilməsi göstərilməmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 59-cu maddəsi isə qərarın rəsmiləşdirilməsi prosedurundan bəhs edir. Halbuki AR Miqrasiya Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Həmin Qanunun 44.2. maddəsinə əsasən Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin qanunun 44.3. maddəsinə əsasən Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Həmin qanunun 44.4. maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. AR Miqrasiya Məcəlləsinin 45.1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Hazırki iddia ərizəsinə əlavə etdiyi sənədlərdən (nikah haqqında şəhadətnamədən, övladlarına məxsus doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqələrindən, mülkiyyət hüququ haqqında çıxarışdan və s.) Azərbaycan Respublikası vətəndaşı ilə nikahda olması, Azərbaycan Respublikası vətəndaşları olan övladlarının olması və ailə üzvlərinin Bakı şəhərində daimi yaşayış yerinin olması müəyyən olunur. Hazıradək heç bir cinayət hüquq pozmasına yol verməmişdir. Belə olan halda inzibati orqanın məhz hansı hüquqi və faktiki əsasa görə müraciətinə imtina cavabı verməsi və qanunun yuxarıda istinad etdiyi normalarının tələblərini pozması ona aydın deyil. Buna görə də hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsi cavabdeh inzibati orqana həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7468/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İran İslam Respublikasının vətəndaşıdır, əslən Azərbaycan Türküdür. 30 ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır. Azərbaycan vətəndaşı Xuraman Eşqi ilə rəsmi nikahdadır və üç övladı vardır. Bu müddət ərzində hər il Dövlət Miqrasiya Xidməti tərəfindən bir illik müvəqqəti yaşamaq üçün mütəmadi olaraq icazə alıb və ailəsilə birlikdə yaşamışdır. Bir övladı müqəddəs vətən borcunu yerinə yetirib və ikincisi isə universitədə təhsil aldığı üçün çağırış altındadır. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidməti onun və ailəsinin durumunu, Azərbaycan Respublikasına bağlılığını və onların keçmişini tam olaraq bildiyi halda xx.xx.2023 -cü il tarixli, 3-37/2- 30xx-xx/2023/717 qərarı ilə imtina cavabı vermişdir. Belə olan halda inzibati orqanın məhz hansı hüquqi və faktiki əsasa görə müraciətinə imtina cavabı verməsi və qanunun yuxarıda istinad etdiyi normalarının tələblərini pozması ona aydın deyil. Buna görə də hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsi cavabdeh inzibati orqana həvalə edilməlidir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.Əlavə olaraq izahatında bildirdi ki, bir neçə il əvvəl həyat yoldaşı İranda olarkən casusluqda ittiham edilmiş, barəsində həbs seçilmiş, daha sonra zaminliyə çıxmış və bir müddət sonra İrandan Türkiyəyə getmiş, oradan da Gürcüstana keçmişdir. İddiaçının pasportunda müxtəlif qeydlər olduğundan, Gürcüstanda İran səfirliyinə yaxınlaşaraq, pasportunun itdiyini və yeni pasport verilməsini xahiş etmiş, daha sonra Azərbaycana gələ bilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, inzibati icraat zamanı müraciət edən şəxs haqqında müxtəlif orqanlardan rəylər alınır. Hazırki iddiaçı barəsində sorğulara həm XKX, həm də DTX tərəfindən etiraz edilmişdir. Həmin orqanlar tərəfindən etiraz edildikdə isə etirazın əsasları DMX tərəfindən araşdırılmır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: - 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. - 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. - 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. - 48.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. - 48.3-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. - 48.4-cü maddəsinə əsasən bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. - 50.1-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. İş materiallarından görünür ki, 04 aprel 1968-ci il təvəllüdlü, İran İslam Respublikası vətəndaşı N97153163 nömrəli pasporta malik olan Eshghi Ali ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-cı il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsini rəhbər tutaraq İran İslam Respublikası vətəndaşı N97153163 nömrəli pasporta malik olan Eshghi Alinin 21 yanvar 2023-cü il tarixli müraciəti təmin edilməmişdir. İnzibati icraat materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən İran İslam Respublikası vətəndaşı N97153163 nömrəli pasporta malik olan Eshghi Ali barəsində müvafiq dövlət orqanlarına (XKX və DTX) sorğular göndərilmiş və sorğulara cavab olaraq “etiraz edilir” cavabı verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Beləliklə, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7468/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar