Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3485/2025 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9064/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, ona yenidən 123 manat məbləğində hesablanan pensiya məbləğinin araşdırılması və ilkin istifadə olunmayan pensiya kapitalı nəzərə alınmaqla hesabatın aparılması müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin oktyabr ayının 17-dən işdən (pensiya yaşının 65 olduğuna görə) azad olunması ilə əlaqədar pensiya sənədlərini 4 saylı DOST mərkəzinə təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən pensiya məbləğinə 123 manat əlavə olaraq (yenidən hesablanmaqla) hesablanmışdır. Pensiya kapitalı 50.000 manata yaxın olmasını nəzərə alınmayaraq, əlillik müddətində 17.712 manatı 144 ədədinə bölərək onun pensiya məbləği 123 manat məbləğində artırılmışdır. 50.000 manata yaxın olan pensiya kartında ilkin olaraq ona pensiya məbləği hesablanmamışdır.
3. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9064/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
5. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi.
8. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
V. Tədqiq edilmiş sənədlər:
9. - Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “pensiya işinizə aid sənədlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən 14 mart 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən həmin Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qeyd edilənləri nəzərə alaraq, hazırda əmək pensiyaçısı kimi işləməyə davam etdiyiniz üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyinizdən sizə pensiya təyin edildikdən sonra işlədiyiniz dövr üzrə topladığınız pensiya kapitalına əsasən əmək pensiyanızın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək pensiyanızın müraciətinizdə qeyd etdiyiniz əsaslarla yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra baxıla bilər.”
Əsaslandırıcı hissə
VI. Tətbiq olunan hüquq
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 37.3.2.əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixnədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir.
14. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır.
VII. Məhkəmənin mövqeyi
15. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı ona yenidən 123 manat məbləğində hesablanan pensiya məbləğinin araşdırılması və ilkin istifadə olunmayan pensiya kapitalı nəzərə alınmaqla hesabatın aparılmasını xahiş edir.
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
17. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdən müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən sonra iddiaçı işləməyə davam etmiş, işdən azad edildiyi xx.xx.2024-cü il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində 17.773,37 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.
18. İddiaçıya aid pensiya sığorta kapitalı 144 aya bölünməklə (17.773,37:144 ay=123,43 manat) həmin tarixədək mövcud olmuş pensiyasının (1.905,29 manat) üzərinə əlavə edilərək həmin tarixdən 2.028,72 (1.905,29+123,43) manat məbləğində hesablanmışdır. Bundan sonra iddiaçı xx.xx.2025ci il tarixində cavabdeh orqana müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, onun fərdi hesabının sığorta hissəsində sonradan əks olunan pensiya sığorta kapitalına əsasən onun pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 2.028,72 manatdan 2.037,44 manata artırılmışdır. İddiaçının əmək pensiyası indeksləşdirilməsi ilə əlaqədar xx.xx.2025ci il tarixindən 2.202,47 manat məbləğində hesablanmış və ona ödənilməli olan ümumilikdə 195,13 manat fərq məbləği müəyyən edilmiş və ödənilmişdir.
19. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun: 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyası qanunvericiliyin tələblərinə və əmək pensiyası təyin edildikdən sonra işlədiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində sığorta kapitalına uyğun şəkildə düzgün hesablanmışdır. Bu səbəbdən, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə).
22. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9064/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.
Nəticə hissəsi
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9064/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.