Məhkəmə qərarları › İş №2-1(103)-3486/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3486/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3486/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb edilməklə QƏRARİ (Açar sözlər: “torpağa çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən xx.xx.2019-cu il tarixli C-114- 112 nömrəli məktubla təqdim edilmiş Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 1990-cı il tarixli 12 nömrəli qərarının təsdiqlənmiş surətinə əsasən İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayəndəsi tərəfindən Buzovna qəsəbəsində İddiaçı ayrılmış 54 nömrəli torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-C-0021-8/2023 **********44 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-42205/2023 **********05 nömrəli məktubla mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxilində 950.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlükdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.

5. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 6265/2024 **********65 nömrəli məktubla bildirilmişdir ki, torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılması barədə hüquqmüəyyənedici sənədlər və ayrıc aktı İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar iddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışların və onların verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri həmin sahənin ilkin mülkiyyətçilərinə Əzizbəyov (indiki Xəzə) rayon İcra Hakimiyyətinin sərəncamları əsasında ayrılmış torpaq sahələridir.

6. 3-cü şəxs tərəfindən məhkəməyə “Azneft” İB-nin “H.Z.Tağıyev” adına NQÇİnin (Maştağa-Buzovna yatağı) daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasında topoqrafik planı məhkəməyə təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Əzizbəyov (indiki Xəzər) X6 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 12 saylı sərəncamı ilə ona fərdi ev tikintisi üçün ayrılmış 800 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov (indiki Xəzər) X6 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 12 saylı sərəncamı ilə Buzovna qəsəbəsi, 54 nömrəli sahədə ona fərdi ev tikintisi üçün 800 kv.metr torpaq sahəsi ayrılmışdır. Ona fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 03 dekabr 2012- ci il tarixli, C-55/2-091/2 saylı məktubu ilə ona təqdim edilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış alınması üçün 10 fevral 2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq həmin ərazinin Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqlara aid olduğu bildirilmiş və ərizənin təmin edilməsindən imtina edilmişdir. Bildirir ki, 1992-ci il tarixdən o, həmin torpaq sahəsində ev inşa etmiş və hazırda ailə üzvləri ilə birgə həmin torpaq sahəsində inşa edilmiş evdə yaşayır. Həmin torpaq sahəsi ona həmin vaxt sözügedən sahəni vətəndaşların istifadəsinə vermək səlahiyyəti olan X5 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmişdir. Hesab edir ki, cavabdeh əsassız olaraq X5 Soveti İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 12 saylı sərəncamı ilə Buzovna qəsəbəsi, 54 nömrəli sahədə ona fərdi ev tikintisi üçün ayrılmış 800 kv.metr torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarını qeydə almaqdan və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarış verməkdən imtina etmişdir. İlk növbədə onu qeyd edir ki, sözügedən torpaq sahəsinin fərdi ev tikintisi üçün istifadə ayrılması həmin vaxt tam qanuni əsaslarla müvafiq səlahiyyəti olan X5 Soveti İcraiyyə Komitəsi tərəfindən həyata keçirilmişdir. Torpaq sahəsi X5 Soveti İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 12 saylı sərəncamı ilə ayrıldığı halda Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il Fərmanı ilə X3 və X1 bazasında yaradılmışdır. Belə olduğu halda təbii sual yaranır ki, onun qanuni istifadəsinə verilmiş torpaq sahəsi orada fərdi yaşayış evi tikib yaşadığı halda ona torpaq sahəsi ayrılan zaman, ümumiyyətlə, mövcud olmayan, sonradan yaradılmış bir quruma necə və hansı əsaslarla verilə bilər. Bununla yanaşı cavabdeh tərəfindən həmin ərazinin hansı mötəbər sənəd, hansı dövlət orqanının aktı əsasında Azərbaycan Dövlət Neft Şirkətinə verilməsi barədə heç bir məlumat verilməmişdir. Buna görə də, hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

9. Məhkəmənin e-2-1(112)-7437/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan əlavə, təqdim edilən qərarda düzəlişlər mövcuddur və düzəlişlər səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası idarə tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********56 nömrəli və xx.xx.2023- cü il tarixli, **********44 nömrəli cavab məktubları ünvanlanmışdır.

11. 3-cü şəxs tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı fərdi evin tikilməsi üçün çıxarışın verilməsinə dair müraciət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 54 nömrəli sahədə 800 kv.m torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə ləğv olunmuş 38 saylı neft-qaz quyusunun 11 metrlik, 501 saylı neft-qaz quyusunun 26 metrlik və 941 saylı neft-qaz quyusunun 31 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 1990-cı il tarixli 12 nömrəli qərarının təsdiqlənmiş surətinə əsasən İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayəndəsi tərəfindən Buzovna qəsəbəsində İddiaçı ayrılmış 54 nömrəli torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın qanuniliyi mübahisələndirilməmiş, yalnız torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, qonşuluqda yerləşən həmin torpaq sahələri də, öz ilkin mülkiyyətçisinə, iddiaçıya ayrıldığı kimi İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən ayrılmışdır və həmin torpaq sahəsinə dair hüquqlar artıq daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi evin tikilməsi üçün çıxarışın verilməsinə dair müraciət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 54 nömrəli sahədə 800 kv.m torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İBnin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə ləğv olunmuş 38 saylı neft-qaz quyusunun 11 metrlik, 501 saylı neft-qaz quyusunun 26 metrlik və 941 saylı neft-qaz quyusunun 31 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Qərarın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir.Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyularına yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum 150 metr məsafə, ləğv olunmuş quyularla 75 metr məsafə olmalıdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

d) Proses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.

19. İddiaçı və 3-cü şəxsin vəkili (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

29. Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.( 64.2.-ci, 64.3-cü maddələr.)

30. İşin hallarından müəyyən edilmişdir ki, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 1990cı il tarixli 12 nömrəli qərarının təsdiqlənmiş surətinə əsasən İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayəndəsi tərəfindən Buzovna qəsəbəsində İddiaçı ayrılmış 54 nömrəli torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın qanuniliyi mübahisələndirilməmiş, yalnız torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

31. Həmçinin, apellyasiya şikayəti də onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi evin tikilməsi üçün çıxarışın verilməsinə dair müraciət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 54 nömrəli sahədə 800 kv.m torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə ləğv olunmuş 38 saylı neft-qaz quyusunun 11 metrlik, 501 saylı neft-qaz quyusunun 26 metrlik və 941 saylı neft-qaz quyusunun 31 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Qərarın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir.Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyularına yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum 150 metr məsafə, ləğv olunmuş quyularla 75 metr məsafə olmalıdır.

32. Məhkəmə Kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, qonşuluqda yerləşən həmin torpaq sahələri də, öz ilkin mülkiyyətçisinə, iddiaçıya ayrıldığı kimi İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən ayrılmışdır və həmin torpaq sahəsinə dair hüquqlar artıq daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir.

33. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.

35. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

36. Məhkəmə Kollegiyası 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinə münasibətdə nəzərə alır ki, iş materiallarına əlavə edilmiş analoji çıxarışlara əsasən müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə artıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

37. Məhkəmə Kollegiyası vurğulayır ki, mübahisəli torpaq sahəsi uzun müddətdir və halhazırda iddiaçının faktiki istifadəsindədir.Hər hansı qonşu bağ sahəsi ilə faktiki üst-üstə düşmə halı müəyyən olunmur.

38. Yaranmış vəziyyətdə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir.

39. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası 3-cü şəxsin şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

41. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

42. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-897/2024 saylı, xx.xx.2024-cü il qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar