Məhkəmə qərarları › İş №2-1(103)-3487/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3487/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3487/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X9) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yusubova (Səfərova) Turanə Mail qızının Bakı şəhəri Səbail rayonu Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsi 13 saylı yaşayış evindən qeydiyyatdan çıxarılması” barədə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 13 saylı evin bir hissəsi ümumi mülkiyyət hüququ əsasında ona məxsusdur. MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışda həmin fərdi yaşayış evinin 3 otağının (y/s - 40,4 kv.m., üm/s - 59,5 kv.m.) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yusubova (Səfərova) Turanə Mail qızı 2012-ci il tarixdə həmin ünvana qeydiyyata alınmışdır. Onun qeydiyyata alınmasının əsası ona məlum deyil. O, həmin ünvanda yaşayan və qeydiyyatda olan ailələrin üzvü deyil. Yusubova (Səfərova) Turanə Mail qızının qeyd edilən ünvana qanuni əsasları olmadan qeydiyyata alınması barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Onun müraciəti təmin olunmamış və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdehin imtina məktubu qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı üçüncü şəxs iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X9 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 065-47/2-9160/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X9 xx.xx.2012-ci il tarixdə Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, ev 13 ünvanına qeydiyyata alınmışdır. Göstərilən ünvana qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-15034/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X3 xx.xx.2017- ci tarixdən ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyil. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-13256/2023 **********56 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X3 qeyd olunan ünvan üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-13256/2023 **********56 saylı xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş 2005-ci il tarixli (forma 2) arayışa əsasən İddiaçı həqiqətən ünvan 3 ünvanında daimi qeydiyyatdadır və 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayır. Həmin ünvanda daimi qeydiyyatda olan şəxslər: X7, X4, X5, X10, X11, İddiaçı, X8, X6, X12 və X1. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanda yerləşən evin sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.m yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MİHQ-nə həvalə olunmuşdur. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 573 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi rəhbər tutularaq Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 13 saylı ünvanda yerləşən sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m olan yaşayış otaqları, sahəsi 12,5 kv.m və 6,6 kv.m yardımçı sahə mərhum Təhməz Səfəralı oğlunun adına sənədləşdirilmişdir. Mövcud sərəncam əsasında mərhum Təhməz Səfəralı oğlunun adına şəxsi qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi Bakı şəhər Texniki və İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi 110630106; qeydiyyat tarixi xx.xx.2006-cı il) əsasən Verilir İddiaçı Təhnıəz oğluna ondan ötrü ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 9 otaqlı 134 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı - 3 otaq (y/s - 40,4kv.m., üm/s - 59,5kv.m.) adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi ünvan 5 ünvanındakı ev iddiaçının atasının adına ilkin hüquqi qeydiyyata alınmışdır. Üçüncü şəxs hazırda həmin ünvanda (evin digər otağında) faktiki olaraq yaşayır. İşin materialları ilə müəyyən edilir ki, üçüncü şəxs iddiaçının (mülkiyyətçinin) əmisinin nəticəsidir. Sözügedən evdə üçüncü şəxsin ailə üzvləri 1958-ci (X7) ildən və sonrakı illərdə (atası X11 - 1986cı il tarixdən və s.) qeydiyyata alınmaları və yaşamaları işin materialları ilə müəyyən edilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mövcud qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur... Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2- 30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən ünvanda texniki pasportda öz əksini tapmasa da, faktiki olaraq iki ayrı tikili mövcuddur. Üçüncü şəxs X9 həmin ünvandakı tikilidə faktiki yaşadığı üçün və “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs” hesab olunmaması barədə qüvvədə olan məhkəmə aktı olmadığından cavabdeh qurumun hazırki imtinası qanunazidd olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar