Məhkəmə qərarları › İş №2-1(103)-3487/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3487/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3487/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qarşı doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etməsinə imkan yaradılmasının təmin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 3124/2025 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixinədək “MBA” proqramına qəbul olunmuş şəxs kimi onun iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etməyinə (ixtisas imtahanına buraxılmağına) imkan yaradılmasının təmin edilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsinə əsasən cavahdeh əsl cavabdeh ilə (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə) əvəz edilmiş, eyni zamanda hazırkı cavabdeh (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “5308.01 - Ümumi İqtisadiyyat” ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantura pilləsinə qəbul olmaq üçün ingilis dili və fəlsəfə imtahanlarını müvəffəqiyyətlə vermişdir. Lakin, növbəti (xx.xx.2024-ci il tarixdə) keçirilməli olan ixtisas imtahanına buraxılmamışdır. Buna səbəb kimi universitetin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən göndərilmiş siyahıya istinad edərək “MBA” ixtisası üzrə magistr dissertasiyasını müdafiə etməyən şəxslərin doktorantura ixtisasına qəbul ola bilməmələri qeyd olunmuşdur. İxtisas imtahanına 2-ci dəfə buraxılmağına icazə verilməsi üçün cavabdeh orqana xx.xx.2024-cü il tarixdə (elektron qaydada) ərizə ilə müraciət etdi. Lakin, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul” Qaydalarının 3.1-ci bəndinə istinad edilərək (həmin bəndə əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim - mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar) bildirmişdir ki, sözügedən məsələ 2020/2021-ci tədris illərində qəbul olunmaq üçün şamil edilməsini və hal-hazırki qaydalara əsasən magistr dissertasiyasının müdafiəsinin vacib olmasını əsas gətirərək müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdeh orqanın gəldiyi nəticə əsassızdır. Növbəti (xx.xx.2024-ci il tarixdə) keçirilməli olan ixtisas imtahanına buraxılmağı qanuni olduğu halda sözügedən orqan ona aid olan hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmışdır. İlk öncə Universitet tərəfindən (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə) o və digər tələbələr keçən il həmin ixtisas imtahanına buraxılmış və o, 34 bal toplamışdır (əlavə yer açılmadığı üçün qəbul oluna bilməmiş, bundan başqa əgər yazılan kimi ancaq 2020-2021 ci illərdə şərait yaradılırdısa, onda necə olur ki, o, keçən il ixtisas imtahanına girib 34 bal toplamışdır) və həmçinin, cari ildə də doktorantura pilləsinə qəbul olmaq üçün ingilis dili və fəlsəfə imtahanlarına buraxılmış və həmin imtahanları müvəffəqiyyətlə vermişdir (əgər bu il imtahana buraxılmayacaqdırsa Elm və Təhsil Nazirliyinin portalı hansı səbəbdən sənədlərini qəbul etmiş, həmçinin Nazirliyin portalında hətta xarici dili imtahanından keçdiyinə görə ona ünvanlanmış təbrik, növbəti mərhələyə keçməyi barədə yazılar öz əksini tapmışdır). Həmçinin bu barədə cavabdeh orqan Azərbaycan Respublikasının Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə istinad edərək özünə məxsus internet səhifəsində məlumat yerləşdirmişdir (həmin səhifədən çıxarış iddia ərizəsinə əlavə olunur, yerləşdirilmiş məlumata əsasən qanunvericilikdə edilmiş dəyişikliyə qədər yəni 13 noyabr 2019-cu il tarixinədək MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmələrinə imkan yaradılacaqdır). Bundan başqa, o da qeyd olunmalıdır ki, eyniliklə onun vəziyyətində olan digər MBA proqramına qəbul olunmuş şəxsin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək hüququ tanınmış və bu barədə həmin digər şəxsə bu hüququn həyata keçirilməsinə imkan yaradılmasının məqsədəmüvafiq hesab edilməsi ilə bağlı inzibati orqanın xx.xx.2021-ci il tarixli İ-12903/11-24 saylı məktubu (həmin məktub inzibati orqanın müvafiq vəzifəli şəxsi - Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli tərəfindən imzalanmış, həmin məktubun surəti iddia ərizəsinə əlavə olunur) müraciətə cavab olaraq göndərilmişdir (inzibati icraat haqqında Qanunun 12.4-cü bəndinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.2-ci bəndinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur). Hesab edir ki, səlahiyyətli orqana tərəfindən yuxarıda sadalanan hallarla bağlı dəfələrlə müraciət etsə də, inzibati orqan üzərinə düşən vəzifəni icra etməmiş, nəticədə ona aid olan hüquqların həyata keçirilməsi inzibati orqan tərəfindən məhdudlaşdırılmışdır. Hesab edir ki, cavabdeh orqanın gəldiyi nəticə əsassızdır. Azərbaycan Dövlət İqtisad Universitetində “MBA” proqramı üzrə dissertasiya müdafiəsi 2022-ci ilin məzunları üçün tətbiq edilmişdir (əvvəlki illərdə dissertasiya müdafiəsi mövcud olmamışdır). Onu da nəzərə almaq lazımdır ki, o, doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək üçün 4 il (2021, 2022, 2023, 2024-ci illər üzrə) sənəd vermiş və doktorantura ixtisası üçün layihə hazırlamışdir (ölkədə ilk iqtisadi klasterlərin qurulması və bu layihə ilə bağlı xarici investora müraciət etmişdir, onun ölkəyə gəlməsinə çalışır). Bundan başqa, ingilis dilində məqaləsi də dərc edilmişdir (bu istiqamətdə layihə, kitablar və kurslar üçün çox vaxt və pul xərcləmişdir. Göründüyü kimi (o və bütün “MBA” ixtisası üzrə bitirənlərlə birlikdə) qeyd olunan sahə üzrə keçirilməli olan ixtisas imtahanına buraxılmamağı və 13 noyabr 2019-cu il tarixinədək MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmələrinə imkan yaradılmaması onun hüquqi vəziyyətini ağırlaşdırır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali təhsil müəssisələrinin rəhbərlərinə ünvanlandığı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na əsasən ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir və magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər. Eyni zamanda, doktorantura səviyyəsinə qəbul prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” ilə tənzimlənir. 2019-cu ildə bu Qaydalarda dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və magistr dissertasiyasını müdafiə edən Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qaydalarda edilən dəyişikliyə uyğun olaraq 2020-ci ildə magistr diplomunun nümunəsində də dəyişiklik edilmiş və diplomda “doktoranturada təhsilini davam etdirmək” sözlərindən sonra “magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə” sözləri əlavə edilmişdir. Magistrlik dissertasiyalarının hazırlanması işləri elmi tədqiqat, axtarış və tətbiqi xarakterlidir. Magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində və AMEA-da çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Qanunvericilikdə edilən həmin dəyişikliklərin əsas məqsədi məhz elmi-tədqiqat bacarıqları olan magistrlərə ali təhsilin doktorantura səviyyəsində qəbul imtahanlarında iştirak imkanını yaratmaqdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda 2019-cu ilin 13 noyabr tarixində edilən dəyişikliyə qədər MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək imkanlarının yaradılmasına etiraz etmədiyini bildirir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-29/2-4944/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, doktoranturaya qəbul prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” ilə tənzimlənir. 13 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 443 nömrəli Qərarı ilə müvafiq Qaydalarda dəyişiklik edilmiş və Qaydaların 3.1.-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qərar təsdiq edildiyi gündən qüvvəyə minmiş və 2019-cu ildən başlayaraq doktorantura və dissertant hazırlığına qəbul “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda edilmiş dəyişikliklər əsasında aparılır. Eyni zamanda “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq edilmiş magistr diplomunun nümunəsinə də 2020-ci ildə dəyişiklik edilmiş və diplomda “doktoranturada təhsilini davam etdirmək” sözündən sonra “(magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə)” sözləri əlavə edilmişdir. Qeyd edək ki, diplom dövlət nümunəli sənəddir və sahibinə təhsilini növbəti təhsil səviyyəsində davam etdirmək hüququnu verir. Bu mənada magistr diplomu doktoranturaya qəbul olunmaq üçün əsas sayılır və diplomunda “(magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə)” sözləri yazılmayan magistr təhsilli şəxslər məzun olduqları ildən asılı olmayaraq ixtisas uyğunluğu nəzərə alınmaqla doktoranturaya sənəd təqdim edə bilərlər. Vətəndaş İddiaçı diplomunda “doktoranturada təhsilini davam etdirmək (magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə)” sözləri yazılmış və diploma əlavəsində onun magistr dissertasiyasını müdafiə etməsi qeyd edilməmişdir. Bu səbəbdən İddiaçı doktoranturaya qəbul olunmaq hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(112)-3124/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2019-cu il tarixinədək “MBA” proqramına qəbul olunmuş şəxs kimi iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarına buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi və məhkəmənin istinad etdiyi Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2025-ci il tarixli məktubunda da bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 saylı Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019cu il tarixli, 443 saylı Qərarı qüvvəyə mindikdən sonra 2020/2021-ci tədris ilindən etibarən UNEC Elmi Şurasının qərarı ilə MBA proqramı üzrə tədris planlarında dəyişiklik edilmiş və magistrların könüllük əsasında dissertasiya işi yazmaq üçün seçim imkanı yaradılmışdır. Lakin iddiaçı tərəfindən daha asan yol seçilmişdir – imtahanlarda iştirakı, yani iddiaçı magistr dissertasiyasını müdafiə etməmiş və buna görə də diplomun əlavəsində magistr dissertasiyasını müdafiə etməsi qeyd edilməmişdir. Halbuki, iddiaçı gələcəkdə “Ümumi iqtisadiyyat” sahəsində elmi tədqiqatla məşğul olmaq istəyirdisə onda bilməmiş olmazdır ki, Azərbaycan Respublikasının “Təhsil haqqında Qanun”unun (2009-cu il tarixli) 1.0.35-ci maddəsinə əsasən, magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmiixtisas dərəcəsidir. 22.4-cü maddəsinə görə, magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən Qaydaların 1.2-ci bəndinə əsasən, magistr hazırlığı ali təhsilin 2-ci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Qaydaların 3-cü bölməsinə görə, ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir. Magistartura səviyyəsini bitirən şəxslərə “magistr” ali elmi-ixtisas dərəcəsi verilir. ”Magistr” dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslərə təhsillərini doktoranturada davametdirə bilərlər. Nəzərinizə çatdırırıq ki, MBA proqramlarına münasibətin bildirilməsi ilə bağı, hələ 2016-cı ilə Nazir müavini Ceyhun Bayramovun ali təhsil müəssisələrinə məktubu olmuşdur. Məktubda MBA proqramlarının məzunlara sahibkarlıq, biznes və idarəçilik sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququ verməsi qeyd olunmuşdur. Eyni zamanda doktorantura təhsilini davametdirmək istəyən şəxslərin ali təhsilin ikinci səviyyəsi olan magistraturanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli, 95 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda nəzərdə tutulmuş ixtisas və ixtisaslaşma üzrə bitirməli, magistrlik dissertasiyasını müdafiə etməli və magistr ali elmi-ixtisas dərəcəsini təsdiq edən dövlət nümunəli diploma malik olmaları bildirilmişdir. 2020-ci ildə Elm və Təhsil Nazirliyinə çoxsaylı müraciətləri nəzərə alaraq, nazir müavini İdris İsayev ali təhsil müəssisələrinə müraciət edərək Təhsil Nazirliyinin (2020-ci ildə Nazirliyin adı dəyişməmişdi) Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 saylı qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda 2019-cu ilin 13 noyabr tarixində edilən dəyişikliyə qədər MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək imkanlarının yaradılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı 2021-ci və 2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin və 2023-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəlsəfə elmləri üzrə doktoranturasına sənədlərini təqdim etmişdir. Universitetlərdə sənəd qəbulu üçün yaradılmış komissiya (Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. (Qaydaların 3.7-ci bəndi)) bakalavr ixtisası, yəni baza ixtisası “Dil və ədəbiyyat müəllimliyi (Rus dili və ədəbiyyat müəllimliyi)”, magistr təhsili MBA (Biznesin idarə edilməsi) olan şəxs tərəfindən doktoranturaya “5308.01 – Ümumi iqtisadiyyat” ixtisası üzrə təqdim olunmuş sənədləri qəbul etmişdir. Lakin 2021-ci ildə “Fəlsəfə” imtahanından, 2022-ci və 2023-cü illərdə ixtisas imtahanından yığılan balın yetərincə yüksək olmamasından müsabiqədən keçə bilməmişdir. Bu bir daha baza ixtisasının iqtisadiyyat olmamasının sübutudur. İddiaçının qəbulda və məhkəmədə israrla qeyd etdiyi fikir “mənim əlimdə layihəm var, onu təsdiqləmək istəyirəm” deməsi o anlamına gəlməməlidir. Belə ki, o cür layihələlər dissertasiya işi sayıla bilməz. İddiaçının davranışlarında görünür ki, onun məqsədi elmi fəaliyyətlə məşğul olmaq deyil, müxtəlif yollarla elmi dərəcə almaqdır. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına uyğun olaraq portal.edu.az. saytı üzərindən keçirilmiş sənəd qəbulu ilk dəfə olaraq, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi tərəfindən yoxlanılmışdır. Yoxlama nəticəsində ixtisas uyğunsuzluğu, MBA məzunlarının dissertasiya işlərinin müdafiəsinin olmaması və s. neqativ hallar üzə çıxarılmışdır. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, artıq 2019-cu ildən 5-6 il ötməsini və iddiaçının ixtisas seçimində, ümumiyyətlə, doktoranturanın dissertasiya işinin məğzini tamamlamamasını nəzərə alaraq, onun doktoranturaya qəbulu imkansızdır və iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, bakalavriat ali təhsil səviyyəsi bitirən şəxslər o halda magistratura ali təhsil səviyyəsinə qəbul ola bilər ki, həmin şəxslər baza ixtisas üzrə təhsilini davam etdirmiş olsunlar. İddiaçı bakalavriat ali təhsil səviyyəsini filologiya ixtisası üzrə bitisə də, o, magistratura ali təhsil səviyyəsinə MBA, yəni biznes və idarəçilik ixtisası üzrə qəbul olmuşdur. MBA proqamı ali təhsilin heç bir səviyyəsinə aid olmamışdır. Uzun müzakirələrdən sonra MBA proqamı üzrə qəbul X1 tərəfindən həyata keçirilməyə başladı. Doktorantura təhsilini davam etdirmək istəyən şəxslərin ali təhsilin ikinci səviyyəsi olan magistraturanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli, 95 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda nəzərdə tutulmuş ixtisas və ixtisaslaşma üzrə bitirməli, magistrlik dissertasiyasını müdafiə etməli və magistr ali elmiixtisas dərəcəsini təsdiq edən dövlət nümunəli diploma malik olmaları bildirilmişdir. “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 saylı Qərarı ilə təsdiq edilmiş magistr diplomunun nümunəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən bütün magistr diplomlarının nümunələrində “doktoranturada təhsilini davam etdirmək” sözlərindən sonra (magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə) sözləri qeyd edilmişdir. Magistr dissertasiyasını müdafiə etməyən şəxslər isə doktoranturada təhsilini davam etdirə bilməz. Sözügedən qərar 2019-cu ildə qəbul olunmuşdur. İddiaçı isə həmin qərarın ona şamil oluna bilməyəcəyini qeyd edir. Azərbaycan Dövlət İqtisad Universitetinin məktubunda da bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli, 443 saylı Qərarı qüvvəyə mindikdən sonra 2020/2021-ci tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının qərarı ilə MBA proqramı üzrə tədris planlarında dəyişiklik edilmiş və magistrların könüllük əsasında dissertasiya işi yazmaq üçün seçim imkanı yaradılmışdır. Lakin iddiaçı magistr dissertasiyasını müdafiə etməmiş və buna görə də diplomun əlavəsində magistr dissertasiyasını müdafiə etməsi qeyd edilməmişdir. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, həmin vaxt magistr dissertasiyasının müdafiəsi tədris proqramında nəzərdə tutulmuşdur. ... Könüllülük əsasında doktoranturada təhsilini davam etmirmək istəyən şəxslər magistr dissertasiyasını müdafiə etməli idi. ... Qanunvericilikdə dəyişiklik edilməzdən əvvəl eyni vəziyyətdə olan şəxslər doktoranturada təhsilini davam etdirə bilirdilər. ... İddiaçının həmin ixtisas sahəsi üzrə baza təhsili yoxdur. Həmçinin iddiaçının magistratura ali təhsil səviyyəsində elmi araşdırma aparma bacarığı olmayıbsa, doktorantura ali təhsil səviyyəsində elmi araşdırma apara bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, bakalavriat səviyyəsində Bakı Dövlət Universitetinin filologiya ixtisası üzrə təhsil almışdır. Daha sonra iqtisad elmləri sahəsi üzrə təhsilini davam etdirmək istədi. Bakalavr səviyyəsində ali təhsil aldığı zaman lazımi imtahanları verərək MBA ixtisası üzrə magistratura səviyyəsinə qəbul olmuşdur. Ali təhsilin hər 3 səviyyəsinə qəbul üzrə yaşının çatması səbəbilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron portalından qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron portalından Azərbaycan Dövlət İqtisad Universitetinin MBA ixtisası üzrə magistratura səviyyəsinə qəbul olmaq üçün qeydiyyatdan keçmişdir. Qəbul olduqdan sonra qanunvericilikdə dəyişiklik edildi. Qanunvericilikdə edilən dəyişikliyə əsasən doktoranturada təhsilini davam etmirmək istəyən şəxslər magistr dissertasiyasını müdafiə etməli idi. Bu səbəbdən Azərbaycan Dövlət İqtisad Universitetinə bir qrup tələbə rəsmi şəkildə müraciət etsələr də, universitet tərəfindən bu məsələnin onun səlahiyyəti xaricində olduğu bildirildi. Bu səbəbdən onlar Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Prezident Administrasiyasına rəsmi müraciətlər etdilər. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu səbədən də edilən müraciətlərə cavab olaraq qanuna edilən dəyişikliyin ona şamil olunmayacağı bildirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq universitetlərə məktub göndərildi. Azərbaycan Dövlət İqtisad Universitetinin MBA ixtisası üzrə dekana diplom almaq üçün magistr dissertasiyasını müdafiə etməyi ilə bağlı müraciət etdi, buna şərait yaradılmadı və bildirildi ki, dəyişikliklərin ona aidiyyəti yoxdur. Magistr dissertasiyasını müdafiə etmək imtahan verməkdən daha asandır. Diplom əlavəsi məqamı barədə isə qeyd edilməlidir ki, bununla bağlı səlahiyyətli şəxslərə müraciət etsə də, ona diplom əlavəsindəki qeydin gələcəkdə hər hansı problemə səbəb olmayacağı bildirildi. Doktorantura ali təhsil səviyyəsinə 4 dəfə qəbul üçün sənəd verib, Azərbaycan Dövlət İqtisad Universitetinə isə 2 dəfə qəbul olmuşdur. Lakin səhətindəki problemlərlə bağlı təhsil ala bilməmişdir. Ölkədə ilk iqtisadi klasterin qurulması ilə bağlı layihənin yekunlaşması üçün ona doktorantura səviyyəsində təhsil alması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş üzrə mübahisə iddiaçı İddiaçı “5308.01 – Ümumi iqtisadiyyat” ixtisası üzrə doktorantura qəbul imtahanına buraxılmaması ilə bağlıdır. İddiaçı 2019-cu ildə MBA proqramına qəbul olmuş, 2021-ci ildə bitirmiş, lakin dissertasiya işi müdafiə etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarı ilə “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.1-ci bəndinə edilmiş dəyişiklik yalnız gələcək münasibətlərə (prospektiv tətbiqə) malik olduğundan, bu dəyişiklikdən əvvəl qəbul olunmuş şəxslərin hüquqlarına şamil edilə bilməzdi. Birinci instansiya məhkəməsi məhz bu hüquqi prinsipə əsaslanaraq qərara gəlmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixinədək qəbul olunduğu üçün onun hüquqları 2019-cu ildən sonra qüvvəyə minmiş yeni tələblərlə məhdudlaşdırıla bilməz. Bu, qanunun geriyə qüvvəsi olmaması prinsipindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi). Məhkəmə kollegiyası birinci instansiyanın yanaşması ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il 443 saylı qərarı qüvvəyə minənə qədər, (13 noyabr 2019cu il tarixinədək) 13 sentyabr 2019-cu il tarixli 534/4/2019 nömrəli əmrlə UNEC Biznes məktəbinin MBA Proqramının “Biznesin idarə edilməsi” ixtisasının "Biznesin təşkli və idarə edilməsi (beynəlxalq biznes üzrə)" ixtisaslaşmasının ingilis bölməsinə əyani formada daxil olmuş və xx.xx.2021-ci il tarixli, 419/4/2021 saylı əmrlə universiteti bitirmiş və ona AM № 039900 saylı 1080 qeydiyyat nömrəli magistr diplomu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il, 443 saylı Qərarının 3.1-ci bəndinə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, 2020/2021-ci tədris ilinədək UNEC-də MBA Proqramı üzrə tədris planlarında dissertasiya işi yerinə yetirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarı qüvvəyə mindikdən sonra 2020/2021-ci tədris ilindən etibarən UNEC Elmi Şurasının qərarı ilə MBA proqramı üzrə tədris planlarında dəyişiklik edilmiş və magistrantların könüllülük əsasında dissertasiya işi yazmaq üçün seçim imkanı yaradılmışdır. Göründüyü kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2025-ci il tarixli məktubunda təsdiqlənir ki, 2020/2021-ci tədris ilinə qədər MBA proqramında dissertasiya müdafiəsi ümumiyyətlə mövcud olmamış və yalnız könüllü şəkildə tətbiq edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı təhsil aldığı dövrdə belə bir tələbi icra edə bilməzdi və onu sonradan tətbiq olunan qaydalara əsasən məsuliyyətə cəlb etmək hüquqi dövlət prinsipinə ziddir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarı qüvvəyə mindikdən sonra Təhsil nazirinin müavini İdris İsayevin xx.xx.2020-ci il tarixli Ali təhsil müəssisələrinin rəhbərlərinə MBA proqramı üzrə magistr təhsili almış şəxslərin doktoranturada təhsilini davam etdirməsi barədə məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda 2019-cu ilin 13 noyabr tarixində edilən dəyişikliyə qədər MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmək imkanlarının yaradılmasına etiraz etmədiyini bildirir. Məhkəmə kollegiyası xüsusi olaraq üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (*nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlar və şikayətdə istinad etdiyi dəlillər əsas götürülərək) iddiaçıya münasibətdə olan kəskin mövqeyinə diqqəti çəkməyi zəruri hesab edir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, apellyasiya şikayətində səsləndirilən “İddiaçının davranışlarından görünür ki, onun məqsədi elmi fəaliyyətlə məşğul olmaq deyil, müxtəlif yollarla elmi dərəcə almaqdır” kimi ifadələr inzibati orqanın fəaliyyəti çərçivəsində qəbul edilməzdir. Eyni zamanda üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərkən mövqeyini əsas onun üzərində qurmuşdur ki, iddiaçı bakalavriat ali təhsil səviyyəsini filologiya ixtisası üzrə bitirsə də, o, magistratura ali təhsil səviyyəsinə MBA, yəni biznes və idarəçilik ixtisası üzrə qəbul olmuş və baza təhsili doktorantura imtahanlarında iştirak üçün lazımi səviyyədə deyil. Halbuki, həmin məsələ ümumiyyətlə mübahisə predmeti olmamış, imtinanın əsasını yalnız magistr dissertasiyasını müdafiə edilməməsi təşkil etmişdir. Həmin xüsusata münasibətdə isə birinci instansiyası məhkəməsi kifayət qədər geniş araşdırma aparmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik 13 noyabr 2019-cu il, 443 saylı Nazirlər Kabinetinin Qərarı əsasında edilmiş;

2. İddiaçı 13 sentyabr 2019-cu il tarixli 534/4/2019 nömrəli əmrlə UNEC Biznes məktəbinin MBA Proqramının “Biznesin idarə edilməsi” ixtisasının "Biznesin təşkli və idarə edilməsi (beynəlxalq biznes üzrə)" ixtisaslaşmasının ingilis bölməsinə əyani formada daxil omuş - yəni müvafiq dəyişiklikdən əvvəlki dövrdə.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli İ-12903/11-24 nömrəli məktubunda eyni vəziyyətdə olan digər şəxsə münasibətdə qeyd edilmişdir ki, “ ... Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda 2019-cu ilin 13 noyabr tarixində edilən dəyişikliyə qədər MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarında iştirak etmələrinə imkan yaradılması məqsədəmüvafiq hesab edilmişdir”. Məhkəmə eyni zamanda MBA məzunlarının elmi-tədqiqat sisteminə cəlb olunmasının strateji əhəmiyyəti kontekstində qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan iqtisadiyyatı son illərdə bilik iqtisadiyyatı mərhələsinə keçid edir. Bu dövrdə elmi tədqiqatla yanaşı, praktik menecment, maliyyə, idarəetmə və texnoloji innovasiya biliklərinin elmi inteqrasiyası vacibdir. MBA proqramı məhz bu sahələr üzrə ixtisaslaşmış mütəxəssislər yetişdirir - yəni iqtisadiyyatın real sektorunda idarəetmə, planlaşdırma, maliyyə və strateji qərarvermə bacarıqları formalaşdırır. Belə məzunların doktorantura pilləsində elmitədqiqat işlərinə cəlb olunması ölkə elmi üçün iki əsas üstünlük yaradır:

1. İnteqrativ elmin inkişafı: MBA məzunları praktiki biznes biliklərini iqtisadi-elmi araşdırmalara gətirərək yeni tədqiqat istiqamətləri yarada bilərlər. Məsələn, innovativ maliyyə modelləri, rəqəmsal iqtisadiyyat, dayanıqlı idarəetmə sistemləri və s. sahələrdə tətbiqi elmin genişlənməsi mümkündür.

2. Elmin iqtisadiyyata transferi: Doktoranturada təhsil alan MBA məzunları akademik tədqiqatla bazar reallıqları arasında körpü rolunu oynayır. Bu da elmi nəticələrin yalnız nəzəri deyil, praktik fayda gətirən layihələrə çevrilməsini təmin edir. Dünyanın bir çox qabaqcıl universitetlərində (Harvard, Cambridge, Tokyo Univ. və s.) MBA və PhD proqramlarının sintezi artıq “Doctor of Business Administration (DBA)” və “Executive PhD” kimi formalarda geniş tətbiq olunur. Azərbaycan üçün də belə bir model elmin iqtisadi müstəqilliyinin və beynəlxalq rəqabət qabiliyyətinin əsasını yarada bilər. Dünya təcrübəsi göstərir ki, elmi-tədqiqat fəaliyyətinə məhdudiyyətlər qoyulan ölkələrdə uzunmüddətli iqtisadi islahatlar dayanıqlı olmur. Ölkəmiz 4-cü Sənaye İnqilabının çağırışları ilə üzləşən bir dövlətdir və bu kontekstdə elmin müasir bazar mexanizmləri ilə sintezi həyati əhəmiyyət daşıyır. Bu mənada MBA məzunlarının elmi fəaliyyətə cəlb olunması təkcə təhsil məsələsi deyil - iqtisadi təhlükəsizlik, innovasiya siyasəti və milli rəqabət gücü məsələsidir. Beləliklə, Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti yalnız hüquqi cəhətdən deyil, həm də ölkənin elmi potensialının inkişafı baxımından ziddiyyətlidir. İddiaçının doktorantura imtahanına buraxılması məsələsində birinci instansiya məhkəməsinin verdiyi qərar isə: elmi inklüzivliyə xidmət edir, təhsil və elmi islahatların ruhuna uyğundur, ölkənin intellektual inkişaf modelinə müsbət təsir göstərir, elmi fəaliyyətin hüquqi sabitlik və ədalət prinsipləri üzərində qurulmasını təmin edir. Eyni zamanda xüsusi olaraq vurğulanmalı olan məsələ - bu cür yanaşma, üçüncü şəxsin yanaşmasından fərqli olaraq, “beyin axını”nın (brain drain) qarşısını almağa yönəlmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(112)-3124/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(112)-3124/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar