Məhkəmə qərarları › İş №2-1(103)-3488/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3488/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3488/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6614/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 29 saylı TPM-də təhsil aldığı müddətin iş stajı olaraq nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü il tarixindən xx.xx.1976cı il tarixinədək 29 saylı TPM-də təhsil almış və 28089 saylı diplom alaraq təhsilini tam bitirmişdir. Daha sonra xx.xx.1976-cı il tarixində 6 saylı sexə 29 saylı TPM-dən texnoloji qurğunun 3-cü dərəcəli operatoru təyin edilmişdir. xx.xx.1976-cı il tarixində TPM-i bitirdikdən sonra həmin sexə, həmin vəzifəyə təyin olunmuşdur. xx.xx.1977-ci ildən 3 saylı sexə kimyəvi analiz lobarantı keçirilmişdir. xx.xx.1980-ci il tarixində Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixində 450 3 saylı əmrlə 4 saylı sexə proses şagirdi təyin edilmişdir. xx.xx.1980-ci il tarixində 511 saylı əmrlə 3-cü dərəcəli fəhlə kateqoriyasına keçirilmişdir. xx.xx.1981 -ci il tarixli 43 saylı əmrlə Azərbaycan SSR YSN xx.xx.1981-ci il tarixli 7 saylı əmrinə əsasən 2 saylı Bakı Ayaqqabı fabrikinə keçirilmişdir. xx.xx.1981-ci il tarixində 511 saylı əmrlə 1 saylı ayaqqabı fabrikindən köçürülmə yolu ilə proses fəhləsi işinə təyin edilmişdir. xx.xx.1982-ci il tarixində 39 saylı əmrlə Azərbaycan SSR-nin ƏQM-nin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.1982-ci il tarixində 97 saylı əmrlə 4 saylı sexə şagird vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixində 221 saylı əmrlə 2-ci dərəcə üzrə fəhlə kateqoriyasına keçirilmişdir. xx.xx.1999-cu il tarixində 24 saylı əmrlə Azərbaycasn Respublikasının ƏQMnin 68-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilmişdir. Bu səbəbdən də o, əmək pensiyasının təyin olunması üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır və ona pensiya hüququ yaranan tarixdən əmək pensiyası təyin olunmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Ə.X1 müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlilliyə görə pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli arayışına əsasən adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 7 ay 11 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.2-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Həmin Qanunun 22–1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 21 il 3 ay 11 gün sığorta stajına uyğun olaraq 16217,15 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (4 ay sığorta stajına uyğun) 223,99 manat olmaqla, ümumilikdə 16441,14 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya hüququ yaranan tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-6614/2025 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilərək iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ... iddiaçının təhsil müddəti və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (təhsil müddəti - xx.xx.1973-xx.xx.1976 (02 il 11 ay) + əmək kitabçasında qeydlər əsasında iş stajı 23 il 01 ay 11 gün = 26 il 11 gün) çox təşkil edir. Lakin, iddiaçı Ə.Əliyenın xx.xx.1973-xx.xx.1976 (02 il 11 ay) tarixlərdə təhsil aldığı dövrlər onun sosial sığorta stajına daxil edilmiş, iddiaçının "xxxx" ASC-də işlədiyi xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə əmək haqqı almaması səbəbindən onun müraciətinə imtina cavabı verilmişdir. Belə ki, "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.1980-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək 1 saylı Bakı Ayaqqabı Fabrikində işləmişdir. İddiaçının 1991-1994-cü il tarixlərdə "xxxx" ASC-də əmək haqqı almasına dair cədvəllər sözügedən arayışa əlavə olunsa da, arayışda onun xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə əmək haqqı almasına dair hər hansı bir qeyd aparılmamışdır. Həmçinin, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək iş stajının araşdırılması zamanı Mərkəzi Filialın "xxxx" ASC-də tərtib etdiyi 01 may 2025-ci il tarixli yoxlama aktında qeyd olunmuşdur ki, müəssisə rəhbərliyi tərəfindən sözügedən dövrlərə dair arxiv sənədlərinin təqdim edilməsi üçün vaxt istənilmiş, lakin hələ də təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildrdi ki, iddiaçı xx.xx.1980-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək 1 saylı Bakı Ayaqqabı Fabrikində işləmişdir. İddiaçının 1991-1994-cü il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti əməkhaqqı almasına dair cədvəllər sözügedən arayışa əlavə olunsa da, arayışda onun xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə əməkhaqqı almasına dair hər hansı bir qeyd aparılmamışdır. Bu səbəbdən iddiaçının işlədiyi 1995-1999-cu il tarixlər mübahisələndirilir. İddiaçının cəmi sığorta stajı 21 il 7 ay 11 gün təşkil edir. Eyni zamanda o, ona verilmiş suala cavab olaraq bildirdi ki, 1995-1999-cu il tarixlərdə 1 saylı Bakı Ayaqqabı Fabriki fəaliyyət göstərirdi. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanlanan sorğuya cavab olaraq hal-hazırda müəssisənin həmin ünvanda fəaliyyət göstərmədiyi bildirilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır. - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə təhsil almış və işləmişdir: xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilədək 29 saylı TPM-də təhsil almışdır. 6 saylı Texnoloji Sexdə (iş stajı: 04 il, 01 ay, 01 gün) xx.xx.1976-cı il tarixdə texnoloji qurğunun 3-cü dərəcəli operatoru təyin edilmişdir; xx.xx.1977-ci il tarixdə 3 №-li texnoloji sexə kimyəvi analiz laborantı keçirilmişdir; xx.xx.1979-cu il tarixdə laboranta 2-ci dərəcə verilmişdir. xx.xx.1980-cı il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir; 1 saylı Bakı Ayaqqabı Fabrikində (iş stajı: 19 il, 10 gün) xx.xx.1980-ci il tarixdə proses fəhləsi vəzifəsinə təyin edilmişdir; xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir; xx.xx.1982-ci il tarixdə 4 saylı sexə şagird qəbul edilmişdir; xx.xx.1982-ci il tarixdə 2-ci dərəcə üzrə fəhlə kateqoriyasına keçirilmişdir; xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 68-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilmişdir. - Birinci instansiyası məhkəməsində məhkəmə sorğusuna cavab olaraq: Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 62955/2025 saylı məktubu ilə təqdim edilmiş; - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Arayış”da göstərilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi 1 saylı Bakı Ayaqqabı fabrikində işləmişdir. xx.xx.1998-ci il tarixdən fabrik özəlləşərək "xxxx" ASC yaradılmışdır. xx.xx.1999-cu il tarixdə "xxxx" ASC-yə verilmişdir. Fabrik varisinin möhürü təsdiq olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli, 2128 saylı qərarından müəyyən olunur ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən İİ qrup əlilliyə görə 2007-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-245138/2024 saylı qərarından müəyyən olunur ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbləri haqqında: xx.xx.1995-ci il tarixindən əmək haqqı hesablanmadığından xx.xx.1995-xx.xx.1999-cu illər sosial sığorta stajına daxil edilmir. Tələb olunan sosial sığorta stajı və xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı olmadığına görə yaşa görə əmək pensiya hüququ yaranmır. Sosial müavinət alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Əmək kitabçasında olan qeydlərdən də göründüyü kimi iddiaçının 6 №-li Texnoloji Sexdə iş stajı 04 il, 01 ay, 01 gün və 1 №-li Bakı Ayaqqabı Fabrikində iş stajı 19 il, 10 gün olmaqla ümumilikdə əmək kitabçasında qeydlər əsasında iş stajı 23 il 01 ay 11 gün təşkil edir. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının əsasını isə "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli arayışına əsasən adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 7 ay 11 gün təşkil etməsi təşkil edir. Bununla bağlı isə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş arayışa baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən arayışda həm də İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi 1 saylı Bakı Ayaqqabı fabrikində işləməsi ilə bağlı mötəbər qeydlər vardır. xx.xx.1998-ci il tarixdən fabrik özəlləşərək "xxxx" ASC yaradılmışdır. xx.xx.1999-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Odur ki, "xxxx" ASC tərəfindən əmək haqqı cədvəllərinin natamam təqdim edilməsi iddiaçının ziyanına şərh edilsə bilməz. Nəzərə alınmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq sənədlərin idarədə arxivində saxlanılması və ya arxivə təhvil verilməsi vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının təhsil müddəti və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (təhsil müddəti xx.xx.1973-xx.xx.1976 (02 il 11 ay) + əmək kitabçasında qeydlər əsasında iş stajı 23 il 01 ay 11 gün = 26 il 11 gün) çox təşkil edir. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunasından imtina edilməsi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-6614/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar