Məhkəmə qərarları › İş №2-1(103)-3489/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3489/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3489/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “təxris olunma ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinin 41.0.6 bəndinə əsasən hərbi xidmətdən tərxis edilməsinə dair Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müvafiq əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müvafiq əmri ilə xx.xx.1995-ci il təvəllüdlü İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinin 41.0.6 bəndinə əsasən hərbi xidmətdən tərxis edilərək ehtiyata buraxılmışdır. İddiaçının tərxis edilməsinə səbəb isə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin göstərişinə əsasən N saylı X10 ümumi heyət üzrə narkoloji test yoxlamasının keçirilməsi olmuşdur. Aparılmış və götürülmüş narkoloji testin nəticəsində rəhbərlik tərəfindən baş leytenant İddiaçı bildirilmişdir ki, onun analizinin cavabları pozitiv çıxmış və analizlərin cavabına əsasən onda marixuana narkotik vasitəsi aşkar edilmişdir. Narkoloji test hərbi hissənin daxilində Dövlət Sərhəd Xidmətinin hospitalı tərəfindən ezam olunmuş tibb heyəti tərəfindən xx.xx.2022-ci il tarixdə götürülmüşdür, iddiaçı narkoloji testin cavabları ilə razılaşmamış, elə həmin gün də ondan təkrar analizlərin götürülməsini və dəqiqləşmə aparılmasını xahiş etmişdir. Lakin iddiaçının bu xahişi cavabdeh qurum tərəfindən nəzərə alınmamış və ondan təkrar analizlər götürülməmişdir. İddiaçının cavabdehdən xahiş etməsinə baxmayaraq, ona tərxis əmri ilə tanış olmaq imkanı yaradılmamış, sadəcə ona narkololi testin cavabları şifahi bildirilmiş və bu səbəbdən də onun xidmətdən tərxis olunması bildirmişdir. İddiaçı bunun əsassız və qanusuz olduğunu bildirdikdə isə ona şifahi qaydada məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya təyinat vərəqəsi verilərək qeydiyyata düşmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata düşməsi barədə hərbi hissə komandiri tərəfindən əmr verilmişdir. İddiaçı barəsində qəbul edilən Dövlət Sərhəd Xidmətinin rəisinin müvafiq əmri qanunsuz və əsassızdır. İddiaçı narkoloji testin cavabları ilə razılaşmır, narkotik və psixiotrop maddələrdən heç vaxt istifadə etmədiyini bildirir, hərbi hissədə keçirilən testin cavablarında uyğunsuzluğun olduğuna inanır və bu barədə rəhbərliyə öz fikrini bildirmişdir. Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim komissiyası tərəfindən hər il keçirilən yoxlamadan keçmişdir, qan və digər analiz növlərində narkotik və psixotrop maddələrin istifadəsi ilə bağlı pozitiv nəticə heç vaxt olmamışdır. Narkoloji testin cavabları ilə razılaşmayan iddiaçı şəxsi vəsaiti hesabına elə həmin gündən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixində Stimul Hospitalda narkoloji analiz vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında N-614 nömrəli aktından məlum olur ki, iddiaçının sidik analizinin nəticələrində heç bir narkotik və psixotrop maddələri aşkar edilməmişdir. Həmçinin iddiaçının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasında verdiyi qanın tərkibinə görə analizlərin cavabında da heç bir narkotik vasitələr aşkar olunmamışdır. İddiaçı narkotik və psixotrop maddələrin aludəçisi deyil, DSX-nin Hərbi Hospitalının tibb heyəti tərəfindən narkotik vasitələrin təyin edilməsi üçün götürülmüş analiz nəticələri həqiqəti əks etdirmir. Əgər iddiaçı analiz nəticələrində aşkar edilmiş narkotik və psixotrop maddələri mütəmadi olaraq qəbul edirdisə, bu, sonuncu verilmiş analiz nəticələrində də öz əksini tapmalı idi. DSX-nin Hərbi Hospitalının narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri tədqiqat metodikasının yanlış seçilməsi nəticəsində təhrif edilmişdir. Bu nəticələr əsasında isə iddiaçı qanunsuz əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən hərbi xidmətdən tərxis edilmişdir. İddiaçı 2012-ci ildə keçmiş Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olmuş, 2016-cü ildə təhsil müəssisəsini bitirərək, zabit qismində xidmətini davam etdirmişdir. Xidmət dövründə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, qüsursuz xidmətlərinə görə müxtəlif vaxtlarda təltif olunmuş, 2019-cu ildən etibarən xidmətini ən ağır xidmətlərdən biri sayılan xüsusi təyinatlı hərbi hissədə davam etdirmişdir. Xüsusi təyinatlı birləşməyə yalnız xüsusi imtahan verərək qəbul olunmaq mümkündür. Həmin xüsusi imtahan fiziki dözümlükdən ibarətdir və şəxs sağlamlıq göstəricilərinə cavab verməlidir. İddiaçı baş leytenant X14 Müharibəsi iştirakçısıdır, döyüşlər zamanı xüsusi şücaət göstərərək, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmişdir. Döyüşlər zamanı tabeçiliyində qrupları idarə edərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Göstərdiyi şücaətə və qəhrəmanlığa görə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Zəngilanın azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə medallarla təltif olunmuşdur. Xidmət dövründə nümunəvi, əmr və təlimatların tələblərinə riayət edən, vətənpərvər hərbçi kimi xarakterizə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamı ilə “İgidliyə görə” Medalı ilə təltif olunmuşdur. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 0229 saylı Əmri ilə Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi Yubiley medalı ilə təltif edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-296/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2022-ci il tarixli 0056 ş/h nömrəli əmrinin ləğv edilməsini və xidmətə bərpa etmə öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İşin halları ondan ibartədir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli müvafiq əmri ilə xx.xx.1995-ci il təvəllüdlü İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunun 41-ci maddəsinin 41.0.6 bəndinə əsasən hərbi xidmətdən tərxis edilərək ehtiyata buraxılmışdır. İddiaçının tərxis edilməsinə səbəb N saylı X10 DSX rəhbərliyinin göstərişinə əsasən ümumi heyət üzrə narkoloji test yoxlamasının keçirilməsi olmuşdur. Aparılmış və götürülmüş narkoloji testin nəticəsində rəhbərlik tərəfindən baş leytenant İddiaçı bildirilmişdir ki, verdiyi analizin cavabları pozitiv çıxmış, onda marixuana narkotik vasitəsi aşkar edilmişdir. Narkoloji test hərbi hissənin daxilində DSX-nin hospitalı tərəfindən ezam olunmuş tibb heyəti tərəfindən götürülmüşdür, iddiaçı narkoloji testin cavabları ilə razılaşmamış, əlavə olaraq test götürülməsini və dəqiqləşmə aparılmasını xahiş etmişdir, lakin nəzərə alınmamışdır. Bu hal isə “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanuna zidd hesab edilir, götürülmüş narkoloji test nümünəsi narkoloji heyət tərəfindən götürülməmiş, sadəcə tibbi heyət tərəfindən götürülmüşdür. İddiaçı tərəfindən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasında verdiyi qanın tərkibinə görə analizlərin cavabında da heç bir narkotik vasitələr aşkar olunmamışdır. Mövcud müəssisə Azərbaycan Respublikasında yeganə müəssisədir ki, insan saçından narkoloji analiz götürülərək son 1 il müddətinə analiz cavablarını dəqiq müəyyən edir. Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli test nəticəsinə dair arayışa əsasən İddiaçı götürülmüş sidik nümunəsində (texicology) marixuana (THC) pozitiv nəticə vermişdir. İddiaçı götürülmüş sidik nümunəsi yoxlanılması üçün xx.xx.2022-ci il tarixli 1369 nömrəli məktubla məhkəmə-kimyəvi tədqiqatı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nə göndərilmiş, xx.xx.2022-ci il tarixli 1808/K saylı məhkəməkimyəvi akta əsasən məhkəmə-kimyəvi ekspertizanın nəticəsində İddiaçı sidik nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Bu hal isə N saylı hərbi hissə daxilində narkoloji test nümünəsi götürülən zaman 300 nəfərdən ibarət heyət iştirak etmişdir, analiz götürülən zaman birdəfəlik istifadə olunan tibbi qabların uyğunluq sertifikatları olmamış, analiz götürülən tibbi cihazların uyğunluq sertifikatları olmamış, tibbi steril və analizin götürülmə qaydalarına düzgün riayət olunmamışdır. Nəhayət, məhkəmə yekun olaraq qənaətini bu cür əsaslandırmışdır ki, iddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. Əmr verilərkən əsas olaraq “Məhkəmə-Tibbi Ekspertiza və X7 ”nin xx.xx.2022-ci il tarixli 1808/K nömrəli aktına istinad olunmuşdur. Həmin akta əsasən iddiaçıdan götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannobionid” aşkar edilmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında da iddiaçının xidmətinə xitam verilməsinin əsasını onun yol verdiyi kobud pozuntu (narkotik maddənin qəbulu faktının aşkar edilməsi) təşkil etmişdir. Bu hal isə məhkəmə prosesi zamanı tam ətraflı tədqiq edilməmişdir, götürülmüş təkrar (eyni sidik analizinin) analiz cavabları yoxlanılmışdır, mötəbər təsdiqedici sübut sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəsinin “X11 Komandanlığının “Zəfər” çevik hərəkət dəstəsi (N №-li h/h) üzrə” xx.xx.2022-ci il tarixli, 0056 №-li (şəxsi heyət üzrə) əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin 38.2.2-ci bəndinə və Azərbaycan Respublikası Silahlı X1 47-ci maddəsinə müvafiq olaraq baş leytenant İddiaçı xidmətində buraxdığı ciddi nöqsanlara görə 1-ci əməliyyatlar şöbəsi 1-ci əməliyyatlar bölməsi 1-ci qrupun rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüş və son qərar qəbul edilənədək bütün təminat növlərində N №-li hərbi hissədə saxlanılmışdır. Əsas: X11 Komandanının xx.xx.2022-ci il tarixli 4/977tm №-li raportu. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəsinin “X11 Komandanlığının “Zəfər” çevik hərəkət dəstəsi (N №-li h/h) üzrə” xx.xx.2022-ci il tarixli, 0058 №-li (şəxsi heyət üzrə) əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan (N №-li h/h) baş leytenant İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Baş leytenant İddiaçı 01 iyun 2022-ci il tarixə xidmət illəri: təqvimi 09 il, 08 ay, 18 gün. Əsas: X11 Komandanının xx.xx.2022-ci il tarixli 4/1036tm nömrəli vəsatəti və “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin xx.xx.2022-ci il tarixli 1808/K nömrəli aktı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi- Ekspertiza və X7 PHŞ-nin xx.xx.2022-ci il tarixli 1808/K saylı maddi sübutların ekspertizası aktından görünür ki, Məhkəmə-kimya şöbəsinə daxil olmuş MÖƏ/1995 sidik nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, salisilatlar aşkar edilmədi. İş materiallarında olan “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X13 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı saçının genetik analizi nəticəsində qərardadda göstərilən tarixdə narkotik və psixotrop maddələrin istifadə edilmədiyi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli T381/2023 saylı ekspert rəyində qeyd edilir: 1995-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə və qərardadda göstərilən suala uyğun komissiya nəticəyə gəlir: İddiaçı xx.xx.2022-ci il tarixdə DSX-nin tibb heyəti tərəfindən götürülmüş sidik test nümunələrin məhkəmə-kimyəvi tədqiqatı zamanı çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu: 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 581 nömrəli Fərmanının 1-ci bəndinin 17-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinə həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasının müəyyən edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası» (həmin Qayda "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci bəndinin 17-ci abzasının icrasını təmin etmək məqsədi ilə təsdiq edilmişdir):

1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.

2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır.

3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olmuşdur. xx.xx.2022-ci ildə iddiaçının xidmət etdiyi “Zəfər” çevik hərəkət dəstəsinin şəxsi heyətinin narkotik vasitələrdən istifadəsinin yoxlanılması zamanı iddiaçıdan götürülmüş sidik nümayəndəsində marixuana (THC) pozitiv nəticə vermişdir. Qəbul edilmiş sidik nümunəsi yoxlanılması üçün xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və X5 göndərilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və X7 PHŞ-nin xx.xx.2022-ci il tarixli 1808/K saylı maddi sübutların ekspertizası aktına əsasən iddiaçıdan götürülmüş sidik nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəsinin “X11 Komandanlığının “Zəfər” çevik hərəkət dəstəsi (N №-li h/h) üzrə” xx.xx.2022-ci il tarixli, 0056 №-li (şəxsi heyət üzrə) əmrinə əsasən iddiaçı xidmətində buraxdığı ciddi nöqsanlara görə 1-ci əməliyyatlar şöbəsi 1-ci əməliyyatlar bölməsi 1-ci qrupun rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüşdür. Daha sonra isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəsinin “X11 Komandanlığının “Zəfər” çevik hərəkət dəstəsi (N №-li h/h) üzrə” xx.xx.2022-ci il tarixli, 0058 №-li (şəxsi heyət üzrə) əmrinə əsasən isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan (N №-li h/h) baş leytenant İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin analiz nəticələri də olduğundan, tam, hərtərəfli və obyektiv araşdırma aparılması məqsədi ilə məhkəmə tərəfindən araşdırma dövründə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 həvalə edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli T381/2023 saylı ekspert rəyinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə DSX-nin tibb heyəti tərəfindən götürülmüş sidik test nümunələrin məhkəməkimyəvi tədqiqatı zamanı çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Göründüyü kimi, həm iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamışdın əvvəl, həm də məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən keçirilmiş ekspertiza nəticəsində iddiaçıdan götürülmüş sidik nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilməsi öz təsdiqini tapmışdır. «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən məhkəmə-tibb, məhkəmə-psixiatriya, məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin və dərman maddələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən keçirilmiş ekspertiza tədqiqatın rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Əmr verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar