Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-349/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2691/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04-13 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik səbəbinin dəyişdirilməsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Goranboy rayonu Naftalan şəhərində anadan olmuşdur. 1976-1978-ci illərdə keçmiş Sovet Ordusunda müddətli hərbi xidmət keçmişdir. O, 1974-cü ildən Bakı şəhərində yaşasa da, 1992-ci ilin əvvəllərindən könüllü döyüş bölgəsində yerləşən 844(701) saylı hərbi hissəyə daxil olmuş və erməni quldurlarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 844(701) saylı hərbi hissədə xidmət edərkən N aprel 1992-ci ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı düşmən mərmisinin partlaması nəticəsində sol qolundan, sol baldırından, sol bud hissələrindən çoxsaylı qəlpə yarası almışdır. Ona aldığı hərbi travma ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2001- ci ildən “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla” ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2008-ci ildən qeyd edilən komissiya tərəfindən “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla” əlaqədar ikinci dərəcəli əlilliyi müddətsiz təyin edilmişdir. O, hərbi travmanı 844(701) saylı hərbi hissədə hərbi xidmət keçərkən alması ilə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Ona Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu ildə “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla” qərarı dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. O, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə əsasən əlilliyin səbəb-əlaqəsi dəyişdirilərək “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla” yox, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi ilə əlaqədar Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin bugünədək ərizəsinə cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2691/2021 saylı qərarı ilə iddia qısmən təmin edilərək, İddiaçı təyin edilmiş əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar iddiaçının müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia digər hissədə təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, sənədlərin təhlilindən müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti 6 saylı Birləşdirlmiş Şəhər Xəstəxanasının xx.xx.2008- ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ..., Diaqnozun mətni: Sol dirsək oynağının qəlpə yaralanmsından sonrakı qalıq əlamətləri. Postravmatik kontrktura hərəkət fuksiyasının pozulması. Sol bud və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmsından sonra çapıq toxumaları və postravmatik kontrakturası” səbəbi ilə ikinci dərəcə verilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır, Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-irı sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bununla əlaqədar, iddiaçı tərəfindən Agentliyə müraciət daxil olmuş və dövlət tibb müəssisəsi tərəfindən göndəriş təqdim edilməsi tövsiyə edilir. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi iddia qismən təmin edilərək, İddiaçı təyin edilmiş əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar iddiaçının müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə həmin mövqeyində haqlı sayıla bilməz. Konkret mübahisəyə münasibətdə qeyd etmək lazımdır ki, inzibati orqan tərəfindən natamam inzibati icraatın aparılması və belə icraat nəticəsində formal qərarın qəbul edilməsi heç də bütün hallarda məhkəməni işin faktiki hallarını araşdırmaq və müəyyən etmək, bu məqsədlə yuxarıda istinad olunan normaların müddəalarına uyğun olaraq əlavə sübutlar toplamaq, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları əldə etmək vəzifəsindən azad etmir və etməməlidir. İnzibati orqan tərəfindən qərarın işin faktiki hallarını yetərli səviyyədə araşdırmadan qəbul olunduğunu hesab edən məhkəmə, hər bir halda qərar qəbul etməzdən əvvəl tam araşdırma aparmağa borcludur. Bu obyektiv araşdırma prinsipinin tələblərindən irəli gəlir. Bu qaydadan kənara çıxmağa yalnız o hallarda yol verilir ki, məhkəmə icraatı çərçivəsində zəruri araşdırmaları məhkəmə özü həyata keçirmək iqtidarında olmasın. Bununla bağlı nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən yuxarıda istinad olunan normalarda təsbit olunmuş tələblərə əməl olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində tələb olunan araşdırmanın həyata keçirilməsi mümkün olmadığı təqdirdə, məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoymaqda haqlı sayıla bilər. Lakin məhkəmə icraatı çərçivəsində zəruri araşdırmaları həyata keçirmək iqtidarında olmadığını məhkəmə öz qərarında hər hansı şəkildə əsaslandırmamışdır. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən ikinci dərəcəli müddətsiz əllik təyin edilmişdir. Diaqnozu: Sol dirsək oynağının qəlpə yaralanmsından sonrakı qalıq əlamətləri. Postravmtik kontrktura hərəkət fuksiyasının pozulması. Sol bud və baldır nahiyyəslnin çoxsaylı qəlpə yaralanmsından sonra çapıq toxumaları və postravmatik kontrakturası. Əlillik səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik qeyd edilmişdir. İş materiallarında olan ƏƏSMN 4 saylı X4 Komissiaysının 572124 saylı arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci ildən 2-ci qrup müddətsiz əlildir. Əlilliyin səbəbi: hərbi əməliyyatlar keçirilən zona ilə əlaqədar. İş materiallarında olan Binəqədi rayon ƏSMM tərəfindən xx.xx.2002-ci ildə verilmiş 044620 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 210 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı ş. Binəqədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli ** HP ***8 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin aprel ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı sol dirsək oynağının arxa səthində üç ədəd, sol baldırın aşağı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Binəqədi rayon idarəsinin xx.xx.2019-cu il tarixli 198 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 57 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2019-cu il tarixli 54-Ə nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHKnın 189 saylı 15.03 2019-cu il tarixli protokolu. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən ikinci dərəcəli müddətsiz əllik təyin edilmişdir. Əlillik səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 210 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin aprel ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı sol dirsək oynağının arxa səthində üç ədəd, sol baldırın aşağı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin «a» yarımbəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarı çıxarmışdır - «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». İddiaçı qeyd olunan qərarı əlillik səbəbinin dəyişdirilməsi barədə müraciəti ilə birlikdə cavabdehə təqdim etsə də (müraciət və onun çatmasını təsdiq edən poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir), cavabdeh tərəfindən iddiaçının müraciəti araşdırılmamış və bu barədə iddiaçıya məlumat verilməmişdir. Hazırki iş Bakı Apelyasiya Məhkəməsində araşdırılarkən məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(103)-349/2022 saylı qərardadla İddiaçı 2-ci qrup “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik səbəbinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin olunması barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün bir aylıq müddət təyin edilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin **********7 nömrəli, xx.xx.2022 tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı 11 aprel 2022-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərlə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnoz – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Bundan sonra İddiaçı təyin olunmuş 2-ci qrup əlilliyin verilməsinə əsas olan “Sol dirsək oynağının qəlpə yaralanmsından sonrakı qalıq əlamətləri. Postravmtik kontrktura hərəkət fuksiyasının pozulması. Sol bud və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmasından sonra çapıq toxumaları və postravmatik kontrakturası” diaqnozu ilə onun döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin aprel ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələrinə əsasən qoyulmuş “Odlu silah mərmi partlamasından sonrakı sol dirsək oynağının arxa səthində üç ədəd, sol baldırın aşağı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının 1.5.2.1-ci maddəsində qeyd olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək üçün məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin T275/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisənin göndərişində qeyd edilən “sol dirsək oynağının qəlpə yaralanmasından sonrakı qalıq əlamətləri, postravmatik kontraktqra, hərəkət funksiyasının pozulması, sol bud və baldır nahiyəsinin çoxsaylı qəlpə yaralanmasından sonra çapıq toxumaları və postravmatik kontrakturası” diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik dərəcəsini təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarına aid etmək mümkün olmadı. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı təyin edilmiş əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar araşdırılması üçün cavabdehə göndərilməsinə haqq qazandıra bilməz. Halbuki, iş üzrə materiallardan iddiaçıya əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı dispozisiya şərtlərinin mövcudluğunun məhkəmə tərəfindən məhkəmə icraatı çərçivəsində yoxlanılmasının mümkün olduğu görünür. Bundan başqa, məhkəmə tərəfindən qərar qəbul edilərkən inzibati icraat çərçivəsində araşdırmanın aparılmasının məqsədəuyğunluğu önə çəkilmiş, bu zaman obyektiv araşdırma və məhkəmə qənaəti prinsiplərinin tələbləri nəzərə alınmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsininnin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, məhkəmənin nəyə görə mübahisə üzrə özünün qərar qəbul edə bilmədiyi, inzibati orqanda hansı başqa araşdırmanın aparılmasının tələb olunduğu, məhkəmənin həmin araşdırmanı nəyə görə özünün apara bilmədiyi qeyrimüəyyən olaraq qalıb. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmayaraq, iddiaçıların müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraatın yenidən aparılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2691/2021 saylı qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-349/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-349/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver