Məhkəmə qərarları › İş №2-1(103)-349/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-349/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-349/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-4860/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 1 dekabr 2021-ci il tarixli **********9 saylı məktubunu qanunsuz hesab edib, onun pensiya hüququnu yarandığı 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 noyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh 1 dekabr 2021-ci il tarixdə ümumi iş stajının 20 ildən, güzəştli iş stajının 10 ildən az olduğunu göstərməklə təqdim edilmiş sənədləri qaytararaq pensiya təyin olunmasından imtina etmişdir. Təqdim edilən əmək kitabçasından göründüyü kimi, 1 yanvar 1977-ci il tarixdən 14 mart 1977-ci il tarixədək Zərkənd Sovxozunda dalandar fəhlə 15 mart 1977-ci il tarixdən 9 iyul 1984-cü il tarixədək həmin sovxozda tütünçü, 10 iyul 1984-ci il tarixdən 30 noyabr 1988-ci il tarixədək isə sovxozda laborant işləmiş, 17 may 1990-cı il tarixdən 1 sentyabr 1990-cı il tarixədək Bakı Kondisioner Zavodunun plasmas sexində fəhlə, 1 sentyabr 1990-cı il tarixdən 2 evral 1998-ci il tarixədək həmin sexdə plastik kütlə tökücüsü işləmişdir. Məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycana köçərkən 30 noyabr 1988-ci il tarixdən Azərbaycanda işə qəbul olunmuş, yəni 17 may 1990-ci il tarixədək iş stajıda fasilə olmuşdur. Həmin dövrün fasiləsiz iş stajı hesablanması barədə əmək kitabçasının 4-cü səhifəsində AMİŞ Rəyasət Heyətinin 11 yanvar 1990-cı il tarixli qərarına əsasən lazımi qeydlər aparılmışdır. 1 dekabr 1988-ci il tarixdən 17 may 1990-ci il tarixədək olan dövr nəzərə alındıqda, onun ümumi iş stajı 21 il 1 ay 2 gün olur. Güzəştli iş stajını hesabladıqda isə, 15 mart 1997-ci il tarixdən 10 iyul 1984-cü il tarixədək sovxozda tütünçü işlədiyi dövr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərişçilərin siyahısı»nın 5-ci bəndində 224050 kodu ilə kodlaşdırılmış “tütün istehsalı və bərpa” XXİİ Yeyinti Sənayesi. bölməsinin tütünün istehsalı a) fəhlələr yarım bəndində 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z) bəndində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan tütünün becərilməsi, yığılması və yığılandan sonrakı emalında işləyənlər güzəştli şərtlərlə pensiya almaq hüququ olduğu, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, siyahının “27.Yeyinti sənayesi” bölməsinin, “27.5 Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” bəndinin “27.5.1 Tütün istehsalı” a) fəhlələr yarımbəndində göstərilənlərə əsasən 15 mart 1977-ci il tarixdən 10 iyul 1984-cü il tarixədək sovxozda tütüncü işlədiyi dövr 7 il 3 ay 25 gün, kondisioner zavondunda 17 may 1990-ci il tarixdən 2 fevral 1998-ci il tarixədək plastik kütlə tökücüsü kimi işlədiyi dövr 7 il 8 ay 15 gün güzəştli iş stajına aid olduğu üçün ümumilikdə güzəştli iş stajı 15 il 10 gün olur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən cavabdehə 2019-cu ilin noyabr ayının 20-də lazım olan sənədləri təqdim edərək ərizə ilə müraciət etmişdir. Araşdırma aparmadan 6 dekabr 2019-cu il tarixdə imtina cavabı verilmişdir. Onun 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə iş stajı var. Qanunda dəyişiklik edilənə, yəni 1 iyul 2017- ci il tarixə qədər 52 tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddənin tələblərinə müvafiq olaraq həmin Qanun 1 yanvar 2006-ci il tarixdə qüvvəyə minənədək tələb olunan şərtlər ümumi və güzəştli iş stajını nəzərə alaraq ona pensiya təyin edilməli idi. Cavabdehin məktubunda göstərdiyi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması 1 iyul 2017-ci il tarixdən sonra pensiya hüququ olan şəxslərə şamil olunur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası tam əsassızdır və qanunazid olduğuna görə rədd edilməlidir. İddiaçı 18 noyabr 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununгт 1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş 13cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. İddiaçının idarəyə təqdim etdiyi 15 yanvar 1977-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 1 yanvar 1977-ci il tarixdən 30 noyabr 1988-ci il tarixədək olan dövr ərzində Ermənistan Respublikası Vardenis rayonunun “Zərkənd” sovxozunda işlədiyi qeyd olunmuşdur. Lakin əmək kitabçasındakı məlumatların həmin dövrün arxiv sənədləri əsasında dəqiqləşdirilməsi mümkün olmadığından, müvafiq dövrün əmək stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçının əmək kitabçasında 15 mart 1977-ci il tarixdən 10 iyul 1984-cü il tarixədək Ermənistan Respublikası Vardenis rayonunun “Zərkənd” sovxozunda işlədiyi qeyd olunan tütünçü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 20 ildən az, güzəştli iş stajı isə 10 ildən az (7 il 8 ay 15 gün (xx.xx.1990-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-4860/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixə qədər 10 ildən yuxarı xüsusi iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən – 19 il 7 ay 14 gün (xx.xx.1977 – xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1998-ci il tarixlər arasındakı dövrlər) təşkil edir. Bu hal iddia ərizəsinə və ona məxsus əmək kitabçasına əsasən müəyyən edilir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına malik olmadığından, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensuyası hüququ yaranmır. Odur ki, məhkəmə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını qanuna zidd qiymətləndirmir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. O, əmək fəaliyyətinə Ermənistanın Vardenis rayonunda Zərkənd sovxozunda 1 yanvar 1977ci il tarixdə başlamış, həmin tarixdən 14 mart 1977-ci il tarixədək sovxozda dalandar, 1977-ci ilin mart ayından 1984-cü ilin iyul ayının 9-dək sovxozda tütünçü işləmişdir. Sonuncu qeyd olunan tarixdən 1988-ci ilin 30 noyabr tarixinədək isə, sovxozda laborant vəzifəsində çalışmışdır. Məlum hadisələrlə əlaqədar Azərbaycana köçdükdən sonra iddiaçı 17 may 1990-cı il tarixdən Bakı Kondisioner Zavodunda Plastik kütlə sexinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul olunmuş, 1 sentyabr 1990-cı il tarixdən həmin sexdə plastik kütlə tökücüsü vəzifəsinə keçirilmiş və 2 fevral 1998-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" firmasında, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər isə "xxxx" Törəmə Müəssisəsində çalışmışdır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun qaldırdığı məsələnin həllindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 20 ildən az (19 il, 7 ay, 14 gün), güzəştli iş stajı isə 10 ildən az (7 il, 8 ay, 15 gün) təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; (z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997ci il avqustun 1-dək qazanmış olmalıdır; həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" firmasında, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər isə "xxxx" Törəmə Müəssisəsində çalışmışdır. Apellyasiya baxışı zamanı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ünvanlanmış sorğuya 23 dekabr 2022-ci il tarixli **********896700 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Firması dövlət qeydiyyatına alınarkən qanuni təmsilçinin təyin edilməsi barədə hüquqi şəxsin qeydiyyat qovluğunda hər hansı məlumat aşkar edilməmiş, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən qanuni təmsilçisi X2 olmuş, xx.xx.2015-ci il tarixədək hazıradək isə X1r. Bundan başqa, hüquqi şəxsin qeydiyyat qovluğunda "xxxx" Firmasının ad dəyişikliyi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, "xxxx" Törəmə Müəssisəsinin qeydiyyat qovluğunda qanuni təmsilçinin təyin edilməsi barədə hüquqi şəxsin qeydiyyat qovluğunda hər hansı məlumat aşkar edilməmiş, lakin dövlət reyestr məlumatlarına əsasən müəssisənin qanuni təmsilçisi X3r. Hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən "xxxx" Törəmə Müəssisəsi xx.xx.1997-ci il tarixd 32487 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının nəzdində yaradılıb, onun törəməsidir. Həmçinin, "xxxx" Törəmə Müəssisəsinin ad dəyişikliyi barədə hər hansı məlumat aşkar edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Müvafiq dövr üzrə -xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər "xxxx" Törəmə Müəssisəsində çalışdığı dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Kollegiya qeyd edir ki, iddiaçının "xxxx" Firmasında çalışdığı dövr qəbul edilməsə belə, onun 20 ildən artıq iş stajı iş materialları ilə təsdiq olunur. Məhkəmə kollegiyası 1 yanvar 1977-ci il tarixdən 30 noyabr 1988-ci il tarixədək olan dövr ərzində Ermənistan Respublikası Vardenis rayonunun “Zərkənd” sovxozunda işlədiyi dövrün iddiaçının ümumi stajına daxil edilməsinə münasibətdə qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1035/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, vətəndaşların daimi yaşayış yerlərinə qayıtmaları ilə bağlı SSRİ Nazirlər Soveti qəbul etdiyi 15 aprel 1989-cu il tarixli 321 nömrəli qərarının 12-ci bəndində göstərmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinə icazə verilsin ki, daimi yaşayış yerini məcburi tərk etmiş vətəndaşların fasiləsiz əmək stajı bərpa edilsin. Bu qərarın yerinə yetirilməsi üzrə vəzifələr barədə Azərbaycan SSR Nazirlər Soveti 6 may 1989-cu il tarixli 205 nömrəli qərar qəbul etmişdir. Qərarların icrası ilə bağlı Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının 11 yanvar 1990-cı il tarixli 39 nömrəli qərarına əsasən Azərbaycan SSR-nin DQMV-də baş vermiş hadisələrlə əlaqədar olaraq daimi yaşayış və iş yerlərini tərk etməyə məcbur olmuş və Azərbaycan SSR-də məskunlaşıb işləyən fəhlə və qulluqçuların, kolxozçuların fasiləsiz əmək stajının onların stajında fasilə yaranan gündən bərpa edilməsi qərara alınmışdır. İddiaçı da həmin qərarın təsir dairəsinə düşmüş və ona məxsus əmək kitabçasının 9-cu vərəqində AHİŞ-in Rəyasət Heyətinin 11/İ-90-cı il tarixli 29 nömrəli qərarı ilə fasiləsiz əmək stajı bərpa edilmişdir. İddiaçının xx.xx.1977-ci ildən xx.xx.1988-ci ilədək olan dövrü onun ümumi stajına hesablanmalıdır. Həmin müddət nəzərə alındıqda isə iddiaçının 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 20 ildən çox təşkil edir. İddiaçının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bakı Kondisioner” Açıq Səhmdar Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1990-cı ildə 606 saylı xx.xx.1990-cı il tarixli əmrlə plastik kütlə sexinə 2 dərəcəli köməkçi fəhlə sexinə işə qəbul olunub, xx.xx.1990-cı ildə 276 saylı xx.xx.1990-cı il tarixli əmrlə həmin sexdə 2 dərəcəli plastik kütlə tökücüsü peşəsinə keçirilib, xx.xx.1998-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad olunub. İddiaçı plastik kütlə tökücüsü işlədiyi müddətdə ABS (akrilo, nitril, butadion, stirol) poliamid, politilen və s. materiallarla işləmişdir. İş vaxtı o polistrol UPS-1002, polistrol və sair plastik materiallardan istifadə etmişdir. İş prosesində plastik materialı tökücü maşının silindirində 200-220 S temperaturda əridilərək kondisionerin plastik hissələrini tökmüşdür. Tökmə zamanı istehsal prosesində stinol buxarları ifraz olunur ki, bu da insan orqanizmi üçün zərərlidir. İddiaçı çalışdığı peşə “Ümumi peşələr” bölmə plastik kütlə tökücüsü peşəsi güzəştli təqaüdə çıxmaq hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli Siyahının “XXİİ. Yeyinti sənayesi” bölməsinin “5. Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” bəndində fəhlələr 2240500a (tütün istehsalı üzrə) və 2240502a (bərpa edilmiş tütünün istehsalı üzrə) kodları ilə nəzərdə tutulmuşdur. Bundan başqa, həmin Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 – 13399 kodu ilə plastik kütlələrin tökücüləri peşəsi əks olunmuşdur. Göründüyü kimi 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik qadınlar 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Həmçinin qanuna («Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “z” bəndinə) görə sovxozlarda bilavasitə tütünün becərilməsi tam mövsüm ərzində çalışan qadınlar da 52 yaşdan bu hüquqa malikdirlər. İddiaçı işlədiyi sovxozda “tütünçü” və “plastik kütlələrin tökücüsü” peşələri «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir və iddiaçının ümumilikdə iki peşə üzrə iş stajı 1 yanvar 2006-cı il tarixədək 10 ildən artıqdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 52 yaşdan (xx.xx.2011-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, iddiaçı xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. İddiaçıya güzəştli şərtlərə görə əmək pensiyasının nə zamandan ödənilməsi məsələsinə gəldidkə isə kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı ilk dəfə xx.xx.2019-cu il tarixli ərizə ilə (xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona 52 yaşının tamam oldğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda iddiaçıya pensiya xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2016-cı ildən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-4860/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1 dekabr 2021-ci il tarixli **********9 saylı məktubu qanunsuz hesab edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 10 iyul 2011-ci il tarixdən təyin olunması və müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-4860/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1 dekabr 2021-ci il tarixli **********9 saylı məktubu qanunsuz hesab edilsin, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 10 iyul 2011-ci il tarixdən təyin olunması və müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar