Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-349/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) «yeni məlumat vərəqinin göndərilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2194/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə inzibati aktın qəbul edilməsinə yönəlməyən, inzibati orqan tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi, pensiya məbləğinin dəyişdirilməsinə səbəb olan vəziyyət yarandığı üçün yenidən hesablanması və pensiyanın yenidən təyin edilməsi üçün məlumat vərəqinin müvafiq icra hakimiyyəti orqanına (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) göndərilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ehtiyata buraxıldığı N saylı hərbi hissənin İdarəetmə Məntəqəsi rəisinin vəzifə maaşının həmin hərbi hissənin polkovnik-leytenant ştatında olan digər döyüş təminatı (kəşfiyyat) bölmə komandirlərin (Radiokəşfiyyat və radioelektron mübarizə tabor komandirlərin və hərbi hissənin Komanda Məntəqəsi rəisinin) və təminat bölməsi olan Texniki bölmə rəisinin vəzifə maaşı ilə bərabər tutulmaqla yeni məlumat vərəqinin tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır, pensiya alır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bir sıra qanunazidd hərəkətləri və hərəkətsizliyi səbəbindən pensiya hüququndan tam istifadə edə bilmir. Hərbi xidmətdə olarkən sonuncu vəzifəsi polkovnikleytenant ştatında İdarəetmə Məntəqəsinin rəisi olmuşdur. Maliyyə və Büdcə İdarəsi tərəfindən həmin vəzifəyə 635,0 manat maaş təyin olunmuşdur. İdarəetmə Məntəqəsinin rəisi vəzifəsinə təyin olunmamışdan öncə mayor ştatında olan Komanda məntəqəsi rəisinin müavini vəzifəsində xidmət etmiş və vəzifə maaşı 635,0 manat təyin olunmuşdur. Vəzifəsi və hərbi rütbəsi artdığına baxmayaraq, vəzifə maaşının dəyişilməməsi səbəbinə aydınlıq gətirilməsi üçün hərbi xidmət zamanı hərbi hissə komandanlığına, ehtiyata buraxıldıqdan sonra isə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dəfələrlə məktubla müraciət etmişdir. Maliyyə və Büdcə İdarəsinin birinci cavabında bildirilmişdir ki, tabelikdə olan şəxsi heyətin sayı nəzərə alınmaqla, məntəqənin rəisi (polkovnik-leytenant) vəzifəsinin maaşı taborun qərargah rəisi (mayor) vəzifəsinin maaşına bərabər tutulmaqla, 635,0 manat müəyyən edilmişdir. Həmin cavabdan sonra Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən vəzifə maaşı təyin olunarkən bölmənin şəxsi heyətinin say tərkibinin nəzərə alınması iddiasına qarşılıq, rəhbərlik etdiyi İdarəetmə Məntəqənin say tərkibi hərbi hissədə eyni polkovnik-leytenant ştat kateqoriyasında olan “Texniki bölmənin” say tərkibindən 4 dəfə çox olduğu halda, Texniki bölmə rəisinin vəzifə maaşının daha yüksək (700 manat) təyin olmasının ziddiyyətli səbəbinin açıqlanması üçün Maliyyə və Büdcə İdarəsinə təkrar müraciət etmişdir. Vəzifə maaşının təyin olunmasının düzgünlüyünün normativ sənədlərlə yoxlanılmasını xahiş etmişdir. Şəxsi heyətin say tərkibi nəzərə alınmaqla vəzifə maaşının təyin olunması qaydasının ziddiyyəti iddiaçı tərəfindən aşkar olunduğu və bununla bağlı onun tərəfindən əsaslı irad bildirildikdən sonra ona göndərilən rəsmi cavabın yanlış olduğu deyilmişdir. Doğru cavab isə odur ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 394 nömrəli Qərarının 1 nömrəli əlavəsi məxfidir. Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi məsələnin araşdırılmasında və hüquqlarımın təmin olunmasında maraqlı deyil. Sənədin məxfiliyi hüququnun pozulmasına və ya təmin olunmamasına səbəb ola bilməz. Polkovnik-leytenant ştatında olan İdarəetmə Məntəqəsinin rəisi vəzifəsindən başqa hərbi hissənin polkovnik-leytenant ştatında olan bütün vəzifə maaşları 700 manatdan başlayaraq yüksəlir, 635 manat vəzifə maaşı olan polkovnik-leytenant vəzifəsi yoxdur. Bir tək İdarəetmə Məntəqəsi rəisinin vəzifə maaşı mayor ştat kateqoriyası ilə bərabər tutulması, vəzifə maaşının təyin olunmasında ciddi nöqsanın olduğunu və hüququun pozulması ilə əlaqədar narazılığının haqlı olmasını göstərir. Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin “tabelikdə olan şəxsi heyətin sayı nəzərə alınmaqla, məntəqənin rəisi (polkovnik-leytenant ştatında olan) vəzifəsinin maaşı taborun qərargah rəisi (mayor ştatında olan) vəzifəsinin maaşına bərabər tutulmaqla, 635,0 manat müəyyən edilmişdir” cavabı və qərarı ziddiyyətlidir, əsassızdır, qanun və qərarların tələblərinə uyğun deyil. Bu ziddiyyətə qanun və Nazirlər Kabinetinin qərarına əsasən aydınlıq gətirilməlidir. İdarəetmə Məntəqəsi kəşfiyyat bölməsi olduğu üçün döyüş təminatı kateqoriyasına aiddir, hərbi hissənin digər döyüş təminatı bölmələrindən aşağı tutulması və ya həmin bölmənin maddi-texniki təminat bölməsi ilə bərabər tutulması qanunaziddir. Çünki maddi-texniki təminat bölməsində maaşın aşağı olması, əgər Nazirlər Kabinetinin qərarında göstərilibsə mümkün ola bilir. Bu səbəbdən İdarəetmə Məntəqəsi rəisinin vəzifə maaşı hərbi hissənin polkovnik-leytenant ştatında olan digər döyüş təminatı (kəşfiyyat) bölmə komandirlərinin (Radiokəşfıyyat və radioelektron mübarizə tabor komandirlərin və hərbi hissənin Komanda Məntəqəsi rəisinin) və təminat bölməsi olan Texniki bölmə rəisinin vəzifə maaşı ilə bərabər tutulmaqla bərabərlik hüququ təmin olunmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-2194/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ildə polkovbnik-leytenant rütbəsində ordu sıralarından ehtiyata buraxılmışdır. Pensiya alır. Həm müharibə, həm də Silahlı Qüvvələr veteranıdır. 2020-ci ilin əvvəlində N nömrəli hərbi hissədə İdarəetmə Məntəqəsi adlı yeni bölmə yaradılmışdır. Həmin İdarəetmə məntəqəsinin rəisi vəzifəsinə təyin olunmuş, ştata uyğun polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Lakin 2020-ci ildə ştat yaranarkən Pul təminatı şöbənin vəzifəli şəxslərinin vəzifələrinə səhlənkar yanaşmaları nəticəsində İdarəetmə rəisinin vəzifə maaşını mayor kateqoriyasına bərabər, yəni maaşı Nazirlər Kabinetinin qərarına zidd olaraq aşağı təyin edilmişdir. Bunu iş materiallarında olan, ona cavabdeh tərəfindən ünvanlanan məktubda da qeyd etmişlər. Mayor rütbəsində olarkən aldığı, kəşfiyyat bölməsi üçün nəzərdə tutulan artım yuxarı vəzifəyə təyin olandan sonra qanunsuz olaraq ödənmədiyi üçün aylıq pul təminatı bir qədər əvvəlkindən də aşağı olmuşdur (həmin artım o, tərxis olunandan sonra həmin vəzifəyə ödənməyə başlanılmışdır). Vəzifə və rütbəsinin yüksəlməsinin əksinə olaraq Maliyyə və Büdcə İdarəsi maaşını qanunsuz olaraq azaltmışdır. Məsələ ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh absurd səbəb göstərərək vəzifə maaşını bölmənin şəxsi heyətinin sayına uyğun olaraq mayor səviyyəsində, yəni aşağı təyin etdiklərini bildirmişdir. Əgər vəzifə maaşı şəxsi heyətin sayına uyğun təyin olunursa, onda bölmədə 21 nəfər olduğu halda, bəs 5 nəfər şəxsi heyəti olan hərbi hissənin digər polkovnik-leytenanta bərabər “Texniki bölmənin rəisinə” nə üçün daha yüksək maaş təyin olunmasını cavablandırılmasını cavabdehdən xahiş etmişdir. Onların bildirdiyinə görə şəxsi heyətin sayına görə maaşı təyin olunarsa Texniki bölmə rəisindən çox olmalı idi, faktiki olaraq ondan azdır. Qanunla şəxsi heyətin sayına görə maaş təyin olunmadığı üçün qanunvericilikdə şəxsi heyətin hansı sayına görə nə qədər maaş ayrılır açıqlamasını qanunla əsaslandırmalarını xahiş etmişdir. Sənədin məxfi olması bəhanəsi ilə cavabdeh fakt qarşısında cavabdan yayınmışdır. İşə əlavə olunmuş zabitin hərbi biletinin surətinə əsasən iddiaçıya xx.xx.2020-ci ildə polkovnik-leytenant rütbəsi verilmişdir. Digər işə əlavə olunmuş cavabdehin məktubuna əsasən ona mayor vəzifə maaşı təyin olunmuşdur. Hərbi hissənin polkovnik-leytenanta bərabər rütbəli bütün öncə yaradılan bölmələrin rəislərinə bərabərlik hüququna riayət olunaraq eyni maaş təyin olunub. Onunla bağlı məsələdə isə polkovnik-leytenanta mayor maaşının təyin olunması faktı onu deməyə əsas verir ki, hüquqların təmin olunması və qanunlara riayət olunması prinsipi cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxsləri bildirmişlər ki, təyin etdikləri vəzifə maaşını aidiyyəti qurumlarda təsdiq ediblər və təkrar etməyəcəklər. İddiaçı isə məhkəmədən xahiş etmişdir ki, İdarəetmə məntəqəsi rəisinin vəzifə maaşını ona bərabər olan hərbi hissənin digər polkovnik-leytenant rütbəsində bölmə komandiləri olan Tabor komandirləri, Komanda məntəqəsinin rəisi, Texniki bölmə rəisinə bərabərləşdirərək və hər hansı inzibati aktın qəbul edilməsinə yönəlməyən iddianın təmin olunması üçün qərar qəbul edilsin. Qərarda məhkəmə sübutu kimi göstərilən Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli 32 nömrəli qərarının məhkəmə işinə heç bir aidiyyəti yoxdur. Ona görə ki, xidmət etdiyi İdarəetmə məntəqəsi olan bölmənin ştatı və maaşı 2020-ci ilin əvvəlində təsdiq olunub. İddiaçı xx.xx.2020-ci il tarixindən İdarəetmə məntəqəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra mayor okladı ilə maaş almışdır. Vəzifə maaşının 2022ci ildə təyin olunmadığını cavabdehin təqdim etdiyi sənədlərdə təsdiq edir. Cavabdehin nümayəndəsi vəzifə maaşının Azərbaycan Respublikası Nazirler Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 394 nömrəli qərarına əsasən təyin olunduğunu bildirməklə dediklərini təsdiq edir. Cavabdehin öncəki nümayəndəsi iş materiallarında olan ərizəsində göstərmişdir ki, 2020-ci ildə vəzifə maaşının təyin olunması zamanı Nazirlər Kabinetinin 2019-cu il tarixli qərarının tələbləri tətbiq olunub. Cavabdehin indiki nümayəndəsi öncəki nümayəndənin təqdim etdiyi sənədə zidd olaraq vəzifə maaşının Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli 32 nömrəli qərarına əsasən təyin olunduğunu bildirmişdir. Yəni 2020-ci ildə maaşın təyin olunması zamanı 2022-ci ilin sənədi tətbiq olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci tarixli məktubda qeyd edilir: Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilir. Vəzifə maaşları təyin edilərkən həmin vəzifənin statusu nəzərə alınır. Sizin tutduğunuz vəzifə briqadanın idarə heyətinə daxil olmadığından onun maaşının idarə heyətinin bölmə rəisləri ilə bərabər tutulması mümkün deyildir. Rəhbərlik etdiyiniz məntəqə hərbi hissənin ştatında idarə heyətindən sonra, əsas bölmələrin tərkibində göstərilir. Bu səbəbdən və tabelikdə olan şəxsi heyətin sayı nəzərə alınmaqla, məntəqənin rəisi vəzifəsinin maaşı taborun qərargah rəisi vəzifəsinin maaşına bərabər tutulmaqla, 635,0 manat müəyyən edilmişdir İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci tarixli məktubda qeyd edilir: Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları əsasında müəyyən edilir. Sonuncu dəfə vəzifə maaşları “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının artırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 mart tarixli 73-3 nömrəli qərarına və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi həri xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı 12 sentyabr tarixli 199-20 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında» 2008-ci il 2 yanvar tarixli 16-2 nömrəli, «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həri qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını məbləğlərinin təsdiq edilməsi və «Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında» 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qərarlarında dəyişikliklər edilməsi və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və «Azərbaycan Respublikası Müdafi Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzif (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu 11 aprel tarixli 154-4 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qərarın 1 nömrəli əlavəsinin müvafiq hissəsinə əsasən “İdarəetmə məntəqəsinin rəisi” vəzifəsinin vəzifə maaşı 635,0 manat müəyyən edilmişdir. Əlavə olaraq, qeyd edilən Qərarın əlavələri məxfi olduğundan Sizə təqdim olunması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 15/2496 saylı arayışından görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı sonuncu tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı hərbi qulluqçu olmuş, xx.xx.2021-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyata buraxılarkən hərbi rütbəsi polkovnik-leytenant, tutduğu vəzifə Kəşfiyyat briqadasının İdarəetmə məntəqəsinin rəisi olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 pensiaysının təyin edilməsi haqqında qərarı ilə xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş məlumat vərəqində iddiaçının vəzifəsi Kəşfiyyat briqadasının İdarəetmə məntəqəsinin rəisi, tərxis olunduğu tarix xx.xx.2021-ci il, tərxis olunduğu maddə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu ilə), vəzifə maaşı 635,00 manat göstərilmişdir. Hazırda iddiaçı ehtiyata buraxıldığı hərbi hissənin İdarəetmə məntəqəsi rəisinin vəzifə maaşının həmin hərbi hissənin polkovnik-leytenant ştatında olan digər döyüş təminatı (kəşfiyyat) bölmə komandirlərin (Radiokəşfiyyat və radioelektron mübarizə tabor komandirlərin və hərbi hissənin Komanda Məntəqəsi rəisinin) və təminat bölməsi olan Texniki bölmə rəisinin vəzifə maaşı ilə bərabər tutulmaqla yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilir. İddiaçının xidmət etdiyi İdarəetmə məntəqəsinin rəisi vəzifəsinin vəzifə maaşı 635,0 manat müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının tutduğu sonuncu vəzifə və həmin vəzifəyə görə müəyyən edilmiş vəzifə maaşı göstərilməklə məlumat vərəqi tərtib edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Bu səbəbdən də cavabdehin imtinası əsaslı hesab edilməlidir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2194/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.