Məhkəmə qərarları › İş №2-1(103)-3490/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3490/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3490/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 65 yaşdan, xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9844/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli əmək pensiyasının verilməsindən imtina qərarının əsassız və qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu tarixdən təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixində 65 yaşının tamam olması ilə əlaqədar əmək pensiyasının təyin olunması məqsədilə 5 saylı Bakı DOST Mərkəzinə müvafiq sənədlərlə (əmək kitabçası, hərbi bilet, diplom, şəxsiyyət vəsiqəsi) müraciət etmişdir. Sənədlərə baxış zamanı heç bir problemin olmadığı, əmək pensiyası almaq üçün kifayət qədər stajının olduğu, əmək pensiyası təyin olunduqdan sonra məlumat veriləcəyi bildirildi. Təxminən bir ay sonra sənədlərdə çatışmazlıq olduğu, əmək kitabçasında qeyd olunmasına baxmayaraq “Kolxoz”da işlədiyi dövrlərlə bağlı arxivdən arayış alınmasına ehtiyac olduğu bildirildi. Bununla bağlı Ağdaş rayon Dövlət Arxivindən 1984-1989-cu illərdə Qaradeyin kənd sabiq “Şən Həyat” kolxozunda işləməyinə dair xx.xx.2025-ci il tarixli 17 nömrəli arayış alaraq sənədlərə əlavə olunması məqsədilə 5 saylı Bakı DOST Mərkəzinə təqdim etdi. Müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-İ-67396/2025 nömrəli məktubla əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Lakin cavab məktubu onun ev ünvanına göndərilməmiş və bu barədə ona məlumat verilməmişdir. Yalnız xx.xx.2025-ci il tarixində DOST Mərkəzinə yaxınlaşaraq məktubun əslini əldə etmişdir. Bu səbəbdən iddia ərizəsini məhkəməyə gec təqdim etməyi obyektiv səbəblərlə bağlıdır. Yaşa görə əmək pensiyasının təyin edilməməsinə bir neçə əsassız səbəblər göstərilmişdir. Cavabdehin məktubunda xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 9 il 7 ay 20 gün sığorta stajının olduğu qeyd edilmişdir ki, bu həqiqətə uyğun deyil. 1978-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala kənd təsərrüfatı texnikumunda “Baytarlıq” ixtisası üzrə peşə təhsili ixtisasına əyani qəbul olunmuşdur. Əyani təhsil aldğı müddətdə hərbi xidmətə çağırıldığı üçün xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək hərbi xidmət keçmiş və qayıtdıqdan sonra təhsilini davam edərək, 1984-cü ildə təhsilini bitirmişdir (diplom və hərbi bilet əlavə olunur). 1984-1989-cu illərdə Ağdaş rayonunun Qaradeyin kəndindəki “Şən Həyat” kolxozunda işlədiyi müddət (5 il 3 ay 15 gün) əmək kitabçasında və arxiv arayışında öz əksini tapmasına baxmayaraq, texniki yazı səhvinə (arayışın qeyd hissəsinə əsasən soyadının əvvəlcə Hümbətov, sonra İsayev olaraq düzəldilməsi) görə nəzərə alınmamışdır. Bu, Sovet dövründəki qeydlərin əlyazma ilə aparılmasından irəli gələn texniki xətadır və hüquq subyektinin real əmək fəaliyyətini inkar etmək üçün əsas ola bilməz. Əmək kitabçasında öz əksini tapmış digər iş yerlərindəki fəaliyyəti (ümumilikdə 2 il 10 ay 13 gün) də DSMF tərəfindən ümumiyyətlə nəzərə alınmamış və məktubda bu barədə məlumat verilməmişdir. Belə ki, xx.xx.1989 xx.xx.1991-ci illərdə (1 il 9 ay 10 gün) “AzərSvyazStroy” sexində, xx.xx.1991 - xx.xx.1992ci il tarixlərində (8 ay 8 gün) Azərbaycan SSR-nin Mədəniyyət Nazirliyinin tikinti birliklərində, xx.xx.1992- xx.xx.1993-cü illərdə (4 ay 25 gün) “Hacı Yüsif kiçik müəssisəsi”ndə dülgər kimi çalışmışdır. Nəticə etibarı ilə 2 il 10 ay 13 gün əmək stajı ümumiyətlə hesablanmamışdır. xx.xx.1993 - xx.xx.2004-cü il tarixlərində (10 il 4 ay 7 gün) Əhaliyə məişət xidməti istehsalat zavodunda “MəişətTexTəmir”də usta və briqadir-usta vəzifəsində çalışmış, bu əmək kitabçasında da qeyd olunmuşdur. Lakin DSMF cavab məktubunda işdən azad olunma əmrinin rus dilində (əslində kril qrafikalı Azərbaycan əlifbası) olan möhürlə təsdiqlənməsini əsas gətirərək 10 ildən artıq əmək stajını nəzərə almamışdır. Məlumat üçün bildirir ki, qeyd olunan zavod hazırda fəaliyyət göstərmir və özəlləşmişdir. İşdən ayrıldığı zaman həmin zavoddan aldığı arayışda da zavod özəlləşənə qədər həmin zavodda işlədiyi öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixindən isə Abşeron rayon Xırdalan şəhəri 24 №-li körpələr evi uşaq bağçasına dalandar elektrik işinə qəbul olmuş və hazırda 4 il 3 ay 12 gündür ki, orada çalışır. Qanunvericiliyin tələblərinə uyğun olaraq 65 yaşının tamam olduğu tarixədək ümumi əmək stajı (müxtəlif iş yerləri üzrə (22 il 9 ay) hərbi xidmət və əyani təhsil aldığı dövr (6 il) də nəzərə alınmaqla) 28 il 6 aydan artıqdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı sığorta stajı H3 ******* nömrəli hərbi biletinin surətində qeyd olunan məlumata əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət, A3E ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1989- cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, OR 07.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi müddət, ƏƏSMN X1 Sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən 3 il 8 ay sığorta stajı nəzərə alınmaqla 9 il 7 ay 20 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 5 il 11 ay 20 gün sığorta stajına uyğun olaraq 6017,97 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 3524,53 manat olmaqla ümumilikdə 9542,50 manat təşkil edir. xx.xx.2025-ci il tarixinədək qanunvericiliklə tələb olunan pensiya kapitalı 40320 manat təşkil edir. Beləliklə də iddiaçının pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları", habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları"na əsasən, İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1993cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmri latın qrafikası ilə yazıldığı halda kiril qrafikalı möhürlə təsdiq olunmuşdur), eyni zamanda Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 17 nömrəli arxiv arayışına əsasən 1984-cü il tarixindən 1989-cu il tarixinədək dövrün əmək haqqı arayışında soyadda uyğunsuzluq olduğu üçün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən, 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli, 34 nömrəli Qərarına əsasən, 1992-ci ildən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanması qərara alınmışdır. Formalaşmış məhkəmə təcrübəsindən məlum olduğu kimi məhkəmələr iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajını təsdiq edən sübut qismində əksər hallarda əmək kitabçasını əsas götürür. Lakin hazırki vəziyyətdə iddiaçının əmək kitabçasının qanunvericiliyə uyğun olaraq doldurulmaması iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına alır. O cümlədən hazırki məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin tələbləri nəzərə alınmaqla əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi günədək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün üş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alınır. Beləliklə də, arxiv arayışından da göründüyü kimi soyadda uyğunsuzluq olması (Hümbətov soyadının üstündən xətt çəkilərək İsayev qeyd olunmuşdur) həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Hesab edilir ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ile sübuta yetirilmişdir. Göründüyü kimi, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(112)-9844/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilmiş, İddiaçı 65 yaşdan, xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(112)-9844/2025 saylı qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətində qeyd olunan məqamlarla bağlı olaraq apellyasiya şikayətinin əsaslı olduğunu hesab edir. İddiaçının əyani təhsil aldığı dövrə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçıya məxsus diplomda təhsilin əyani olmasına dair hər hansı məlumat qeyd olunmamışdır. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlər möbətər deyil və qanunsuz olaraq doldurulub. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. - İZ ******* saylı hərbi biletin surətinə əsasən, İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. - DT 782824 saylı diplomun surətinə əsasən İddiaçı 1977-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala kənd təsərrüfatı texnikumunda “Baytarlıq” ixtisası üzrə peşə təhsili ixtisasına əyani qəbul olunmuş, xx.xx.1984-cü ildə təhsilini bitirmişdir. - AZE ******* saylı əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1989cu ilədək Nizami adına “Şən Həyat” kolxozunda baytartexnik, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilədək Əhaliyə məişət xidməti istehsalat zavodunda “MəişətTexTəmir”də usta və briqadir-usta vəzifəsində işləmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 17 saylı arxiv arayışının surətinə əsasən, Ağdaş rayon Qaradeyin kənd sabiq "Şən Həvat" kolxozunun əmək günü uçotu va hesablaşma kitablarında İddiaçı 1984-cü il tarixindən 1989-cu il tarixinədək əmək haqqı qazanmasına dair qeydlər var. Qeyd: Hümbətov Ənvər yazılmış, sonradan Hümbətov soyadının üstündən xətt çəkilmiş İsayev qeyd olunmuşdur. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-İ-67396/2025 saylı imtina məktubunda göstərilmişdir ki, “… Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 9 il 7 ay 20 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 5 il 11 ay 20 gün sığorta stajınıza uyğun olaraq 6017,97 manat, 01,05.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 3524,53 manat olmaqla, ümumilikdə 9542,50 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ xx.xx.2025-ci il tarixinədək qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən təqdim etdiyiniz sənədlərin surətində qeyd olunmuş 1984-1989-cu illərin (əmək haqqı arayışında soyadda uyğunsuzluq olduğundan) və xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək (işdən azad olma əmri rus dilində möhürlə təsdiqləndiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməyib. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə qüvvədə olan əmək müqaviləniz olduğu üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün hesab edilmir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin hazırki redaksiyasına görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, iddiaçının xx.xx.1960-cı il tarixdə doğulması və xx.xx.1960-cı il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: … mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; … iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri ... nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə müvafiq olaraq, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası əmək kitabçasının düzgün doldurulmadığı - təşkilatların möhürünün rus əlifbasında qeyd edildiyi iddia edilən dövrlərinə (xx.xx.1976- xx.xx.1993) nəzərən qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1999-cu ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür. Məhkəmə kollegiyası, həmçinin mübahisələndirilən (xx.xx.1984-xx.xx.1989) dövrlərə dair iddiaçının əmək haqqı arayışında soyadında uyğunsuzluğ olduğundan – İsayev əvəzinə Hümbətov qeyd olunduğundan əmək kitabçasındakı həmin qeydlərin mötəbərliyinə şübhə yaranmasına münasibətdə onu da qeyd edir ki, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 17 saylı arxiv arayışına əsasən 1984-cü il tarixindən 1989cu il tarixinədək dövrün əmək haqqı arayışında Hümbətov yazılması iddiaçının təqsiri hesab edilmir və onun həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil, belə ki, həmin arayışın qeyd hissəsində bir daha öz təsdiqini tapır ki, Hümbətov Ənvər kimi yazılması texniki səhv olmuş, sonradan üstündən xətt çəkilərək İsayev qeyd edilmişdir. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda cavabdeh tərəfindən əmək kitabçasında aparılmış həmin qeydin həqiqiliyini təkzib edəcək sübutlar da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(112)-9844/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar