Məhkəmə qərarları › İş №2-1(103)-3491/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3491/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3491/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X10 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2390/2017 saylı 13 iyun 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2017-ci il tarixli 2-1(82)-2390/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehin imtinasının əsassız hesab edilməsi, onun xx.xx.1969-cu il tarixindən xx.xx.1974-cü il tarixinədək X11 təhsil illəri, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək və xx.xx.1975-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “Azneft” X5rşı dağ-mədən xilasetmə hərbiləşdirilmiş hissədə işlədiyi dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”na uyğun güzəştli iş stajı kimi götürülməklə xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, pensiyanın 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla pensiyanın təyin edilməsi, həmin vaxtdan yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 (bundan sonra-Şöbə) üzərinə qoyulmasım” xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2390/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 2390/2017 nömrəli qərarından apellyasiya şikayəti verilməmişdir. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Araşdırma zamanı vətəndaşın iş stajı mövcud sənədlərə əsasən araşdırılmış, doldurulduğu tarix “17 sentyabr 1974” qeyd olunmuş seriya nömrəsi olmayan, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətində və Dövlət Neft Şirkətinin X2 Hərbiləşdirilmiş Hissəsinin dairəvi möhürü ilə təsdiq edilmiş təqdimatında qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1. xx.xx.1974-xx.xx.1975-ci il dövr ərzində “Leninneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 9 №-li rayon mühəndis-texnoloji xidmətində neftin və qazın hasilatı üzrə operator, 2. xx.xx.1975- xx.xx.1975-ci il dövr ərzində həmin idarənin 5 №-li rayon mühəndis- texnoloji xidmətində növbə rəisi, 3. xx.xx.1975-xx.xx.1980-ci il dövr ərzində “Qipromorneft” Elmi-Tədqiqat Layihə İnstitutunda dəniz hövzəsinin mühafizəsi üzrə mühəndis, böyük mühəndis, 4.xx.xx.1980-xx.xx.2003-cü il dövr ərzində Xəzər Hərbiləşdirilmiş Hissəsi Dənizdə Neft və X1 strukturuna daxil edilmiş Gürgan (Pirallahı) dəstəsində rayon mühəndisi (1980-1982), Abşeron dəstəsində rayon mühəndisi (1982- 1985), Gürgan dəstəsində rayon mühəndisi (1985-1986), Gürgan dəstəsində vzvod komandiri (1986-1987), Gürgan dəstəsində rayon mühəndisi (1987-1990), Abşeron dəstəsində rayon mühəndisi (1990-2003), 5. xx.xx.2003-xx.xx.2014-cü il dövr ərzində Dövlət Neft Şirkətinin X2 Hərbiləşdirilmiş Hissəsinin Abşeron Profilaktik dəstəsinin 13-cü dərəcəli rayon mühəndisi. xx.xx.1974-xx.xx.1999-cu illər üzrə əmək fəaliyyəti kitabçaya rus dilində yazılmışdır. İddiaçı həqiqi hərbi xidmətdə olmasını təsdiq edən müvafiq sənəd pensiya sənədlərində aşkar edilməmişdir. Məhkəmə qərarından göründüyü kimi, xx.xx.1969-xx.xx.1974-cü illərin təhsil illəri, xx.xx.1974-xx.xx.2014-cü il dövr ərzində işlədiyi müddət zərərli əmək stajı kimi nəzərə alınmaqla İddiaçı xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, məhkəmə aktında vətəndaşın işləmiş olduğu müəssisə və təşkilatların adları sadalanmamış, məhkəmə tərəfindən vətəndaşın iş yerlərindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, nəzərə alınmış dövrün zərərli əmək stajı hesab edilməsi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. İddiaçı güzəştli (zəzərli) iş stajı araşdırılması nəticəsində onun xx.xx.1974-xx.xx.1975-ci il dövr ərzində “Leninneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 9 №-li rayon mühəndis-texnoloji xidmətində neftin və qazın hasilatında operator peşəsi üzrə iş dövrünün ağır və zərərli, həmin iş müddətinin isə 08 ay 07 gün olduğu müəyyən edilmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixinədək qanunvericiliyin şərtlərinə əsasən 25 ildən çox ümumi sosial sığorta stajınnı toplamasına baxmayaraq araşdırma nəticəsində vətəndaşın 12 il 6 ay xüsusi (güzəştli) iş stajının və 2 №-li siyahıya müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı, işləmiş olduğu peşə və vəzifələrin isə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş güzəştli siyahılarda, habelə qüvvədə olan Güzəştli siyahıda ümumiyyətlə nəzərdə tutulmadığı müəyyənləşdirilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2017-ci il tarixinədək İddiaçı 9 il əvvəl, yəni 2008-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Müvafiq məhkəmədə prosesin vətəndaşın xeyrinə başa çatdırılmasına nail olunduqdan sonraşöbəyə daxil olmuş məhkəmə qərarı və digər sənədlərə, o cümlədən Dövlət Neft Şirkətinin X2 Hərbiləşdirilmiş Hissəsinin təsdiq və təqdim etdiyi xx.xx.2017- ci il tarixli 02/İUŞ-11/AM №-li 2004-2005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə şöbənin Pensiya üzrə komissiyasının xx.xx.2017-ci il tarixli sərəncamı ilə vətəndaşın pensiyasının aylıq məbləğinin xx.xx.2017-ci ildən 1291,78 manatla qeyd edilsə də, uçot vərəqinə yazılmaqla xx.xx.2008-ci il tarixdən 57 yaşının tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış sosial sığorta stajı nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində ötən dövrlərdən hesablanmış məbləğlər barədə müvafiq qeyd aşkar edilməmişdir. Uçot vərəqinin daxili hissəsində müvafiq qrafalara şöbənin aidiyyəti əməkdaşları tərəfindən yazılmaqla xx.xx.2008-ci il tarixdən 579,07 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla xx.xx.2008-ci il tarixdən 594,07 manat, 01.01,2009-cu il tarixdən 702,03 manat, xx.xx.2010- cu il tarixdən 709,07 manat, xx.xx.2010-cu il tarixdən 710,44 manat, xx.xx.2011 -ci il tarixdən 721,44 manat, xx.xx.2012-ci il tarixdən 757,72 manat, xx.xx.2013-cü il tarixdən 818,84 manat, xx.xx.2013cu il tarixdən 833,84 manat, xx.xx.2014-cü il tarixdən 851,46 manat, xx.xx.2015-ci il tarixdən 861,98 manat, xx.xx.2016-cı il tarixdən 892,46 manat, xx.xx.2016-cı il tarixdən 902,46 manat, xx.xx.2017-ci il tarixdən 1291,78 manat müəyyən edilmiş və xx.xx.2017-ci il tarixdən sonuncu məbləğlə ödənişi davam etdirilmişdir. Məhkəmə qərarı əsas götürülməklə şöbə tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2017- ci ilədək olan dövr üzrə 75185,37 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 5000,0 manatı xx.xx.2017-ci, 5000,0 manatı xx.xx.2017-ci, 6000,0 manatı xx.xx.2017-ci, 6000,0 manatı xx.xx.2017-ci, 3655,72 manatı xx.xx.2017-ci, 2000,0 manatı xx.xx.2017-ci il tarixlərində ödənilmiş (cəmi 27655,72), həmin tarixdən sonrakı dövrlərdə fərq məbləği iri məbləğlərlə deyil, aylıq məbləği həcmində xx.xx.2017-xx.xx.2020-ci il aralığı üzrə 33 ay ərzində cəmi 47529,65 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Məhkəmə aktı nəzərə alınmaqla xx.xx.2017-ci il tarixindən müəyyən edilmiş 1291,78 manat məbləğində aylıq pensiya müvafiq dövrlər üzrə avtomatlaşdırılmış qaydada istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2018-ci il tarixindən 1365,41 manat, xx.xx.2019-cu il tarixindən 1406,37 manat, xx.xx.2020-ci il tarixindən 1639,39 manat təşkil etmiş və ödənilmişdir. Yaşa görə əmək pensiyası təyin edilərək ödənişin başlanıldığı xx.xx.2014-cü il tarixdən dayandırıldığı xx.xx.2020-ci il tarixədək İddiaçı plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 147707,78 manat təşkil etmişdir (birdəfəlik ödənilmiş məbləğlər daxil olmaqla). İddiaçı təyin olunmuş pensiyanın ödənişi araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Beləliklə, xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarı nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 118 465,09 manat (147707,78 - 29242,69) təşkil etmişdir. Eyni zamanda bildirilmişdir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2390/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2390/2017 saylı 13 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması xahiş olunmuşdur. Apellyasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2390/2017 nömrəli 26 may 2017-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, cavabdehin imtinası qnaunsuz hesab edilmiş, iddiaçı X4 xx.xx.1969-cu ildən 01,07.1974-cü ilədək X11 təhsil illəri, 09.09,1974-cü ildən xx.xx.1975-ci ilədək və xx.xx.1975-ci ildən xx.xx.2014-cü ilədək “Azneft” X5rşı dağ-mədən xilasetmə Hərbiləşdirilmiş hissədə işlədiyi dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısfna uyğun güzəştli iş stajı kimi götürülməklə, xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, pensiyanın 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla təyin edilməsi, həmin vaxtdan yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 üzərinə qoyulmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla bağlı ərizənin mümkün sayılmaması” barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103, 104,106). Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2390/2017 nömrəli 26 may 2017-ci il tarixli qərarı qanuni qüvvəsini alması barədə ərizəçi məlumatlı olmuşdur. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülməklə, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin və “yeni açılmış hallarla” bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2390/2017 saylı 13 iyun 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2390/2017 saylı 13 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən Xəyalə Cəmilova X15 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar