Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3492/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və professor elmi adının alınması üçün vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9880/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023 il tarixli 1 №-li qərarı ilə onun Sosiologiya elm sahəsi üzrə professor elmi adını almağı üçün vəsatətini icra etməkdən imtinaya dair cavabdehin qəbul etdiyi inzibati aktın ləğv edilməsinə və bu vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin istinad etdiyi həmin sözlər 11 iyun 2019 il tarixli Əsasnaməyə 3 il 5 aydan sonra - xx.xx.2022-cü il tarixində əlavə edilmişdir. Halbuki cavabdehə təqdim etdiyi elmi işləri və fəaliyyəti bundan öncəki illəri əhatə edir. Professor elmi adının alınması üçün iddia etmə prosesi cavabdehin imtinanı əsaslandırmağa cəhd etdiyi xx.xx.2022-ci il tarixli düzəlişdən deyil, iddiaçının elmlər doktoru elmi dərəcəsi alması tarixindən başlanır. O, isə elmlər doktoru elmi dərəcəsini 2009-cu ildə alıb və buna görə də professorluğa iddia etmə prosesi bu tarixdən başlanıb və 2010-2022-ci illəri əhatə edir. Beləliklə. 2022-ci ilin sonunda Əsasnaməyə edilən düzəliş ona aid edilə bilməz, çünki qanunun geriyə qüvvəsi yoxdur. Eyni zamanda o, 2018ci ildən başlayaraq institutun “Sosiologiya” şöbəsinin baş elmi işçisidir. Bu da o deməkdir ki, sosiologiya elm sahəsində elmi ad almağa iddiası təsadüfi deyil, birbaşa vəzifəsi ilə əlaqəlidir. Sosiologiya elm sahəsində fəaliyyət göstərərək o, 2016-cı il 14 iyun tarixli Azərbaycan Respublikası Elm Qanununun 31.1.15. bəndində təsbit olunmuş “işlədiyi elmi təşkilatın tədqiqat istiqaməti çərçivəsində elmi maraqlarına uyğun olaraq sərbəst tədqiqat istiqaməti seçmək” hüququndan istifadə edib. Elmi təşkilatın isə tədqiqat istiqamətlərindən biri isə sosiologiyadır. Bu illər ərzində qanunlarda fəlsəfə elmləri doktorunun sosiologiya elm sahəsi üzrə professor elmi adını almaq üçün heç bir əngəl olmamışdır və buna görə də buna iddia edib. Bilə bilməzdi ki, 2022-ci ilin sonunda Əsasnaməyə düzəliş ediləcək. Buna görə həmin düzəliş onun iddiasına aid edilməməlidir, çünki geriyə qüvvəsi ola bilməz. Əsasnamənin 3.1.3. və 3.1.5.3. bəndlərinə görə, professor adına iddia etmək üçün əsas şərtlərdən biri iddiaçı tərəfindən elmi müəssisənin qərarı ilə monoqrafiyanın dərc edilməsidir. Bu qanunu icra edərək, institutun Elmi şurasının qərarı ilə 2020-ci ildə sosioloji mövzuda monoqrafiya dərc edib və bunu edərkən bilə bilməzdi ki, xx.xx.2022-cü il tarixində Əsasnaməyə düzəliş ediləcək və professor elmi adı elmi dərəcə alındığı sahədə veriləcək. O zaman qüvvədə olan qanunlar ona zəmanət vermişdi ki, fəlsəfə elmləri doktoru olaraq institutuun əsas istiqamətlərindən biri olan sosiologiya elm sahəsində monoqrafiya dərc etsə, ona həmin sahədə professor elmi adı veriləcək və buna şübhə etmədən elmi fəaliyyət göstərib. Buna görə xx.xx.2022-cü il tarixli düzəliş, onun elmi işini pozduğuna və ona ziyan vurduğuna görə onun işinə aid edilməməlidir. Onun geriyə qüvvəsi ola bilməz, çünki monoqrafiya 2020-ci ildə dərc edilib. 2020-ci ildə monoqrafiyanı dərc edəndən sonra dərhal professorluğa iddia qaldırmaq mümkün deyildi, çünki Əsasnamənin 3.1.5.1. bəndinə görə professor elmi adı almaq üçün iddiaçının elmi rəhbərliyi ilə azı iki mütəxəssis elmi dərəcə almalıdır. Bunu isə qısa müddət ərzində etmək olmur, çünki mütəxəssisin hazırlanması üçün “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarının” 1.7. bəndinə görə 4 il vaxt tələb olunur. Bu müddət yenə də ona dəlalət edir ki, 2022-ci ilin sonunda Əsasnaməyə edilən düzəliş ona aid oluna bilməz, çünki mütəxəssislərin hazırlığı illər tələb edir və hazırlıq prosesi bu tarixdən öncə başlayıb. Buna baxmayaraq o, Əsasnaməyə 2022-ci ilin sonunda edilmiş düzəlişin qəbul olunmasından öncə iddia qaldırmalı idi. Ancaq cavabdehin təqsiri üzündən bunu edə bilmədi. Məsələ burasındadır ki, elmi rəhbərliyi ilə müdafiə etmiş birinci mütəxəssisə Komissiya tərəfindən 2018-ci ildə elmi dərəcə verilmişdir. İkinci mütəxəssis isə xx.xx.2021ci ildə dissertasiyasını müdafiə etməsinə baxmayaraq, təsdiqini bir ildən sonra xx.xx.2022ci il tarixində almışdır. Lakin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin” 6.7. və 6.8. bəndlərinə görə ən gec 6 aydan sonra (xx.xx.2022-ci ildə) almalı idi. Cavabdeh tərəfindən bu qayda pozulduğuna görə o, Əsasnaməyə edilən düzəlişdən qabaq xx.xx.2022 - xx.xx.2022 tarixləri arasında professorluğa iddia qaldıra bilməyib. AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurası professor elmi adını almaq üçün Vəsatəti, onun 2009-cu ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi aldığından sonra 2010-2022-ci illər ərzində həyata keçirdiyi elmi işlərin əsasında qaldırmışdır. Çünki elmi fəaliyyəti qısa zaman ərzində həyata keçirilib nailiyyətlər əldə etmək, eləcə də qaydalar üzrə 2 nəfər elmi ad almış mütəxəssis (fəlsəfə doktoru) yetişdirmək mümkün deyil, buna illər tələb olunur. Buna görə AAK-ın qeyd etdiyi Əsasnamənin 1.3. bəndinə xx.xx.2022-ci il tarixində edilən düzəliş geri tarixlərə deyil, qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilməlidir. Eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 149, Vİİ bəndinə görə həmin düzəliş, illərlə gördüyü elmi işlərin və əldə etdiyi nailiyyətlərin əsasında elmi ad almağını əngəllədiyinə və bununla da onun uzun müddət gördüyü qurucu elmi işlərini pozduğuna görə onun geriyə qüvvəsi ola bilməz. Cavabdeh iddiaya qarşı etiraz ünvanlayaraq iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən müvafiq bəndə “elmi dərəcənin verildiyi elm sahəsində” sözləri əlavə edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı Komissiyaya 2023-cü ildə müraciət etmiş və dəyişikliklər artıq qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə müvafiq olaraq elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir. Əsasnamənin 4.2-ci bəndinə əsasən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları elmi adlar verilməsinə dair vəsatəti yalnız Əsasnamənin dosent və professor elmi adlarının verilməsinə dair tələbləri ödənildiyi halda qaldırır. Lakin yuxarıda qeyd olunanlardan anlaşılır ki, iddiaçıya professor elmi adı verilməsi haqqında vəsatət qanunvericiliyin tələbinə uyğun qaldırılmamışdır. İddiaçıya elmi adın verilməsi məsələsinə baxılması və qərarın qəbul edilməsi yalnız Əsasnamənin tələbləri ödənildiyi halda mümkündür. Bu səbəbdən iddiaçının sənədləri Komissiya tərəfindən ekspertizaya qəbul edilməmiş, vəsatətin qanunvericiliyin tələblərinə uyğun qaldırılması məqsədilə elmi müəssisəyə geri qaytarılmış və bununla bağlı heç bir inzibati akt qəbul edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9880/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iş üzrə ədalətli və Azərbaycan Respublikasının qanunlarına uyğun yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qismən razılaşdığı bircə hissə var, bu da işə yeni ad verilməsidir. Lakin yeni adın verilməsi cavabdehin “Kargüzarlıq haqqında Təlimatın” qaydalarını pozulması üzündən baş verib və buna görə onun məsuliyyət daşıdığı vurğulanmalı idi. Qərarın digər hissələri ilə, qanunvericiliyə zidd olmasına görə razılaşmır. Bu da dörd müddəadan ibarətdir: 1. Onun tərəfindən qaldırılan iddianın birinci hissəsi qanunun geriyə güvvəsi olmaması üzərində qurulub. Lakin qərarda buna əlavə şərtlər qoyulur (səh. 8). Etirazı bundan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına (149, Vİİ) görə onun işində qanunun geriyə şamil edilməməsi prinsipi universaldır, hər bir hallara aiddir və digər normativ aktlarda heç bir əlavə şərhə, istisnaya ehtiyac yeri qoymur. Buna görə qərarın bu hissəsi Konstitusiyanın tələblərinə cavab vermir, onun insan, vətəndaş və alim hüquqlarını pozur, gələcək elmi fəaliyyətinə son qoyur. 2. AAK-a qarşı qaldırdığı iddianın ikinci hissəsi hazırladığı mütəxəssisə elmi dərəcə verilməsinin AAK tərəfindən gecikdirilməsi və buna görə Əsasnaməyə dəyişiklik edilməsindən qabaq professorluğa iddia qaldırmağının imkansızlığından bəhs edirdi. Yəni AAK-ın təqsirindən o, vaxtında professorluq iddiası qaldıra bilməmişdir. Buna qərarda yer verilməyib, bu məsələ sükutla qarşılanıb. Beləliklə, onun iddiasının+ ikinci hissəsinə ümumiyyətlə baxılmayıb və bu barədə hökm verilməyib. Halbuki iddiaçının bütün iddiaları qərarda əks olunmalıdır. 3. Qərara görə onun tərəfindən maddi ziyanın dəyməsi haqqında iddia qaldırılmışdır. Bu barədə onun iddia ərizəsində, məhkəməyə verilən izahatlarında və proses zamanı ifadələrində heç nə yazılmayıb və deyilməyib. Buna görə qərardakı bu sözlər ona məxsus deyil. Deməli, qərarın bu hissəsi yanlış əsaslar üzərində qurulub və həqiqəti əks etdirmir. Həqiqəti əks etdirməyən əsaslar üzərində qurulmuş qərar isə qanuna uyğun deyil və qəbuledilməzdir. 4.Qərarın digər hissəsində AAK-ın onun professorluğuna dair verdiyi imtinanı onun diskression səlahiyyətləri ilə izah edilir (səh. 8). Lakin qanunvericiliyə görə diskression səlahiyyətlər fiziki şəxsin hüquqlarının pozulması ilə müşaiyət olunmamalıdır və belə olarsa qərarlar ümumi qanunvericiliklə verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosentdir. İddiaçıya xx.xx.2009-cu ildə fəlsəfə elmlər doktoru elmi dərəcəsi verilmişdir. İddiaçıya fəlsəfə elmləri doktoru elmi dərəcəsi 7210 - “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə verilmişdir. Bundan sonra iddiaçı "Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" ixtisası üzrə professor elmi adının verilməsi ilə bağlı iddia prosesinə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, Əsasnamənin 1.3-cü bəndinin tələblərinə uyğun olaraq, dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində verilir. AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023-cü il tarixli 1 №- li qərarı ilə iddiaçıya Sosiologiya elm sahəsinin 6312.01 - "Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" ixtisası üzrə professor elmi adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra – cavabdeh və ya Komissiya) qarşısında vəsatət qaldırılmış, vəsatət xx.xx.2023-cü il tarixdə Komissiyaya göndərilmişdir. Komissiya xx.xx.2023-cü il tarixdə vəsatəti geri qaytarmışdır. Vəsatətin geri qaytarılmasına əsas kimi göstərilmişdir ki, iddiaçıya fəlsəfə elmləri doktoru elmi dərəcəsi 7210 - “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə verildiyindən, vəsatət elmi adların verilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığından iddiaçının attestasiya sənədləri vəsatətin dəyişdirilərək qanunvericiliyin tələblərinə uyğun qaldırılması məqsədi ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutuna geri qaytarılmışdır. İddiaçıya Əsasnamənin müvafiq bəndi əsas gətirilərək, elmi dərəcənin verildiyi elm sahəsi üzrə müraciət ediləcəyi təqdirdə, sənədlərinin Komissiya tərəfindən baxılmasının mümkünlüyü izah edilmişdir. Hazırda iddiaçı AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023 il tarixli 1 №-li qərarı ilə onun Sosiologiya elm sahəsi üzrə professor elmi adını almağı üçün vəsatətini icra etməkdən imtinaya dair cavabdehin qəbul etdiyi inzibati aktın ləğv edilməsinə və bu vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı iddia ərizəsində inzibati aktın ləğv edilməsini xahiş etsə də, cavabdeh tərəfindən hər hansı bir inzibati akt qəbul edilməmişdir. İddiaçıya professor elmi adının verilməsi ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023-cü il tarixli 1 №-li qərarı ilə Komissiyaya qarşısında vəsatət göndərilməsi qərara alınmış, “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə xx.xx.2022-cü il tarixdə edilmiş dəyişikliyə istinad edilərək təqdim edilmiş vəsatətin qanunvericiliyin tələblərinə uyğun olmaması bildirilərək cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə vəsatəti geri qaytarılmışdır. İddiaçı inzibati aktın ləğv edilməsini və vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması tələbini irəli sürmüşdür ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən inzibati akt qəbul edilmədiyindən hazırkı iddia məcburetmə haqqında iddiadır. Yəni iddiaçı vəsatətə baxılaraq ona elmi adın verilməsini (inzibati aktın qəbul edilməsini) xahiş edir ki, bu iddia məcbuetmə haqqında iddiadır. İddiaçı tərəfindən müraciətinin təmin olunmasından imtina edilmiş, o bu barədə cavabdehə müraciət ünvanlamış, müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina edilmiş, iddiaçı 8.05.2023-cü il tarixdə iddia verərək 30 günlük iddia müddətinə də riayət etmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin: - 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. - 2.0-ci bəndinə əsasən komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək;..2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin: - 1.2-ci bəndinə əsasən elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan sonra – elmi şura) vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir. - 1.3-cü bəndinə əsasən dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və hallarda verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2009-cu ildə “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi verilmişdir. Bundan sonra “Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" professor elmi adının verilməsi ilə bağlı iddia prosesinə başlayaraq, qanunvericilikdə professor elmi adı almaq üçün nəzərdə tutulmuş tələbləri yerinə yetirib (2020-ci ildə sosioloji mövzuda monoqrafiya dərc edib, 2 mütəxəssis yetişdirib və s.) AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023-cü il tarixli 1 №li qərarı ilə Komissiya qarşısında vəsatət qaldırılması qərara alınmış və vəsatət xx.xx.2023-cü il tarixdə Komissiyaya göndərilmişdir. Komissiya “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə xx.xx.2022-cü il tarixdə edilmiş dəyişikliyə istinad edərək vəsatəti geri qaytarmışdır. Həmin dəyişikliyə görə, Əsasnamənin 1.3-cü bəndinin tələblərinə uyğun olaraq, dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində verilir. İddiaçıya “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi verilmişdir, lakin iddiaçı professor elmi adı almaq üçün həmin sahə üzrə deyil, “Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" sahəsi üzrə iddia prosesinə başlamış və həmin sahə üzrə elmi ad almaq üçün Komisiya qarşısında vəsatət qaldırılmışdır. İddiaçı hesab edir ki, professorluq elmi adı uzun sürən prosesdir və bu proses ona elmi dərəcə verildiyi vaxtdan sonra başlamış və 2010-2022-ci illəri əhatə edir. Əsasnamədə edilən həmin dəyişiklik ona şamil edilməməlidir, qanunun geriyə qüvvəsi yoxdur. O, bu sahə üzrə elmi ad almaq üçün hazırlaşanda Əsasnaməyə belə bir dəyişikliyin ediləcəyini bilə bilməzdi. İddiaçı həmçinin hesab edir ki, cavabdeh onun mütəxəssisinə vaxtında elmi dərəcə vermədiyi üçün, elmi dərəcənin verilməsi gecikdirildiyi üçün vəsatəti vaxtında qaldıra bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı, apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Elmi Dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 1.3-cü bəndinə görə, Dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və hallarda verilir. Əsasnaməyə qeyd edilən dəyişiklik 26 noyabr 2022-ci il tarixdə edilmişdir. İddiaçıya elmi adın verilməsi ilə bağlı müraciət olunan tarixdə elmi adın verilməsi qaydalarını tənzimləyən Əsasnamənin istinad olunan norması qüvvədə olduğuna görə, cavabdehin imtinası əsaslı olmuşdur. Əsasnaməyə həmin dəyişikliyin edilməsi barədə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 26 noyabr 2022-ci il tarixli 1888 №-li Fərmanda, bu barədə hər hansı bir qeyd şərt nəzərdə tutulmamış, dəyişiklik edilənə qədər elmi ad üçün iddia prosesinə başlamış şəxslər barəsində hər hansı güzəşt, imtiyaz və ya istisna nəzərdə tutulmamışdır. Nəticədə cavabdehin hərəkəti Əsasnamənin və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində Azərbaycan Respublikasının Konstitusiyasının 149, Vİİ bəndinə istinad edərək, illərlə gördüyü elmi işlərin və əldə etdiyi nailiyyətlərin əsasında elmi ad almağını əngəllədiyinə və bununla da onun uzun müddət gördüyü qurucu elmi işlərini pozduğuna görə Sərəncamdakı həmin düzəlişin geriyə qüvvəsinin ona şamil olunmadığını göstərmişdir. Kollegiya iddiaçının qeyd edilən dəlilini əsassız hesab etməklə, qeyd edir ki, hazırkı mübahisədə hər hansı normativ hüquqi aktın geriyə qüvvəsindən söhbət getmir. Cavabdeh iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan Əsasnaməyə istinad etmişdir ki, burada şəxsin vəziyyətini pisləşdirən normativ hüquqi aktın geriyə qüvvəsindən söhbət gedə bilməz. Cavabdeh vəsatəti geri qaytararkən hazırda qüvvədə olan normativ hüquqi akta istinad edir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9880/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3492/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3492/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver