Məhkəmə qərarları › İş №2-1(103)-3492/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3492/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3492/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-325/2025 saylı qərarından iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 200 kv.m. torpaq sahəsinə dair onun adına dövlət reyestindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-325/2025 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-325/2025 saylı qərarı xx.xx.2025-ci il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmiş, iddiaçının apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İddiaçı apellyasiya şikayətində həmçinin buraxılmış prosessual müddətin bərpasını məhkəmədən xahiş etmiş və qeyd etmişdir ki, buraxılmış müddət ərzində həyat yoldaşının sağlamlıq durumu ilə bağlı ciddi və gözlənilməz problemlərlə üz-üzə qalmışdır. Həyat yoldaşı X1 ağır bir cərrahi əməliyyat keçirmiş və həmin müddətdə onun fiziki və psixoloji dəstəyə ehtiyacı vardı. Təbii ki, bu şəraitdə bütün diqqəti və vaxtı ailəsinə yönəlmişdir. Məhz bu səbəbdən, qanunla nəzərdə tutulmuş müddətdə apellyasiya şikayətini təqdim etmək imkanı olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunanlara uyğun izahat vermiş, prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmiş, lakin hal-hazırda göstərilənlərlə əlaqədar hər hansı əlavə sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İnzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən isə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati Prosessual Məcəllənin 85.3-cü maddəsinə görə, apellyasiya şikayətinin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəblərdən ötürməsinə münasibətdə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, prosessual müddət bərpa edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)- 325/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti qanunvericilikdə nəzərədə tutulmuş formada verimədiyindən və şikayətin məzmunundan tərəfin tələbi müəyyən edilmədiyindən, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcələnin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək izah etmişdir ki, apellyasiya şikayətinin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. İddiaçı tərəfindən isə qeyd olunan çatışmamazlığın ərizə formasında aradan qaldırılmasına yönələn müvafiq hərəkətlər edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-325/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar