Məhkəmə qərarları › İş №2-1(103)-3493/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3493/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3493/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4594/2022 saylı, 19 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Veteran Komissiyasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə ərizə yazıb bildirmişdir ki, o, 1988-ci ilin fevral ayında keçmiş X7 Vilayətində Ermənistana birləşmək çağırışları səslənməyə başlayan günlərdən Ağdam rayonunda bu iddiaya qarşı ilk səsini qaldıran və xalqı mənfur erməni iddiasına qarşı səfərbər edənlərdən biri olmuşdur. Eyni zamanda düşmən qüvvələrin həmlələrinin qarşısının alınması və onlara layiqli cavablar verilməsi məqsədilə ilk könüllü müdafiə dəstələrinin yaradılmasının təşəbbüsçülərindən və təşkilatçılarından olmaqla, həmin könüllü müdafiə dəstələrində düşmənə qarşı döyüşlərdə iştrak etmişdir. 1991-ci ilin iyulundan etibarən düşmənin genişmiqyaslı qanlı savaşa hazırlaşdığını gördüyü zamandan etibarən isə Ağdamda Milli Qəhrəman Şirin Mirzəyevlə birlikdə ilk könüllü özünümüdafiə alayının yaradılmasında iştirak etmiş, həmin ilin sentyabr ayından Milli Qəhrəman Allahverdi Bağırovun komandir olduğu könüllü özünümüdafiə alayında hərbi əməliyyatlarda fəal iştirak etmişdir. 1991-ci ilin dekabr ayından düşmənin başladığı irimiqyaslı təxribatların qarşısının alınmasında cəbhə dostlarıyla birlikdə düşmənə qarşı vuruşmuşdur. Qara Qaya, Naxçıvanik, Ağbulaq, Aranzəmin, Pirəcamal, Abdal-Gülablı uğrunda gedən döyüşlərdə iştrak etmiş, 1992-ci ilin iyun ayında Naxçıvanik uğrunda gedən döyüş zamanı mərmi qəlpəsi ilə yaralanmışdır. Döyüşlərdə iştrak etməklə yanaşı rayon fəallarından biri olaraq Ağdamda yaradılmış Müdafiə Qərargahının üzvü kimi, rayonun bütün istiqamətlər üzrə müdafiəsinin təşkilində də fəal şəkildə çalışmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni azğınları Xocalı şəhərinə genişmiqyaslı hücum etdiyi zaman, Xocalı sakinlərinin harayına ilk qoşulanlardan biri olmuş, Ağdamın könüllü müdafiə dəstələrinin dinc Xocalı sakinlərinə kömək üçün səfərbər edilməsində, Qara Qaya istiqamətində gedən döyüşlərdə Milli Qəhrəmanlar Allahverdi Bağırovla, Asif Məhərrəmovla, Canpolad Rzayevlə birgə düşmənə qarşı vuruşaraq, dinc əhalinin xilasında fəal iştirak etmişdir. Bununla yanaşı olaraq, hərbi əməliyyatlar zamanı şahidi və iştirakçısı olduğu qanlı hadisələrlə, erməni vandalizmi ilə bağlı mətbuatda 500-dən, televiziya efirlərində 200-dən çox çıxışlar etməklə xalqı və gələcək nəsilləri həmin dövrün gerçəklikləri ilə yaxından tanış etmiş, iki cildlik “Yaşam romanı” adlı kitabında bu hadisələrin bədii-publisistik tarixini yaratmışdır. Ötən müddət ərzində Veteranlıq statusu almaq üçün müraciət etməmiş, heç vaxt, heç bir qurum qarşısında bununla bağlı məsələ qaldırmamışdır. Lakin yaşının 65-ə çatması və vaxtilə çəkdiyi zəhmətin, Vətən qarşısında göstərdiyi xidmətlərin dəyərləndirilməsi istəyi onu yenidən müraciət etməyə sövq etmişdir. Onun Azərbaycanın bütövlüyü, torpaqların suverenliyi uğrunda apardığı təmənnasız mübarizəni, bu amal naminə canını sipər etməyini, qanlı döyüşlərdə fəal iştirakını, bütün ömrünü erməni faşizminin qaniçən mahiyyətinin insanlara çatdırılması yolundakı genişmiqyaslı fəaliyyətini və Müstəqil Azərbaycan uğrunda son otuz ildə dövlətimizin mənafeləri uğrunda qətiyyətli çıxışlarını nəzərə alaraq, müvafiq dövlət qurumları Veteran statusu almağına dəstəklərini əsirgəməyəcəklər. Odur ki, qeyd olunanları və ərizəyə əlavə olunan, erməni faşizminə qarşı mübarizəni, eləcə də döyüşlərdə fəal iştirakını təsdiq edən sənədləri göndərərək ona X5 adının verilməsinə qərar verilməsini xahiş etdiyini bildirsə də ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktublarla cavab verilərək, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunduğu bildirilmiş və sənədləri geri qaytarılmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. İddiaçı sübut qismində şahid ifadələrini göstərmişdir. Mövcud qanunvericilikdə müvafiq komissiya tərəfindən şahid ifadələri əsasında vətəndaşlara “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2 maddəsini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4594/2022 saylı, 19 avqust 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Veteran Komissiyasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə ərizə yazıb bildirmişdir ki, o, 1988-ci ilin fevral ayında keçmiş X7 Vilayətində Ermənistana birləşmək çağırışları səslənməyə başlayan günlərdən Ağdam rayonunda bu iddiaya qarşı ilk səsini qaldıran və xalqı mənfur erməni iddiasına qarşı səfərbər edənlərdən biri olmuşdur. Eyni zamanda düşmən qüvvələrin həmlələrinin qarşısının alınması və onlara layiqli cavablar verilməsi məqsədilə ilk könüllü müdafiə dəstələrinin yaradılmasının təşəbbüsçülərindən və təşkilatçılarından olmaqla, həmin könüllü müdafiə dəstələrində düşmənə qarşı döyüşlərdə iştrak etmişdir. 1991-ci ilin iyulundan etibarən düşmənin genişmiqyaslı qanlı savaşa hazırlaşdığını gördüyü zamandan etibarən isə Ağdamda Milli Qəhrəman Şirin Mirzəyevlə birlikdə ilk könüllü özünümüdafiə alayının yaradılmasında iştirak etmiş, həmin ilin sentyabr ayından Milli Qəhrəman Allahverdi Bağırovun komandir olduğu könüllü özünümüdafiə alayında hərbi əməliyyatlarda fəal iştirak etmişdir. 1991-ci ilin dekabr ayından düşmənin başladığı irimiqyaslı təxribatların qarşısının alınmasında cəbhə dostlarıyla birlikdə düşmənə qarşı vuruşmuşdur. Qara Qaya, Naxçıvanik, Ağbulaq, Aranzəmin, Pirəcamal, Abdal-Gülablı uğrunda gedən döyüşlərdə iştrak etmiş, 1992-ci ilin iyun ayında Naxçıvanik uğrunda gedən döyüş zamanı mərmi qəlpəsi ilə yaralanmışdır. Döyüşlərdə iştrak etməklə yanaşı rayon fəallarından biri olaraq Ağdamda yaradılmış Müdafiə Qərargahının üzvü kimi, rayonun bütün istiqamətlər üzrə müdafiəsinin təşkilində də fəal şəkildə çalışmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni azğınları Xocalı şəhərinə genişmiqyaslı hücum etdiyi zaman, Xocalı sakinlərinin harayına ilk qoşulanlardan biri olmuş, Ağdamın könüllü müdafiə dəstələrinin dinc Xocalı sakinlərinə kömək üçün səfərbər edilməsində, Qara Qaya istiqamətində gedən döyüşlərdə Milli Qəhrəmanlar Allahverdi Bağırovla, Asif Məhərrəmovla, Canpolad Rzayevlə birgə düşmənə qarşı vuruşaraq, dinc əhalinin xilasında fəal iştirak etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli imtinasından sonra xx.xx.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Sadalanan normalardan görünür ki, Əsasnaməyə görə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Qeyd edilən kateqoriya şəxslərə münasibətdə döyüş əməliyyatlarında iştirak aşağıdakı sənədlər əsasında müəyyən edilə bilər: -yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda); -hərbi biletlərdə qeydlər edilibsə (yalnız müvafiq əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda); -ezam olunma barədə əmrlər; -xəsarət alma haqqında arayışlar. Hazırkı iş üzrə iddiaçı Ağdam rayonu üzrə könüllü müdafiə dəstələrinin yaradılmasının təşəbbüsçüsü, təşkilatçısı olmaqla həmin könüllü müdafiə dəstələrində fəal hərbi əməliyyatlarda, döyüşlərdə iştirak etdiyini iddia etmişdir. Qeyd edildiyi kimi bilavasitə döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak ilk növbədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında müəyyən olunur. Hazırkı iş üzrə məhkəmə sorğusuna cavablardan görünür ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən vaxtilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı”nda İddiaçı adı qeyd edilməmişdir. Bu faktı həmçinin, məhkəmənin sorğusuna cavabda hazırkı Ağdam Rayon İcra Hakimiyyəti də təsdiq etmişdir. Beləliklə, iddaçının adı yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi Qarabağ özünümüdafiə dəstələrində iştirak etmiş Ağdam şəhər sakinləri”nin adlı siyahısında yoxdur. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və aşağıdakı sübutlara nəzər yetirir: - H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən 23-cü səhifəsində,xüsusi qeydlər hissəsində qeyd edilmişdir-Ağdam rayon hərbi komissarı Namiq Şirinov imzalı, möhürlü “fevral 1988-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonu qərargahının üzvü kimi fəal iştirak etmişdir. Əsas: Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışı. - Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/79 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayon sakini İddiaçı özünümüdafiə dəstələrində iştirak edib-etməməsi, iştirak etdiyi halda bunu təsdiq edən sənədlər, o cümlədən həmin şəxsin döyüşlərdə iştirakını sübut edən digər sənədlər Ağdam Rayon İcra Hakimiyyətində mövcud deyildir. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 saylı Qərarının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısında İddiaçı adı yoxdur. - Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/395 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş “1988-ci ildən 1991-ci il tarixə qədər Qarabağ özünümüdafiə dəstələrində iştirak etmiş Ağdam şəhər sakinləri”nin adlı siyahısında İddiaçı adı göstərilmədiyindən məhkəməyə bu barədə müsbət cavab verilməmişdir. Lakin müəyyən olunmuşdur ki, yanlışlıq nəticəsində İddiaçı adı yuxarıda qeyd olunan siyahıda öz əksini tapmamışdır. Belə ki, İddiaçı məxsus hərbi biletin xüsusi qeyd hissəsində göstərilmişdir ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2006-cı il tarixli, 3318 saylı arayışına əsasən İddiaçı Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonunun qərargah üzvü kimi fəal iştirak etmişdir. Odur ki, məhkəmənin icraatında olan müvafiq iş üzrə yekun qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınması xahiş edilir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 1993 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayonu üzrə könüllü özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı Xidmətin Aparatında mövcud deyil. Əlavə olaraq, Ağdam Rayon İcra Hakimiyəti tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı”nda İddiaçı adı keçmir. - Ağdam Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 02/534 nömrəli məktubda bildirilmişdir ki, Ağdam şəhər sakini, halhazırda ünvan 1 ünvanında yaşayan İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək onun 1-ci Qarabağ müharibəsi zamanı könüllü özünümüdafiə dəstələrinin yaradılmasında və erməni hərbi birləşmələrinə qarşı aparılmış döyüşlərdə iştirakı ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub göndərilməsini xahiş etmişdir. Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş “1988-ci ildən 1991-ci il tarixə qədər Qarabağ özünümüdafiə dəstələrində iştirak etmiş Ağdam şəhər sakinləri”nin adlı siyahısında İddiaçı adı göstərilməmişdir. Lakin müəyyən olunmuşdur ki, yanlışlıq nəticəsində İddiaçı adı yuxarıda qeyd olunan siyahıda öz əksini tapmamışdır. Belə ki, İddiaçı məxsus hərbi biletin xüsusi qeyd hissəsində göstərilmişdir ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2006-cı il tarixli, 3318 saylı arayışına əsasən İddiaçı Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonunun qərargah üzvü kimi fəal iştirak etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 857 nömrəli məktubunda bildirilmişdir ki, NZ ******* nömrəli hərbi biletin 24-cü səhifəsində (xüsusi qeydlər) yazılan “fevral 1988-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonu qərargahının üzvü kimi fəal iştirak etmişdir” qeydlər Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışı əsasında yazılmışdır. Həmin sənədlərin saxlama müddəti bitdiyi üçün Xidmətin Ağdam rayon şöbəsində arayış saxlanılmamışdır. Əlavə olaraq bildirilir ki, keçmiş Ağdam rayon Hərbi komissarlığının bir çox arxiv sənədləri işğal zonasında qaldığı üçün Xidmətin Ağdam rayon şöbəsində İddiaçı barədə məlumat yoxdur. - Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/782 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam Rayon İcra Hakimiyyətinin 2006-cı ilə dair sənədləri müddətin bitməsi ilə əlaqədar mövcud olmadığı üçün sorğuda adı göstərilən İddiaçı barəsində verilmiş Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 3318 saylı arayışının və həmin arayışın tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması mümkün olmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 924 nömrəli məktubunda bildirilmişdir ki, NZ ******* nömrəli hərbi biletin 24-cü səhifəsində (xüsusi qeydlər) yazılan “fevral 1988-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonu qərargahının üzvü kimi fəal iştirak etmişdir” qeydlər Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışı əsasında yazılmışdır. Həmin məlumatlar həqiqətən keçmiş Ağdam rayon hərbi komissarlığı tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Əlavə olaraq bildirilir ki, keçmiş Ağdam rayon Hərbi komissarlığının bir çox arxiv sənədləri işğal zonasında qaldığı üçün Xidmətin Ağdam rayon şöbəsində İddiaçı barədə məlumat yoxdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin araşdırılmış hallarından göründüyü kimi, iddaçının adı yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi Qarabağ özünümüdafiə dəstələrində iştirak etmiş Ağdam şəhər sakinləri”nin adlı siyahısında yoxdur. Bununla yanaşı Məhkəmə kolelgiyası qeyd edir ki, qanunvericilik normalarından göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar yalnız döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda hüquqi əhəmiyyətə malik olur. Hazırkı halda isə iddiaçının özünümüdafiə dəstəsində fəal hərbi əməliyyatlarda iştirakını sübut edən sənədlər iş üzrə müəyyən olunmamışdır. Belə ki, iş üzrə iddiaçıya fəal hərbi əməliyyatda iştirakı üçün könüllü özünümüdafiə dəstəsinin iştirakçısı kimi müvafiq silahın təhkim edilməsinə dair hər hansı sənəd aşkar olunmamışdır. Ağdam Rayon İcra Hakimiyyətinin birinci instansiya məhkəməsinin sorğusuna cavabında iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlərin Rayon İcra Hakimiyyətində mövcud olmadığı bildirilmişdir. İddiaçının fəal hərbi əməliyyatların iştirakçısı kimi yaralanması, xəsarət alması ilə bağlı müvafiq sübut da iş materiallarına əlavə edilməmişdir. İddiaçı bununla bağlı Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmuş X3 İddiaçı 1992-ci ilin iyun ayında Naxçıvanik kəndi uğrunda döyüşlər zamanı aldığı qəlpə yarası ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına daxil olması və ona tibbi yardım göstərilməsinə dair izahatını təqdim etsə də qeyd edilən şahid ifadəsi iddiaçının bilavasitə döyüş əməliyyatında iştirak etdiyi və bu səbəbdən yaralandığını sübut etməyə kifayət etmir. Bundan əlavə, istinad olunban Əsasnamədə müharibə veteranı adı və vəsiqəsinin verilməsində nəzərə alınan sübutlar sırasında şahid ifadələri nəzərdə tutulmamışdır. Qeyd edildiyi kimi Əsasnamə xəsarət almanı hər hansı şahid ifadəsi ilə deyil, müvafiq arayışlar-tibbi sənədlər, epikriz, stasionar və ya ambulator müalicə barədə tibb tarixçəsindən çıxarış və s. sənədləri ilə təsdiq edilməni ehtiva edir. İddiaçının yaralanmasına dair adı çəkilən tibbi sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır Bundan əlavə Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus hərbi biletdəki qeydlər Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışı əsasında yazılmışdır. Lakin adıçəkilən arayış və ya elə bir arayışın tərtib edilməsinə əsas vermiş müvafiq sənədlər məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Qeyd edilməlidir ki, hərbi biletdəki həmin qeydlərdən görünür ki, qeydlər məzmunca iddiaçının “döyüş təminatı” ilə bağlı tədbirlərin yerinə yetirilməsini ehtiva etmişdir. “Döyüş təminatı ilə bağlı tədbirlərin görülməsi” müddəası isə bilavasitə döyüş əməliyyatları aparan özünümüdafiə dəstələrinin döyüş imkanlarının reallaşdırılmasının təmin edilməsi, həmin dəstələrin döyüş əməliyyatları zamanı minimal itkilərlə baş tutmasının təmin edilməsinə yönəlmiş (silahlanma, hərbi texnika ilə təmin edilməsində iştirak, müvafiq tibbi yardımın təşkili, kəşfiyyat, mühəndis təminatı və s. kimi) kompleks tədbirləri əhatə edir ki, belə bir təminatın yerinə yetirilməsində iddiaçının iştirakı mötəbər sübutlarla təsdiq olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh inzibati orqanın imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4594/2022 saylı, 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar