Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3494/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Lehsan qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, üçüncü şəxs qismində cəlb olunması barədə Maraqlı şəxs tərəfindən verilmiş ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X1, X6, X7, X5, X2 və X4 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Nəsimi RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınmaları öhdəliyinin Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində İddiaçı və cavabdeh qismində Nəsimi RPİ-ni göstərməklə, məhkəmədən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyinin Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023- cü il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Nəsimi RPİ-yə həvalə edilməsi qərara alınmışdır. Qərardan apelyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə qərar icra olunması üçün Nəsimi RPİ-yə göndərilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan müəyyən olunur ki, məhkəmə qərarı icra olunaraq xx.xx.1950-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınmışdır. Maraqlı şəxs (nümayəndəsi və vəkili Vəkil2) ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023cü il tarixli qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahş etmişdir. Maraqlı şəxs ərizədə göstərmişdir ki, iddiaçı ilə yanaşı onun oğlu xx.xx.1982-ci il doğum tarixli X7 da məhkəmənin qeyd olunan qərarı əsasında mübahisəli ünvana qeydiyyata alınmışdır. ünvan 5 yerləşən fərdi yaşayış evi ərizəçinin mülkiyyətindədir. Bu səbəbdən həmin qərar ərizəçinin maraqlarına toxunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, üçüncü şəxs qismində cəlb olunması barədə Maraqlı şəxs tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan, məhkəmə tərəfindən AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 2-1(112)-8243/2023 saylı sorğuya cavab olaraq, həmin baş idarənin xx.xx.2024-cü il tarixli 18/2-11337/2024 saylı məktubu ilə bildirilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanına qeydiyyata alınmış, sonuncunun həmin ünvana pasport qeydiyyatına alınması üçün əsas, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8243/2023 saylı qərarı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Ərizədən, apelyasiya şikayətindən və iş materiallarından aydın olur ki, ərizəçi Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, 143 nömrəli mənzilin mülkiyyətçisidir. İş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8243/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Nəsimi RPİ-yə həvalə edilməsi qərara alınmış və həmin qərar icra olunaraq sonuncu həmin mənzilə qeydiyyata alınmışdır. Hazırda ərizəçi məhkəmənin sözügedən qərarının onun qanunla qorunan hüquq və maraqlarına toxunduğunu və ləğv edilərək üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş edir. Həmçinin ərizəçi məhkəmənin sözügedən qərarı əsasında X3 da ona məxsus mənzilə qeydiyyata alındığını iddia edir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; -inzibati məhkəmə icraatına cəlb olunmamış şəxs öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il tarixli Qərarı). İş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərarı əsasında qeydiyyata alınan İddiaçı 13 fevral 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 02-ci ayının 23-cü günündə 04 nömrə ilə qeyd edilmişdir. Ərizəçi apelyasiya şikayətində qeyd etmişdir ki, AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 2-1(112)- 8243/2023 saylı sorğuya cavab olaraq, həmin baş idarənin xx.xx.2024-cü il tarixli 18/2- 11337/2024 saylı məktubu ilə bildirilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanına qeydiyyata alınmış, sonuncunun həmin ünvana pasport qeydiyyatına alınması üçün əsas, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8243/2023 saylı qərarı olmuşdur. Halbuki məhkəmənin sözügedən qərarına nəzər yetirdikdə müəyyən olunur ki, məhkəmə yalnız İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Nəsimi RPİ-nə həvalə etmişdir. Beləliklə, Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı əsasında qeydiyyata alınmış İddiaçı artıq öldüyünü, ərizəçinin qeyd etdiyi X3 isə həmin məhkəmə qərarı əsasında qeydiyyata alınmadığını diqqətə çatdıran Kollegiya hesab edir ki, ərizəçinin ləğvini tələb etdiyi qərar üzrə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı sübut olunmadığına görə birinci instansiya məhkəməsi onun üçüncü şəxs qismində hazırki işə cəlb olunması barədə ərizəsini təmin etməməklə doğru nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, ərizəçinin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3494/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3494/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver