Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3495/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1208/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 19/29 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi Cəmiyyətin istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər qanuna uyğun şəkildə hazırlanaraq, cavabdehə təqdim edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi müraciətdən imtina etmişdir. Hesab edilir ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətlərindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, müvafiq torpaq sahəsi və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və bununla bağlı İddiaçı MMC-yə **********55 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 3 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq torpaq sahəsi və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki tələbə cavab verməli orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı sahiblik və istifadəsində olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə müraciətin təminindən imtina etmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Beləliklə, Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və aşağıdakı sübutlara nəzər yetirir: - İddiaçı MMC-nin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, hüquqi ünvanı ünvan 4ə xx.xx.1994-cü il tarixdə, 71 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Samirə” kooperativinin bazasında yaradılmış və onun hüquqi varisidir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) X2in Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC Bakı Vergilər Departamentinin X2 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 17 fevral 2012-ci il tarixdə qeydiyyata alınmışdır - Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-04617-2021 №-li cavab məktubu ilə məhkəməyə təqdim edilmiş Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 333 №-li sərəncamı ilə “Samirə” kooperativinə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində (ayaqqabı mağazasının yanında) qənnadı məhsullarının satışını təşkil etmək məqsədi ilə 3 x 6 metr yığma konstruksiyadan ibarət povilyon qurmağa icazə verilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 14 09.1994-cü il tarixdə tərtib olunmuş texniki pasportun surətindən müəyyən olunur ki, “Samirə” Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 19/29 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ticarət sahəsi 19,7 kv. metr və inzibati sahəsi 6,3 kv. metr olmaqla ümumi sahəsi 26 kv.metr təşkil edir - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən xx.xx.1996-cı il tarixdə tərtib olunmuş texniki pasportun surətindən müəyyən olunur ki, Samirə” Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 19/29 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ticarət sahəsi 6,0 kv. metr və inzibati sahəsi 16,9 kv.metr olmaqla ümumi sahəsi 22.9 kv.metr təşkil edir - Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1243 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 05 №-li sərəmcamına əsasında Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 19/29 ünvandakı qeyri- yaşayış sahəsinin yerləşdiyi 30,6 kv. metr torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək icarəsinə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/1732 №li ekspert rəyində tədqiqatın nəticə hissəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının faktiki (ümumi) sahəsinin 25,0 kv. metr təşkil etdiyi müəyyən olunur; Tədqiq olunan qeyri-yaşayış sahəsinin monolit dəmir beton özülün üzərinə mişarlanmış əhəng daşları ilə inşa edildiyini və torpaqla birbaşa bağlı olduğunu, həmçinin təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsinin mümkün olmadığını nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə uyğun olaraq daşınmaz əmlakın xüsusiyyətlərinə malik olduğu müəyyən edilir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin bir mərtəbəli olmaqla monolit dəmir beton özülü üzərində mişarlanmış əhəng daşları ilə inşa edilərək, üzəri sement-qum məhlulu ilə suvandığını, dam hissəsinin monolit dəmir betondan inşa edildiyini, eyni zamanda Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 33 saylı sərəncamına əsasən tikilinin inşa olunmasına icazə verildiyini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərüfat Komitəsi “Astexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən həmin qeyriyaşayış sahəsinə dair xx.xx.1994-cü il tarixli texniki pasport tərtib edildiyini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənən “Tikinti obyektlərinin təhlükəsiz istismarı ilə bağlı tələblər”ə uyğun olduğu müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin əsas dəlili olan qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan hazırda da qüvvədə olan, ləğv edilməmiş, dəyişdirilməmiş Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 333 №-li sərəncamından görünür ki, “Samirə” kooperativinə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində (ayaqqabı mağazasının yanında) qənnadı məhsullarının satışını təşkil etmək məqsədi ilə 3 x 6 metr yığma konstruksiyadan ibarət povilyon qurmağa icazə verilmişdir. Qeyd edilən sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində qeyd edilən hüquqmüəyyənedici sənədlərə aiddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 14 09.1994-cü il tarixdə və xx.xx.1996cı il tarixdə sözügedən qeyri-yaşayış sahəsinə dair texniki pasport tərtib edilmişdir. Göründüyü kimi, həmin qeyri-yaşayış sahəsi qeyd edilən vaxtlardan iddiaçının sahiblik və istifadəsində olmuşdur. Mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair isə iddiaçı ilə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1243 №-li icarə müqaviləsinə əsasən də həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verilmişdir. Bundan əlavə iş üzrə verilmiş ekspert rəyindən də mübahisəli qeyri-yaşayış binasının faktiki (ümumi) sahəsinin 25,0 kv. metr təşkil etdiyi; həmin qeyriyaşayış sahəsinin daşınmaz əmlakın xüsusiyyətlərinə malik olduğu, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənən “Tikinti obyektlərinin təhlükəsiz istismarı ilə bağlı tələblər”ə uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsasların mövcud olmaması və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1208/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3495/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3495/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver