Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3496/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4366/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5a saylı evin, 130 saylı mənzili üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m. 34.1.) İddianın əsaslarına görə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, “5a” saylı evin, 130 saylı mənzili 1997-ci ildə, 3 saylı orderə əsasən iddiaçıya verilmişdir. 1997-ci ildən hal-hazırkı vaxtadək o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış və həmin mənzildə qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (“MKTD”) 89/1 saylı sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 a saylı evin, 130 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanılmış, lakin, cavabdeh onun həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciətinə xx.xx.2021-ci il tarixli **********55 saylı məktubu ilə imtina cavabı vermişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 saylı evin, 130 saylı mənzilinə dair təqdim edilən 3 saylı, xx.xx.1997-ci il tarixli orderdə mənzilin nömrəsində (135) düzəliş edildiyi və mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı, həmçinin mənzilin xidməti olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********55 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4366/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilinə İddiaçı adına mülkiyyət hüququ qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixində mənzilin dövlət qeydiyatına alınması üçün idarəyə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 saylı evin, 130 saylı mənzilinə dair təqdim edilən 3 saylı, xx.xx.1997ci il tarixli orderdə mənzilin nömrəsində (135) düzəliş edildiyi, mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı, həmçinin mənzilin xidməti olduğu müəyyən edilmişdir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********55 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11, 11.1-ci “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddələrinə istinadən cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının 08 dekabr 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmişdir Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının öhdəliyin icrası haqqında iddia vasitəsilə ailə üzvləri ilə birlikdə yaşadığı - Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5a saylı evin, 130 saylı mənzili üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirilir ki, iddiaçının adına verilmiş 3 saylı xx.xx.1997-ci il tarixli orderdə mənzilin 130 nömrəsinə düzəliş (135) edilmiş, iddiaçının mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmamış, mənzilin xidməti olduğu müəyyən edilmiş, bu səbəbdən ərizənin icrası mümkünsüzdür. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara cavabdehin qeyd olunan dəlilləri əsassızdır. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki: - 3 nömrəli xx.xx.1997-ci il tarixli orderə əsasən Sahil qəsəbəsi, Şərq küçəsi ev 5, mənzil 130 - Şelflayihətikinti İB-nin Mənzil Məişət Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən İddiaçı (ailə üzvləri 5 nəfər) istifadəsinə verilmişdir; - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 89/1 nömrəli sərəncamına əsasən İddiaçı 1997-ci ildən qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilində 7 nəfər ailə üzvü ilə (özü, 2 oğlu, gəlini və 3 nəvəsi) yaşayır. Həmin sərəncamla qeyd edilənlər nəzərə alınaraq və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq qərara alınmışdır ki, “Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilinə 7 nəfər ailə üzvü ilə (özü, 2 oğlu, gəlini və 3 nəvəsi) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin kirayəçisi hesab olunsun, qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması Qaradağ rayon MKTB-nin 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılsın. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 89/1 nömrəli sərəncamında təsbit olunur ki: “ -Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə, Departamentin balansına verilmiş; - ünvan 2 ünvanda yeriəşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmiş; -vət. İddiaçı 1997-ci ildən qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilində 7 nəfər ailə üzvü ilə (özü, 2 oğlu, gəlini və 3 nəvəsi) yaşayır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq həmin sərəncamla: - Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilinə 7 nəfər ailə üzvü ilə (özü, 2 oğlu, gəlini və 3 nəvəsi) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin kirayəçisi hesab olunmmuş; - qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması Qaradağ rayon MKTB-nin 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır.” Həmin sərəncamının verilməsinə əsas olmuş, MKTB-nin sözügedən xx.xx.2021-ci il tarixli 1093 nömrəli məktubu ilə birinci instansiya məhkəməsinə göndərilmiş sənədlərə əsasən də müəyyən olunur ki, iddiaçı qeyd olunan evdə 130 saylı mənzildə yaşayır (keçmiş ünvan Şərq küç ev 5a); xx.xx.1972-ci il tarixi əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1996-cı il tarixdə Şelflayihətikinti İB-nin mexaniki təmir zavoduna süpürgəçi peşəsində işə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə Bakı Dərin Özüllər Zavoduna 6 nömrəli sexə xadimə qəbul edilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 069-6822-1222 nömrəli məktubunda da İddiaçı Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 5a, mənzil 130 ünvanına qeydiyyata alınması əsas olmuş sənədlər sırasında: “Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 89/1 nömrəli sərəncamı, mənzil kirayə müqaviləsi və Qaradağ 119 saylı MKİS-nin Forma 2 arayışı sadalanır. Beləliklə də tədqiq olunan sənədlərlə müəyyən edilən hallarla iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, “5a” saylı evin, 130 saylı mənzilində yaşadığını və ona verilmiş 1997-ci il tarixli 3 saylı orderin həqiqiliyi sübuta yetirilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmmişdir. Bakı şəhər İH MKTD-nin tədqiq olunan sərəncamından, habelə, Qaradağ rayon MKTBnin birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 248 nömrəli məktubundan da görünür ki, iddiaçının yaşadığı mənzilin aid olduğu 5a saylı ev Nazirlər Kabinetinin həmin sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansından çıxarılaraq Bakı Şəhər İH MKTD-nin balansına verilmiş və 119 saylı MKİS tərəfindən mövcud vəziyyətdə təhvil alınmışdır. Beləliklə də iddiaçının yaşadığı mənzilin xidməti mənzil sırasından dövlət mənzil fondunun balansına aid edildiyi işin mübahisələndirilməyən halıdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 709 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı ilə (1-ci bəndi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 113 saylı Qərarına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, habelə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 06 saylı sərəncamın 3-cü bəndinə əsasən qərara alınmışdır ki, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamı əsasında, adına yaşayış sahəsinin icarə müqaviləsi olan, keçmiş yataqxanalarda, özəlləşdirilən dövlət müəssisələri (birlikləri) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlər tərəfindən verilmiş xidməti mənzillərdə yaşayan vətəndaşların müraciətləri əsasında, onların mənzillərinin özəlləşdirilməsi təmin edilsin. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli mənzildə yaşayan ailə üzvləri mənzilin onun adına özəlləşdirilməsinə yazılı razılıqlarını vermişlər. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubunda bildirmişdir ki, ünvan 5 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İddiaçının uzun illər order əsasında yaşadığı mənzil 2009-cu ilə qədər inşa olunmuş tikililərə aiddir və həmin mənzil üzərində onun hüquqları xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş mənzil qanunvericilinə qədər yaranmışdır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin mənzil üzərində hüququn yaranması üçün əsasdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının mübahisəli mənzilə “orderdə mənzilin nömrəsində düzəliş edildiyi, mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığını, xidməti mənzil olduğunu mübahisələndirən dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir. Əslində, tədqiq olunan sənədləri iddiaçının müraciətinə baxılarkən cavabdehin özünün toplayıb qiymət vermək və mövcud uyğunsuzluqları aradan qaldırmaq xidməti vəzifəsidir. Belə ki, “İnzibati icraat haqqında” 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Konkret halda isə cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından əsassız olaraq boyun qaçırmış, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda İPM-in 73.1-ci maddəsinin tələbində isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də cavabdehin imtina üçün gətirdiyi dəlillərinin əsassız olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə, işin sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin qeyd olunan qanunvericilyin tələblərinə uyğun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4366/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4366/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3496/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3496/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver