Məhkəmə qərarları › İş №2-1(103)-3496/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3496/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3496/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “aksiz markaları ilə markalanmamış tütün məmulatlarının satışının təşkil edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı “Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 256.5 manat (iki yüz əlli altı manat əlli qəpik) olan 100 (yüz) ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0693 nömrəli Qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan ev 13 ünvanında yerləşən Cavabdeh məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı mağazada aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 256.5 manat (iki yüz əlli altı manat əlli qəpik) olan 100 (yüz) ədəd tütün məmulatları aşkar edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli DVX seriyalı 000091 nömrəli akt tərtib edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2023-cü il tarixli DVX seriyalı 000091 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2023-cü il tarixli Protokol tərtib edilərək götürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********0693 saylı 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh məxsus olan obyektdə (ünvanı: ünvan 1aq məhsullarının pərakəndə satışı) Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının maskalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələ(ləri) üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi kiçik vergi xidməti müşaviri X4 və kiçik vergi xidməti müşaviri X2 tapşırılmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231884553 saylı 17 yanvar 2022-ci il tarixli çıxarışa əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan ev 13 ünvanında yerləşən köşkdə xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri arasındakı müddət üzrə “Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasın olması (Vergi Məcəlləsi, maddə 50.2.4)” əsası ilə plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. - Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair DVX seriyalı 000091 saylı akta əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən köşkdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Markalanmamış və ya saxta markalar ilə markalanmış və məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara buraxılması hallarına yol verdiyinə görə Cavabdeh Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. ünvan 2 ünvanında yerləşən köşkdə aşkar edilmiş aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta markalarla markalanmış, məcburi nişanlama ilə nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış mallar, habelə dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar, yaxud dini məzmunlu başqa məlumat materialları siyahıya alınmışdır. - xx.xx.2023-cü il tarixli protokola əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri Baş Polis İdarəsində toplanmış materiallara (siqaretlər) əsasən Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsi tərəfindən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən obyektinə “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərar açılmışdır. VCİABİ tərəfindən təqdim edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin H.Əliyev prospekti 115 ünvanda yerləşən inzibati binasının 109-cu otağında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarətinin təşkil və icrası şöbəsinin DVM-İ X4 və vergi ödəyicisi X1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 11:15-də baxış keçirilmişdir. - Markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə DVX seriyalı 000260 saylı 02 fevral 2023-cü il tarixli akta əsasən ünvan 2 ünvanında yerləşən köşkdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və ya markalanmamış və ya saxta markalarla markalanmış, məcburi nişanlama ilə nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış mallar, habelə dini məzmunlu mal və məmulatları Cavabdeh müvəqqəti olaraq məsul saxlmaya götürməkdən imtina etmişdir. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan ev 13 ünvanında yerləşən obyektindən aksiz markası olmayan 100 (yüz) ədəd tütün məmulatları LGBİ-nin saxlancına qoyulması üçün Auditin təşkili şöbəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********736300 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********0693 nömrəli qərarı əsasında Cavabdeh fəaliyyəti üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilmiş faktlar əsasında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində hər hansı cinayət işi və ya cinayət xarakterli material üzrə hazırda araşdırma aparılmır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. 26.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. 26.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə müəyyən edilir. 43.3. Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. 151.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. 151.2. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır 449-1. Aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınması Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədləri üçün nağd qaydada alınması az miqdarda törədildikdə – vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə beş yüz manatadək olan məbləğ başa düşülür.

508. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsi. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görəaksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. Göründüyü kimi, qanunvericilikdə müsadirə inzibati tənbeh növü kimi nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünün tətbiq edilməsi tələbinə isə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin Mülki Məcəllənin 212-ci maddəsi ilə müsadirəyə verilən anlayış da qeyd olunan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, aksiz markaları ilə markalanmalı olan lakin markalanmamış malların müsadirə edilməsi qaydası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimləndiyindən hazırki mübahisə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (7). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 Qərarı: Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. (7.1). İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.(15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır.(15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.(15.3) Digər tərəfdən iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan ev 13 ünvanında yerləşən obyektindən aksiz markası olmayan 100 (yüz) ədəd tütün məmulatları LGBİ-nin saxlancına qoyulması üçün Auditin təşkili şöbəsinə təhvil verilmişdir. Belə olan halda həmin malların hazırda Cavabdeh sahibliyində olmadığı iddiaçının özünün təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Belə ki, xx.xx.2023- cü il tarixli təhvil-təslim aktına əsasən mübahisə predmeti olan malları iddiaçının özünün müəyyən etdiyi LGBİ-nin saxlancına qoyulması üçün Auditin təşkili şöbəsinə təhvil verməklə, məhkəmə hesab edir ki, iddiaçı faktiki hərəkətlə ödənişsiz və məcburi olaraq cavabdehi həmin mallardan məhrum etmişdir və hazırda həmin mallar cavabdehdə deyil. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “aksiz markaları ilə markalanmalı olan lakin markalanmamış malların müsadirə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 35, 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar