Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3498/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyasının ödənilməsinin cavabehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8118/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabit heyətində həqiqi hərbi xidmətdə olduğu 1991-2021-ci təqvim illəri üzrə istifadə etmədiyi növbəti məzuniyyətlərə görə ona çatacaq pul kompensasiyasının məbləğinin vəzifə maaşı, rütbəyə görə maaşı və xidmət illərinə görə əlavələr nəzərə alınmaqla hesablanıb, indeksləşdirilmə aparılmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabit heyətində həqiqi hərbi xidmət edib və xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında“Əsasnamənin 156 maddəsinin “b” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılıb. Həmin dövlət orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılanda 1991-2021-ci təqvim illəri üzrə ona istifadə etmədiyi hər ilin növbəti məzuniyyətinə görə pul kompensasiyası hesablanıb ödənilməmişdir. Bu məsələnin həll edilməsindən ötrü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərliyinə göndərdiyi ərizəsinə xx.xx.2022-ci il tarixli 54/2165 nömrəli cavab məktubunda maliyyə vəsaitinin ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edildiyi, maliyyə vəsaiti ayrıldıqdan sonra xidmət etdiyi illər ərzində istifadə etmədiyi məzuniyyət günləri üçün pul kompensasiyası ilə təmin ediləcəyi bildirilmişdir. Bundan bir müddət sonra xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu olmaqla 1991-2021-ci təqvim illəri üzrə istifadə etmədiyi hər ilin növbəti məzuniyyətinə görə pul kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş edib. Ərizəsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən göndərilmiş xx.xx.2022-ci il tarixli MİHO/1.1-2-2022-6001 nömrəli cavab məktubunda istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi xərclərinin planlaşdırılmasının aidiyyəti üzrə kredit sərəncamçısı olan dövlət qurumunun təqdim etdiyi təsdiqedici sənədlər əsasında həyata keçirildiyi bildirilmişdir. Daha sonra cavab məktubunda istifadə etmədiyi məzuniyyətlə bağlı kompensasiyanın ödənilməsi məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qeyd edilən cavab məktubunda verilən tövsiyəyə əməl edərək, xx.xx.2023-cü il tarixli ərizə ilə yenidən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərliyinə müraciət edərək, həmin dövlət orqanında zabit heyətində həqiqi hərbi xidmətdə olduğu 1991-2021- ci təqvim illəri üzrə istifadə etmədiyi hər ilin növbəti məzuniyyətinə görə pul kompensasiyasının hesablanıb ona ödənilməsinə göstəriş verilməsini xahiş edib. Bu ərizəsinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərliyi xx.xx.2023-cü il tarixli 3-42/54/487 nömrəli cavab məktubunda istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə əlaqədar müraciətinə xx.xx.2022-ci il tarixli 54/2165 nömrəli məktubla cavab verildiyini bildirmişdir. Bununla da, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin zabit heyətində həqiqi hərbi xidmətdə olduğu 1991-2021-ci təqvim illəri üzrə istifadə etmədiyi hər ilin növbəti məzuniyyətinə görə pul kompensasiyası indiyədək hesablanıb ödənilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlər sırasından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8118/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən vaxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və X1 İdarəsində həqiqi hərbi xidmətə başlamışdır. “Azərbaycan Respublikası Ali Dövlət hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 avqust 1993-cü il tarixli 734 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və X1 İdarəsi və Azərbaycan Respublikası Milli Qvardiyasının bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinə tabe edilmişdir. “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 913 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılmışdır. Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş, onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsindən irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə14 iyun 2023-cü il tarixli 193 nömrəli qərarının 2-ci və 2.1-ci bəndlərində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üzrə mövcud olmuş dərəcələr Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində və Azərbaycan Respublikasının Strateji X4 Agentliyində müəyyən edilmiş müvafiq dərəcələrə bərabər tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin adıçəkilən Qərarının 2.2.2-ci və 2.2.1- 2.2.3-cü bəndlərində müəyyən edilmişdir ki, keçmiş xüsusi dövlət mühafizə orqanlarında xidmət etmiş hərbi qulluqçuların, habelə həmin orqanlarda işləmiş mülki işçilərin bu orqanlarda xidməti (əmək fəaliyyəti) dövründə yaranan sosial təminat və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər üzrə hüquqi varis qismində onların şəxsi işlərinin saxlanıldığı aşağıdakı dövlət orqanları çıxış edir: Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti; Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti; Azərbaycan Respublikasının Strateji X4 Agentliyi. Qeyd olunan normaları düzgün təhlil edən birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iddiaya cavab verməli olan dövlət orqanının iddiaçının şəxsi işinin hansı qurumda saxlanılmasından asılı olması nəticəsinə gəlmişdir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək cavabdehin əvəz edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi yaradılmışdır. İddiaçının sonuncu xidmət yeri XDMX-nin X7 şəxsi mühafizəsini həyata keçirən struktur bölməsi olmuş və həmin vəzifədən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda Azərbaycan Respublikasının X7 şəxsi mühafizəsi Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən həyata keçirilir. Məhz bu baxımdan iddiaçının şəxsi işi aidiyyəti üzrə həmin Agentliyə təhvil verilmişdir. Yuxarıda göstərilənləri, eləcə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddələrini nəzərə alaraq, İddiaçı tələbinə dair hazırkı inzibati iş üzrə əsl cavabdeh qismində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Azərbaycan Respublikasının Strateji X4 Agentliyi ilə əvəz olunmalıdır. Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ehtiyatda olan polkovnikleytenant İddiaçı Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətindən qəbul edilmiş şəxsi işinin xidməti dəftərçəsində xx.xx.1992-ci il tarixli 31 ş/h nömrəli əmri ilə Ali Dövlət Hakimiyyəti Orqanlarının Mühafizə idarəsinə həqiqi hərbi xidmətə daxil olması və XDMX rəisinin xx.xx.2021-ci il tarixli 72 ş/h nömrəli əmri ilə Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b" bəndinə müvafiq olaraq (yaşa görə) xx.xx.2021-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydiyyat aparılmışdır. Xidmət keçdiyi dövrdə məzuniyyətə buraxılıb-buraxılmaması barədə əmrdən çıxarışlar şəxsi işində olmadığından həmçinin Agentliyin Maliyyə şöbə rəisinin arayışına əsasən xidmət keçdiyi dövrdə vəzifə maaşı, hərbi rütbəyə görə maaşı və xidmət illərinə görə əlavələrin məbləği barədə məlumatların hamısı şəxsi hesab kartı ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətində saxlandığından bununla bağlı məlumat vermək mümkün deyil. Sorğunuzda göstərilən məsələlərlə bağlı Arxiv sənədləri Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətində saxlandığından həmin quruma müraciət edilməsi bildirilmişdir. Göründüyü kimi, həmin məktubdan iddiaçının şəxsi işinin Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Respublikasının Strateji X4 Agentliyi göndərildiyi və Agentlik tərəfindən qəbul edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsindən irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 193 nömrəli Qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, keçmiş xüsusi dövlət mühafizə orqanlarında xidmət etmiş hərbi qulluqçuların, habelə həmin orqanlarda işləmiş mülki işçilərin bu orqanlarda xidməti (əmək fəaliyyəti) dövründə yaranan sosial təminat və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər üzrə hüquqi varis qismində onların şəxsi işlərinin saxlanıldığı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi çıxış edir. Qeyd edilən məktubdan iddiaçının şəxsi işinin Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Respublikasının Strateji X4 Agentliyi göndərildiyi və Agentlik tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya hüquqi yardım göstərərək, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Azərbaycan Respublikasının Strateji X4 Agentliyi ilə əvəzlənməsini təklif etsə də, iddiaçı tərəf razı olmayaraq iddiaya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin cavab verməli olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti hazırkı iddiaya cavab verməli olmadığından və məhkəmə tərəfindən cavabdehin əvəz edilməsinin təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən qəbul edilmədiyindən, iddia mümkün sayıla bilməz. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8118/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3498/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3498/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver