Məhkəmə qərarları › İş №2-1(103)-3498/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3498/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3498/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X13) iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 X7 (reyestr nömrəsi **********47-05101-093003; qeydiyyat tarixi xx.xx.2010-cu il – 1 otaq y\s – 9,8 kv.m, ü\s – 20,8 kv.m) və X4 (qeydiyyat tarixi xx.xx.2010 – 1 otaq y\s – 17,0 kv.m, ü\s – 28,3 kv.m) xüsusi paylı mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (reyestr nömrəsi **********47- 05101-093003; qeydiyyat tarixi xx.xx.2017-ci il) əsasən Bakı şəhəri Səbail rayonu Məmmədəliyev küçəsi, ev 10, ümumi sahəsi 20.8 kv.m olan 9 saylı mənzil X8 xüsusi mülkiyyətindədir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 11/2-14071/24 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 21708/2024 **********08 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 və ünvan 2 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (reyestr nömrəsi **********47- 05101-093015; qeydiyyat tarixi xx.xx.2017-ci il) əsasən Bakı şəhəri Səbail rayonu Məmmədəliyev küçəsi, ev 10, mənzil 8 (səhəsi 28.3 kv.m) X5 xüsusi mülkiyyətindədir.

6. X9 və X6 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Məmmədəliyev küçəsi, ev 10, mənzil 8 X1.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-23401/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X7 mülkiyyətində olan ünvan 3 ünvanlı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2802/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 19 noyabr 2004-cü il tarixdə anadan olmuş oğlu X10 birlikdə Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 ünvanında yerləşən mənzilin əri - X11 məxsus, ümumi sahəsi 20,8 kv.metr, yaşayış sahəsi 9,8 kv.metr olan 1 otağına istifadə hüquqları tanınmışdır. İddia İddiaçı 19 noyabr 2004-cü il tarixdə anadan olmuş oğlu X10 birlikdə ünvan 4 ünvanında yerləşən mənzilin əri - X11 məxsus ümumi sahəsi 20,8 kv.metr, yaşayış sahəsi 9,8 kv.metr olan 1 otağına qeydiyyata alınmaları hissəsində baxılmamış saxlanılmışdır.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 190 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, məhkəmənin 29 oktyabr 2015-ci il tarixli 2(009)-2802/2015 saylı qətnaməsi 30 noyabr 2015-ci il tarixdə qüvvəyə minmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı İddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2802/2015 saylı mülki iş üzrə 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq İddiaçı 19 noyabr 2004-cü il tarixdə anadan olmuş oğlu X14 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 ünvanda yerləşən əri – X12 məxsus ümumi sahəsi 20,8 kv.metr mənzilin 9,8 kv.metr sahəsi olan 1 otağına istifadə hüquqlarının tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, 02 may 2017-ci il tarixdə həmin ünvana qeydiyyata düşmüş və bu günədək orada yaşayırlar. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 ünvanda yerləşən mənzilin ümumi sahəsi 49,1 kv.metr olmuşdur. Qeydiyyata düşməmişdən əvvəl göstərilən ünvanda yerləşən mənzilin digər bir otağı ümumi razılıq əsasında başqa şəxsə satılmış və buna müvafiq olaraq istifadə hüququ tanınmış mənzilin ünvanı dəyişilərək ünvan 5dəcə mənzil 9 olmuşdur. Həmin mənzilə verilmiş dövlət reyestrindən çıxarışda da ünvan ünvan 6kin mənzilə qeydiyyata alarkən şəxsiyyət vəsiqələrində səhvən köhnə ünvan, yəni ünvan 7 Odur ki, şəxsiyyət vəsiqələrindəki səhv ünvanın dəyişdirilərək mənzil 9 kimi göstərilməsinə zərurət yaranmışdır. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanına qeydyyata alınması barədə müraciətinə cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən tərəfindən imtina edilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X13 apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, 10 saylı evin 9 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Məhz bu əsasa görə Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə o inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Lakin Məhkəmə hüquq normalarını pozmaqla, eyni zamanda onun xüsusi mülkiyyətində olan mənzili ilə bağlı hüquqlarının müdafiəsini həyata keçirməyə mane olmuş, nəticədə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozmuşdur.

16. Apellyasiya baxışı zamanı isə iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə “Elektron kabinet” vasitəsilə ərizə və ərizəyə qoşma sənədlər təqdim edərək bildirmişdir ki, Elektron sistemə yüklədikləri qətnamə, icra vərəqəsi və icra vərəqəsinin İcra Şöbəsinə artıq daxil olması ilə bağlı məlumatdan müəyyən olunduğu kimi tərəflərindən hazırkı iş üzrə iddiaçı və oğluna qarşı kompensasiya verilməklə, onların üçüncü şəxsin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, 10 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarına xitam verilərək, əşyaları ilə birlikdə mənzildən çıxarılmaları, həmçinin kompensasiyanın verilməsi ilə onların mənzildən çıxarılmalarının eyni vaxtda icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin müvafiq qətnaməsi ilə iddiaları təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.Göründüyü kimi bununla da iddiaçının hazırkı iş üzrə iddiasının əsasları aradan qalxmışdır.Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)– 8413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

21. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

22. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

28. Həmçinin, iddia mümkünlük şərtlərinə cavab verir.

29. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 21-23-cü bəndləri) çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.

30. Belə ki, mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunaraq İddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

31. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı və oğluna qarşı hazırkı iş üzrə üçüncü şəxs X13 tərəfindən kompensasiya verilməklə, onların üçüncü şəxsin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, 10 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarına xitam verilərək, əşyaları ilə birlikdə mənzildən çıxarılmaları, həmçinin kompensasiyanın verilməsi ilə onların mənzildən çıxarılmalarının eyni vaxtda icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin müvafiq qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.(Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1593/2024 saylı, xx.xx.2024-cu il tarixli qətnaməsi, həmin qətnamənin icraya yönəldilməsinə dair e-2(009)-1593/2024 saylı, xx.xx.2024-cu il tarixli icra vərəqəsi, Səbail İcra şöbəsində icra işinin nömrəsie317015/2024-16-15 )

32. Qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzilə pasport qeydiyyatına alınması tələbi təmin edilərkən istinad edilmiş əsaslar hazırda aradan qalxmışdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “....yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.

34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8413/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar