Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-35/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-947/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia qaldıraraq Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə ona verilmiş 0.05 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin qanunsuz və əsassız məhrum olunaraq sökülməsinə görə 1.445 000,00 manat maddi zərər, vurulumuş mənəvi ziyana görə 100.000 manat, ümumilikdə 1.545 000,00 manat məbləğində kompensasiya dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hissəsində məhkəmə qərarının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçının “Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin qanunsuz və əsassız məhrum olunaraq sökülməsinə görə 1 070 000,00 manat maddi zərər, vurulumuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 1 120 000,00 manat məbləğində kompensasiya dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 №-li Sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə ayrılmış 0.05 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün müvafiq orqanlar tərəfindən verilmiş razılığa əsasən tələb olunan bütün smeta lahiyə və texniki sənədləşdirmələr aparılmış və bundan sonra evin iki mərtəbəsi inşa edilmişdir. İşin həmin mərhələsində Xətai rayon İcra Hakimiyyəti Bakı-Ağ Şəhər lahiyəsinin icrası ilə bağlı olaraq aparılmış tikintinin söküntüsünə qərar verilmişdir. Hökümətin bu qərarı hörmətlə qarşılanmış və tikintiyə çəkilmiş xərclərin kompensasiyasının ödənilməsi barədə Xətai rayon İcra Hakimiyyətinin Aparatına müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, dövlət proqramları çərçivəsində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər ilə əlaqədar Xətai rayonu Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Qeyd olunanlarla əlaqədar olaraq ona məxsus fərdi yaşayış sahəsinin sökülməsi ilə bağlı Xətai rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığından müraciətin tərələrindən araşdırılması mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş məktubda qeyd edilənlər əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-947/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərarı (E.Əliyev) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin sökülməsinə görə 530.000 (beş yüz otuz min) manat maddi zərər kimi kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yeniqənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, komunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı ş., Xətai ray., Babək pr., Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel pr-ti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Köçürülən obyektlərin qiymətləndirilməsi və təzminatın ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyəti orqanların nümayəndələri olmaqla Xətai rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmışdır. İddiaçı istər söküntü və köçürülmə işləri aparılan zaman istərsə də üstündən uzun illər keçməsinə baxmayaraq qeyd edilən məsələ ilə əlaqədar Komissiyaya müraciət etməmiş və 2021-ci ildə guya onun həmin ünvanda yarım tikilisi olduğunu xatırlayaraq ona kompensasiya ödənilməsini tələb edir. İddiaçının qeyd edilən ünvanda fərdi yaşayış evi ilə əlaqədar tikintisi heç vaxt mövcud olmamışdır. Əgər belə bir tikili mövcud olsaydı, iddiaçı çoxdan komissiyaya müraciət etmiş olardı. Göründüyü kimi iddiaçı məhkəməyə səhv məlumat verməklə mövcud qanunvericiliyin tələblərini pozmağa cəhd edib. Beləliklə, şəxsi mülkiyyətində olmayan və 01,07.2005-ci il tatixli Xətai Rayon Xətai Bələdiyyəsinin Sərəncamı əsasında ayrılan torpaq sahəsinin üzərində uzun illər təyinatı üzrə istifadə edilməyən torpaq sahəsinə kompensasiya ayrılması nəzərdə tutulmadığından iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan məqamlar olmamalıdır. Bunun üçün isə məhkəmə özü müəyyən olunmuş işin hallarını və qanaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərarda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həmçinin çəkişmə prinsipinə uyğun olaraq mübahisənin mahiyyətinə dair tərəflərin bütün dəlillərini qəbul etdiyi qərarda müzakirə etməli, işdəki araşdırılmış sübutları əlaqələndirməklə və tətbiq edilməli həmin dəlilləri qəbul edib-etmədiklərinə dair mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Tərəflərin izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı prosessual hüquq normalarının pozuntusu ilə əlaqədar ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. -249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. 80-ci maddəsinə əsasən, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarına əsasən müəyyən edilir ki, Xətai Rayon Xətai bələdiyyəsinin “Fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2005-ci il tarixli, 05/60 saylı Sərəncamı ilə Xətai rayon Xətai Bələdiyyəsi təsdiq edilmiş cizgi planına uyğun olaraq İddiaçı adına Nobel prospekti 42 saylı ünvana yaxın və istifadəsində olan ərazidə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 225 saylı Sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. İddiaçı Xətai Rayon Xətai bələdiyyəsinin “Fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2005-ci il tarixli, 05/60 saylı Sərəncamına istinad etməklə həmin torpaq sahəsi və eyni zamanda onun üzərində tikdiyini iddia etdiyi yarımtikili üçün kompensasiyanın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, göstərilən ərazidə söküntüyə məruz qalmış obyektlərin və o cümlədən sözügedən obyektin söküntüsünə təzminatın ödənilməsi ilə bağlı rayon icra Hakimiyyətinin nəzdində komissiyaya müraciət etməyiniz tövsiyyə olunur. Bununla bərabər bildirilir ki, vəsaitin olmaması səbəbindən hal-hazırda kompensasiya ödənilməsi mümkün deyildir. Odur ki, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının qeyd edilən ünvanda tikilisi heç vaxt mövcud olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Bakı şəhəri, Xətai rayonu, Xətai bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05/60 nömrəli sərəncamı əsasında verilən plancizgiyə uyğun olaraq Bakı şəhəri, Nobel prospekti 42 ünvanında yerləşən torpaq sahəsində İddiaçı məxsus yarımtikili mövcud olub-olmaması, torpaq sahəsində yarımtikili mövcud olduğu təqdirdə ölçülərinin müəyyən edilməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6918 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Xətai rayonu, Xətai bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05/60 nömrəli sərəncamına əsasən, Xətai Bələdiyyəsinin təsdiq olunmuş cizgi planına uyğun olaraq, İddiaçı Nobel prospekti 42 saylı ünvana yaxın istifadəsində olan ərazidə fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsində 2008-2012-ci illər ərzində həmin torpaq sahəsinin ölçülərinə uyğun təqribən 25x20 metr ölçüdə tikilinin mövcud olduğu müəyyən edilir. Eyni zamanda apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş sənədlərlə də yarımtikilinin mövcudluğu təsdiq edilir. Belə ki, AR Dövlət Tikinti və Arxitektura Komitəsi Azərbaycan Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə” Mühəndisi-Geoloji Mərkəzin 06-673-N nömrəli, xx.xx.2006-cı il tarixli rəyi ilə müəyyən edilir ki, fiziki şəxs İddiaçı sifarişi ilə ünvan 2 ünvanda fərdi yaşayış binasının layihələndirilməsi məqsədi ilə “Mənzil” k/m tərəfindən mühəndis-geoloji işlər aparılmış və hesabata dair rəy tərtib edilmişdir. AR Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin 11 oktyabr 2006-cı il tarixli tikinti sahəsinin seysmikliyi haqqında rəyi ilə müəyyən edilir ki, ünvan 3 ünvanda layihələndirilən və tikintisi nəzərdə tutulan ofis, iş Mərkəzi binasının yerləşdiyi ərazinin seysmikliyinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2006-cı il tarixli müraciətə cavab olaraq Mərkəzin mütəxəssisləri tərəfindən sahədə kompleks seysmoloji tədqiqatlar və mühəndis-geoloji işlər aparılmış və bununla bağlı tikinti sahəsinin seysmikliyi haqqında rəy tərtib edilmişdir. “Xətai rayonu, Nobel prospektində inşa edilən fərdi yaşayış evinin elektrik təchizatı haqqında” İddiaçı ərizəsinə Bakı Elektrikşəbəkə ASC-nin 06 dekabr 2006-cı il tarixli məktubu ilə cavab verilmiş, İddiaçı müraciətinə əsasən ona cəmiyyətin 09 fevral 2007-ci il tarixli TX-11-040 nömrəli texniki şərti təqdim edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmənin təşəbbüsü ilə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasib Kərimovun 09 mart 2022-ci il tarixli ekspert rəyində göstərilən ölçmə işlərinin hansı formada aparılması barədə dindirilməsi məqsədilə məhkəmə iclasına çağırılaraq dindirilmiş, ekspert qeyd etmişdir ki, qeyd olunan ərazinin enini və uzununu hesablamaq üçün xəritə proqramında ölçü sistemi seçilir, açılan cədvəldə qeyd edilir ki, ərazinin eni təqribən 20 metrdir, uzunluğu isə 25 metr müəyyən olunur, beləliklə, ərazinin eni, uzunu xəritə proqramı ilə ölçülmüşdür. Birinci instansiya məhkəməsində icraat zamanı yarımtikilinin inşası üçün çəkilən xərclərin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi alınmışdır. "xxxx" MMC-nin 01//22-383 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, 10/6918 nömrəli, 09 mart 2022-ci il tarixli Ekspert rəyi ilə müəyyən olunan, Bakı şəhəri, Nobel prospekti 42 ünvanında yerləşən 25x20 yarımtikilinin inşası üçün çəkilən tikinti xərclərinin məbləği (“Bakı-Ağ şəhər” layihəsi ilə bağlı sökülməsindən dəymiş zərər ilə əlaqədar aparılmış iş həcmlərinin Qiymət cadvəli nəzərə alınmaqla) xx.xx.2022-ci il tarixə: Tikinti-təmir işlərinin həcmi: 530 000 (beş yüz otuz min) manat təşkil edir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmənin 2-1(103)- 743/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ünvan 4 ünvana yaxın ərazidə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsində 2008-2012-ci illər ərzində təqribən 25x20 metr ölçüdə mövcud olmuş yarım tikilinin inşası üçün çəkilən xərcin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/6773 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ünvan 4 ünvanda yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsində 2008-2012-ci illər ərzində 25x20 metr ölçüdə mövcud olmuş yarım tikiliyə dair layihə-smeta sənədləri iş materiallarına əlavə edilmədiyindən, həmçinin tədqiq olunan tikili tam söküldüyündən, həmin tikilinin konstruktiv elementlərini, istifadə olunmuş materialları, ölçülərini və digər texniki parametrlərini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, 25x20 metr ölçüdə mövcud olmuş yarım tikilinin inşası üçün çəkilmiş xərclərin dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən 0.05 ha ümumi sahəsi olan torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin üzərində tikilinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır, həmçinin həmin torpaq sahəsinin və onun üzərində olan tikilinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı Sərəncamının çərçivəsinə düşməsi və həmin əmlaka (torpaq sahəsi və onun üzərində olan tikiliyə) dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. İş materiallarından görünür ki, iddiaçının tələbi yalnız torpaq sahəsinin üzərindəki tikiliyə münasibətdə deyil, eyni zamanda torpaq sahəsinə münasibətdə də kompensasiyanın ödənilməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol vermiş, iddia tələbi həddində iş üzrə ətraflı araşdırma aparmamış, torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı araşdırma aparmamış, qərarın əsaslandırıcı hissəsində iddia tələbinin torpaq sahəsinə aid hissəsinə dair qiymət verməmiş, lakin qərarının nəticə hissəsində yarımtikilinin tikinti-təmir işlərinin aparılması üçün müəyyən edilmiş 530 000 manatı yalnız torpaq sahəsində inşa edilmiş yarımtikiliyə görə deyil, eyni zamanda iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə münasibətdə də ümumi kompensasiya məbləği kimi müəyyən etmiş, 0.05 ha torpaq sahəsinin 2013-cü ildə və hazırki bazar qiymətlərini müəyyən etmək üçün ayrıca ekspertiza təyin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iş üzrə Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinin 2013-cü il tarixə və hazırkı bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/1724-9/1751 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 42 ünvanında, Ağ şəhər ərazisində yerləşən İddiaçı ayrılmış 0.05 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1430000.0 manat məbləğində müəyyən olunmuşdur. Yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2013-cü ildə mövcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, eləcə də məlumat bazası olmadığından Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 42 ünvanında, Ağ şəhər ərazisində yerləşən İddiaçı ayrılmış 0.05 ha torpaq sahəsinin 2013-cü il üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Ekspert rəyi ilə 0.05 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1430000.0 manat məbləğində müəyyən olunsa da, birinci instansiya məhkəməsinin qərarı yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı tərəfindən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya məbləği mübahisələndirilmədiyindən kompensasiya məbləği yalnız iddianın təmin olunan həddində (hazırki işdə 530.000 (beş yüz otuz min) manat həddində) müəyyən edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “torpaq sahəsinin şəxsi mülkiyyətdə olmaması” dəlilinə münasibətdə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də, formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən, torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçi torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə də iddiaçının bu qanuni gözləntiləri qorunmağa layiqdir və bunu istisna edən hər hansı hal iş üzrə materiallardan görünmür. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin sökülməsinə görə 530.000 (beş yüz otuz min) manat maddi zərər kimi kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 200 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 200 manatın 100 manatı Xətai Rayon İcra Hakimiyyətinin, 100 manatı isə İddiaçı üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-947/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin sökülməsinə görə 530.000 (beş yüz otuz min) manat maddi zərər kimi kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manatın 100 (bir yüz) manatı cavabdeh Xətai Rayon İcra Hakimiyyətindən, 100 (bir yüz) manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-35/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-35/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver