Məhkəmə qərarları › İş №2-1(103)-350/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-350/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-350/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X5 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın baza hissəsini, staja görə sığorta hissəsini, pensiya yığım kapitalından və həmin dövrlərin indeksasiyasını hesablamaqla yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(112)-5914/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2006-cı ildən 2016-cı il tarixinədək pensiya kapitalının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq orqanlarında qulluğa görə ona 2016-cı il tarixdə pensiya təyin edilmişdir. İşlədiyinə görə qulluq stajının 50 % həcmində əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Baza sığorta və fərdi hesabın yığım hissəsində toplanan yığım (pensiya kapitalı) ona hesablanmamışdır. Ona 2016-cı il tarixdə pensiya təyin edilərkən 2006-cı ildən 2016-cı ilədək yəni 10 illik fərdi hesabın yığım hissəsində toplanan kapital hesablanmadığı üçün tam ödənilməlidir. Bu zaman istehlak qiymətləri indeksinin illik səviyyəsi də nəzərə alınmamışdır. Qulluqda olarkən 2016-cı ildə ona cavabdeh tərəfindən xidmət illərinə görə pensiya təyin edilərkən sığorta hissəsi 65 AZN hesablanmış, baza hissəsi 100 AZN, 2006-cı ildən 2016-cı ilədək, yəni 10 illik yığım hissəsindən, yəni kapitaldan hesablama aparılmamışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ona 2016-cı ildən 2019-cu il tarixə kimi pensiyanın baza hissəsini, staja görə sığorta hissəsini, pensiya yığım kapitalından və həmin dövrlərin indeksasiyasını hesablamaqla yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(112)-5914/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.(hakim: O.Həsənov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, 26.10.2016-cı il tarixdə prokurorluq orqanlarında 25 il qulluq illərim tamam olduğundan ona cavabdeh tərəfindən pensiya təyin edilmişdir. Lakin, pensiya təyin edilərkən cavabdeh pensiyasına əlavələri qanunsuz olaraq hesablamamışdır. Həmin dövrdə X4 Qanunun 37.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu Qanunun 37.4-cü maddəsinə əsasən qanunun 20.1.1, 20.1.10, 20.1.14 və 20.1.19-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. X4 Qanunun tələblərindən göründüyü kimi onun 26.10.2016-cı il tarixdə prokurorluq orqanlarında 25 il qulluq stajı tamam olaraq prokurorluq işçisi kimi bu qanun 9.4.1-ci maddəsinə əsasən pensiya hüququ yaranmışdır. Ona əmək pensiyası təyin olunarkən əmək pensiyasına əlavələrin hesablanmasında bu qanunun 37-ci maddəsi işləyən əmək pensiyaçılarına əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları nəzərə alınmamışdır. Ona əmək pensiyası təyin olunarkən bu qanunun 37.3.1-ci maddəsində göstərilən (pensiya təyin olunan günədək əmək pensiyasının baza və qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir) tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Yəni, baza dedikdə minimum pensiya ödənişi, 25 il sığorta stajı və 01.01.2006-cı ildən 26.10.2016-cı ilədək yığım kapitalı nəzərə alınmamışdır. Həmin bu əlavələr pensiyanın baza hissəsindən, sığorta stajından və yığım kapitalından ibarət olduğu üçün hər il üçün indeksasiya olunaraq artırıldığından ona 2019-cu ilin aprel ayınadək ödənilməli idi. Çünki, 2019-cu ilin aprel ayında işdən azad olunmuş və cavabdeh əmək pensiyasını tam şəkildə ödənişini həyata keçirir. Cavabdeh ona əmək pensiyası təyin edərkən bu əlavələri hesablamayaraq ödəmədiyindən 26.10.2016-cı il tarixdən və 2019-cu il aprel ayınadək ödənilməli olan vəsaiti cavabdehdən tutularaq ona ödənilməsi üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli qərarında iddia tələbinin rədd edilməsi ilə bağlı əsaslandırılmış qanunvericiliyin tələbləri onun hazırki, iddia tələbi ilə heç bir aidiyyəti olmamışdır. Həmin qərardan görünür ki, məhkəmə X4 Qanunun 37.3.1-ci maddəsinin tələblərini qeyd etmiş, lakin, düzgün hüquqi qiymət verməyərək iddia tələbini rədd etmişdir. Yəni bu qanunun 20.1.5 20.1.14 və 20.1.18-cl maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər İstisna olmaqla kimi qeyd edilməsi həmin çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılması aid edilmir. O, cavabdeh orqana hazırki iddia tələbi ilə bağlı rəsmi ərizə təqdim etmiş və cavabdeh ona imtina təqdim etməyərək onun ödənilən əmək pensiyasından 43.50 manat qanunsuz olaraq kəsmişdir. Bakı inzibati Məhkəməsinin hazırki qərarı ona mənəvi sarsıntılar yaratmışdır. O, əmək pensiyası prokurorluqda işləyərkən təyin edilmişdir. Ona 2016-cı ildə 100 faiz əmək haqqı və 50 faiz pensiya ödənilirdi. 2019-cu ildən işdən azad olunduqdan sonra ona təyin olunan əmək pensiyasının 80 faizi miqdarında pensiya ödənilir. Ona 2016cı ildə pensiya təyin edilərkən baza hissəsi 110 manat, sığorta stajı 25*2.6=65 manat, 2006- 2016 yığım kapitalı 82.300:144=571.52 manat və 2017, 2018 və 2019-cu illər üzrə indeksasiya hesablanmamış və ödənilməmişdir. Ona əmək pensiyası 2983 manat təyin edilmişdir. Cavabdeh 2983-110b-65s- 571.52k=2290.48:2=1145.24+110 baza 65 sığorta stajı 571.52 yığım kapitalı=1891.76 manat hesablanaraq ödənilməli idi. Ona 2016 və 2019-cu ilədək 1891.76 manat ödənməli olduğu halda 1410 manat ödənilmişdir. Yəni 471*30 ay=14.130 manat ödənilməmişdir. Həmçinin, hər il üçün baza hissəsinə, sığorta stajına və yığım kapitalına indeksasiya aparılaraq ödənilir. Cavabdeh qanunsuz hərəkətlər edərək bu ödənişləri həyata keçirməmişdir. Bununla da məhkəmə araşdırmasını ədalətli aparmamış, məhkəməyə təqdim etdiyi sübutlara məhəl qoymamış və yalnız cavabdehin təqdim etdiyi etiraza əsaslanmış və iddia tələbini təmin etməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X5 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 2016-cı ildən 2019-cu il tarixə kimi pensiyanın baza hissəsini, staja görə sığorta hissəsini, pensiya yığım kapitalından və həmin dövrlərin indeksasiyasını hesablamaqla yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin, pensiyanın yığım kapitalından və həmin dövrlərin indeksasiyası hesablanmaqla fərqin tam məbləğdə ödənilməsini xahiş edir. Bu zaman prokurorluq əməkdaşı kimi 37.3.4-cü maddənin tələbinin nəzərə alınmasını əsas götürür. Halbuki 37.3.4-cü maddə iddiaçıya əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin, pensiyanın yığım kapitalından və həmin dövrlərin indeksasiyası hesablanmaqla fərqin tam məbləğdə ödənilməsi üçün əsas yaratmır. Həmin maddə iddiaçı tərəfindən düzgün şərh edilməyərək iddia tələbi ilə müraciət edilmişdir. Adıçəkilən maddə qulluq stajına həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində əlavənin hansı hallarda ödənilməyə davam etdirilməsi, hansı hallarda əlavələrin ödənilməsinin dayandırılması ilə bağlıdır ki, iddiaçı Qanunun 20.1.5-ci maddəsinə istisna qoyulduğunun nəzərə alınaraq iddia tələbinin təmin edilməli olmasını bildirir. Halbuki, maddənin təhlilindən aydın olur ki, qeyd olunan istisna 50 faiz həcmində əlavənin dayandırılması və ya dayandırılmaması halları ilə bağlıdır. Müddəanın tənzimlədiyi münasibət prokurorluq işçisinin ona pensiya təyin edildikdən sonra işləməkdə davam edirsə ona ödənilən əlavənin ödənilməsinin dayandırılmasının istisnası ilə bağlıdır ki, maddənin tələbinə əsasən bəzi qrup şəxslərdə qeyd olunan güzəştin tətbiqi istisna edilmiş, həmin qrup şəxslərin pensiya təyin edildikdən sonra işləməsi 50 faiz əlavənin dayandırılması ilə nəticələnməli olması müəyyən edilmişdir. Prokurorluq işçiləri üçün isə qeyd olunan dayandırma istisna edilmiş, onlara işləməkdə davam etmələrinə baxmayaraq 50 faiz əlavənin ödəmənin davam etdirilməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin, pensiyanın yığım kapitalından və həmin dövrlərin indeksasiyası hesablanmaqla fərqin tam məbləğdə ödənilməsinin qanunvericilik bazası mövcud deyil, “X4” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin prokurorluq işçilərinə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınmalı olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qanunun 37.3.1-ci maddəsinin nə əvvəlki nə də yeni redaksiyasına uyğun olaraq işləyən əmək pensiyaçısı kimi prokurorluq işçisinə hazırda qüvvədən düşmüş Qanunun 1.0.11-ci maddəsində anlayış verilmiş əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatı hesab edilən baza hissəsi, o cümlədən Qanunun 1.0.13-cü maddəsində təsbit edilmiş fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği hesab edilən sığorta hissəsi, iddiaçının da qeyd etdiyi kimi yığım kapitalı və indeksasiya edilməklə yaranmış fərqin ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, prokurorluq işçisinə əmək pensiyasının təyin edilməsi və ödənilməsi adi yaşa görə əmək pensiyasından əsaslı surətdə fərqləndiyindən, eyni zamanda əmək pensiyası məbləği pensiya kapitalı əsasında olmamaqla orta aylıq əmək haqqı nəzərə alınmaqla (müvafiq faiz nisbətində) hesablandığından həmin qrup şəxslərə iddiaçının istinad etdiyi ödənişlərin ödənilməsi nəzərdə tutulmamış, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi və iddia tələbində nəzərdə tutulmuş digər ödənişlərin tam məbləğdə ödənilməsi həmin qrup şəxslərə aid edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «X4» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «X4» Azərbaycan Respublikası Qanunun 37.2-ci maddəsinə (01 iyul 2017-ci ilədək redaksiyası) əsasən, əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 01.07.2017-ci il tarixədək Qanunun qüvvədə olmuş 37.3.1-ci maddəsinin redaksiyasından göründüyü kimi işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Qanunun 37.3.4-cü maddəsinin həmin dövrdə mövcud redaksiyasına əsasən bu qanunun 20.1.1-20.1.10-cu və 20.1.14-cü-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qüvvədən düşmüş 37.3.5-ci maddəyə əsasən bu qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Yuxarıda adıçəkilən Qanunun hazırda qüvvədə olan 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qüvvədə olan 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1- 20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd. 2017-ci il iyulun 1-dək “X4” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “X4” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. Həmin Qanunun 20.8-ci maddəsinə görə bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi işləyən əmək pensiyaçısı kimi prokurorluq işçisinə Qanunun 1.0.13-cü maddəsində təsbit edilmiş fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği hesab edilən sığorta hissəsi, iddiaçının da qeyd etdiyi kimi yığım kapitalı və indekdasiya edilməklə yaranmış fərqin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən pensiyanın baza hissəsini, staja görə sığorta hissəsini, pensiya yığım kapitalından və həmin dövrlərin indeksasiyasını hesablamaqla yaranmış fərqin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(112)-5914/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar