Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-350/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-718/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Mməhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız sayılması və iddiaçıya “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 20 mart 1998-ci il tarixli 14 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində ayrılmış 180 saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: ‘‘Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 20 mart 1998-ci il tarixli 14 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “180" saylı bağ sahəsi ayrılmış və bu barədə ona üzvlük kitabçası verilmişdir. Artıq 24 il sözügedən bağ sahəsi qanuni istifadəsindədir. Həmin bağı özəlləşdirmək və daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamış, bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur, bağçılıq-yoldaşlığın ayrıc aktı barədə İdarənin arxiv əsaslarında və elektron məlumat bazasında məlumat aşkar olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır.” Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubuna uyğun əsaslarla iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan X1 adları aşkar olunmamışdır. Həmçinin, bağçılıqyoldaşlığının ayrıc aktı barədə İdarənin arxiv məlumatlarında və elektron bazada məlumat olmadığından torpaq sahəsinin dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır. Bundan başqa, texniki baxış keçirilən zaman bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı aşkar olunmuşdur. Bu barədə iddiaçıya 31 yanvar 2022-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, beş bağ sahəsi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Ümumi hasar daxilində olan fermanın tikililərinin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-718/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası (bildirişi) əsassız sayılsın və İddiaçı “Neftçi” bağçılıq yoldaşlığının 20 mart 1998-ci il tarixli 14 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində ayrılmış 180 saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, “Neftçi” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan X1 adı aşkar olunmamışdır. Bundan başqa, bağçılıq-yoldaşlığının ayrıc aktı barədə idarənin arxiv məlumatlarında və elektron bazada məlumat olmadığından torpaq sahəsinin dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı aşkar olunmuşdur. Bu barədə iddiaçıya 31 yanvar 2022ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, beş bağ sahəsi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Ümumi hasar daxilində olan fermanın tikililərinin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşir…» Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cümaddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddiaçının mübahisələi bağa dair bağçılığın qərarı, üçvlük kitabçası və üzvlərin siyahısında adı var. Məhkəmə sorğusuna cavabdeh başqa bir «Azneft»in Siyahısı göndərilmiş, idiaçının bağ sahəsi üzərində tikili və qonşu bağ sahələri ilə mübahisəsi yoxdur.178, 179,180, 181 və 182 saylı bağ sahələri bir hasar daxilində mərzçəkmə yolu ilə aralarında faktiki istifadəsi həyata keçirilir, qonşu bağlarına dair cavabdeh tərəfindən çıxarışlar verilmişdir. ІІ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və hazırıkı apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, ilk öncə əsası olmayan, adi dəlilləri ilə mübahisələndirir ki, iddiaçının adının “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının və elektron bazada bu barədə məlumat olmadığını , digər bağ sahəsi ilə bir hasar daxilində yerləşdiyini və ara sərəhədələrinin şərti olduğunu mübahisələndirərək iddiaçının adına Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 180 saylı bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyat aparılmasını mümkünsüz sayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri həm işdə olan sübutlara, həm maddi, həm də inzibati icraat haqqında hüquq normalarına ziddir. Birincisi, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh tərəfindən isə Qanunun qeyd olunan tələblərinə riayət olunmamış, iddiaçıya yardım istiqamətində tamamilə hərəkətsizlik etmiş, onun xeyrinə olan halların araşdırılmasından və əldə olunmasından çəkinmiş, bu istiqamətdə iddiaçıya heç bir yardım göstərməmiş, onun müraciətinə adi bir bildiriş məktubu ünvanlamaqla, işini bitmiş hesab etmişdir. İş materiallarına əsasən isə mübahisəli bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınıb ona reyestrdən çıxarış və plan-ölçü tərtib olunub verilməsi üçün qanunvericiliklə müəyyən olunan əsaslar tam şəkildə mövcuddur. Belə ki, iş materiallarına əsasən iddiaçının mübahisəli bağ sahəsinə dair aşağıdakı sənədlərə malik olduğu müəyyən olunur(i.v.8-14): - Bakı şəhər İcra Hakimiyyətinin 04.10..1996-cı il tarixli 1342 saylı sərəncmı ilə Bakı şəhərindəki müəssisələrin,idarələrin və təşkilatların nəzdindəyaradılmış bütünbağçılıq yoldaşlıqların torpaq sahələrinin tikintiləri iləbirlikdə onların xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. - «Neftçi” bağçılıqyoldaşlığının İdarə Heyətinin 20 mart 1998-ci il tarixli 14 saylı iclasının qərarı ilə həmin bağçılıq-yoldaşlığına məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 1.200 kvm sahəsi olan 180 saylı bağ sahəsi onun sahibi X3 bağçılıqyoldaşlığı üzvlüyündən azad edilmiş və həmin bağ sahəsi hazırkı İddiaçı ayrılmış; -həmin (20 mart 1998-ci il) tarixdə İddiaçı «Neftçi” bağçılıqyoldaşlığının üzvlük kitabçası verilmiş; -bağçılıq üzvlərinin yenilənmiş Siyahısında iddiaçı 17 sırada yer almış; -“Neftçi” bağçılıq-yoldaşlığının bağ sahələrinin sxemdə iddiaçıya verilmiş 180 nömrəli bağ sahəsinin sağ və sol tərəflərindən yol keçir, digər yan tərəfləri 178 və 179 saylı bağ sahələri ilə qonşudur; Tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan göründüyü kimi, mübahisəli bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsindədir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Bir neçə bağ sahəsinin bir hasar daxilində yerləşməsinə gəldikdə, iddiaçının nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, qonşular arasında mübahisə yoxdur, həmin bağ sahələri arası sərhədlər mərzlənmiş şəkildə bağ sahibləri tərəfindən istifadə olunur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, bağ sahələri arasında şərti sərəhəddin mövcudluğu təsdiq olunur. Qeyd olunmalıdır ki, hazırkı mərhədələ məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən iddiaçının qonşularının bağ sahələrinə dair hüquqları qeydə alınıb reyestrdən çıxarışlar verilmişdir (Məsələn, həmin bağçılığın üzvülük siyahı üzrə 10-cu sırada yerləşən və sxem üzrə iddiaçının bağ sahəsi ilə eyni cərgədə yerləşən, 1000 kv.m sahəçi olan 187 saylı bağ sahəsinin sahibi X2 mülkiyyət hüququ reyestrdə qeydə alınaraq ona çıxarış verilmi və adına plan ölçü tərtib olunmuşdur). «İnzibati icraat haqqında» Qanunun 12.1-12.2-ci maddələrinin tələblərinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallarla cavabdehin apellyasiya şikayyətinin dəlillərinin əsassız olduğu sübüta yetirilir. Belə olan halda, bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina edilməsi qanunsuz olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin etməklə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-718/2023 saylı xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-718/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-350/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-350/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver