Məhkəmə qərarları › İş №2-1(103)-3502/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3502/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3502/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “pul vəsaitinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4686/2023 saylı, 22 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına ödədiyi 5252 manat məbləğində pul vəsaitinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əsl Cavabdeh ilə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, cavabdeh əsl Cavabdeh (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3986/2022 saylı iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki səyyar-mexaniki dəstəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5244,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. 22 iyul 2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləğini elektron ödəmə vasitəsi ilə ərizəçi Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına köçürmüş və bununla da, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına xitam verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən ona əsaslanmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki səyyar-mexaniki dəstəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 5244,26 manat olmaqla, ümumilikdə 5244,26 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********745300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə ərizədə göstərilən xüsusatları araşdırmadan ərizəni təmin etmiş, yaranmış vergi borcunun ondan tutulmasını təmin etmək məqsədilə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul etmişdir. Bununla da qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud surətdə pozulmuşdur. Mübahisəli vergi borcu əmələ gəldiyi dövrdə o, pensiya yaşı çatdığına görə pensiyaya çıxmış, ədliyyə orqanlarında xidmətdən xaric edilmişdir. Əmək kitabçasının surətindən göründüyü kimi, 26 avqust 2013-cü il tarixdən pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir, yəni müəssisənin vergi borcu yaranan dövrdə o, məsul şəxs olmamışdır. Ümumiyyətlə, məsul şəxs olsaydı belə müəssisənin vergi borclarını ödəmək barədə sərəncam vermək səlahiyyəti olmamışdır. Qətnamə 22 iyul 2022-ci il tarixində qəbul edilərək dərhal qüvvəyə mindiyindən və onun 27 iyul 2022-ci il tarixində xaricə müalicəyə getmək üçün bileti olduğundan, ölkə xaricinə getmək hüququnun məhdudlaşdırılmaması üçün göstərilən borc məbləğini ödəmək məcburiyyətində qalmışdır. Bununla ailə büdcəsinə böyük maddi zərər vurulmuşdur. Həmin borc məbləğinin ona aidiyyəti olmadığından ödədiyi vəsaitin reqres qaydada geri ödənilməsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4686/2023 saylı, 22 may 2023-cü il tarixli qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiasının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4686/2023 saylı, 22 may 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddiaçı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına ödədiyi 5252,0 manat məbləğində pul vəsaitini şəxsi vəsaiti hesabına ödədiyini iddia edərək, həmin məbləğin Səyyar-Mexaniki Dəstənin tabe olduğu cavabdeh Azərbaycan Respublikasının Cavabdehndən tutularaq ona qaytarılmasını xahiş edir. Belə ki, işdə olan 31 dekabr 1980-cı il tarixli iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1994-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki Səyyar-Mexaniki Dəstəsinin rəisi, xx.xx.2008-ci ildən xx.xx.2013-cü il tarixədək struktur dəyişikliyi nəticəsində Qəza şöbəsi adlandırılan həmin qurumun rəisi vəzifəsində işləmiş, xx.xx.2013-cü il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq penitensiar xidmətdə qulluqda olmanın yaş həddinə çatdığı üçün pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İşdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 2t-m nömrəli əmrinə əsasən Qəza şöbəsi ləğv edilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki Səyyar-Mexaniki Dəstəsi”nin qanuni təmsilçisi İddiaçıdur. İşdə olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3986/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İddiaçı qarşı onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilmiş, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki səyyar-mexaniki dəstəsi tərəfindən dövlət sosial müdafiə fonduna olan 5244,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Səyyar-Mexaniki Dəstəsinin şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 4895,15 manat və 349,11 manat olmaqla, cəmi 5244,26 manat məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borc məbləği ödənilmişdir. İşdən müəyyən olunur ki, iddiaçı Səyyar-Mexaniki Dəstəsinin rəisi vəzifəsini icra etsə də, xx.xx.2013-cü il tarixdən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş, bununla da onunla cavabdeh arasında xidməti hüquq münasibətlərinə xitam verilmişdir. İddiaçının ölkədən çıxışına Səyyar-Mexaniki Dəstəsinin dövlət büdcəsinə olan borcuna görə məhdudiyyət qoyulsa da, həmin borcun şəxsi vəsaiti hesabına ödənilməsi iddiaçının xidməti vəzifəsindən irəli gəlməmiş, həmin borcun ödənilməsi onun vəzifə öhdəliyi olmamışdır. Yəni borc ödənilən anda -xx.xx.2022-ci il tarixdə iddiaçı Səyyar-Mexaniki Dəstəsinin rəisi vəzifəsini icra etmiş olsaydı belə, həmin Dəstənin büdcəyə yaranmış borcuna görə onun şəxsən məsuliyyətinin yaranması istisna olunurdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci madəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Lakin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Beləliklə, birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi hazırkı mübahisə iddiaçı ilə cavabdeh arasında əvvəllər mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı yaranmamış, həmin pul vəsaitini ödəmək iddiaçının cavabdeh orqanla olan xidməti münasibətlərindən irəli gəlməmiş, iddiaçı vergi öhdəliyini Mülki Məcəllənin 431-ci maddəsinə uyğun olaraq cavabdehin əvəzinə icra edən üçüncü şəxs kimi çıxış etmişdir. Buna görə də, iddiaçının ödədiyi pul vəsaitinin cavabdeh tərəfindən qaytarılması ilə bağlı hazırkı mübahisə, hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə hesab olunmadığından ona inzibati məhkəmə icraatı qaydasında baxılaraq qiymət verilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4686/2023 saylı, 22 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar