Məhkəmə qərarları › İş №2-1(103)-3504/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3504/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3504/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər rədd edilmiş mühacirət işinin yenidən nəzərdən keçirilməsini xahiş edir. Əgər o, Pakistana deportasiya olunsa da, həyatı ciddi təhlükə altına düşəcək. Bütün ailəsi Pakistanda amansızcasına qətlə yetirilib və bununla bağlı, bütün müvafiq sənədləri və sübutları təqdim etmişdir. Bundan əlavə, onun yaxın dostu da, qətlə yetirilib və bu hadisə ilə bağlı da, sübutlar təqdim etmişdir. Son 31 ay ərzində Azərbaycanda yaşayır, vicdanla işləyir və cəmiyyətə müsbət töhvə verir. Qızı artıq iki ildir ki, Azərbaycan Respublikasında universitetdə təhsil alır və hazırda Azərbaycan Texniki Universitetində magistr dərəcəsi üzrə təhsilini davam etdirir. O, onun yeganə sağ qalan ailə üzvüdür və əgər onu məcburi göndərsələr, onun gələcəyindən çox narahatdır. Onun ailə üzvləri öldürülmüş və onların qatilləri onun bütün əmlakına sahib çıxıblar. O, bu barədə Pakistan Respublikasının hüquq-mühafizə orqalarına, polis idarələrinə rəsmi müraciətlər etmişdir. Buna baxmayaraq, onun vəziyyəti ilə bağlı heç bir tədbir görülməmişdir. Əgər o, deportasiya olunsa, həmin insanlar onu, da, öldürə bilərlər. Yalnız bir qızı sağ qalıb və o, onun yanında qalmaq, onu qorumaq istəyir. Məhkəmədən ona köməklik göstərilməsini və işinə yenidən baxılmasını xahiş edir. Hüquqşünası onun işini tam başa düşməkdə çətinlik çəkib, çünki, dil maneələri var və o, vacib sübutların kifayət qədər nəzərdən keçirilmədiyindən narahatdır. O, həqiqətən sadiq bir insandır və bütün azımi sübutları təqdim etmişdir. Lakin, bir yanlış anlaşılma baş vermiş ola bilər. İşini dəstəkləmək üçün lazım olan hər hansı əlavə sənəd və ya sübut təqdim etməyə hazırdır. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsi ona məlumat vermişdir ki, onun mühacirət işinə məhkəmə tərəfindən ailəsinin qətli ilə bağlı sübutlar təqdim olunmazdan əvvəl baxılaraq rədd edilmişdir. Lakin, Ali Məhkəmə ona işini yenidən bütün müvafiq sübutlarla birlikdə təqdim etmək üçün imkan vermişdir. Bu səbəbdən də, xahiş edir ki, işinə yenidən baxılması üçün müraciətinə baxılsın və deportasiyasının qarşısı alınsın. Əgər o, deportasiya olunsa, onu öldürə bilərlər. Çünki, Pakistanda nə ailəsi, nə də, əmlakı qalıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, hazırkı işin hallarından görünür ki, tərəflər arasındakı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında artıq bir dəfə hüquqi qiymət verilmiş və qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə iddia tələbi təmin edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının hazırki tələbinin hüquqi əsası ilə bağlı mövcud olan məhkəmə qərarı ilə qiymət verilmiş işin hallarından kənara çıxan hər hansı bir yeni hal, iddiaçı barəsində cavabdeh tərəfindən aparılmış başqa inzibati icraat müəyyən edilməmişdir. İş materiallarına nəzər yetirdikdə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciətə cavabdedh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və xx.xx.2023-cü il tarixli, İQ-01/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Qərardan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 937/2024 saylı qərarı ilə (hakim X1) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsiin qərarından narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-937/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilmsindən imtina edilməsi barədə qərarın ləğv edilməsii xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-652/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər inzibati məhkəmə icraatında artıq hüquqi qiymət verilərək bununla bağlı məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar