Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3508/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7997/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 561 saylı Sərəncamı ilə ayrılmış Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın İddiaçı adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli İ-163 №li əmr ilə təsdiq edilmiş Əlavə 06-da nəzərdə tutulan, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 561 saylı Sərəncamı ilə ayrılmış, uzun müddət bundan əvvəl abadlaşdırıb daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsini 2492 manat ödəməklə almışdır. Həmin tarixdən etibarən iddiaçı mülkiyyət hüququndan irəli gələn bütün hüquq və vəzifələri həyata keçirmişdir. Torpaq sahəsinin dövlət reyestrində qeydə alınması məqsədilə xx.xx.2024-cü il tarixdə göndərdiyi sənədlərə cavabdeh xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, torpaq sahəsi 534 nömrəli fərmanın həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqısatqısı təsdiq edilməmişdir; Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan qərəzli olaraq və hər hansı bir əsas olmadan ona məxsus olan torpaq sahəsini dövlət qeydiyyatına almaqdan imtina edir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) e-2-1(112)-7997/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 561 saylı Sərəncamı ilə ayrılmış Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın İddiaçı adına verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Səbail Bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 23 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli İ-163 №li əmr ilə təsdiq edilmiş Əlavə 06-da nəzərdə tutulan, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 561 saylı Sərəncamı ilə ayrılmış, uzun müddət bundan əvvəl abadlaşdırıb, daş hasara alıb, bağ sahəsi kimi istifadə etdiyi Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsini 2492 manat ödəməklə əldə etmişdir. Həmin tarixdən etibarən İddiaçı mülkiyyət hüququndan irəli gələn bütün hüquq və vəzifələri həyata keçirmişdir. Torpaq sahəsinin dövlət reyestrində qeydə alınması məqsədilə xx.xx.2024-cii il tarixdə göndərdiyi sənədlərə cavabdeh xx.xx.2024-cü il tarixdə 3-21-330/2-10135-8/2024 saylı məktubu ilə cavab olaraq bildirmişdir ki, torpaq sahəsi 534 nömrəli fərmanın həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqı təsdiq edilməmişdir, həmçinin torpaq sahəsinin yerləşməsinin müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan qərəzli olaraq və hər hansı bir əsas olmadan ona məxsus olan torpaq sahəsini dövlət qeydiyyatına almaqdan imtina edir. Məhkəmə iddianı heç bir əsas olmadan rədd etmişdir. Məhkəmə qeyd edir ki, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 nömrəli sərəncamı və onun qəbul edilməsi üçün əsas olan sənədlərin Bələdiyyə və Dövlət Arxiv İdarəsinin arxivindən əldə edilməsi mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 nömrəli sərəncamına əsasən ayrılmış 600 kv.metr torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmişdir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcudur. Qeyd edilən qənaət iddianın təmin edilməməsi üçün yetərli olduğundan cavabdehin etirazda qeyd etdiyi digər məsələlərə məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək münasibət bildirməyi zəruri hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Səbail Rayon Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi 14 iyun 2024-cü il tarixli arxiv məlumat bazasında aşkar edilməməsi konteksində elektron sistemə əlavə etdiyi məktubun tam əksi xx.xx.2019-cu il tarixli məktubunu iddaçı tərəf də təqdim etmişdir. Yalnız məhkəmə işin hallarını “araşdırılmaqla” məsələyə hüquqi qiymət verib iddianı rədd etmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi arqumentlərə istinad edərək, Səbail Bələdiyyəsinin xx.xx.2003cü il tarixli 561 nömrəli sərəncamı və onun qəbul edilməsi üçün əsas olan sənədlərin Bələdiyyə və Dövlət Arxiv İdarəsinin arxivindən əldə edilməsi mümkün olmamasını və torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyini əsas götürərək qərar qəbul etmişdir. Halbuki 20 ildən çox müddətdə əldə olunmuş torpaq sahəsinə aid alqı-satqı müqaviləsi və digər mövcud sənədləri təqdim etdiyi təqdirdə, məhkəmə heç bir hüquqi əsas olmadan iddianı rədd etmişdir. Qeyd olunan sənədlərin çatışmaması cavabdeh olan inzibati qurumun bilavasitə vəzifəsifdir. Əks təqdirdə bu arxiv və çizgi planı saxlamaq vəzifəsi olduğu halda xx.xx.2015-ci il tarixdə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün arxiv sənədləri cavabdeh inzibati qurumda olması nəzərə alınsa, cavabdeh qurumun səmimi olaraq arxiv arayışını təqdim etməməsi şübhə doğurur. Məhkəmənin iddia tələbini rədd etməsinə əsas xüsusatlardan biri Səbail Bələdiyyəsinin təqdim etdiyi məktub olması iddiaçının qanunla qorunan hüquqlarının pozulmasıdır. Məhkəmə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsinin birbaşa nəzərdə tutulmasını qeyd etsə də, xx.xx.2004-cü il tarixdə qəbul edilmiş qanun, xx.xx.2003-cü il tarixdə ayrılmış torpağa cizgi planı yalnız iddiaçının müstəsna bacarığı olduğu təqdirdə həyata keçə bilərdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı adına Səbail Bələdiyyəsi tərəfindən Səlyan şossesi 32 ünvanında 30 dekabr 2003-cü İl tarixdə 561 saylı sərəncamla 600 k.m. torpaq sahəsi sənədləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 saylı sərəncamının surətindən görünür ki, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qeyd edilmişdir. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Səbail bələdiyyəsinin ərazisində 600 kv.metr torpaq sahəsinin satılması barədə Bakı şəhəri Səbail bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 561 nömrəli qərarı qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Səbail bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 561 nömrəli sərəncamı X2 qeydiyyata alınmamışdır. İş materiallarında olan Səbail bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında İddiaçı adına torpaq ayrılmasını təsdiq edən sənədlər Bələdiyyənin hazırda mövcud olan arxiv məlumat bazasında aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Səbail bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 saylı sərəncamına əsasən İddiaçı ona ayrılan Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 nömrəli sərəncamına əsasən ayrılmış 600 kv.metr torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin həmin yerləşmə cizgisində qeyd olunan bələdiyyə sərəncamına istinad edilməmişdir. Həmin yerləşmə cizgisinin məhz qeyd olunan bələdiyyə sərəncamı ilə əlaqədar tərtib edilməsi iş materialları ilə müəyyən edilmir və iddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Səbail bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında iddiaçının adına torpaq ayrılmasını təsdiq edən sənədlərin Bələdiyyənin hazırda mövcud olan arxiv məlumat bazasında aşkar edilmədiyi qeyd edilmişdir. Habelə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış məktubda Səbail bələdiyyəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilir. Göründüyü kimi, qeyd olunan bələdiyyə sərəncamı ilə əlaqədar sənədlər, o cümlədən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin əldə edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisinin isə qeyd olunan bələdiyyə sərəncamı ilə əlaqədar tərtib edilməsi müəyyən edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən isə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır və ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə yanaşı, həmçinin torpaq sahəsinin planı və ölçüsü də əlavə olunmalıdır. Lakin qanunvericiliklə təqdim edilməsi tələb olunan sənədlər iddiaçı tərəfindən həm inzibati orqana, həm də məhkəməyə təqdim edilməmişdir. İddiaçı qeyd olunan sənədə əsasən ona ayrılmış torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun yerləşmə cizgisinin verilməsi üçün həmin sənədi vermiş bələdiyyəyə müraciət etməli, müraciətinin təmin edilməsindən imtina edildiyi halda isə həmin tələblə məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7997/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3508/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3508/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver