Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3508/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın qanunauyğunluğunun yoxlanılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6554/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə instansiyası olaraq qanunla verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırılması aparmaqla təqdim etdiyi sənədlər əsasında Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin özünün əvvəlki 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının ləğv edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 12 fevral 1990-cı il tarixli 266 saylı sərəncamının qanuniliyini yoxlanmasına dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən sərəncam onun vəziyyətini ağırlaşdırmışdır.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6554/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, “İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış hazırki iddia ilə eyni mahiyyətdə olan onun tərəfindən əvvəllər verilmiş iddia məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərardadı ilə mümkün sayılmamışdır. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbi eyni faktiki və hüquqi əsaslarla verilmiş iddia kimi qiymətləndirilməlidir.”
III. Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.
IV. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
V. Məhkəmənin mövqeyi
10. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
11. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
13. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir.
15. Azərbaycan Respublikası İPM-nin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
16. Hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin özünün əvvəlki 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının ləğv edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 12 fevral 1990-cı il tarixli 266 saylı sərəncamının qanuniliyini yoxlanmasını xahiş edir.
17. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilə eyni mahiyyətdə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur.
18. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Suraxanı RİH-nin 12 fevral 1990-cı il tarixli 266 saylı sərəncamının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5500/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Suraxanı RİH-nin 12 fevral 1990-cı il tarixli 266 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 saylı iş üzrə qəbul etdiyi 04 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5500/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, iddianın mümkün sayılmaması qərara alınmışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1589/2023 №li xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayət təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 saylı iş üzrə qəbul etdiyi 04 aprel 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
21. Göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış hazırki iddia ilə eyni mahiyyətdə olan onun tərəfindən əvvəllər verilmiş iddia məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərardadı ilə mümkün sayılmamışdır.
22. Belə olan halda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbi eyni faktiki və hüquqi əsaslarla verilmiş iddia kimi qiymətləndirilməlidir.
23. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6554/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticə hissəsi
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6554/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.