Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3509/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “ehtiyata buraxılmanın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5446/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı qarşı “xidməti uyğunsuzluğa və barəsində tətbiq olunmuş Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı baş gizir rütbəsində 1996-1999-cu illərdə Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Binəqədi və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində müddətli həqiqi xidmətdə olmuşdur. 2000-2021-ci illərdə X4, Zaqatala, Şəki, Binəqədi rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, o cümlədən feldyeger, bölüyün baş çavuşu, tağım komandiri - müəllim və yeməkxana rəisi vəzifələrində xidmət etmişdir. Daxili Qoşunlarda xidmət etdiyi müddət ərzində X11 Hərbi Məktəbində təkmilləşdirmə, gizir hazırlığı ixtisas və bölüyün baş çavuşu kurslarını əla qiymətlərlə bitirmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Bakı şəhərində, Qaradağ, Zaqatala və Balakən rayonlarında ictimai asayişin qorunması və təhlükəsizliyin təmin olunmasında, şəhərdə, yaşayış məntəqəsində və X12 Çəkmə Müəssisəsində baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarış və onların zərərsizləşdirilməsində fəal iştirak etdiyinə görə dəfələrlə X13, X7 və hərbi hissə komandirləri tərəfindən mükafatlandırılmışdır. Xidmət etdiyi müddət ərzində 60-dan çox mükafata layiq görülmüşdür. Hərbi Xidməti vəzifələrinin layiqincə icrasına yanaşdığına görə Azərbaycan Respublikası Prezidenti adından qüsursuz xidmətlərə görə 1, 2 və 3-cü dərəcəli Silahlı Qüvvələrin yaranmasının 10 illiyi və 90 illiyi medalları ilə təltif olunmuşdur. 1996-ci ildən 2021-ci ilin noyabr ayının 2-nə kimi Daxili Qoşunlarda heç bir intizam cəzası (tənbehi) olmayıb. 15 noyabr 2021-ci il tarixdə, xidmət müddətinin başa çatmasına 3 ay qalmış Silahlı Qüvvələrdən Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. X5 qəsəbəsində yerləşən hərbi hissəsində xidmət etdiyi zaman qanunsuz olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Belə ki, öz arzusu ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı haqqında N saylı hərbi hissədə yazdığı raporta əsasən hərbi hissənin vəzifəli şəxsləri tərəfindən lazımi tədbir görülməyib. İntizam nizamnaməsinin və Şərəf Məhkəməsinin tələblərinə zidd olaraq bir həftə ərzində bir nöqsana görə iki cəza verilib. Cəzanın verilməsi zamanı xidmətləri və mükafatları nəzərə alınmayıb. Xidmət müddətinin başa çatmasına 3 ay qalmış intizam cəzası verilərkən intizam nizamnaməsində gizirlərə verilən intizam cəzaların ardıcıllığına ümumiyyətlə riayət edilməmişdir. Ona intizam cəzası verilərkən ailə vəziyyəti nəzərə alınmamışdır. İntizam cəzası verilərkən və Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən onunla heç kim söhbət etməmişdir. Şərəf Məhkəməsində onun işinə düzgün baxılmamış və haqqında düzgün qərar qəbul edilməmişdir. Bununla da, Xidməti uyğunsuzluğa görə intizam cəzası verilib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində evlə təmin olunmağına görə kirayə pulu verilirdi. Hal hazırda Dövətin bu imtiyazlarından mərhum olmuşdur. Evlə təmin oluna bilməmişdir. O, 3 övlad və gələcəyin 3 əsgər atasıdır. Himayəsində tələbə, azyaşlı övladları, anası, həyat yoldaşı və əlil bacısının olması, vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etməyi rəhbərlik tərəfindən nəzərə alınmayaraq barəsində belə bir qərar qəbul olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan baş gizir İddiaçı Daxili Qoşunlarda müddətli və həqiqi hərbi xidmət keçməsi faktları Daxili Qoşunların arxivindən verilmiş 113 №-li, xx.xx.2023-cü il arayışla təsdiq edilir. X13nin müavini-daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 44 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissədə təminat taborunda təminat bölüyünün 1-ci təminat taqımında yeməkxana rəisi vəzifəsindən azad edilib, təminat bölüyünün təminat taqımında yeməkxana rəisi vəzifəsinə təyin edilmişdir. O, xidmət etdiyi dövrdə xx.xx.2021ci il tarixdə “Yeməkxanada səliqə- səhmanın zəif olduğuna, qabların yuyulma texnologiyasına düzgün nəzarət etmədiyinə və tutulan iradlardan düzgün nəticə çıxartmadığına görə” hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış, görülən bütün tədbirlərə baxmayaraq, öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzasından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 463 №-li əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin iclası zamanı o, hərbi xidmətin çətinliklərinə dözə bilmədiyini, üzərinə düşən vəzifə borclarının öhdəsindən gəlməyi bacarmadığını bildirmiş, yol verdiyi nöqsanları başa düşdüyünü və məhkəmə iclasında deyilənlərin həqiqətə uyğun olduğunu, hərbi qulluqçunun şərəfinə xələl gətirdiyini bildirmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar N saylı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin qərarına əsasən onun Daxili İşlər Nazirliyinin Q58-001-15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyinin X8 məhkəmələri haqqında Əsasnamə”nin 5.1.6-cı maddəsinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. X13nin müavini - daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 204 №-li ş/h üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsini “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq N saylı hərbi hissənin təminat bölüyünün təminat taqımının yeməkxana rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxanda qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzasından nəticə çıxartmadığından hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına əsasən onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan baş gizir İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5446/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5446/2023 nömrəli qərardadını ləğv edib iddia tələbinə baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilən etiraz əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, etirazda onun xidmət etdiyi dövrdə, yəni xx.xx.2021-ci il tarixdə ona hərbi hissə komandiri tərəfindən şiddətli töhmət verilərək barəsində intizam qaydasında cəza tətbiq edilmiş, bundan nəticə çıxarmamış və mənfi xarakterizə olunur. Etirazda həmçinin göstərilir ki, buna dair dəfələrlə onunla söhbətlər, xəbərdarlıqlar edilməsinə baxmayaraq, bundan nəticə çıxarmamış və fəaliyyətində dönüş yaratmamışdır. Bunun nəticəsi olaraq xx.xx.2021-ci il tarixində o şərəf məhkəməsinə cəlb edilərək, tutduğu vəzifədən azad olunaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdə ona töhmət verilir və xx.xx.2021-ci il tarixdə isə, cəmi bir gün keçmiş şərəf məhkəməsi təşkil olunaraq ehtiyata buraxılır. Etirazda göstərildiyi kimi onunla dəfələrlə söhbətlər aparılmış, xəbərdarlıqlar edilmişdir. 1-2 gün ərzində ona töhmət verilməsi və onunla göstərildiyi kimi dəfələrlə söhbət və xəbərdarlıqların edilməsi bu vaxt kəsiyində inandırıcı görünmür. Ən azından belə bir tələsik, 1-2 gün ərzində barəsində verilən qərarlar qərəzlidir. Həmçinin də etirazda bildirilir ki, barəsində şərəf məhkəməsi aparılarkən məhkəmə iclası zamanı o bildirmişdir ki, xidmətin çətinliklərinə dözə bilmir və üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirə bilmir, yol verdiyi nöqsanları başa düşür və hərbi qulluqçuların şərəfinə xələl gətirmişdir. Belə bir hal olmayıb. Şərəf məhkəməsində göstərilənləri deməmişdir. Ona cəzanın verilməsi zamanı xidmətləri və mükafatları nəzərə alınmayıb. Xidmət müddətinin başa çatmasına 3 ay qalmış ona intizam cəzası verilərkən intizam nizamnaməsində gizirlərə verilən intizam cəzaların ardıcıllığına ümumiyyətlə riayət edilməmişdir. İddia müddətinin ötürülməsinə dair bildirir ki, ailə problemləri ilə əlaqədar olaraq, belə ki, azyaşlı övladı anadan olma xəstə olması ilə əlaqədar, uzun müddət müalicə almasını (hal hazırda əlliliyi müəyyən edilmə ərəfəsindədir) ilə əlaqədardır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, 2022-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə yaxınlaşaraq hərbi biletini almışdır. O cümlədən, himayəsində İİİ qrup əlil azyaşlı övladı vardır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, şikayət vermə müddətinin ötürüldüyünü, bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5446/2023 saylı, 09 iyun 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmrlə ehtiyata buraxılmış, həmin vaxtdan bir ildən artıq müddət keçdikdən sonra (xx.xx.2023-cü il tarixdə) müvafiq əmrin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının buraxılmış müddətin üzrlü hesab edilməsi barədə, onun əmrdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə, xidməti uyğunsuzluğa görə azad edilməsi barədə məlumatının olmaması, bu barədə yalnız 2022-ci ilin mart ayında DOST mərkəzinə müraciət etdikdən sonra məlumat əldə etməsi barədə dəlilini məhkəmə kollegiyası inandırıcı hesab etmir. Hətta həmin vaxt məlumatlı olması nəzərə alınarsa belə, inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddiaçının mübahisə açdığı inzibati akt xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğu barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5446/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-3509/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3509/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver