Məhkəmə qərarları › İş №2-1(103)-351/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-351/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-351/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı1 vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X7 qarşı sərəncamın, torpaq sahəsinin plan və ölçüsünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3311/2020 saylı qərardadından İddiaçı1 barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X10 cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Zabrat qəsəbəsi, 5F saylı torpaq sahəsinə dair Bakı şəhəri Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin yerləşmə sxeminin, həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planının və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3311/2020 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmamışdır (hakim F.Mədətli). Həmin qərardan İddiaçı1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı1 vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, məhkəmə iddiaçıya iddia ərizəsində dəqiqləşdirilmə aparılması ilə əlaqədar məktub ünvanlamış, lakin iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar məhkəməyə ərizə təqdim edilmədiyi göstərilmişdir. Bununla bağlı vəkil bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra pandemiya ilə əlaqədar məhkəmələr öz fəaliyyətini dayandırdığı üçün iddia ilə əlaqədar heç bir məhkəmə prosesi keçirilməmiş və yeganə məhkəmə prosesi olan xx.xx.2020-ci il tarixli məhkəmə iclasında da belə bir qərardad qəbul edilmişdir. Yəni iddiaçının məhkəmənin iddianın dəqiqləşdirilməsi ilə əlaqədar məktubundan xəbəri olmadığı üçün müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdir. Eyni zamanda məhkəmə prosesində şərait yaradılmadığı üçün öz prosessual hüquqlarından istifadə edə bilməmişdir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, inzibati işin sənədlərindən də görünür ki, X10 bu torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışdan sui-istifadə edərək, iddiaçının istifadəsində olan torpaq sahəsində inşa olunmuş tikililərin sökülməsini tələb edir. X3 hüquqdan sui-istifadə edərək belə bir əsassız iddia qaldırmışdır. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2, cavabdehlər Bakı şəhəri Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də prosessual həmiştirakçılığın yolverilənliyini, həmçinin iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasıdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddia tələbləri ayrı-ayrı inzibati orqanlara qarşı yönəlmiş müxtəlif tələblərdən ibarət olmaqla, prosessual həmiştirakçılığın tələblərinə cavab vermir. Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçılara məktub ünvanlanaraq, dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmələri təklif edilmişdir. Lakin iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim olmamışdır. Birinci instansiya məhkəməsi araşdırması nəticəsində həmçinin iddiaçıların hazırki iddia tələbi üzrə subyektiv hüquqlarının mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçılar iddia tələbi üzrə Bakı şəhəri, Zabrat qəsəbəsi, 5F saylı torpaq sahəsinə dair Bakı şəhəri Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin yerləşmə sxeminin, həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planının və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini tələb edirlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 5F saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi X5 adına qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun qeydə alınmasına əsas keçmiş mülkiyyətçi X11 ilə X10 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Həmin torpaq sahəsi X8 mülkiyyətinə hazırda mübahisələndirilən Bakı şəhəri Cavabdeh1 Başçısının xx xxxxx 1993-cü il tarixli, 682 saylı sərəncamına əsasən verilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh1 Başçısının xx xxxxx 1993- cü il tarixli, 682 saylı sərəncamından görünür ki, Zabrat qəsəbəsində yerləşən 1200 kv.metr torpaq sahəsi şəxsi yaşayış evi tikmək üçün X9 ayrılmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə əsas torpaq sahəsinin mülkiyyətçisi X5 onlara qarşı ümumi məhkəmədə qanunsuz tikililərin sökülməsi barədə qaldırdığı mülki mübahisə olmuşdur. İddiaçılar hazırki iddia tələbi üzrə X5 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini tələb etsələr də, lakin sözügedən torpaq sahəsinə dair hər hansı hüquqlarının mövcud olmasını və həmin sənədlərin verilməsinin onların hansı maraqlarının pozulmasını əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkilinə məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıların mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlərini məhkəməyə təqdim etməsini təklif edilsə də, lakin iddiaçının nümayəndəsi və vəkili tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və hər hansı bir sənədin olmaması bildirilmişdir. İddiaçıların torpaq sahəsinə dair hər hansı hüquqları mövcud olmadığı halda, hüquqlarının pozduğuna istinad edərək göstərilən əsaslarla torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini tələb etməyə subyektiv hüquqlarının mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3311/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar