Məhkəmə qərarları › İş №2-1(103)-351/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-351/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-351/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2, iddiaçının və üçüncü şəxsin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (üçüncü şəxs: Maraqlı şəxs2) «qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6337/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məcburetmə haqqında iddia (İPM m.33.1) ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina haqında 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsini və ona müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Bakı şəhəri, Ramanı kəndi, Südçülük Sovxozu, E.Məhərrəmli küçəsi, dalan 7, ev 2, mənzil 24 ünvanında yaşayır. 2 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 ilə birgə nikahı Bakı şəhəri ASAN Xidmət Mərkəzi tərəfindən qeydə alınmışdır. Həmin nikahdan övladları yoxdur. Qeyd olunan ünvanda əri ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır. 9 sentyabr 2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş və ərizəsində ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsini xahiş etmiş, lakin cavabdehin 6 oktyabr 2022-ci il tarixli ******* saylı qərarı ilə ərizəsi təmin edilməmişdir. Cavabdeh qərarını belə əsaslandırmışdır ki, icraat nəticəsində təqdim olunmuş sənədlər əsasında guya onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə nikaha daxil olduğu müəyyən edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan əsasla onun ərizəsinin təmin edilməməsindən imtina olunması qanunsuzdur.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçının müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 9 sentyabr 2023-cü il tarixli müraciəti əsasında araşdırma aparılmış və ona müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edilməsi haqqında 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab olunur ki, bu düzgün nəticədir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, o, Azərbaycan Respublikasının vətəndaşı ilə nikah əsasında müvəqqəti yaşama icazəsi almışdır. nikahın məqsədli olub-olmaması ilə bağlı müvafiq araşdırmaların aparılması zamanı Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 izahatı alınmışdır. Araşdırma zamanı, o özü də etiraf edərək nikahlarının məqsədli olduğunu və İddiaçı müvəqqəti yaşamaq üçün icazə almaq üçün belə qərara gəldiklərini, birinci ailəsinin bu evlilikdən xəbəri olmadıqlarını bildirmişdir. Maraqlı şəxs2 izahatında qeyd etdiyi məsələlər İddiaçı tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6337/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ləğv edilsin və iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovnaya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin gəldiyi nəticə üçün əhəmiyəti olan faktiki hallar aydınlaşdırılmadığından qərar əsassızdır. Belə ki, məhkəmənin qərarında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinin ikinci hissəsi nəzərə alınmadan Xidmətin iddiaçı barəsində qərarının saxta sənədlərə əsaslanaraq qəbul edildiyi bildirilmiş,dir. Halbuki, Xidmət tərəfindən iddiaçı ilə üçücü şəxs qismində məhkəməyə cəlb edilən Maraqlı şəxs2la aralarında bağlanmış nikahı mübahisələndirmilmir, etibarsızlığını iddia etmir, həmin sənədin saxta olmasını qeyd etmir. Xidmətin iddia etdiyi və əsaslandığı ifadə “yalan məlumatlar” olan hissədir. İşin hallarından da görünür ki, iddiaçı ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə məqsədilə nikaha daxil olmuşdur.Bu isə ölkə ərazisində qalmaq üçün sui-istifadə hallarına gətirib çıxarmışdır. İddiaçının üçüncü şəxslə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədi ilə rəsmi nikaha daxil-olduqları açıq-aydın görünür. Yəni nikah formal xarakter daşımışdır.. Göründüyü kimi, məhkəmə iş üzrə qəbul etdiyi qərarı kifayət qədər ətraflı əsaslandırmamış və mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə vəziyyətdə qəbul olunan qərar əsaslı şesab oluna bilməz...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı A.Aaliyeva və üçüncü şəxs Maraqlı şəxs2 isə cavabdehin imtinasının və iddiaçı qarşı hərəkətlərinin qərəzli və qanunsuz olduğunda israrlı olaraq birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. ΙΙ. Məhkəmə işdə iştirak edən şəxsləri dinəyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, cavabdehin müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina haqqında 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsini və ona müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının üçüncü şəxslə aralarında birgə nikah bağlamasının Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədi daşıdığını əsas tutaraq ona ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini mümkünsüz sayır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: ...; «45.1.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda” Məcəllənin qeyd olunan norması ilə ehtiva olunan tələbindən göründüyü kimi, ölkə ərazisində müvəqqəti yaşayan əcnəbinin Azərbaycan Respublikasının ərazisində ailə üzvü olduqda ona müvəqqəti yaşamaq üçün icazə verilir İşin mübahisələndirilməyən hallarından da görünür ki, Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı üçüncü şəxs Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 ilə 2 iyul 2022-ci il tarixdə ilə Bakı şəhəri ASAN Xidmət Mərkəzin birgə nikaha daxil olmuşdur. Başqa sözlə iddiaçının ölkə ərazisində ail üzvü yaşayır. Miqrasiya Məcəlləsinin 48.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ...; - (50.1.2) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə. İş materiallarından görünür ki, 2 iyul 2022-ci il tarixdə bağlanmış həmin nikah akt qeydləri kitabında 2815 nömrə ilə qeyd alınaraq 51809 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir və hal hazırda da həmin şəhadətnamə ləğv olunmamış, qüvvədədir. İddiaçı müvəqqəti yaşamaq icazəsinin verilməsi barədə “Ərizə-Anket” doldurularkən 6-cı “ailə vəziyyəti” qrafasında məhz, nikahda olduğunu qeyd etmişdir. Qeyd olunanlardan göründüyü kimi, konkret halda iddiaçı tərəfindən cavabdeh orqana yalan məlumatlar verildiyi öz təsdiqini tapmır. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının üçüncü şəxslə aralarında birgə nikah bağlaması onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin almaq məqsədini daşımışdır. Birincisi, cavabdehin qeyd olunan əsasla nikaha şübhə ilə yanaşması, iddiaçıya ölkə ərazisində müvəqqəti yaşamaq icazəsindən imtina üçün əsas ola bilməz. Çünki Miqrasıya Məcəlləsində belə bir əsas nəzərdə tutulmamışdır. İkincisi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10 – 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə qanunvericiliyinin qeyd olunan tələbləri baxımından, iddiaçı müvəqqəti yaşamaq və ya Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün Respublika vətəndaşı ilə rəsmi nikaha daxil olduğu və həmin nikaha dair akt qeydi aparılıb müvafiq şəhadətnamə verilməklə ölkə ərazisində tanındığı halda, əgər həmin nikah pozulmamış, və etibarsız sayılmamışdırsa, cavabdeh orqanın şəxsi mülahizələrinə əsasən həmin nikahın qanunsuz və etibarsız olmasından söhbət gedə bilməz. Ən azından cavabdeh orqan nəzərə almalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 19cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ilə iddiaçıya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olmamış, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən iş üçün əhəmiyəti olan faktiki halların aydınlaşdırılmadan əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6337/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6337/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar