Məhkəmə qərarları › İş №2-1(103)-351/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-351/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-351/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri Səbail Bələdiyyəsi və X2 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X8 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail Bələdiyyəsi və X2 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-644/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmış Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında onun adına sənədləşdirilməsi və Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında onunla Bakı şəhəri Səbail Bələdiyyəsi arasında alqı-satqı aktının tərtib edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı əsasında Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. m. torpaq sahəsinə dair onunla Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmiş və onun adına sənədləşdirilməsi nəzərdə tutulmuş 600 kv. m. torpaq sahəsinin planı tərtib edilərək, ona verilmiş, həmçinin torpaq sahəsi faktiki ayrılaraq, onun istifadəsinə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göstərilənlərə və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsaslanaraq cavabdehə ərizə ilə müraciət edərək, Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda ona ayrılmış 600 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasını xahiş etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin 16 oktyabr 2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmadığı, cizgidə dəqiq istinad məsafələrinin göstərilmədiyi və sahəyə digər şəxsin müraciət etdiyi müəyyən edilmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən hallara əsaslanmaqla Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda ona ayrılmış 600 kv. m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasından imtina etməsi əsassızdır.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilmişdir.

4. Üçüncü şəxslər Bakı şəhəri Səbail Bələdiyyəsinin və X1 iddia tələbinə dair yazılı münsaibətləri (etiraz) məhkəməyə daxil olmamışdır.

5. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-644/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bəbişbəyli apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxslərin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır.

13. Bakı şəhəri Səbail Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” 511 №-li, xx.xx.2004-cü il tarixli qərarın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş İddiaçı adına sənədləşdirilməsi; Bakı şəhəri, 5-ci zona üzrə mövcud qiymət qaiməsindən çıxarış əsasında vətəndaş İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktının tərtib edilməsi qərara alınmışdır.

14. “Torpaqların alqı-satqısına dair” aktın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı müraciətinə Bələdiyyənin iclasında baxılmış və müvafiq rəy verilmiş bələdiyyə ərazisində 600 kv. m. torpaq sahəsi satılması barədə 2004cü ildə 30 dekabr tarixli 511 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən 2496 manat ödənilmişdir. Səbail Bələdiyyəsi tərəfindən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinə dair plan tərtib olunmuşdur.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 3- 16/2- 09/3-11-1844/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 511 saylı qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır.

16. Səbail Bələdiyyəsinin 05-76 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, istintaq zərurəti olduğundan Səbail Bələdiyyəsinin arxiv sənədləri Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən götürülmüşdür.

17. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********56 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan məktuba əlavə olumuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600,00 kv. m, faktiki sahəsi 600 kv. m. təşkil edir, torpaq sahəsi dörd tərəfdən mişar daşından hasarla sərhədlənib, darvaza qapısı yoxdur, giriş sərbəstdir. Torpaq sahəsi üzərində tikili yoxdur. Torpaq sahəsinin cizgisində göstərilən perimetrik ölçülərdə faktiki ölçülər arasında fərq vardır. Göstərilən faktiki sahənin koordinatı baxılması üçün akta əlvə olunmuşdur. Üst-üstə düşmə halı ilə bağlı idarənin elektron baza məlumatlarında baxılması məqsədəuyğundur.

18. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 3-35-1/2-519/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 31 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı təyin verilib verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə təqdim edilməsi ilə bağlı müraciətə baxılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.

19. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********96 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarında torpaq sahəsinin Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Həmçinin cizgidə dəqiq istinad məlumatı yoxdur. Alqı-satqı aktı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində təsdiqlənməyib.

20. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********21 №-li, xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmışdır. Təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmadığı, cizgidə dəqiq istinad məsafələrin göstərilmədiyi və sahəyə digər şəxsin müraciət etdiyi müəyyən edilmişdir.

21. Hazırkı mübahisənin həlli ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında suallar qoyulmuşdur: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********56 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəsis rəyində aşağıda qeyd olunan nəticələr göstərilmişdir: 1-ci sual üzrə - Göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv. metr təşil edir (üzərində tikili yoxdur). Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mükiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. 2-ci sual üzrə - Göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv.m təşkil edir. Vahid elektron kadastr məlumat bazasında torpaq sahəsinin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. 3-cü sual üzrə- Cizgidə heç bir istinad, istinad məsafəsi göstərilmədiyindən, perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/947 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-40456/2023 nömrəli xx.xx.2023- cü il tarixli mütəxəssis rəyinə əsasən: - Göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv. M təşil edir (üzərində tikili yoxdur). Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mükiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. - Göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv. m təşkil edir. Vahid elektron kadastr məlumat bazasında torpaq sahəsinin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. - Cizgidə heç bir istinad, istinad məsafəsi göstərilmədiyindən, perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır.

22. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş Bakı şəhəri, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 511 nömrəli qərarı ilə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 600 kv. metr torpaq sahəsinin şimal, cənub, qərb və şərq sərhədlərində qonşu torpaq sahələrinin qeydə alınıb-alınmaması, alındığı təqdirdə qeydə alınmalarına əsas olmuş hüquqmüəyyənedici sənədlərin surətlərinin verilməsi barədə müvafiq sorğuya əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, göstərilən ərazidə torpaq sahələrinə dair ilkin mülkiyyət hüquqları qeydə alınmış fiziki şəxlərin (iki fiziki şəxs) hüquqlarının qeydə alınmasına əsas olan ilkin hüquqmüəyyənedici sənədlər - Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən 2003 və 2005-ci illərdə torpaq sahələrinin sənədləşdirilməsinə dair verilmiş sərəncam və qərar və bələdiyyə ilə fiziki şəxs arasında bağlanmış alqı-satqı müqavilələri olmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3520/2024 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2025-ci il tarixli, 10/1372 №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Qəradadın birinci sualı üzrə: Bakı şəhəri Səbail bələdiyyəsinin 511 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmış Bakı şəhəri, Səbail rayonu; Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin planında torpaq sahəsinin koordinatları, miqyası, heç bir istinad məsafəsi göstərilmədiyindən planda qeyd olunan torpaq sahəsinin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı təqdim olunan torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən edilmişdir:

XY 397779.162 4463170.374 397779.917 4463193.384 397808.452 4463192.916 397807.403 4463173.584 397783.844 4463170.961

Qərardadın ikinci sualı üzrə: Təqdim olunan torpaq sahəsi mişar daş ilə hasara alınmış boş ərazidir, naturada digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisi rəyinə əsasən, vahid elektron kadastr baza məlumat bazasında torpaq sahəsinin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşmə hallı ilə bağlı məlumat aşkar edilməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubla iddiaçı X9 iddiası əsasında 2-1(81)-4340/2014 nömrəli iş üzrə, iddiaçı X5 və X3 iddiası əsasında 2- 1(81)-4896/2014 nömrəli iş üzrə, iddiaçı X6 iddiası əsasında 2inz(81)-1190/2014 nömrəli iş üzrə məhkəmə qərarları əsasında verilmiş çıxarışların verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

29. Məhkəmə qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş inzibati icraat aparılmaqla qəbul olunur.

30. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

31. Odur ki, işin faktiki hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının tələbini təmin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

33. İş materiallarından müəyyən olunur ki, “Torpaqların alqı-satqısına dair” aktın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı müraciətinə Bələdiyyənin iclasında baxılmış və müvafiq rəy verilmiş bələdiyyə ərazisində 600 kv. m. torpaq sahəsi satılması barədə 2004-cü ildə 30 dekarb tarixli 511 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən 2496 manat ödənilmişdir. Səbail Bələdiyyəsi tərəfindən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 600 kv. m. torpaq sahəsinə dair plan tərtib olunmuşdur.

34. Apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyindən məlum olur ki, təqdim olunan torpaq sahəsi mişar daş ilə hasara alınmış boş ərazidir, naturada digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisi rəyinə əsasən, vahid elektron kadastr baza məlumat bazasında torpaq sahəsinin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşmə hallı ilə bağlı məlumat aşkar edilməmişdir

35. Eyni zamanda, nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir.

36. Bundan əlavə, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışa və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə məhkəmə qərarlarına əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

37. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

38. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

39. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-644/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar