Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3510/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8821/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qanuni istifadəsində olan və yaşadığı Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsində yerləşən “B” nömrəli evin 6 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsində yerləşən “B” nömrəli evin 6 saylı mənzili ona məxsusdur. Hazırda həmin mənzildə qeydiyyatdadır, ailəsi ilə birgə orada yaşayır. Bütün kommunal xidmət xərclərini ödəyir. Qeyd olunan mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasında köməklik göstərilməsi barədə cavabdeh təşkilata rəsmi müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarix məktubu ilə bildirilir ki: “qeyd olunan sosial kirayə müqaviləsinin birtip forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən xahişinizi təmin etmə imkanımız xaricindədir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8821/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərardadı (hakim A.Almazova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadının əsaslandırıcı hissəsində qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommual Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2- 560/2023 saylı xx.xx.2023-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi. 39В ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının balansında yoxdur. Belə ki, Bakı Şin zavodunun sifarişi ilə inşa edilmiş qeyd edilən yaşayış binası tikintisi başa çatdırılmış obyekt kimi Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməmişdir. Belə olan balda məhkəmə hesab edir ki, cavabdeh Xətai Rayon İcra Hakimiyyəti sözügedən yaşayış sahəsinin mülkiyyətçisi olmamaqla yanaşı hazırda həmin mənzilə dair sosial kirayə müqaviləsi bağlamaq hüququ yoxdur. Digər tərəfdən iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olmaması işin milbahisələndirilməyən halıdır. Bildirir ki, yuxarıda qeyd olunan bina tikintisi başa çatdırılmış obyekt kimi Prezidentin müvafiq sərəncamına əsasən istismara qəbul edilmiş və bu barədə çıxarış verilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində şifahi hazırlıq iclasında vəsatət verərək məhkəmədən sözügedən binanın istismara qəbul edilməsi ilə bağlı reyestr xidmətinə sorğu göndərilməsini xahiş etmişdir. Lakin məhkəmə tərəfindən iddiaçının mülkiyyətçi kimi qeydə alınması ilə bağlı sorğu göndərilmişdir. Bundan əlavə onun yuxarıda qeyd olunan mənzilə dair istifadə hüququ yerli məhkəmələr tərəfindən qətnamə çıxarılaraq tanınmışdır. Həmin qətnamələri də ərizəyə əlavə etmişdir. Bundan əlavə həmin binada onun qonşuluğunda yaşayan X7 yaşadığı mənzilə dair reyestr xidməti tərəfindən çıxarış almışdır. Əgər binanın istismara qəbul aktı olmasa idi, belə bir çıxarışın alınması mümkünsüz olardı, qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin mümkünsüzlük qərardadı əsassızdır və ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İnzibati işdən göründüyü kimi iddiaçının tələbi qeydiyyat alındığı və istifadə hüququ tanınmış olduğu mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlıdır. Məhkəmə kollegiyası ilkin olaraq aşağıdakı qanunvericilik normalarına diqqət yetirir: Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icrədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri nəzərdən keçirir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. **********741 saylı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X4 qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etmir və razıdır. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 011612 saylı xx.xx.1994-cü il tarixli orderə əsasən X3 Əhmədli 2 qəsəbəsi A y/m 2942 B-Q ev 2 mənzil 6, 1-ci blok, 2-ci mərtəbədə 3 otaqlı, sahəsi 46,7 kv.m olan mənzil 4 ailə üzvü ilə birlikdə verilmişdir. (Əsas: Nərimanov İH, xx.xx.1994-cü il tarixli, 7 saylı qərarı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2284/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 591/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilərək X6 və X1 Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi 39 B saylı evin 6 saylı mənzilinə (keçmiş A y/m 2942 B-Q ev 2 mənzil 6) istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3275/2012 saylı xx.xx.2012-ci il tarixli qərarına əsasən X2 qəyyumu Qasımov Şamil Gülhüseyn oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X2 Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi 39 B saylı evin 6 saylı mənzilindən istifadə hüququ itirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommual Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-560/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının balansında yoxdur. Belə ki, Bakı Şin zavodunun sifarişi ilə inşa edilmiş qeyd edilən yaşayış binası tikintisi başa çatdırılmış obyekt kimi Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 1996/2023 **********61 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39B 6 saylı mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədi ilə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə sorğu ünvanlanaraq Bakı şəhəri, Xətai ray., Gen.Şıxlinski küçəsində yerləşən 39 “B” nömrəli binaya dair istismara qəbul aktının verilibverilməməsi barədə, əgər verilmişdirsə, bununla bağlı inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi sorğuya cavab məktubunda qeyd etmişdir ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Həmçinin işin obyektiv araşdırılması məqsədi ilə DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq Bakı şəhəri, Xətai ray., Gen.Şıxlinski küçəsində yerləşən 39 “B” nömrəli binada olan mənzillərə dair çıxarışların verilib-verilməməsi barədə, əgər verilmişdirsə bununla bağlı inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq Bakı şəhəri, Xətai ray., Gen.Şıxlinski küçəsində yerləşən 39 “B” nömrəli binada olan mənzillərin ilkin qeydiyyatdan keçməsinə əsas olan sənədlərin və çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Xətai ray., Gen.Şıxlinski küçəsində yerləşən 39 “B” nömrəli binada olan mənzillərə müxtəlif şəxslərin adına çıxarışlar verilsə də, həmin çıxarışların verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin deyil, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamları və həmin sərəncamlar əsasında verilmiş orderlər çıxış edir. Göründüyü kimi bir daha təsdiq edilir ki, sözügedən yaşayış binası Xətai Rayon İcra Hakimiyyətinin balansında deyil və onun həmin binada yerləşən mənzillərlə bağlı sosial kirayə müqaviləsi bağlamaq səlahiyyəti mövcud deyil. Bununla da iş materiallarından aydın olur ki, iddiaçı sübut qismində məhkəmə qətnamələrini təqdim edərək, sözügedən mənzilin xx.xx.1994-cü il tarixli orderə əsasən X3 ayrıldığını, daha sonra həmin şəxsdən mənzilin ona satıldığını və mənzilə dair istifadə hüququnun qeyd edildiyini və ailə üzvləri ilə birlikdə həmin mənzilə pasport qeydiyyatına alındığını bildirmişdir. Lakin həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Bundan əlavə, işin araşdırılmış hallarından göründüyü kimi, hazırki cavabdeh Xətai Rayon İcra Hakimiyyəti qeyd edilən tələbə cavab verməli inzibati orqan deyildir. Belə ki, həmin mənzilin, həmin mənzilin yerləşdiyi binanın Xətai rayon İcra hakimiyyətinin balansında olmaması, həmçinin, həmin binada yerləşən mənzillərə verilmiş çıxarışların verilməsinə əsas kimi Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncam və orderlərinin çıxış etməsi iddia tələbinin düzgün olmayan cavabdehə qarşı irəli sürülməsini aydın göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8821/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8821/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3510/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3510/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver