Məhkəmə qərarları › İş №2-1(103)-3511/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3511/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3511/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X16 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6115/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı X3 adına aparılmış qeydiyyatın və X3 adına verilmiş xx.xx.2005-ci il tarixli, seriya FM № 0 38131 saylı qeydiyyat vəsiqəsinin, eləcə də cavabdeh tərəfindən X3 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********7410301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Oktyabr Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsinə əsasən onun atası X10 1985-ci ildə vəfat etmiş Sona Əli qızından qalmış miras əmlakda 3/6 hissədə vərəsəlik payı müəyyən edilmişdir. Oktyabr Rayon Məhkəməsinin xx.xx.1989-cu il tarixli qətnaməsinə əsasən X4 mülkiyyətinə 1-ci mərtəbə y/otağı 9,1 kv.m., 9,3 kv.m., 8,1 kv.m., 12,7 kv.m., 10, 5 kv.m. və köməkçi sahələr ayaqyolu 1,1 kv.m, giriş 8,6 kv.m., mətbəx 2,6 kv.m, istifadəsiz parad və mətbəx 5,9 kv.m. ayrılmışdır. Onun atası X4 həmin sahələr üzərində mülkiyyət hüququ reyestr kitabında 9709 nömrə ilə qeydə alınaraq bu barədə onun adına xx.xx.1989-cu il tarixli 30/3088 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhər Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən Oktyabr Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsi ilə X6 ayrılmış payın ½ hissəsi ləğv edilmişdir. Oktyabr rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsinə əsasən üçüncü şəxs X3 atasının 1/6 hissədə payın müəyyən edilmişdir və həmin hissə üçüncü şəxs tərəfindən özgəninkiləşdirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən üçüncü şəxs X3 və digər şəxslərin adına onun atası X4 qalan payı nəzərə alınmadan xx.xx.2005-ci il tarixli, seriya FM № 038131 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin əsasında isə üçüncü şəxs X3 adına qalan hissədə pay göstərilməklə xx.xx.2023-cü tarixli **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh və üçüncü şəxslər tərəfindən onun mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının sözügedən məsələ ilə bağlı İdarəyə müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı şəkildə X1 (3 otaq), X5 (5 otaq), X2 (2 otaq) və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X3 (qalan hissə) mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, 43/27 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi X4 adına qeydiyyata alınmışdır. Lakin, Bakı şəhər Məhkəməsinin 1-ci instansiyaya dair Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 3-12 nömrəli, xx.xx.1996-cı il tarixli qərarına əsasən X4 fərdi yaşayış evinin 1/2 (3/6) hissəsi üzərində hüququ ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6115/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və inzibati işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6115/2025 saylı qərardadı qəbul edilərkən iddiaçının hüquqlarının müdafiəsinə təminat verilməmiş və işə birinci instansiya məhkəməsi tərəfindən qərəzli yanaşılmışdır. Belə ki, ədalət mühakiməsi qanuni və əsaslı məhkəmə aktı çıxarmamış, iddiaçının qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi qanunsuz olaraq təmin edilməmişdir.İlk öncə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə EMS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş iclasın başqa müvafiq günə keçirilməsini xahiş etsə də və həmin vaxtı başqa iclasın olması barədə sübutları əlavə edilsə də məhkəmə bunu nəzərə almamış və tələm-tələsik şəkildə qərardad qəbul etmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə sistemə məhkəmə sorğusu əsasında alınmış sənədlər yüklənmiş və həmin sənədlərin birindən müəyyən edilir ki, iddiaçının atası X4 adı ev sahibi kimi xx.xx.1981-ci il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda qeyd edilmişdir. Bu sənəd isə iddiaçının mülkiyyət huquqlarının dövlət qeydiyyatına alınması üçün birbaşa əsasdır və bu barədə iddia tələbinə dəqiqləşdirmənin verilməsi zəruridir. Göründüyü kimi hazırkı iş üzrə iddiaya münasibətdə ümumi mümkünlük şərti kimi iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı şərt tam ödənilir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdeh inzibati orqana da hazırkı tələblə bağlı xx.xx.2025-ci il tarixdə müraciət olunmuş və bu barədə sübutlar EMS vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Lakin bütün bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Oktyabr Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsi ilə X11, X12 və X17 xx.xx.1985-ci il tarixli vərəsəlik şəhadətnaməsi və həmçinin X7 ilə N.E.Babayev, E.Əşrəfova, M.E.Əhmədova arasında xx.xx.1986-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi və X11 ilə Babayev Natiq arasında bağlanmış bağışlama müqaviləsi ləğv edilmişdir. Sona Əli qızının nəvələri – X10 3/6 hissədə, X13 – 1/6 hissədə, X14 – 1/6 hissədə və X15 – 1/6 hissədə vərəsələri kimi qeydə alınmışdır. Oktyabr rayon Məhkəməsinin xx.xx.1989-cu il tarixli qətnaməsinə əasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İ mərtəbəsində 9.1 kv.metr, 9.3 kv.metr, 8.1 kv.metr, 12.7 kv.metr, 10.5 kv.metr və köməkçi sanitar (ayaqyolu) - 1.1 kv.metr, giriş 8.6 kv.metr, mətbəx – 2.6 kv.metr və 5.9 kv.metr X4 mülkiyyətində verilmişdir. Bakı şəhəri Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3-12 №-li, xx.xx.1996-cı tarixli qərarına əsasən Oktyabr rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsində X6 aid ½ hissə ləğv edilməsi qət edilmişdir. Eyni zamanda DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********57 cavab məktubunda göstərilmişdir ki, X4 adına Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, 43/27 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi qeydiyyatdan keçmişdir, lakin Bakı şəhər 1-ci İnstansiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 3- 12 nömrəli xx.xx.1996-cı il tarixli qərarına əsasən hüquqları ləğv edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbini irəli sürsə də, mübahisə predmeti olan əmlaka dair nə özünün, nə də atasının hər hansı hüququnun mövcudluğu ilə bağlı mötəbər dəlillərə (hüquqmüəyyənedici sənədlərə) istinad etməmiş və nə məhkəməyə, nə də inzibati orqana təqdim etməmişdir və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Məhkəmə kollegiyası bir məsələyə aydınlıq gətirir ki, iddiaçının heç bir hüquqmüəyyənedici sənədi olmadan istifadəsində olan hər hansı daşınmaz əmlaka dair hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə mahiyyəti üzrə qərar qəbul edilməsi mümkün olsa da, yəni belə bir iddiaya subyektiv hüququ olsa da, heç bir hüquqmüəyyənedici sənədi olmadan digər şəxsin adına olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi üçün subyektiv hüququ olmayacaqdır. Çünki həmin iddia üçün subyektiv hüquq mübahisə predmeti əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədlərə malik olduqda yaranır. Başqa sözlə, subyektiv hüquq baxımından qeyd edilən iddiaları eyniləşdirmək olmaz. Əks yanaşma, istənilən şəxsin heç bir hüquqmüəyyənedici sənədi olmadan digər bir şəxsin adına olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirmək imkanının tanınması ilə nəticələnəcəkdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan və iddiaçının özünün də istinad etdiyi Bakı şəhər Məhkəməsinin 1-ci instansiyaya dair Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 3-12 nömrəli, xx.xx.1996-cı il tarixli qərarına əsasən X4 fərdi yaşayış evinin 1/2 (3/6) hissəsi üzərində hüququ ləğv edilmişdir. Həmin qərarda göstərilmişdir ki, X4 Sona Əli qızı ilə qan qohumluğu barədə gətirdiyi dəlillər etibarsızdır, mübahisələndirilən ev üzərində mülkiyyət hüququnu qanunsuz əldə etmək məqsədilə iddiaçı anasının doğumu barədə saxta qeydiyyatların tərtib edilməsini təşkil etmiş və onun doğumuna dair saxta arayışları məhkəməyə təqdim etmişdir. Daha sonra qərarın əsaslandırma hissəsinin sonunda göstərilmişdir ki, iş üzrə daha əvvəl qəbul edilmiş Bakı şəhəri keçmiş Oktyabr rayonu Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarı onun ləğv edilməsinədək icra olunmuş və Z.V.Əliyevə Bakı şəhəri P.Montin və K.İsmayılov küçələrində yerləşən 43/27 nömrəli evin ½ hissəsinə mülkiyyət hüququna dair xx.xx.1988-ci il tarixli 30/1004 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Z.V.Əliyevin iddiası təmin edilmədiyindən A.R. MPM-in tələbinə uyğun olaraq xx.xx.1988-ci il tarixli qərarın icrasında dönüş edilməli və Z.V.Əliyevə verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilməlidir. Göründüyü kimi, X4 fərdi yaşayış evinin 1/2 (3/6) hissəsi üzərində hüququ məhkəmə qərarı ilə tam ləğv edilmişdir. İddiaçının xx.xx.1988-ci il tarixli qətnamə ilə X6 ayrılmış payın ½ hissəsinin ləğv edilməsi barədə dəlilləri tamamilə əsassız olmaqla yuxarıda qeyd edilənlərlə tam təkzib olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6115/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6115/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar