Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3514/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı “əmrin qismən, iddiaçıya aid hissədə ləğv olunması, analoji vəzifəyə təyin olunmağı, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-1(112)-5683/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Xidməti publik hüquqi şəxs) 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrinin ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Xidməti publik hüquqi şəxsdə işə bərpa olunmağının təmin olunması, 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdən 2011-ci il tarixədək Avtonəqliyyat Servis departamentində işləmişdir. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab X7 əsasən qeyd olunan departament əsasında Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmışdır və 2011-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək Dövlət Avtomobil Nəqliyyat Xidmətində işləmişdir. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli, 1463 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 3.2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Həmin Fərmanın 5.3- cü bəndinə əsasən Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün. Həmin Fərmanın 5.4- cü bəndində göstərilmişdir ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin. Dövlət Avtomobil Nəqliyyat Xidməti Azərbaycan Respublikasının Prezidentin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən faktiki olaraq digər nəqliyyat təşkilatları ilə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi çıxış edir. DANX faktiki olaraq ləğv olunmayıb, başqa nəqliyyat təşkilatlarına birləşib və onların əsasında publik hüquqi şəxs yaradılıb və bunun nəticəsində 25 oktyabr 2022-ci il tarixli, 97K əmr ilə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev qanunsuz olaraq onu işdən çıxarıb. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu verərək onu dövlət orqanının ləğv edilməsi əsası ilə elə həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdən dövlət qulluğuna xitam veriləcəyini bildirmişdir və həmin tarixdə də, yəni 25 oktyabr 2022- ci il tarixdə 97/k nömrəli əmr tərtib edərək dövlət orqanının ləğvi əsası ilə onu qanunsuz olaraq işdən çıxarmışdır. X10 Nəqliyyat Xidməti Azərbaycan Respublikasının Prezidentin Fərmanına əsasən faktiki olaraq digər nəqliyyat təşkilatları ilə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi çıxış edir. DANX faktiki olaraq ləğv olunmayıb, başqa nəqliyyat təşkilatlarına birləşib və onların əsasında publik hüquqi şəxs yaradılıb. Qeyd olunan dövlət orqanı başqa təşkilatlara birləşərək onların əsasında Yersüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yarandığı üçün dövlət orqanının ləğvi əsası ilə işdən çıxarıla bilməzdi. Hazırki iş üzrə Mülki Məcəllənin 56.1-ci maddəsi və 59.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən “Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinin mənasına görə DANX-ın hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxsə - Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün dövlət orqanın ləğvi əsası ilə işdən çıxarıla bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Mülki Məcəllənin 56.1-ci maddəsinin mənasından da görünür ki, DANX-ın hüquq və vəzifələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsə keçmişdir, ona görə də Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsdə əvvəlki vəzifəsinə uyğun işə keçirilməli idi, lakin Yerüstü Nəqliyyat Agentliyində əvvəlki vəzifəsinə uyğun iş təklif edilməmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticəsiz qalmışdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, mediasiya üçün tərəfindən 50 manat pul ödənilmişdir və mediasiya prosesinə xitam verilməsi haqqında 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mediasiya prosesindən imtina etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (OMBUDSMAN), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə, Yeni Azərbaycan Partiyasına şikayətlər etsə də, heç bir nəticə əldə etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14.1-ci maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Xidməti publik hüquqi şəxs) 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi” barədə əmrinin ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi Azərbaycan Yerüstü Nəqliyyat Xidməti publik hüquqi şəxsində işə bərpa olunmağının təmin olunması, 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dövlət Avtomobil Nəqliyyat Xidməti əvvəllər inzibati orqan olduğu üçün və işdən çıxarılma əmri Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən qəbul edildiyi üçün, iddiaçı dövlət qulluqçusu olduğuna görə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə verilmişdir. Dövlət Avtomobil Nəqliyyat Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2022-ci il tarixli 129 nömrəli Qərarı ilə X2ndan çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər X9 Təhlükəsizliyi Komissiyası haqqında” 1994- cü il 3 mart tarixli 93 nömrəli, “X2”nın təqdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli 136 nömrəli 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 04 aprel 2022-ci il tarixli 129 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikası Nazirlər X9 təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiya üzvləri” bölməsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat X4 sədri” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2022-ci il tarixli 179 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan Dövlət Avtomobil Nəqliyyat Xidməti çıxarılmışdır və həmin siyahının 20-ci hissəsi yeni redaksiyada verilmişdir. Dövlət Avtomobil Nəqliyyat Xidməti əvəzinə Yerüstü Nəqliyyat Xidməti əlavə edilmişdir. Dövlət Avtomobil Nəqliyyat Xidməti “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan 30 aprel 2022-ci il tarixdə çıxarılmışdır və onun yerinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 sentyabr 2022-ci il tarixli, 1842 nömrəli Fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmişdir. Göründüyü kimi Dövlət Avtomobil Nəqliyyat Xidməti 04 aprel 2022-ci il tarixdə X2 Siyahısından çıxarıldığı üçün, 30 aprel 2022-ci il tarixdə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarıldığı üçün və onun əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradıldığı üçün, Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi 2022-ci ilin sentyabr ayında təsdiq edildiyi üçün DANX-ın dövlət qulluğuna xitam verilməsinə dair 25 oktyabr 2022-ci il tarixli əmri qanunsuzdur və ləğv olunmalıdır. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, 04 aprel 2022-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Dövlət Avtomobil Nəqliyyat Xidməti X2ndan çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 may 2022-ci il tarixli, 1691 nömrəli qərarına əsasən Dövlət Avtomobil Nəqliyyat Xidməti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturundan çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər X9 təhlükəsizliyi Komissiyası haqqında" 1994- cü il 3 mart tarixli 93 nömrəli və "Yolların müvəqqəti bağlanması və bu sahədə digər təbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın təsdiq edilməsi haqqında" 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 aprel 2022-ci il tarixli 129 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli, 277 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"ndan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti” və “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələri” sözləri çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli, 1842 nömrəli Fərmanına əsasən Dövlət Avtomobil Nəqliyyat Xidməti haqqında Əsasnamə ləğv edilmişdir. Dövlət Avtomobil Nəqliyyat Xidməti X2ndan 04 aprel 2022-ci il tarixdə çıxarıldığı halda, 04 aprel 2022-ci il tarixdə "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"ndan çıxarıldığı halda, ”24 may 2022-ci il tarixdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin strukturundan çıxarıldığı halda, 08 sentyabr 2022-ci il tarixdə Xidmətin Əsasnaməsi ləğv olunduğu halda, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi olmuş cənab Anar Rzayev 14 sentyabr 2022-ci il tarixdən isə Azərbaycan Yerüstü Nəqliyyat X4 sədri olduğu halda onun tərəfindən 25 oktyabr 2022- ci il tarixdə işdən çıxarma əmrinin verilməsi qanunsuzdur. Ona görə də həmin əmr iddiaçıya aid hissədə ləğv olunmalıdır və iddiaçı işə bərpa olunmalıdır. İddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə təqdim edərək bildirmişdir ki, “Əmək müqavilələrinin ləğv edilməsi barədə” 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli Əmrdən çıxarışda iddiaçının hüquqları izah olunmadığı üçün əmrdən 1 ay ərzində şikayət vermək hüququnun olması barədə iddiaçının xəbəri olmamışdır. Çünki bu barədə qeyd əmrdən çıxarışda aparılmamışdır, hansı orqana müraciət etmək hüququnun olması iddiaçıya əmrdən çıxarışda izah olunmamışdır. 25 oktyabr 2022-ci il tarixli əmrdən 1 ay ərzində şikayət vermək müddəti keçməmiş, iddiaçı 21 noyabr 2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təkliflə qarşı tərəfə müraciət edib, mediasiya prosesi təşkil olunub, cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 dekabr 2022-ci il tarixli arayış verilib. Cavabdehin nümayəndəsi öz etiraz ərizəsində qeyd edir ki, guya hazırkı işlər üzrə mediasiya keçirilə bilməz. Nümayəndə “Mediasiya haqqında” Qanunun 21-ci maddəsinə istinad edir, halbuki həmin Qanunun 30-cu maddəsində göstərilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər.” Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrin mediasiya vasitəsi ilə həll olunmasını qadağan etmir. "Mediasiya haqqında" Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Göründüyü kimi, mediasiya prosesi iddia müddətinin dayandırılması üçün əsasdır. İcraatda olan iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə 30 dekabr 2022-ci il tarixdə verilib. Nərimanov Rayon Məhkəməsinə müraciət edilən iddia ərizəsi isə geri götürülüb və bu barədə qərardad qəbul olunub. Bundan başqa, iddiaçı tərəfindən pozulmuş əmək hüquqlarının bərpası, işə düzəlmə və s. barədə 28 dekabr 2022-ci il tarixdə yuxarı orqana şikayət verilmişdir və yuxarı orqanın 16 yanvar 2023-cü il tarixli cavab məktubuna əsasən iddiaçının şikayəti təmin olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 59.1.5-ci maddəsinə əsasən “həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat” — yazılı inzibati aktda əks olunmalıdır. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktdan çıxarışdan (əmrdən) görünür ki, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan haqqında məlumat əmrdən çıxarışda göstərilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 59.1.5-ci maddəsinin tələbi pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsində göstərilib ki, “İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər." İddiaçının yuxarı orqana verdiyi şikayət də yuxarı orqan tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia "... şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... " qaldırıla bilər. Cavabdeh etirazda qeyd edir ki, Cavabdeh Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil. Halbuki, tərəfindən Dövlət Vergi Xidmətinə sorğu verilmişdir və oradan verilmiş 03 mart 2023-cü il tarixli cavab məktubunda qeyd olunub ki, Cavabdeh publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında yaradılmışdır. X14 Nəqliyyat Xidməti ləğv olunub yenidən qurulmasaydı, onda Vergi Xidməti cavab məktubunda yazardı ki, Dövlət Avtomobil Nəqliyyat Xidməti ləğv olunub və onun əsasında heç bir hüquqi şəxs yaradılmayıb. Lakin cavabdan da görünür ki, Yerüstü Nəqliyyat Agentliyi DANX-ın əsasında yarandığı üçün cavabdeh kimi Yerüstü Nəqliyyat Agentliyi çıxış etməlidir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində, həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalamışdır. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman (1462 və 1463) imzalanaraq hüquqi forması publik hüquqi şəxs olan iki Agentlik yaradılmışdır. Bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri – yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. İddiaçının vəkili iddia ərizəsinin iddiasının hüquqi əsası kimi, Mülki Məcəllənin 56.1-ci və 59.1-ci maddələrinə istinad etmiş və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin tabeliyində Cavabdehn (bundan sonra - Agentlik) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (bundan sonra - Xidmət) hüquqi varisi olmasını qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-1(112)-5683/2023 saylı qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-1(112)-5683/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Yerüstü Nəqliyyat Agentliyinin 12 iyun 2023-cü il tarixli məhkəməyə olan cavab məktubunda Yerüstü Nəqliyyat Agentliyi iddiaçının işdən azad edilmə barədə əmrinin surətini məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edir. Əgər cavabdeh DANX-ın hüquqi varisi deyilsə onda necə olur ki, işdən çıxma əmri Yerüstü Nəqliyyat Agentliyinin özümdə saxlanılır? Necə olur ki, iddiaçının işdən çıxma əmrini cavabdeh- Agentlik özü təqdim edir məhkəməyə? 30 mart 2023-cü il tarixdə "bir biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi barədə" vəsatətlə müraciət olunsa da, məhkəmə həmin vəsatətə münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 56.3-cü maddəsinə görə məhkəmə vəsatətlərinə qərardadla münasibət bildirməli idi, lakin münasibət bildirməmiş və İPM-nin 56.3-cü maddəsinin tələbini pozmuşdur. 10 mart 2023cü il tarixdə məhkəməyə vəsatət verilərək Yerüstü Nəqliyyat Agentliyin sədri cənab Anar Rzayevin hansı tarixdən Dövlət Avtomobil Nəqliyyat Agentliyindən azad olunması barədə məlumatların tələb edilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə həmin vəsatətlərinə heç bir münasibət bildirməmişdir. Məhkəmə iddiaçının vəsatəti ilə digər zəruri sübutları toplamağa borclu olduğu halda buna əməl etməmiş və nəticədə Azərbaycan Respublikası İPM-nin 12.2-ci maddəsinin tələbləri pozulmuşdur. 17 noyabr 2022-ci il tarixli mediasiyanın 2 saylı Mediasiya Təşkilatında keçirilməsi təklifi ilə cavabdehə müraciət edib. Cavabdeh də həmin təklif məktubuna cavab olaraq bildirib ki, mediasiya 2 saylı Mediasiya Təşkilatında deyil başqa Təşkilatda keçirilsin. Əgər cavabdeh DANX-ın hüquqi varisi deyilsə onda necə olur ki, mediasiya prosesinin keçirilməsinə razılıq verir? Vergi Xidməti tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Yerüstü Nəqliyyat Agentliyi Dövlət Avtomobil Nəqliyyat Xidməti əsasında yaradılmışdır. Əgər Yerüstü Nəqliyyat Agentliyi DANX-ın əsasında yaradılmasa idi onda bu barədə Vergidə məlumat olmazdı. Yerüstü Nəqliyyat Agentliyi DANX-ın hüquqi varisi olduğu üçün, DANX hüquqi şəxs kimi yenidən təsis olunduğu üçün məhz ona görə də DANX-ın sədri AYNA-nın sədri təyin edilmişdir, məhz ona görə də Vergi Xidməti də cavab verir ki, Yerüstü Nəqliyyat DANX-ın əsasında yaradılıb. DANX-ın rəhbəri tərəfindən qəbul edilmiş 22 oktyabr 2022-ci il tarixli əmr birmənalı şəkildə qanunsuz inzibati aktdır. Belə ki, DANX-ın Əsasnaməsi 08 sentyabr 2022-ci il tarixdə ləğv edilmişdir. DANX dövlət orqanlarının siyahısından çıxarılmışdır, ona görə də DANX adından 22 oktyabr 2022-ci il tarixdə əmr qəbul edilə bilməzdi, həmin əmr 08 sentyabr 2022-ci il tarixə kimi qəbul edilməli idi. 08 sentyabr 2023cü il tarixdən etibarən DANX-ın rəisi cənab Anar Rzayevin Xidmətin adından əmr qəbul etmək səlahiyyəti olmamışdır. Əmək müqavilələrin ləğv edilməsi barədə 22 oktyabr 2022ci il tarixli əmr 08 sentyabr 2022-ci il tarixdən əvvəl qəbul olunsa idi onda o əmrin qanuni olmasından söhbət gedə bilərdi, lakin həmin əmr DANX dövlət orqanlarının siyahısından çıxarıldıqdan sonra və Əsasnaməsi ləğv olunduqdan sonra qəbul edildiyi üçün hüquq pozuntusu baş vermişdir. Ona görə də həmin əmr açıq aşkar qanunsuz inzibati aktdır. Cavabdeh apelyasiya şikayətinə qarşı etirazla məhkəmə kollegiyasına müraciət edərək Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-1(112)-5683/2023 saylı inzibati iş üzrə qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməyib, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, əmrin ləğvinə dair iddia İPM-in 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İPM-in 38-ci maddəsinin tələblərinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinin ləğv edilməsi barədə 97/k nömrəli əmr xx.xx.2022-ci il tarixdə verilmiş və həmin əmr iddiaçıya sənədlərin təqdim edilməsi qeydiyyatının aparıldığı kitabda imzalamaqla xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddia ərizəsi isə 12 yanvar 2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçmişdir. Apelyasiya şikayətində isə müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı dəlil göstərilməmiş, o cümlədən apelyasiya baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkün olmaması ilə bağlı isə aşağıdakiları bildirir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. İddiaçı əmrin mübahisələndirilməsi üçün 30 günlük prosessual müddəti, həmçinin İPM-nin 24-cü maddəsinə əsasən prosessual müddətin bərpası barədə ərizə verilməsi üçün 1 illik müddəti ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-1(112)-5683/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3514/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3514/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver