Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3514/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1929/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15/519 saylı, xx.xx.1989-cu il tarixli qərarına, həmin qərara 4 saylı əlavəyə və 07 iyun 1990-cı il tarixli, 12 saylı orderə əsasən atası X3 Bakı şəhəri Ləhic Bağları 5143-cü ünvanda verilmiş 0,12 hektar bağ sahəsinə olan hüququnun (orderin) ləğv edilərək həmin bağ sahəsinin digər şəxsin adına keçirilməsi barədə qəbul edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamının atası X3 aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və həmin inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-1929/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15/519 saylı, xx.xx.1989-cu il tarixli qərarı və həmin qərara 4 saylı əlavəyə, 07 iyun 1990-cı il tarixli, 12 saylı orderə əsasən atası X3 Bakı şəhəri Ləhic Bağları 5143-cü ünvanda 0,12 ha bağ sahəsi verilmişdir, atası həmin bağ sahəsindən 2007-ci il tarixinə kimi istifadə etmişdir və xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra iddiaçı Bakı şəhəri 6 saylı Notariat kontorunda atası X2 1-ci növbəli qanuni vərəsəsi kimi müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfindən 1-ci növbəli vərəsə kimi həmin bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir və ona verilən cavabda həmin bağ sahəsinə dair hüququnun qeydiyyata alınmasından imtina edilərək, imtinanın əsası kimi həmin bağ sahəsinin müqavilə əsasında digər şəxsin istifadəsinə verildiyi göstərilmişdir, lakin göstərilən məlumat tam və ətraflı olmamışdır. İddiaçı tərəfindən vəkillə müqavilə bağlanmışdır və vəkil tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilən sorğuya xx.xx.2022-ci il tarixli cavabda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı ilə atası X2 Bakı şəhəri Ləhic Bağları 5143-cü ünvanda yerləşən 0,12 ha bağ sahəsinə olan hüququnun (orderin) ləğv edilərək həmin bağ sahəsinin müqavilə əsasında digər şəxsin istifadəsinə verildiyi bildirilmişdir. Bu məlumat əldə edildikdən sonra onun tərəfindən Bakı İnzibati Məhkəməsinə Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15/519 saylı, xx.xx.1989-cu il tarixli qərarına, həmin qərara 4 saylı əlavəyə və 07 iyun 1990-cı il tarixli, 12 saylı orderə əsasən atası X3 Bakı şəhəri Ləhic Bağları 5143-cü ünvanda verilmiş 0,12 ha bağ sahəsinə olan hüququnun (orderin) ləğv edilməsinə dair cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının qanunsuz hesab edilərək ləğv edilməsi və həmin inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi verilmişdir və həmin iş Bakı İnzibati Məhkəməsinin icraatında olmuşdur. Bakı İnzibati Məhkəməsində xx.xx.2023-cü il tarixidə keçirilən iclasda məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı və xx.xx.2003-cü il tarixli 547 nömrəli sərəncamı elan olunmuşdur. Bu zaman iddiaçıya məlum olmuşdur ki, atasının qeyd edilən bağ sahəsinə hüququ Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı ilə deyil, xx.xx.2003cü il tarixli 547 nömrəli sərəncamı ilə ləğv edilmişdir və həmin sərəncamla atasının qeyd edilən bağa hüququnun ləğv edilməsinin əsası kimi atasının notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin olduğu göstərilmişdir. Bundan sonra xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının qanunsuz hesab edilərək ləğv edilməsi və həmin inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının baxılmamış saxlanılması barədə iddiaçı tərəfindən məhkəməyə ərizə verilmişdir, eyni zamanda Bakı İnzibati Məhkəməsinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 547 nömrəli sərəncamının qanunsuz hesab edilərək ləğv edilməsi və həmin inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi verilmişdir. Həmin inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olmuşdur və Məhkəmənin sorğusuna verilən cavablarla atasının qeyd edilən bağa hüququnun ləğv edilməsinin əsası göstərilən atasının notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin olmadığı müəyyən edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadla iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiasının mümkün sayılmamasının əsası kimi İPM-nin 38.1-ci maddəsinə istinad edilərək xx.xx.2003-cü il tarixli sərəncamın qəbul edildiyi tarixdən 20 il keçdikdən sonra iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi, bununla da qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxdığı üçün iddianın mümkün sayılmamalı olduğu göstərilmişdir. İddiaçının xx.xx.2003-cü il tarixli sərəncam barədə məlumatı olmamışdır və onu əldə edə bilməmişdir, məhkəmənin sorğusu əsasında həmin sərəncam əldə edildikdən sonra xx.xx.2023-cü il tarixində həmin sərəncam barədə məlumatı olmuşdur və onun məzmunu ilə tanış olmuşdur, bundan 1 ay keçmədən xx.xx.2023-cü il tarixdə məhkəməyə mübahisələndirməyə dair iddia vermişdir, bu səbəbdən iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və onun iddia müddətini 20 il buraxmağı barədə məhkəmənin gəldiyi nəticə düzgün deyildir. İPM-nin 38.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mövcud vəziyyətdə iddiaçının xx.xx.2003-cü il tarixli sərəncam barədə məlumatı olmamışdır və onu əldə edə bilməmişdir, məhkəmənin sorğusu əsasında həmin sərəncam əldə edildikdən sonra xx.xx.2023-cü il tarixində həmin sərəncam barədə məlumatı olmuşdur və onun məzmunu ilə tanış olmuşdur, bundan 1 ay keçmədən xx.xx.2023-cü il tarixdə mübahisələndirməyə dair iddia vermişdir, bu səbəbdən onun tərəfindən iddia müddəti buraxılmamışdır və onun iddia müddətini 20 il buraxmağı barədə nəticəyə gəlməklə məhkəmə tərəfindən qeyd edilən prosessual hüquq norması pozulmuşdur. İddiaçının xx.xx.2003-cü il tarixli sərəncam barədə məlumatı olmamışdır və onu əldə edə bilməmişdir, məhkəmənin sorğusu əsasında həmin sərəncam əldə edildikdən sonra xx.xx.2023-cü il tarixində həmin sərəncam barədə məlumatı olmuşdur və onun məzmunu ilə tanış olmuşdur, bundan 1 ay keçmədən xx.xx.2023-cü il tarixdə mübahisələndirməyə dair iddia vermişdir, bu səbəbdən onun tərəfindən iddia müddəti buraxılmamışdır, bununla da onun iddia müddətini 20 il buraxmağı barədə məhkəminin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamının atası X3 aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsini tələb edir. Yəni hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı cavabdehin xx.xx.2003-cü il tarixdə qəbul edilmiş sərəncamının ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının mübahisə etdiyi Qərar 2003-cü ildə qəbul edilmişdir. Həmin Qərarın qəbul edilməsindən 19 ildən çox müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında (iş mat. səh. 82) mübahisəli bağ sahəsinə təxminən 2015-2016-cı illərdə gedərkən həmin bağ sahəsinin başqa şəxsə verildiyinin müəyyən edildiyini bildirir. Belə olan halda iddiaçı artıq öz hüququnun pozulduğunu həmin vaxt bilmişdir. Bundan başqa, iddiaçı tərəf əvvəlcə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamını mübahisələndirdiyini və həmin işin gedişatı zamanı cavabdehin qeyd edilən sərəncamından məlumatlı olduğunu və bundan sonra hazırkı iddianı qaldırdığını bildirmişdir. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamının ləğv edilməsi barədə iddiası xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Həmin iş məhkəmənin icraatında olduğu vaxt, yəni xx.xx.2023-cü ildə iddiaçının hazırkı iddiası məhkəməyə daxil olmuşdur. İddiaçı sonradan birinci iddiasını geri götürmüş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır (iddiaçının ərizəsi əsasında). İddiaçının özü tərəfindən surəti iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamı ilə xx.xx.1969-cu il təvəllüdlü X4 Ləhiş bağ massivində 5143 saylı bağ sahəsi ayrılmışdır, həmin sərəncam əsasında Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,10 ha-dan ibarət 5143 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında keçmiş X1 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 32160 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. İddiaçının Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamını mübahisələndirdiyi iddia ərizəsində iddiaçı məhz cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubu əldə etdikdən sonra iddiaçının Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli və xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamlarından məlumatı olmuş, xx.xx.2023-cü ildə məhkəmədə iddia qaldıraraq xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı mübahisələndirmişdir. Lakin sonradan fikrini dəyişərək iddia ərizəsini geri götürmüş və hazırkı iddianı irəli sürmüşdür. Bununla o, yenə xx.xx.2003-cü il tarixli sərəncamı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddəti buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1929/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3514/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3514/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver