Məhkəmə qərarları › İş №2-1(103)-3514/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3514/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3514/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5374/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən İddiaçı adına verilmiş 107819 *** **** nömrəli “Hüquqşünaslıq” ixtisası üzrə 23 dekabr 2016-cı il tarixli bakalavr diplomuna dair kvalifikasiyanın Azərbaycan Respublikası ərazisində tanınması və tanınma barədə şəhadətnamənin verilməsi vəzifəsinin TKTA-nın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən TKTA müraciət edərək, Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən 107819 *** **** nömrəli “Hüquqşünaslıq” ali peşə ixtisas dərəcəsi üzrə ona verilmiş 23 dekabr 2016-cı il tarixli bakalavr pilləsinə dair xarici kvalifikasiyanın Azərbaycan Respublikası ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin onun müraciətinin baxılmasına dair cavabdeh qurum TKTA tərəfindən qəbul edilmiş imtina aktında göstərilmişdir ki, “ərizəçinin müraciətinə baxılaraq, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cu il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalıfıkasiyalarının tanınması Qaydaları” nın 3.10.1-ci və 4.1.4cü bəndlərinə əsasən, ali təhsilin bakalavrıat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasıya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir Eyni zamanda sözügedən qaydaların 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi uzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması vurğulanmışdır. O, təhsil hüququnu universitetin daxili nizamnaməsinə və təhsil aldığı ölkənin qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirərək bütün imtahan sessiyalarında iştirak etmişdir. O, ixtisasına dair tədris olunan fənnləri qiyabi təhsilalma forması üzrə almışdır. Belə ki, həmin dönəmdə o eyni zamanda işlədiyi üçün, universitet rəhbərliyinin qiyabi formada təhsil alan xarici tələbələr üçün qabaqcadan müəyyən etdiyi davamiyyət qrafiki üzrə çağırılaraq tədrisə cəlb olunmuşdur. Bu barədə çağırış vərəqələri mövcuddur, iddiaçıya təqdim olunan 107819 *** **** nömrəli diploma əlavənin 3-cü hissəsindən müəyyən olunur. O, təhsil aldığı müddətdə təhsil proqramı çərçivəsində ona tədris olunan 54 (əlli dörd) əsas sahəvi fənləri, həmçinin istehsalat təcrübəsini uğurla keçmiş və yekun dövlət imtahan komissiyasının qərarı ilə ona “Hüquqşünaslıq” ixtisası üzrə ali peşə ixtisas dərəcəsi verilmişdir. 5 oktyabr 1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya əsasən, qeyd olunan sənədlər Rusiya Federsiyasının səlahiyyətli qurumu tərəfindən apostil möhürü ilə təsdiq edilmişdir. Onun aldığı təhsilin ümumilikdə tədris normativi üzrə müddəti Azərbaycan Respublikasında tədris olunan analoji ixtisasın təhsil müddətinə uyğundur. Belə ki, cavabdeh qurum onun tədris yükünün yerinə yetirməyini təhsil aldığı ölkədə qısa müddətdə olması” ilə qiymətləndirə bilməz. Bununla bağlı nəzərə almaq lazımdır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması ilə bağlı dəlil özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Ali Məhkəmə qeyd etmişdir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırki mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə əlahiddə olaraq deyil, onun təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsinin artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız Agentliyin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən qıraqda (auditoriyadan kənar) tədris olunan fənnlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır Bundan əlavə, Ali Məhkəmə bildirmişdir ki, təhsilalanlar tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müdddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır və iddia tələbi təmin olunmalıdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5374/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinə qarşı münasibət bildirilməsi üçün İnzibati-Prosessual Məcəllənin 47 və 49-cu maddələrinin tələblərinə əsasən sərəncam verilmiş və icra edilməsi üçün cavabdeh quruma göndərilmişdir. Cavabdeh qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi sərəncamın icrası ilə bağlı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə mahiyyəti üzrə öz münasibətini bildirərək etiraz təqdim etmişdir. Cavabdehin etirazı ilə tanış olduqda görünür ki, kifayət qədər hərtərəfli təhlil olunaraq geniş yazılmış bu etirazın heç bir bəndində inzibati aktın vaxtında iddiaçıya təqdim olunması ilə bağlı konkret bir müddəa nəzərdə tutulmamışdır və mümkünsüzlük ilə bağlı heç bir istinadına rast gəlinməmişdir. İddia tələbinə qarşı mahiyyəti üzrə münasibət bildirdikdən 2 (iki) aydan artıq müddət keçdikdən sonra, cavabdeh qurum inzibati aktın qəbul olunması barədə məlumat verilməyə dair tutarlı və təkzibolunmaz sübutlar təqdim etmək əvəzinə, vəsatətlə çıxış edərək iddia tələbinin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən mümkünsüz hesab edilməsini bildirmişdir. Lakin qeyd edilməlidir ki, iddiaçı xaricdə əldə olunan təhsil sənədinin tanınması ilə bağlı Elm və Təhsil Nazirliyininin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 2 (iki) dəfə müraciət etmişdir. O sözügedən hər iki müraciəti şəxsən özü deyil, başqa şəxslərin köməkliyi vasitəsilə etmişdir. Bu hallara dair məhkəmənin hazırlıq iclaslarında geniş izahat verilərək, bildirimişdir ki, iddiaçının barəsində qəbul olunmuş qərardan lazımi qaydada məlumatlandırılmaması ondan asılı olmayan obyektiv səbəblərdən baş vermişdir. Həmçinin təkrar cavabdeh qurumun sorğuya cavabı alındıqdan sonra məhkəməyə müraciət edildiyi bir daha diqqətə çatdırılmışdır. Bununla bağlı bəzi məsələlərin “İnzibati icraat haqqında” və publik hüquq sahəsinə aid və tətbiq edilən digər Azərbaycan Respublikası xüsusi qanunlarının, eyni zamanda İnzibati Prosessual Məcəllənin də tələblərindən irəli gələrək Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62-ci maddəsi, inzibati icraatda maraqlı şəxslərə inzibati aktın qəbul edilməsi haqqında məlumatın verilməsi qaydasını tənzimləyir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Belə ki, məlumat verilmə təkcə inzibati orqanın vəzifəsi ilə yanaşı eyni zamanda hüquqi qüvvəsi və etibarlılığı üçün də ilkin şərt hesab olunur. Çünki inzibati aktın qəbul edilməsi haqqında məlumatın maraqlı şəxsə rəsmi çatdırıldığı və ya məlum olduğu andan inzibati akt hüquqi qüvvəsini alır, bu ana qədər inzibati akt sadəcə olaraq inzibati orqanın daxili tədbiri kimi qəbul edilir. Hüquqi qüvvəni müəyyən etmək xüsusiyyətindən başqa, məlumatın verilməsi şikayət və iddia müddətlərinin axımının başlanması anını da müəyyən edir. Göründüyü kimi məlumat verilmə 62-ci maddəyə əsasən ümumi anlayışdır. O, özündə müxtəlif məlumat vermə formalarını, yəni birbaşa elan etmək, təqdim etmək və ya dərc etməyi ehtiva edir. İnzibati orqan məlumat verilmənin formasını seçərkən, onu nəzərə almalıdır ki, hansı formadan istifadə maraqlı şəxslərin inzibati aktdan lazımi qaydada məlumat almaq imkanı verir. Bir qayda olaraq məlumat verilmə anı kimi inzibati aktın “çatdığı” an hesab olunur. Bu anın müəyyən olunması məhkəmə icraatı zamanı praktikada bəzən çətinliklər törədir. Çünki məhz bu an hüquqi müddətlərin axımının başlanmasını müəyyən edən andır. Bu cür çətinliklərin aradan qaldırılması üçün yazılı və elektron inzibati aktların çatdırılması ilə bağlı xüsusi qanunlarda daha dəqiq normalar nəzərdə tutulmalıdır. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələbinə görə qəbul edilmiş inzibati akt maraqlı şəxsə təqdim edilmədən əvvəl hüquqi cəhətdən ümumiyyətlə mövcud olmur. İnzibati akt icraatı aparan qurumun özü üçün də ancaq təqdim edilmədən sonra hüquqi bağlılıq yaradır. Amma hər bir halda hüquqi mövcud olma mərhələsi ilə hüquqi bağlılıq yaratmaq mərhələsi arasında fərqləndirmə mütləq aparılmalıdır. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı bir inzibati aktın təqdim edilməsi barəsində mübahisə mövcuddursa, rəsmi məlumat verilmənin sübut edilməsi vəzifəsi qanunvericiliklə inzibati orqanın üzərinə düşür. İnzibati orqan icraat zamanı yol verilən bütün sübut vasitələri ilə sübutetməni həyata keçirməlidir. Sübutların qiymətləndirilməsi zamanı inzibati aktın ünvanlandığı şəxslərin də izahatları və onların izahatlarının nə dərəcədə inandırıcı olması nəzərə alınmalıdır. Belə olan halda, əgər cavabdeh qurumun araşdırması ilə inzibati aktın ərizəçiyə çatdırılması sübut olunmursa, onda inzibati qurum maraqlı şəxsin inzibati aktı gec alması (və ya ümumiyyətlə almaması) haqqında izahatını həqiqət kimi qəbul etməlidir. Başqa sözlə, əgər inzibati orqan təqdim edilməni sübut edə bilmirsə və bu qüsuru aradan qaldırmaq mümkün deyildirsə, onda yeganə vasitə kimi inzibati aktın yenidən təqdim edilməsi ilə qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirməlidir. İnzibati aktın təqdim edilməsinin icraat prinsiplərinin və ya qaydalarının pozulması ilə həyata keçirilməsi bir qayda olaraq maraqlı şəxslərə münasibətdə qüsurlu təqdim etmə kimi qiymətləndirilir və bu səbəbdən də hüquqi cəhətdən heç bir əhəmiyyətə malik olmur və qanunazidd hesab olunur. Əgər qanunla müəyyən edilmiş qaydada təqdim etmə və ya məlumat verilmə həyata keçirilmirsə, onda maraqlı şəxslər üçün inzibati akt hələ də inzibati idarəçiliyin daxili tədbiri kimi qalmaqda davam edir. Qüsurlu təqdim etmə icraat normalarının, hüququn ümumi prinsiplərinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən olunmuş qaydaların pozulması ilə həyata keçirilən təqdim etmə sayılır. Tərəflərin izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İŞİN HALLARİ:

8. TKTA-nın “Xarici dövlətin ali təhsilə aid kvalifikasıyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli, № NA00017612 saylı qərarında göstərilmişdir ki; Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəyi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən qərara alındı:

1. Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin.

2. Qərar məlumat üçün ərizəçiyə təqdim edilsin.

3. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.

14. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mövcud hallarının yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir.

15. Birinci instansiya məhkəməsi iddianın mümkün hesab edilməməsi ilə bağlı gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, “...qüvvədə olmuş qanunvericilik inzibati aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hazırki mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə müraciət etmək hüququnun olmadığını göstərir.”

16. Kollegiya məhkəmənin hazırkı iş üzrə yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən müraciətin nəticəsi barədə məlumat əldə olunması məqsədilə xx.xx.2024-cü il tarixində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müvafiq vəkil sorğusu ünvanlanmış, bundan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-29-61/2-576/2024 saylı məktub ilə cavab verilərək xx.xx.2023-cü il tarixli elektron inzibati aktın surəti və qoşma sənədlər təqdim edilmişdir. Həmin məktubu iddiaçı xx.xx.2024-cü il tarixdə almışdır.

18. Hazırda iddiaçı o mövqedən çıxış edir ki, mübahisləndirilən inzibati akt barədə məhz xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur.

19. Həmçinin iddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin sərəncamının icrası ilə bağlı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə mahiyyəti üzrə öz münasibətini bildirərək etiraz təqdim etmişdir. Cavabdehin etirazı ilə tanış olduqda görünür ki, kifayət qədər hərtərəfli təhlil olunaraq geniş yazılmış bu etirazın heç bir bəndində inzibati aktın vaxtında iddiaçıya təqdim olunması ilə bağlı konkret bir müddəa nəzərdə tutulmamışdır və mümkünsüzlük ilə bağlı heç bir istinadına rast gəlinməmişdir. İddia tələbinə qarşı mahiyyəti üzrə münasibət bildirdikdən 2 (iki) aydan artıq müddət keçdikdən sonra, cavabdeh qurum inzibati aktın qəbul olunması barədə məlumat verilməyə dair tutarlı və təkzibolunmaz sübutlar təqdim etmək əvəzinə, vəsatətlə çıxış edərək iddia tələbinin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən mümkünsüz hesab edilməsini bildirmişdir.

20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlili ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli inzibati aktın İddiaçı təqdim edilməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir.

21. Ümumiyyətlə, cavabdeh tərəfindən həmin inzibati akt qəbul edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraatın aparılması, bu barədə iddiaçının məlumatlarındırılması, onun dinlənilmə hüququnun təmin edilməsi və qəbul edilmiş inzibati aktın ona təqdim edilməsi (və ya qəbul edilmiş inzibati akt barədə məlumatının olması) hallarını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir.

22. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

23. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

24. Göründüyü kimi inzibati aktın təqdim edilməsi barəsində mübahisə mövcuddursa, rəsmi məlumat verilmənin sübut edilməsi vəzifəsi qanunvericiliklə inzibati orqanın üzərinə düşür. Əgər inzibati orqan təqdim edilməni sübut edə bilmirsə və bu qüsuru aradan qaldırmaq mümkün deyildirsə, onda inzibati aktın yenidən təqdim edilməsi vasitəsilə qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

25. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqəlidir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

27. Qanunvericiliyin tələblərindən müəyyən olur ki, iddia qaldırmaq üçün müddət axımı inzibati aktın təqdim olunduğu andan başlayır, lakin işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən inzibati akt iddiaçıya təqdim edilməmişdir.

28. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 34.1ci maddəsinə əsasən ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

29. Qanunun tələbindən göründüyü kimi, eyni əsas üzrə inzibati orqan tərəfindən əvvəllər qəbul olunmuş qərarın mövcud olması ərizənin baxılmamış saxlanılması üçün əsasdır.

30. İş materiallarından isə müəyyən olur ki, iddiaçı əvvəllər xarici dövlətdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə mürəciət etmiş və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina barədə qərar qəbul olunmuşdur. Daha sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən eyni tələblə cavabdehə müraciət olunmuş, lakin inzibati orqan tərəfindən ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməmiş, cavab olaraq iddiaçıya xx.xx.2024-cü il tarixdə həmin imtina barədə qərar ünvanlanmışdır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur.

33. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

34. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zəruri həcmdə araşdırılma aparılmadan, işin hallarına düzgün hüquqi qiymət verilmədən yekun nəticəyə gəlinmişdir.

35. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

36. Beləliklə, Kollegiya hesab edir ki, iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

40. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5374/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar