Məhkəmə qərarları › İş №2-1(103)-3515/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3515/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3515/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin iddiaçıya qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8285/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “artıq ödənilmiş 228,24 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək əri Şahzadə Məmmədovun xx.xx.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin 1 yanvar 2021 -ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılır. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mərhumərinin ölümü haqqında məlumatı, həmçinin ölüm haqqında şəhadətnaməni vaxtında Mərkəzi Filiala təqdim etmədiyindən 2020-ci ilin iyun (vəfat etdiyi gündən həmin ayın sonuncu gününədək), iyul və avqust ayları üzrə əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülmüş, müvafiq kart hesabından 828,24 (səkkiz yüz iyirmi səkkiz manat iyirmi dörd qəpik) manat pul vəsaiti götürülmüşdür. Cavabdeh Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 828,24 manat məbləğindən çıxılmış, qalan 228,24 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Filial tərəfindən Cavabdeh yaranmış qalıq 228,24 manat borcu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət təmin olunmayaraq Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5308/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2075/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2529/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1414/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 saylı 05 may 2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8285/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə qərardadında qeyd etmişdir ki, “iddiaçının müvafiq tələblə inzibati orqana müraciətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə bir sübut məhkəmə iclasında da təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya hazırki tələblə bağlı cavabdehə müraciət etməsi hüququ izah olunmalıdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati orqan olmaqla Cavabdeh (fiziki şəxsdən) artıq ödənilmiş 228,24 manat pensiya məbləğinin qaytarılmasını tələb edir. Lakin birinci instansiya məhkəməsi isə iddiaçının müvafiq tələblə inzibati orqana müraciətini təsdiq edən sənədin təqdim edilməməsini əsas gətirsə də, hazırkı iş üzrə iddiaçının inzibati orqan olmasını nəzərə almamışdır. Digər tərəfdən işin birinci instansiya icraatı zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda iddia tələbi “ödənilməmiş pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi” , məhkəmə qərardadının giriş hissəsində isə “artıq ödənilmiş pensiya məbləğinin hesablanaraq iddiaçıya qaytarılması” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddia tələbinin məzmunundan görünür ki, hazırkı tələb konkret olmaqla, cavabdehdən artıq ödənilmiş 228,24 manat dövlət vəsaitinin geri qaytarılmasıdır. Göründüyü kimi tələbdə nə ödənilməmiş pensiya məbləğinin ödənilməsi, nə də artıq ödənilmiş məbləğin hesablanması qeyd edilməmişdir. Eyni zamanda iş materiallarında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi də müəyyən edilmir. Göründüyü kimi hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmaqla yanaşı, qəbul etdiyi qərardadında hazırkı işə aid olmayan faktlara istinad etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, işin birinci instansiya icraatı zamanı hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılmalı, iddiaçı tərəfindən müvafiq sübutların təqdim edilməsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8285/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8285/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin iddiaçıya qaytarılması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar