Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3516/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7506/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması və vurulmuş ziyanın ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuşdur. 2020-ci ilin yanvar ayında ordu sıralarına çağırılmış və 2021-ci ilin iyulun 01də ordudan təxris olunmuşdur. 12 iyul 2021-ci il tarixdə Gürcüstan Respublikasına getmək üçün təyyarə bileti almışdır. Hərbi biletinə möhür vurulması üçün 8 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, hərbi xidmət dövründə adında olan silah çıxarılmadığından, onun hərbi biletinə möhür vurula və üzərindəki məhdudiyyətlər götürülə bilməz. O, buna etiraz edərək, bildirmişdir ki, qeyd olunan hərəkətlər, xidmətdə olduğu hərbi hissə tərəfindən həyata keçirilməlidir. Nəticədə yuxarıda adı çəkilən İdarənin əməkdaşları onunla razılaşaraq, bildirmişlər 09 iyul tarixində onun hərbi biletinə möhür vurulacaq, üzərindəki məhdudiyyətlər götürüləcək. 12 iyul tarixində uçuş üçün hava limanına getdikdə ona bildirilmişdir ki, üzərində ölkədən çıxış qadağası var, o, ölkəni tərk edə bilməmiş, bileti də etibarsız hesab olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusunun tanınması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair müraciəti olmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-10968/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1236/2022 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-10968/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1599/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1236/2022 saylı qərardadı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1226/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-10968/2021 saylı qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı “hüquqların pozulmasının tanınması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməyə göndərilmişdir. Bakı İnizbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7506/2023 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilərək iddia tələbi “cavabdeh tərəfindən iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması” kimi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7506/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini, işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən prosessual hüquq normaları pozulub. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin məhkəmə bu vəzifəsini də yerinə yetirməyib. Məhkəmənin özünün əsaslandığı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin hipotezasında deyilir: bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa. Hüquq normasının hipotezası faktiki hallan ifadə edir, hüquq subyekti üçün hüquq və vəzifələr yaradır, onun necə hərəkət etməli olduğunu müəyən edir. Həmin maddənin hipotezasında nəzərdə tutulmuş bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa faktiki hal-iddia ərizəsində bu Məcəllədə başqa qaydanı müəyyən edən bu Məcəllənin 36ci maddəsinin mətni verilmişdi. Maddədən görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmuşdur; tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının tanınmasını məhkəmədən tələb edə bilər və subsidiar xarakter daşıyır, yəni əlavə mexanizm kimi çıxış edir. Şikayətçi barəsində faktiki olaraq başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməyib, bu barədə rəsmən hər hansı yazılı qərar qəbul edilməyib, eyni zamanda istintaqa şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməyib. Bu səbəbdən prosessual məcburiyyət tədbiri olaraq ölkədən çıxışa qadağan qoyulması əsassız və qanunsuzdur. Ona görə də həmin orqan tərəfindən Şikayətçinin hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının tanınmasını tələb etmək hüquqi meydana gəlmişdi və bunu məhkəmə qaydasında tələb edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci imstansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının İPM-in 13cü maddəsinin tələblərinə uyğun göstərmiş olduğu hüquqi yardıma cavab olaraq, iddiaçının vermiş olduğu tələbini müdafiə etdiyini, cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunun məhkəmə qaydasında tanınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki apellyasiya və kassasiya icraatı zamanı məhkəmələrin mövqeyindən də göründüyü kimi, iddiaçının hüquqi marağı nəzərə alınmaqla düzgün iddia növünün seçilməsi və yalnız bundan sonra həmin iddia növünə münasibətdə mümkünlük şərtlərinin yoxlanılması göstərişləri qoyulmuşdur. İş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmənin hüquqi yardımına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili iddia tələbində dəqiqləşdirmə apararaq, məhz cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunun məhkəmə qaydasında tanınmasını xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkilinə İPM-in 13-cü maddəsinin tələblərindən çıxış edərək hüquqi yardım göstərərək, iddia tələbi ilə məhz iddiaçının uçuşunun qadağan olunması üzrə cavabdeh inzibati orqanın hərəkətinin qanunsuz sayılmasının yoxsa cavabdeh tərəfindən tətbiq olunmuş “çıxışı qadağandır” statuslu məhdudiyyətin ləğvinin tələb edilməsinin dəqiqləşdirilməsi təklif olunmuş, iclas zamanı iddiaçının nümayəndəsi və vəkili artıq məhdudiyyətin götürüldüyünü, tələblərinin isə məhz “cavabdehin hərəkətinin Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi tanınması” kimi qəbul edilib baxılmasını, sonda da sözügedən pozuntunun tanınmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası da İPM-in 52-ci maddəsinin (məhkəmə baxışının hədləri) tələblərini nəzərə alaraq, irəli sürülmüş və baxılması tələb olunan iddia tələbinə baxaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin ona qarşı hərəkət və ya hərəkətsizliyin daxili qanunvericiliklə tənzimlənən maddi hüquq normasında ifadə olunan publik hüququnun pozulması kimi deyil, Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntu kimi tanınmasını inzibati məhkəmə icraatında tələb edir. Halbuki, inzibati məhkəmə icraatı qeyd edildiyi kimi inzibati orqanın maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin qanuniliyini yoxlayır. Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının pozulub-pozulmamasının müəyyən edilməsi isə hazırkı məhkəmənin qiymətləndirmə predmetini təşkil etmir və adıçəkilən hüquqi akta əsasən yoxlama hazırkı inzibati məhkəmə nəzarətinin səlahiyyətinə aid deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7506/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7506/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3516/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3516/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver