Məhkəmə qərarları › İş №2-1(103)-3517/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3517/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3517/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 3512 saylı, 0,14 ha bağ sahəsinin X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 31 may 1988-ci il tarixli 5/310 saylı qərarına əsasən 03 may 2002-ci il tarixdə vəfat etmiş mərhum ataları X4 Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləsinə əsasən Sabunçu rayonu X10 sahəsi 3512 saylı ünvanda yerləşən 0,14 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunmuş torpaq sahəsinin ətrafı valideynləri tərəfindən hasarlanaraq digər bağlardan təcrid edilmişdir. Bağ sahəsi həmişə iddiaçıların sahibliyində, istifadəsində olmuşdur. Mütəmadi olaraq hər il yay aylarında bağa gedərək ərazilərinə baş çəkmişlər. 2021-ci ildə ataları X3 adına, sərəncamlarında olan bağ sahəsinə dair müvafiq sənədləri toplayaraq, hüquqmüəyyənedici sənədlərin verilməsi məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişlər. 1 saylı Bakı Ərazi İdarəsi bağ sahəsinin ayrılmasına dair xx.xx.1988-ci il tarixli 19653 saylı müqavilənin idarənin arxivində aşkar edilməməsi və bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması səbəbindən ərizənin icrasının mümkün olmamasını bildirərək bağ sahəsinə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar tərəfindən təqdim olunan müqavilə barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia edilən bağ sahəsinə xx.xx.2022-ci il tarixdə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3514 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(112)-3799/2022 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,14 ha olan 3512 saylı bağ sahəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Bağlar İdarəsi tərəfindən verilmiş müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, mübahisə predmeti olan bağ sahəsi X4 ayrılmışdır. Belə olan halda cavabdehin arxivində müqavilənin olmaması, iddiaçıların iradəsindən kənar olmaqla bərabər iddiaçıların müraciətinin təmin edilməsindən imtinanın əsası kimi çıxış edə bilməz. Cavabdehin mübahisə predmeti torpaq sahəsinin sxematik xəritə ilə bağlı uyğunsuzluq təşkil etməsi barədə dəlillərinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə icraatı zamanı cavabdehin mütəxəssisləri tərəfindən yenidən baxış keçirilməsinə şərait yaradılmışdır. Sxematik xəritədə 3512 nömrəli bağ nömrəsinin olmaması ilə bağlı dəlillərə münasibətdə qeyd edilmişdir ki, sxematik xəritədə bağ 3512 bağ nömrəsi olmasa da, həmin bağın 3511 və 3513 bağ nömrələri arasında nömrəsi qeyd edilməyən bağ sahəsi olması sxematik xəritədəki nömrələrin ardıcıllığına tam uyğundur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, iddiaçılar tərəfindən təqdim olunan müqavilə barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka keçirilən texniki baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən şərti olaraq kənardan göstərilən ərazi digər fiziki şəxslər tərəfindən 3 hissəyə bölünüb, ərazinin bir hissəsində digər fiziki şəxslər tərəfindən hasarlar, bağ evi və köməkçi tikililər inşa olunub. Bundan əlavə, bağların bölgüsünə dair sxematik xəritədə sözügedən “3512” saylı bağ sahəsinin nömrəsi qeyd olunmamışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2- 1(103)-1098/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1553/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2- 1(103)-1098/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iş materiallarında olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunub ki, “yerli baxış zamanı məlum oldu ki, iddiaçı tərəfindən kənardan göstərilən ərazi digər fiziki şəxslər tərəfindən 3 hissəyə bölünüb, ərazinin bir hissəsində digər fiziki şəxslər tərəfindən hasarlar, bağ evi və köməkçi tikililər inşa olunub. Cavabdeh bu barədə apellyasiya şikayətində də bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinin əksinə olaraq şikayətin dəlilinə münasibət bildirməmiş, iş üzrə obyektiv nəticəyə gəlmək üçün kifayət qədər ziddiyyətli olan həmin dəlilləri İnzibati Prosessual Məcəllənin 12 və 58-ci maddələrinin tələblərinə əsasən tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Bu səbəbdən də, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman qeyd edilən hal araşdırılmalı, aparılan araşdırmalar nəticəsində hazırkı mübahisə predmeti olan torpaq sahəsinə zərurət olduqda yenidən iddiaçıların və mütəxəssisin iştirakı ilə birgə baxış keçirilməli, müayinə (baxış) aktında qeyd olunan torpaq sahəsinin, bağ evinin və digər tikililərin dövlət qeydiyyatına alınıbalınmaması, alındığı halda kimə məxsus olması və məhkəmə qərarının həmin şəxslərin hüquqlarına toxunub-toxunmadığı müəyyən edilməli, bundan sonra qeyd edilən məsələyə hüquqi qiymət verilərək qanuni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçılar subyektiv hüquqa malikdir. Belə ki, iddiaçılar Bakı şəhər X6 İcraiyyə Komitəsinin 31 may 1988-ci il tarixli 5/310 saylı qərarına və Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləsinə əsasən vaxtilə atalarına ayrılmış torpaq sahəsinin mərhum atalarına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. İddiaçılar tərəfindən təqdim olunan müqavilə barədə İdarənin arxivində məlumatın aşkar edilməməsi;

2. Bağların bölgüsünə dair sxematik xəritədə sözügedən “3515” saylı bağ sahəsinin nömrəsinin qeyd olunmaması;

3. İddiaçı tərəfindən şərti olaraq kənardan göstərilən ərazinin digər fiziki şəxslər tərəfindən 3 hissəyə bölünməsi, ərazinin bir hissəsində digər fiziki şəxslər tərəfindən hasarlar, bağ evi və köməkçi tikililərin inşa olunması.

Kassasiya instansiya məhkəməsinin göstərişləri məhz imtinanın 3-cü dəlili ilə bağlı araşdırmanın aparılmasından ibarət olmuşdur. Buna baxmayaraq, təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən qeyd edilmiş bütün imtina əsaslarını yoxlayır. Apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya hesab edir ki, iddiaçılar tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən müqavilə olduğu təqdirdə, həmin müqavilənin arxivdə aşkar edilməməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Belə ki, müvafiq müqavilənin əvvəlki qurum tərəfindən cari cavabdeh orqana təhvil edilməmiş olması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Həmçinin kassasiya instansiya məhkəməsi tərəfindən iddiaçıların təqdim etdikləri hüquqmüəyyənedici sənədə münasibətdə deyil, məhz faktiki iddia olunan torpaq sahəsinə münasibətdə araşdırmanın aparılması göstərişi verilmişdir. Apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi, iş materiallarına əlavə edilmiş sözügedən sxematik xəritə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer və ölçüləri barədə müvafiq ərazilər üzrə inzibati orqanın müvafiq mütəxəssisi tərəfindən tərtib edilmiş və fərdi istifadə üçün nəzərdə tutulmuş xəritələrdir. Həmin xəritələr xüsusi qaydada deyil, yalnız mütəxəssis tərəfindən əl ilə hazırlanmaqla, qanunla müəyyən edilmiş səlahiyyət əsasında təsdiq edilmədiyindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, şəxsin istifadəsindəki bağın yerləşdiyi torpağın dövlət qeydiyyatına alınmasının yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Apellyasiya şikayətinin üçüncü dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin qərarında əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, işin obyektiv araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq iddiaçıların iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,14 ha olan 3512 saylı bağ sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilməsi və faktiki vəziyyətlə bağlı (hüquqmüəyyənedici sənədlərlə müqayisədə) müayinə aktının tərtib edilərək məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.14 ha olsa da, faktiki olaraq 0.1603 ha təşkil edir (üzərində tikili yoxdur). Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən ərazinin bir hissəsi digər bağ sahələrinin ərazisinə uyğun gəlir (öz bölünənləri, 3511 saylı bağ sahəsi və onun bölünənləri). Həmçinin 3512 saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır. Həmçinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı məktuba əlavə edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən edilir ki, bağ sahəsinin sərhədləri şimal tərəfdən qonşu hasarla ayrılıb, cənub, qərb və şərq tərəfdən isə 4 sıra mişar daşı düzülmüşdür, tikili yoxdur, vətəndaş tərəfindən faktiki göstərilən bağ sahəsinin koordinatları ərizəyə əlavə olundu, bağ sahəsinin yerləşməsinin düzgünlüyünə kadastr sektorunda baxılması məqsədə uyğundur. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi sədrlik edənin sualına cavab olaraq bildirdi ki, hal-hazırda göstərilən ərazi üzrə sxematik xəritədə uyğunsuzluq aşkar olunmur, digər şəxslərin sahiblik, istifadələrində olan ərazilər ilə üst-üstə düşmür, iddia olunan sahədə hər hansı bir tikili yoxdur, hazırda göstərilən ərazi sxematik xəritə ilə uyğun gəlir. Göründüyü kimi torpaq sahəsinin mərhum X4 məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquq müəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası üçüncü dəlilə münasibətdə də apellyasiya şikayətini əsassız hesab edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçılar hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X4 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, X10 sahəsi 3512 saylı ünvanda yerləşən 0,14 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar