Məhkəmə qərarları › İş №2-1(103)-3518/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3518/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3518/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X4 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı ** nömrəli Bakı Peşə Liseyinin cavabdeh Cavabdeh qarşı (üçüncü şəxslər X1, üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4) “altsistemə yerləşdirilmiş məlumatlara dəyişikliyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı ** nömrəli Bakı Peşə Liseyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adları qeyd olunan mühəndis-pedaqoji işçilərin ** nömrəli Bakı Peşə Liseyində işləməsini təsdiq edən ərizələri və işə davam etməkdə olmasını nəzərə alaraq ƏMAS sistemində xitam bildirişlərinə imtina edilməsinə qərar verilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərardadı ilə X1, üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 hazırki iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ** nömrəli Bakı Peşə Liseyində çalışan X1, üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs3, üçüncü şəxs4 mühəndispedaqoji işçilərə ##.##.2024-cü il tarixdə ƏMAS proqramında səhvən xitam verilmişdir. Səhvi düzəltmək üçün dərhal ƏMAS altsistemində “Etibarsızlaşdırma” əməliyyatı aparılıb. Ardınca ƏMAS-a email vasitəsi ilə müraciət edilmiş, lakin məlum olmuşdur ki, həmin funksiya aktiv deyil, bu zaman artıq 24 saat keçmişdir. Müəssisənin özü tərəfindən səhvi düzəliş etmək mümkün olmamışdır. Səhv verilmiş xitamların sistemdə ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Idarəsinə rəsmi məktubla müraciət edilmiş, müraciətə cavab olaraq səhvi düzəltmək üçün tələb olunan sənədlər siyahısına əsasən bütün sənədlər göndərilmişdir. Işin icra müddəti ərzində ƏMAS sistemində müvafiq qanunvericilik dəyişikliyi olmuş, yeni qaydaya görə sistemdə xitamın düzəlişi məhkəmə qərarına əsasən həyata keçirilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Tural Məlikov) *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ** nömrəli Bakı Peşə Liseyi ilə X1, üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 arasında bağlanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair məlumatlara dəyişikliyin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən həm Xidmətə müraciət zamanı, həm də məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, işəgötürən tərəfindən əmək müqavilələrinə xitam verilməsi texniki səhv nəticəsində olmamışdır. Belə ki, hər işçiyə münasibətdə işəgötürən tərəfindən yazılı qaydada əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmiş, həmin əmrlər imzalanıb möhürlənmişdir. Iddiaçının təqdim etməyə çalışdığı kimi proses sadəcə sistem üzərində əməliyyat zamanı texniki səhv nəticəsinə baş verməmişdir. Əksinə, işəgötürən tərəfindən Xidmətə müraciət daxil olduqdan sonra ona ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, “Əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman üçüncü şəxs4 ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə, X8 ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə, X3 ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə, üçüncü şəxs3 ##.##.2012-ci il tarixindən bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixində əmək qanunvericiliyinin tələbləri pozularaq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsaslanmaqla xitam verildiyi müəyyən edilmişdir. Işəgötürənin məhkəməyə təqdim etdiyi işçilərin əmək münasibətlərinə davam etdiyini təsdiq edən ərizələri faktiki olaraq işçilərin əmək müqaviləsi olmadan işlərinə cəlb edilməsi deməkdir. Hal-hazırda həmin şəxslərlə əmək müqaviləsinə xitam verildiyi halda onların işlərin görülməsinə cəlb edilməsi, aylıq əmək haqqı almaları qanunun tələblərinə zidd olmaqla inzibati məsuliyyət yaradır. Həmçinin, Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində ** nömrəli Bakı Peşə Liseyinin hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi mümkün deyildirsə, fərdi əmək mübahisəsi kimi ümumi məhkəmələrə müraciət edilməli və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməlidir. Əmək müqaviləsinə xitam verilməsi, yaxud əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. Həmçinin məhkəmə aidiyyət normalarını gözləmədən iddianı icraata qəbul etmiş, mahiyyəti üzrə baxıb yekun qərar qəbul etmişdir. Məhkəmə iddianı aidiyyət məsələsinə əsasən mümkün saymamalıdır. Məhkəmə qəbul etdiyi qərarla artıq formalaşmış vahid məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir. Oxşar iddia tələbi üzrə ümumi məhkəmələrdə baxılmış və yekunlaşdırılmış onlarla məhkəmə qətnaməsi mövcuddur. Həmçinin, inzibati məhkəmələr tərəfindən oxşar iddialara münasibətdə iddianın mümkün sayılmaması barədə qərarlar qəbul edilir və yuxarı instansiya məhkəmələrində həmin qərarlar qüvvədə qalır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2024-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “k” bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2011ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”yə əsasən XIdmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə xitam əmrlərinin ləğv edilməsi Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir. Müraciətinizdə qeyd olunan məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 12-ci maddəsinin «k» bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» (# ###### 2025-ci ilədək qüvvədə olmuşdur): 1.2. Bu Qaydalar mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir. 2.1.1. elektron xidmətlər - mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilən xidmətlərdir. 2.1.3. elektron xidmət təminatçısı (bundan sonra - təminatçı) - elektron xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxsdir. 3.1. Bu Qaydalar mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən aşağıdakı konkret sahələrdə göstərilən xidmətləri əhatə edir: 3.1.5. əmək və məşğulluq. 5.1. Elektron xidmətlərdən istifadə zamanı istifadəçilərin aşağıdakı hüquqları vardır: 5.1.1. elektron xidmətləri müvafiq inzibati reqlamentə uyğun qaydada və vaxtında almaq; 5.1.2. elektron xidmətlərdən istifadə etmək üçün dolğun, aktual və düzgün məlumat əldə etmək; 5.1.3. elektron xidmətlərdən eyni şərtlərlə və bərabərhüquqlu istifadə etmək; 5.1.4. elektron xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər həlli imkanlarından istifadə etmək. 7.2. Elektron xidmətlərin göstərilməsi zamanı təminatçı istifadəçidən inzibati reqlamentdə nəzərdə tutulmayan sənədlərin, həmçinin digər dövlət qurumlarının informasiya ehtiyatlarında mövcud olan sənədlərin və məlumatların təqdim edilməsini, o cümlədən, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, digər dövlət qurumlarına əlavə müraciət etməsini, hər hansı razılaşdırma aparılmasını tələb etməməlidir. 7.3. Təminatçı istifadəçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların adi qaydada emal edilməsini, saxlanılmasını və mövcud kargüzarlıq qaydalarına müvafiq olaraq baxılmasını təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Elektron xidmət növlərinin Siyahısı» (# ###### 2025-ci ilədək qüvvədə olmuşdur):

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 9.13. Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi; 9.14. Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə»: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikasının Əmək Məcəlləsi"Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlər və işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən geniş əks etdirilmişdir, onların yenidən göstərilməsinə zərurət mövcud deyildir. Işin faktiki hallarına görə işəgötürən ** nömrəli Bakı Peşə Liseyi tərəfindən Liseyin mühəndis-pedoqoji işçiləri X1, üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 barəsində ##.##.2024-cü il tarixdə əmək müqavilələrinə xitam verilmiş, lakin ** nömrəli Bakı Peşə Liseyinin ##.##.2024-cü il tarixli **K nömrəli əmri ilə işçilərin əmək müqavilələrinə xitam verilmələri barədə əmrlər ləğv edilmişdir. Bundan sonra əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin texniki səhv olması əsası ilə ləğv etmə əməliyyat aparılmış, lakin funksiya aktiv olmadığından iddiaçı sözügedən əməliyyatı apara bilməmişdir. Altsistemdə düzəliş edilməsinə dair iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnaməsində xitam əmrlərinin ləğv olunmasının Xidmətin vəzifəsi olaraq nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işin hallarına əsasən iddiaçı və üçüncü şəxslər aralarıında bağlanmış əmək müqaviləsinə xitam verilməsi niyyətində deyillər, bu istiqamətdə hər hansı hərəkətlər edilməmişdir. Ümumiyyətlə, üçüncü şəxslərlə işəgötürən arasında əmək münasibətləri ilə bağlı mübahisə mövcud deyil. Iddiaçı cavabdeh inzibati orqandan üçüncü şəxslərin əmək müqavilələrinə xitam verilməsinə dair əmrin ləğv edilməsini deyil, müvafiq altsistemə səhvən daxil etdiyi üçüncü şəxslərin əmək müqavilələrinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinə müvafiq elektron informasiya sistemində dəyişiklik edilməsini istəyir. Çünki işəgötürənin, yəni iddiaçının elektron sistemə yanlış daxil edilmiş məlumatı düzəltmək üçün texniki imkanı mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək cavabdehin vəzifəsidir. Cavabdeh qurumun imtinası isə qeyd edilən tələblərə cavab vermir. Bu isə qeyd edilən normativ aktlarla qarşıya qoyulmuş məqsədlərə mütənasib deyil və vətəndaşların konstitusion bərabərlik və əmək hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar