Məhkəmə qərarları › İş №2-1(103)-352/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-352/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-352/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “qərarın ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(112)-3042/2021 saylı qərarından 3-cü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi, həmin iş üzrə borcludan tutulmalı olan vəsait ödənilmədən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev üzrə qeydiyyatın ləğv edilməsi və icraata xitam verilməsi haqqında əsaslar olmadığından və bunun nəticəsində vurulmuş mənəvi ziyan olaraq hər birinə 10000 AZN vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 17.03.2021-ci il tarixli, 2-1(112)-3042/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 946/2019 saylı, 22.06.2020-ci il tarixli icra sənədi icra edilməsi üçün cavabdehə göndərilmişdir. Lakin bu günə qədər icra sənədi icra edilməmiş və işin gedişatı barədə onlara rəsmi məlumat verilməmişdir. Eyni zamanda xüsusi mülkiyyətlərində olan ev üzrə qeydiyyatları elektron qaydada icra sənədi üzrə ləğv edilmiş, lakin məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onlara ödənilməli olan vəsait ödənilməmişdir. Baxmayaraq ki, icra üsulunun qaydası eyni zamanda icra edilməli idi. Göründüyü kimi icra sənədi üzrə kompensasiya məbləği ödənilmədən istifadə hüquqları bir daha pozulmuşdur. Cavabdehin 17/72-87989/1 saylı, 02 noyabr 2020-ci il tarixli cavabına əsasən 09.09.2020-ci il tarixdə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, mümkünlük haqqında şərt yerinə yetirilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İddiaçı1, İddiaçı2 və Əliyeva X2 rayon İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon İcra Hakimiyyəti qarşılıqlı iddia ərizəsi təqdim edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respiublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməsi, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı hər biri 1/10 hissəsində paya malik olduqlarına görə İddiaçı1 13.504 manat, İddiaçı2 13.504 manat və İddiaçı3 13.504 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibatı Məhkəməsinin 11 iyun 2019cu il tarixli, 2-1(81)-946/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1(103)-1887/2019 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2-1(81)-946/2019 saylı qərarı ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M A.Əliyev küçəsi, dalan 2, 6 saylı evin iddiaçıların hər birinin paylı mülkiyyətində olan hissəsinə görə (əsas sahə 16,88 kv.m) cavabdehdən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə bir kv.m-i 1500 manatdan olmaqla 25.320 manat məbləğində kompensasiya tutulmuş, qalan hissədə iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ilkin iddia tələbinə uyğun olaraq, iddiaçılara 25.320 manat məbləğində kompensasiyanın müqabilində qarşılıqlı iddia üzrə cavabdehlərin (ilik iddiaçıların) istifadə hüququna xitam verilmiş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2- 1(103)-1887/2019 saylı qərarından hər iki tərəf kassasiya şikayəti vermişdir. Bundan sonra, hər iki tərəfin kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən məhkəmə iclası təyin edilənədək İddiaçı1, İddiaçı2, İddiaçı3 və Yasamal rayon İcra Hakimiyyəti arasında razılıq əldə olunmuşdur. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ünvan 3 saylı evin İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin paylı mülkiyyətində olan hissəsinə görə hər birinə ümumi 35 256 manat ödənilmişdir. İddiaçılar kassasiya şikayətindən imtina etmədiyi, eyni zamanda məhkəmənin vaxtı və yeri barədə məlumat aldıqlarına baxmayaraq üzrlü səbəb olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatı Kollegiyası iddaçıların iştirakı olmadan işə baxaraq, 12 fevral 2020 il tarixli, 2-1(102)-323/2020 saylı yekun qərar qəbul etmişdir. Həmin qərarla hər iki tərəfin kassasiya şikayətləri təmin olunmamışdır və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1(103)- 1887/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi iddiaçılar ilə Yasamal rayon İcra Hakimiyyəti arasında olan mübahisə məhkəmədən kənar, o cümlədən məhkəmənin qəbul etmiş yekun qərarından əvvəl həll olunmuşdur. Bu zaman, iddiaçılara paylı mülkiyyətlərində olmuş daşınmaz əmlaka görə məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya məbləğindən daha artıq vəsait ödənilmişdir. İddiaçılar ilə Yaşamal rayon İcra Hakimiyyəti arasında mübahisə məhkəmədən kənar, eyni zamanda məhkəmənin qəbul etmiş yekun qərarından əvvəl həll olunmuşdur. Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə məhkəmənin yekun qərarının icraya yönəlməzdən əvvəl cavabdeh orqanın könüllü razılıq əsasında məhkəmənin onun üzərinə qoyduğu öhdəlikləri icra etmişdir. Qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin sözügedən iş üzrə icra sənədi tam icra edildiyi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarı tam qanunidir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında “qərarın ləğv edilməsi və mənəvi ziyanın tutulması” tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “həmin iş üzrə borcludan tutulmalı olan vəsait ödənilmədən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev üzrə qeydiyyatın ləğv edilməsi və icraata xitam verilməsi haqqında əsaslar olmadığından və bunun nəticəsində vurulmuş mənəvi ziyan olaraq hər birinə 10000 AZN vəsaitin cavabdehdən tutulması” hissəsi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(112)-3042/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilmiş, cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş “Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 946/2019 nömrəli, 22.06.2020-ci il tarixli icra sənədinə xitam verilməsi” barədə 09.09.2020-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardan 3-cü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, 28.12.2019-cu il tarixində bağlanmış Razılaşma müqavilə hesab edilir. Razılaşma adlanan müqavilənin tərəfləri Mülki Məcəlləyə zidd olmayan müqavilə bağlamaqla müqavilənin şərtlərini azad surətdə müəyyənləşdirmişlər. Göründüyü kimi, məhkəmə Razılaşma adlanan müqaviləni təhlil edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını nəzərə almışdır. Həmin Razılaşmaya əsasən tərəflərin iradə ifadəsinin həqiqi mənası isə vətəndaşın itkilərə məruz qaldığı yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması üçün pul məbləğinin ödənilməsindən, başqa sözlə eyni əmlaka görə eyni şəxslərə əlavə kompensasiya ödənilməsindən ibarətdir. Qanunvericiliyin tələblərinə görə, kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında razılaşdırılan digər kompensasiya formalarında ödənilə bilər. Bundan başqa, mövcud qanunvericiliyin tələblərinə cavab verməklə kompensasiya hissə-hissə, yəni 25.12.2019-cu il tarixli Daşınmaz əmlakın alqısatqı müqavilələrinə və 28.12.19-cu il tarixli Razılaşmalara əsasən pul məbləği ilə ödəniş formasında həyata keçirilmişdir. Beləliklə, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıların hər birinə 20 256 manat məbləğindən əlavə 28.12.2019-cu il tarixində bağlanmış razılaşmaya əsasən 15000 manat ödənilən pul məbləğinin təyinatı itki və məhrumiyyətlərə məruz qalmış mülkiyyətçilərin köçürülənədək malik olduqları şəraitdən əlverişsiz vəziyyətə düşməmələri üçün ödənilən əlavə kompensasiya məbləğidir ki, alınan əmlaka görə qanunvericiliyin tələbinə uyğun formada ödəniş həyata keçirilmişdir. İş materialları ilə icra sənədi tam icra olunduğu sübuta yetirildiyi, eyni zamanda inzibati icraat haqqında hüquq normaları və maddi hüquq normaları pozulmadığı üçün Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş “Bakı İnzibati Məhkəməsinin 2-1(81)-946/2019 nömrəli, 22.06.2020-ci il tarixli icra sənədinə xitam verilməsi” barədə 09.09.2020-ci il tarixli qərarı qanunidir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1406/2021 saylı 16 aprel 2021-ci il tarixli qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “ziyanın ödənilməsi” barədə iddia tələbi rədd edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2021-ci il tarixli, 2-1(103)-1858/2021 saylı qərarı ilə qüvvədə saxlanmışdır. Həmin iş üzrə iddia tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 12.02.2020-ci il tarixli 2-1(102)- 323/2020 saylı qərarı vaxtında icra olunmadığı üçün Azərbaycan Respublikası Milli Bankının Uçot dərəcəsi ilə illik 5 % hesablanmaqla və mənəvi ziyana görə pul vəsaiti Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətindən tutulmalıdır. Lakin hər iki məhkəmə instansiyası hesab etmişdir ki, iddiaçılarla cavabdeh arasında notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinə və razılığa əsasən iddiaçıların hər birinə ayrı-ayrılıqda məhkəmə qərarında nəzərdə tutulandan daha artıq, yəni 35.256 manat vəsait ödənilmişdir. Beləliklə, iddiaçılara mülkiyyətlərində olmuş əmlaklarına görə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya məbləğinin bütövlükdə ödənilməsi faktı artıq məhkəmələr tərəfindən təsdiq olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi apellyasiya şikayətini müafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı, cavabdehin və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, hazırki tələbkarlara Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindəki paylarına görə borclu tərəfindən hər birinə 20.256 manat məbləğindən əlavə 28.12.2019-cu ildə aralarında bağlanmış razılaşmaya əsasən 15.000 manat ödənilsə də həmin sonuncu ödənişin təyinatı başqa xarakterli, yəni maddi yardım şəkilində olmaqla məhkəmə qərarında nəzərdə tutulan kompensasiya kimi ödəniş aparılmamışdır. Bu isə onu deməyə əsas verir ki, tələbkarların hər birinə 25.320 manat ödənilməsi barədə icra sənədi tam şəkildə icra olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1(103)-1887/2019 nömrəli qərarına əsasən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı evin iddiaçılar İddiaçı1, X3 və İddiaçı3 hər birinin paylı mülkiyyətində olan hissəsinə görə (əsas sahə 16,88 kv.m.) cavabdeh Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətindən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə hər kv.m-i 1500 manatdan olmaqla 25.320 manat məbləğində kompensasiyanın tutulması, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, iddiaçılara ödənilən 25.320 manat məbləğində kompensasiyanın müqabilində onların istifadə hüququna xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərar üzrə icra sənədi verilmiş və Bakı şəhəri, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra icraatı başlanılmışdır. İş üzrə borclu Yasamal rayon İcra Hakimiyyəti icra qurumuna müraciət edərək Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair tələbkar İddiaçı1, X4 və İddiaçı3 ilə bağlanmış müqavilə üzrə hər birinə ayrı-ayrılıqda 35256 manat vəsait ödənildiyini, bununla əlaqədar 2-1(81)-946/2019 saylı, 22.06.2020-ci il tarixli icra vərəqəsinin icra olunduğunu bildirmişdir. İcra sənədində qeyd olunan tələbin borclu tərəfindən tam şəkildə təmin olunmasına əsaslanan icra məmuru qəbul etdiyi 09.09.2020-ci il tarixli qərarla Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 946/2019 nömrəli, 22.06.2020-ci il tarixli icra sənədinə xitam vermişdir. Hazırda iddiaçılar icra sənədinin tam icra edilmədiyini bildirərək icra məmuru tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 20.1.5-ci maddəsinin tələblərinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Yasamal rayon İcra və probasiya Şöbəsinə ünvanlanmış 1306/d nömrəli, 30 iyul 2020-ci il tarixli məktubun surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyətinə ünvanlandığı 17/72-87989/1 nömrəli, 06.07.2020-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirmək istəyirlər ki, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair tələbkar İddiaçı1, X4 və İddiaçı3 ilə bağlanmış müqavilə üzrə hər birinə ayrı-ayrılıqda 35256 manat vəsait ödənilmişdir. Həmçinin 2-1(81)-946/2019 saylı, 22.06.2020-ci il tarixli icra vərəqəsi icra olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İlyas Cəfərov tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədinə əsasən Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 6 tələbkarların hər birinin paylı mülkiyyətində olan hissəsinə görə (əsas sahə 16,88 kvm.) borclu Bakı şəhəri, Yasamal rayon İcra hakimiyyətindən 20 faiz əlavə ilə birlikdə bir kvm.-i 1500 manatdan olmaqla 25320 manat məbləğində kompensasiya tutulmalı, tələbkarlara ödənilən 25.320 manat məbləğində kompensasiya müqabilində tələbkarların istifadə hüququna xitam verilməlidir. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(81)-946/2019 nömrəli, 22.06.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Kollegiya qeyd edir ki, hazırkı iddiaçılara Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindəki paylarına görə borclu tərəfindən hər birinə 20.256 manat, bundan əlavə 28.12.2019-cu ildə aralarında bağlanmış razılaşmaya əsasən 15.000 manat ödənilməsi işin mübahisəsiz halıdır. 28.12.2019-cu ildə aralarında bağlanmış razılaşmaya əsasən 15.000 manat ödənilsə də həmin sonuncu ödənişin təyinatı başqa xarakterli, yəni maddi yardım şəkilində olmaqla məhkəmə qərarında nəzərdə tutulan kompensasiya kimi ödənişin aparılmaması ilə bağlı qeyd edilməlidir ki, 28.12.2019-cu il tarixində bağlanmış razılaşmaya əsasən 15000 manat ödənilən pul məbləğinin təyinatı yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşmələri ilə əlaqədar ödənilən əlavə kompensasiya məbləğidir ki, alınan əmlaka görə qanunvericiliyin tələbinə uyğun formada ödəniş həyata keçirilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin. Həmin Qanunun 65.1.9-cu maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formalarında ödənilə bilər. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən veriləcək kompensasiya tam və ya qismən, birdəfəlik və ya hissə-hissə pul məbləği ilə ödəniş formasında ödəniləcəyi hallarda kompensasiya bank hesabına ödənilir. Göründüyü kimi, qanunvericiliyin tələbinlərinə əsasən alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formalarında, eyni zamanda tam və ya qismən, birdəfəlik və ya hissə-hissə pul məbləği ilə ödəniş formasında ödənilə bilər. Odur ki, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən mövcud qanunvericiliyin tələblərinə cavab verməklə kompensasiya hissə-hissə, yəni 25.12.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqavilələrinə və 28.12.19-cu il tarixli Razılaşmalara əsasən pul məbləği ilə ödəniş formasında həyata keçirilmişdir. Bununla yanaşı, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2021-ci il tarixli, 2-1(103)- 1858/2021 saylı qərarında da qeyd edilmişdir ki, iddiaçılara məxsus əmlak dövlət ehtiyacları üçün cavabdeh tərəfindən onlardan hər biri ilə ayrılıqda notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçıların hər birinə 20.256 manat məbləğində kompensasiya ödənilmiş, əlavə olaraq iddiaçılarla cavabdeh arasında notariat qaydada əldə edilmiş razılaşmaya və iddiaçılar tərəfindən notariat qaydada verilmiş bəyannaməyə uyğun olaraq maddi yardım kimi onların hər birinə 15.000 manat məbləğində pul ödənilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1(103)- 1887/2019 saylı qərarının icrası ilə verilmiş icra sənədi üzrə icraata qərar borclu tərəfindən tam icra edildiyi üçün xitam verilmişdir. Belə ki, icra işindən müəyyən edilir ki, iddiaçıların hər birinə ayrı-ayrılıqda 35.256 manat məbləğində vəsait ödənilmişdir. Həmçinin, həmin qərarda qeyd edilmişdir ki, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 notariat qaydada təsdiq edilmiş Yasamal rayonu İcra Hakimiyyətinə verdiyi bəyannamələrdən görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış obyekti dövlət ehtiyacları üçün alınanadək onun sahibi olaraq ərizə-bəyannamə ilə aşağıdakıları bəyan etmişlər: “1) Təsdiq edirəm ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 16,88 kv.m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə mənə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 20.256 (iyirmi min iki yüz əlli altı) manat məbləğində kompensasiya ödənilmişdir. 2) Qeyd olunan yaşayış obyektinə görə mənə ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyini bildirir və kömək məqsədilə mənə kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini xahiş edirəm. 3) Dövlət ehtiyacları üçün alınanadək sahibi olduğum yaşayış obyekti ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təklif edilən 15.000 (on beş min) manat məbləğində maddi yardım qəbul edirəm, həmin məbləğlə könüllü şəkildə və hər hansı kənar təsir olmadan razı olduğumu bəyan edirəm. Bildirirəm ki, Yasamal rayon icra Hakimiyyəti ilə aramızda imzalanmış Razılaşma Protokolunda da əksini tapan həmin maddi yardımın hesablanması qaydası və ödənilməsi şərtləri mənə izah edilmişdir və bu şərtlərlə tam razıyam. 4) Bəyan edirəm ki, mənə təklif edilən 15.000 (on beş min) manat məbləğində maddi yardım müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında mənim adıma köçürüldüyü andan etibarən ünvan 2 ünvanında yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahibi olduğum yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələbimin olmayacağı və həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacağımı bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarına (KİV), qeyri-hökümət təşkilatları və digər təşkilatlara heç bir şikayətimin olmayacağı və müraciət etməyəciyim barədə öhdəlik götürürəm. 5) Əlavə olaraq təsdiq edirəm ki, dövlət ehtiyacları üçün alınanadək sahib olduğum yaşayış obyekti ilə əlaqədar mənim hüquqlarımı müdafiə edən müvəkillərim tərəfindən də hər hansı bir iddia tələbi irəli sürülməyəcəkdir və belə tələblər irəli sürüləcəyi halda bu cür tələbin ünvanlandığı müvafiq qurumlardan həmin məsələrə baxılmamasını xahiş edirəm.” Göründüyü kimi, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-946/2019 saylı, 22.06.2020-ci il tarixli icra sənədinə əsasən 20 faiz əlavə ilə birlikdə bir kv.m-i 1500 manatdan olmaqla 25.320 manat məbləğində kompensasiyanın iddiaçılara məxsus əmlakın əvəzində onların hər birinin payına uyğun ödənilməsi qərar alınmış, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti iddiaçılarla arasında notarial qaydada bağlanmış alqısatqı müqavilələrinə və razılığa əsasən iddiaçıların hər birinə ayrı-ayrılıqda məhkəmə qərarında nəzərdə tutulandan daha artıq, yəni 35.256 manat vəsait ödənilmiş və bununla bağlı icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 09.09.2020-ci il tarixli qərarı əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 3-cü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2- 1(112)-3042/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(112)-3042/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçının “cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş “Bakı İnzibati Məhkəməsinin 2-1(81)-946/2019 nömrəli, 22.06.2020-ci il tarixli icra sənədinə xitam verilməsi” barədə 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar