Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3521/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X23 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxslər X12, X16, X15 və X13 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzilin pasport qeydiyyatından X12, X16, X15 və X6 çıxarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı notarial qaydada alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 105 nömrəli mənzili 05 aprel 2016-cı il il tarixində almışdır. Qeyd olunan mənzildə mənzilin keçmiş sahibi ilə birlikdə qohumları da qeydiyyata alınmışdılar. İddiaçı qeyd olunan mənzili aldığı zaman mənzilin sahibi bildirmişdir ki, xx.xx.2016-cı il tarixinədək qeyd olunan mənzildən qeydiyyatdan çıxacaqlar və həmin tarixdə evin keçmiş sahibi X17 qeydiyyatdan çıxmışdır. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra qeyd olunan mənzilin mülkiyyətində olmasının qeydiyyata alınması ilə bağlı iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək RX ******* nömrəli çıxarışı əldə etmişdir. İddiaçı ASAN xidmətə yaxınlaşaraq mənzili qızının adına keçirilməsini istəmiş və həmin anda iddiaçıya məlum olmuşdur ki, tanımadığı və heç bir qohumluq əlaqəsi olmayan üçüncü şəxslər X12, X16, X15 və X13 həmin evdə pasport qeydiyyatındadırlar. Qeyd olunan şəxslərin mənzilə hansı əsaslarla qeydiyyata alınmaları iddiaçıya məlum deyil. İddiaçı üçüncü şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinə yazılı şəkildə müraciət etmişdir. Müraciətinin əsasında cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubu verərək, aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Qeyd olunan mənzil alqısatqı müqaviləsi əsasında əldə edildikdən sonra üçüncü şəxslər həmin mənzildən çıxmışdılar və hal-hazırda harda yaşamaqları iddiaçıya məlum deyil. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12, X16, X15 və X13 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və üçüncü şəxslər X12, X16, X15 və X6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pasport qeydiyytdan çıxarılmış olduqları Bakı şəhəri, Özbəkistan küçəsi ev 21, 105 saylı mənzil 1989-cu ildə onlara order əsasında verilmişdir. Belə ki, o, Bakı Maşınqayırma Zavodunda “çilingər”, daha sonra “Körpülü Kran sürücüsü” vəzifəsində işləmiş, 1992-ci ildə ailə həyatı qurmuşdur. Elə həmin il zavod tərəfindən yataqxananın 4-cü mərtəbəsindəki 105 nömrəli otaq onun istifadəsinə verilmişdir. 2002-ci ildə 10 gün (rayonda getdiyi üçün) ailə vəziyyəti ilə əlaqədar mənzildə olmamağından istifadə etmiş Zəngilan rayonundan məcburi köçkün olmuş X22 ailəsi ilə mənzilini zəbt edərək bu kimi bu onun istifadəsinə verilmiş mənzildə yaşamağı davam edir, onlar isə kirayələrdə yaşayır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və ona müvafiq tələblə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -AR DİN tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, iş üzrə üçüncü şəxslər ünvan 2-də qeydiyyatdadırlar. -xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzili X5 almışdır. Müvafiq sorğu əsasında Bakı şəhəri 50 saylı Notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş 4Ə-224 reyestr saylı “Alqı-satqı müqaviləsi”nə dair notariat işində saxlanılan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin materiala əlavə edilmiş: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 92/7 №-li Sərəncamın surətindən görünür ki, ünvan 2-ə dair X11 adına icarə müqaviləsi bağlanmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzil X11 xüsusi mülkiyyətində olmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, hazırda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzilə dair üçüncü şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 xx.xx.2004-cü il tarixdən, X16 xx.xx.2005-ci il tarixdən, X15 xx.xx.2011-ci il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır. -X20 tərəfindən verilmiş 29 nömrəli orderin surətindən görünür ki, X10 Özbəkistan küçəsi, ev 21, mənzil 105, mərtəbə 4 ünvanında yerləşən zavodun yataqxanasından otaq ayrılmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş F.Şahmarov 1989-cu ildən X20nda işləmiş və həmin müəssisə tərəfindən ona Özbəkistan küçəsi 21 saylı binada otaq verildikdən sonra qeydiyyata düşmüşdür. 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna getdiyi zaman onun mənzilində Zəngilan rayonu məcburi köçkün X25 ailəsi ilə birlikdə məskunlaşıb. Maşınqayırma zavodunda işlədiyi dövrdə order əsasında qeydiyyata düşmüş X1 21 saylı bina Birliyin balansına xx.xx.2007-ci ildən qəbul edildiyi vaxtdan orderdə göstərilən mənzildə yaşamamışdır. Onun qeydiyyatda olduğu 105-ci mənzil hal-hazırda özəldir. xx.xx.2016-cı il tarixindən verilmiş №********** qeydiyyat vəsiqəsi var- (köhnə nömrə 116 olub). Özbəkistan küçəsi 21 saylı bina Birliyin balansına qəbul edildiyi zaman inventarizasiya vaxtı sıralama ardıcıllığına uyğun 105-ci mənzil 69 №-li mənzil olaraq təyin edilib. Bildirilir ki, rəsmi çıxarış verilmiş 105-ci mənzil F.Şahmarovun mənzili deyil. -1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 83 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 21 saylı yataqxanının 105 №-li otağında qeydiyyatdadır. İnventarlaşdırma zamanı 105 saylı otaq 69 saylı otaq kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 ünvanında yerləşən 105 nömrəli mənzilin mülkiyyətçisidir. Onun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Kollegiya qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Göründüyü kimi qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Belə ki, Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı ünvan 2-in mülkiyyətçisidir. Üçüncü şəxslər iddiaçının ailə üzvü və digər qohumu deyil. Onların qeyd olunan mənzildə faktiki olaraq yaşamaması həm iş materialları, həm də öz izahatları ilə müəyyən edilmiş, bununla yanaşı həmin mənzilə dair əmlak hüquqlarının müvafiq reyestrdə qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Üçüncü şəxslərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məktubdan göründüyü kimi, binanın balanssaxlayıcısının dəyişməsi dövründə aparılmış inventarizasiya ilə mənzillərin sıralama ardıcıllığında dəyişiklik olmuşdur. İddiaçı isə 105 nömrəli mənzili 2016-cı ildə, yəni inventarizasiyadan sonrakı dövrdə əldə etmişdir. Belə olan halda, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduqlarından iddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın imtinası isə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3521/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3521/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver