Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3521/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödəmə adı altında vəsaitin tutulmasının qadağan edilməsi və s” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X2 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6167/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci və 20.14.1-ci maddələrinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçının pensiya məbləği 2.447,85 manat, yenidən hesablanmış pensiya məbləği 1.397,66 manat təşkil edir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixindən Filial tərəfindən təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və sonrakı artımlar nəzərə alınmaqla pensiyanın məbləği 2447,85 manata çatdırılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixindən Müdafiə Nazirliyində dövlət qulluğunda mütəxəssis vəzifəsinə qəbul olunmuş, lakin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci və 38.2-ci maddələri nəzərə alınmaqla bu barədə Filiala məlumat vermədiyi üçün, pensiyaya qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilmişdir. Nəticədə, pensiyanın məbləği xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq pensiyanın sığorta hissəsi tam (347,46 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2447,85-347,46=2100,39x50%=1050,20 manat) olmaqla 1397,66 (347,46+1050,20) manat və 10% miqdarında maddi yardım məbləği (139,77 manat) ilə birlikdə 1537,43 manat müəyyən edilmişdir. Eyni zamanda, pensiyanın məbləği xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmış və iddiaçıya ümumilikdə 44761,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 44761,04 manatdan 39245,18 manata endirilmiş və xx.xx.2022-ci il tarixindən pensiyasından hər ay 139,77 manat tutularaq Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına bərpa edilməkdədir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən hərbi qulluqçu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər Qanunun 20-ci maddəsində nəzərdə tutulan digər vəzifələrdə (dövlət qulluqçusu və s.) işlədikdə əmək pensiyasına qulluq stajına görə əlavə 50 faiz miqdarında ödənilir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “tələb edilən 39245,18 manat pul məbləğindən tutulmamış pul vəsaitinin tələb edilməsini cavabdehə qadağan edilməsini, tutulmuş pul vəsaitinin isə geri qaytarılmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. xx.xx.1983-cü il tarixdə Bakı Ali Hərbi Komandanlıq Məktəbinə qəbul olunmuş və 1987-ci ilin iyul ayında həmin məktəbi bitirmişdir. 1987-ci il tarixindən 1992-ci il tarixinədək Sovet Oordusunda xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.2019-cu il tarixində polkovnik hərbi rütbəsi ilə ordu sıralarından yaşa görə ehtiyata buraxılmışdır. Beləliklə də, xx.xx.2019-cu il tarixindən etibarən hərbi xidmətini başa vuraraq pensiyaya çıxmış, sonuncu artımla əlaqədar olaraq aylıq 2.692.64 AZN məbləğində pensiya almışdır. Həmçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin koordinasiya qrupunda (hərbi deyil, mülki xarakterli vəzifəyə) işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində dövlət qulluqçusu (hərbi deyil, mülki xarakterli vəzifəyə) kimi işə qəbul olunmuşdur. Qeyd edilən mülki xarakterli vəzifənin icrası zamanı da əmək haqqı ilə birlikdə pensiyanı 2022-ci ilin noyabr ayına qədər problemsiz şəkildə almağa davam etmişdir. 2022-ci ilin dekabr ayında pensiyası kəsilərək 1397.66 AZN məbləğində pensiya almışdır. Bundan sonra pensiya kəsildiyinə görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərələ Təyinat üzrə Mərkəzi Filialının rəisinə rəsmi məktubla müraciət olunsa da, onun məktubu cavablandırılmamışdır. Müvafiq tədbirlərdən sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən daxil olmuş məktubunda iddiaçının dövlət qulluqçusu kimi əmək fəaliyyəti davam etdirməyini nəzərə alaraq pensiyanın əsaszız olaraq tam ödənilməməsi bildirilmişdir. Belə ki, dövlət qulluqçusu olduğu üçün əmək pensiyası 50% miqdarında azaldılmış və indiyə qədər ona əmək pensiyasının 50%-i miqdarında artıq ödənilmiş məbləğlər dövlət nəfinə tutulmaqda davam etdirilmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya 12 mart 2019-cu il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 58 il 11 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 2447,85 manata artırılmaqla ona ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən hərbi qulluqçu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər Qanunun 20-ci maddəsində nəzərdə tutulan digər vəzifələrdə (dövlət qulluqçusu və s.) işlədikdə əmək pensiyasına qulluq stajına görə əlavə 50 faiz miqdarında ödənilir.“Əmək pensiyaları haqqında” Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Aparılan araşdırma zamanı iddiaçının xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mütəxəssis vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Buna görə də iddiaçının əmək pensiyası (2447,85 manat) 2022-ci ilin dekabr ayında yenidən hesablanaraq sığorta hissəsi tam (347,46 manat), qulluq stajına görə hissəsi isə 50 faiz miqdarında (2447,85- 347,46=2100,39x50%=1050,20 manat) olmaqla ümumilikdə 1397,66 (347,46+1050,20) manat məbləğində müəyyən edilib (139,77 manat maddi yardım məbləği ilə birlikdə 1537,43 manat). Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanaraq ona ümumilikdə 44761,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunan maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 44761,04 manatdan 39245,18 manata (xx.xx.2022-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində hər ay 139,77 manat olmaqla tutulmuş ümumilikdə 559,08 manat nəzərə alınmaqla) azaldılıb.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6167/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 39245,18 manat pul məbləğindən tutulmamış pul vəsaitinin tələb edilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəməda cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.
13. Məhkəmədə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********9 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5008/2023 nömrəli qərarları ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1 və 3.1-ci maddələrinə əsasən) 19.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır.
20. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilmiş və 2.692,64 manat məbləğində pensiya almışdır.
21. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu il tarixindən Müdafiə Nazirliyində dövlət qulluğunda mütəxəssis vəzifəsinə qəbul olunmuş, lakin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci və 38.2-ci maddələri nəzərə alınmaqla bu barədə Filiala məlumat vermədiyi üçün, pensiyaya qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilmişdir. Nəticədə, pensiyanın məbləği xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq pensiyanın sığorta hissəsi tam (347,46 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında olmaqla 1397,66 manat və 10% miqdarında maddi yardım məbləği (139,77 manat) ilə birlikdə 1537,43 manat müəyyən edilmişdir. Eyni zamanda, pensiyanın məbləği xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmış və iddiaçıya ümumilikdə 44761,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 44761,04 manatdan 39245,18 manata azaldılmışdır.
22. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən iddiaçının xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mütəxəssis vəzifəsinə dövlət qulluğuna qəbul olunduğunuz, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən əmək pensiyanıza qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Buna görə də əmək pensiyanız (2447,85 manat) 2022-ci ilin dekabr ayında yenidən hesablanaraq sığorta hissəsi tam (347,46 manat), qulluq stajına görə hissəsi isə 50 faiz miqdarında (2447,85- 347,46=2100,39x50%=1050,20 manat) olmaqla ümumilikdə 1397,66 (347,46+1050,20) manat məbləğində müəyyən edilib (139,77 manat maddi yardım məbləği ilə birlikdə 1537,43 manat). Bununla əlaqədar olaraq, əmək pensiyanız xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanaraq sizə ümumilikdə 44761,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin pul vəsaiti 2022-ci ilin dekabr ayından etibarən hissə-hissə (hər ay 139,77 manat) əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunan maddəyə əsasən sizə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 44761,04 manatdan 39245,18 manata (xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 139,77 manat olmaqla tutulmuş ümumilikdə 559,08 manat nəzərə alınmaqla) azaldılıb.
23. Belə ki, cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.
24. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
25. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.
26. Lakin, hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyaının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.
27. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 28.Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar ləğv edilməli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********9 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5008/2023 nömrəli qərarları ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması ilə bağlı iddia tələbi təmin edilməlidir. 30.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 31.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6167/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş yeni iddia tələbi təmin edilməlidir. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6167/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********9 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5008/2023 nömrəli qərarları ləğv edilsin və tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.