Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3523/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “məhdudlaşdırmanın aradan qaldırılması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8543/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “məhdudlaşdırmanın aradan qaldırılması öhədliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8543/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sayta məhdudiyyət məhkəmə qətnaməsinə əsasən qoyulsa da, bu qətnamənin çıxarılması üçün əsas məhz cavabdehin Səbail rayon Məhkəməsinə verdiyi ərizə olmuşdur. Yəni pozuntuların mövcud olması və məhdudiyyətin qoyulması zəruriliyi barədə qərarı faktiki olaraq məhz inzibati orqan olan cavabdeh qəbul etmişdir. Sadəcə mövcud olan qayda və prosedurlara uyğun olaraq həmin qərar məhkəmənin qətnaməsi ilə “təsdiq” edilmişdir. Bu da o deməkdir ki, inzibati orqan məhdudiyyətin qoyulmasına dair qərarın verilməsində birbaşa iştirak etmişdir. İkincisi, pozuntuların mövcud olması məsələsini məhz cavabdeh müəyyən etmiş və bu barədə Səbail rayon Məhkəməsinə ərizə vermişdir. Deməli, pozuntuların aradan qaldırılması hallarını da məhz cavabdeh müəyyən etməli və bununla bağlı müvafiq tədbirləri həyata keçirməli idi. Üçüncüsü, məhdudiyyətin qoyulması hüquqi mexanizmi Səbail rayon Məhkəməsinin qətnaməsi əsasında olsa da, fiziki olaraq həmin məhdudiyyəti məhz cavabdeh qoymuşdur. Bu səbəbdən, iddiaçı pozuntuların aradan qaldırılmasını müəyyən etmək və məhdudiyyəti götürmək müraciətini məhz cavabdehə etmişdir. Cavabdehin də inzibati orqan olaraq, bu müraciəti icra etmək və ya imtina vermək kimi səlahiyyətləri var idi. Cavabdeh iddiaçıya imtina etmiş və artıq bu imtina ilə iddiaçının hüquqlarını pozmuşdur. Dördüncüsü, məhkəmə iddianın mümkünsüz olmasına dair qərardad çıxarılmaqla faktiki olaraq iddianı mahiyyəti üzrə həll etmişdir. Lakin, hesab edirlər ki, məhkəmə burada kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, iddiaçı-cavabdehcavabdehin imtinası-pozulmuş hüquqların mövcudluğu zənciri olduğu halda, məhkəmə qanunvericilikdə hansısa mexanizmin mövcud olmamasına istinad edərək, iddianı mümkünsüz hesab edə bilməzdi. Belə ki, məhkəmə iddianı icraata qəbul etməli, onu mümkün hesab etməli və sözügedən mexanizmin mövcud olmadığını müəyyən etdikdən sonra bu əsasla iddianı rədd edə bilərdi. Yəni, məhkəmə inzibati orqanın verdiyi cavabın əsaslı imtina olub-olmamasını mümkünlük olaraq yox, məhkəmə araşdırılması çərçivəsində etməli idi. Lakin, Məhkəmə iddiaya mahiyyəti üzrə baxmadan artıq qanunlara istinad edərək, onun mümkün olmadığını müəyyən edir və bununla da iddiaçını pozulmuş hüquqların müdafiəsindən məhrum edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkəmə aktındakı əsaslandırması ilə razı olmasa da son olaraq gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşdə olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi təmin edilərək www.1xstavka.ru, www.20bet.com, www.anonymbet.co, www.cyber.bet, www.rabona.com, www.royaloakcasino.co, www.sportaza.com, www.sportsbookratings.eu, www.vulkan.bet, www.winabet365.com, www.bookmaker-ratings.com ,www.sports.ru, www.10lineloto.com, www.olimpbet.kz, www.prognozist.ru, www.vprognoze.ru, www.stavkiprognozy.ru, www.tennisi.bet, www.legalbet.ru, www.betwinner1.com, www.sapphirebet.com, www.betandyou2.com, www.leon.bet, www.1xbit1.com, www.marathonbet-az.com, www.fun88zen.com, www.1x001.com, www.stavkovekancelarie.com, www.tipsport.sk, www.vitibet.com, www.bets.net, www.desertnightcasino.com, www.bethard.com, www.wagerweb.eu, www.bookies.com, www.rivalry.com, www.promo.nj.betmgm.com, www.planetsportbet.com, www.thegameday.com, www.bookiesbonuses.com, www.fan-sportaz.cc, www.melbet001.com, www.gg.bet, www.loot.bet, www.cslotv.com, www.bookmakerexpert.com, www.mrbit.bet,w ww.fezbet.com, www.dfkayaraya.com, www.mbet.com, www.betgoodwin.co.uk, www.thepools.com, www.quinnbet.com, www.hollywoodbets.co.uk, www.betboom.ru, www.ligastavok.ru, www.olimp.bet, www.leon.ru, www.artbetting-az.com, www.lumabet.com, www.pokerdom.com, www.powbet.com, www.mystake.bet, www.agzufsmbb9nymst.com, www.mercsaytlari.net, www.22bets.me, www.pinupsbets.com, www.365scores.com, www.777score.com, www.betfromasia.com, www.dafavip.asia, www.globusbet.com, www.bookie.best, www.surebets.bet, www.mostbet-az.info, www.mostbet-az.club, www.pinup-bet528.com, www.slotozall.co, www.lottopark.com, www.welcomedeng.com, www.freshbet.com, www.lvbet.com internet informasiya ehtiyatlarına müraciətlərin edilməsi məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 15 sentyabr 2023-cü il tarixli məktubla imtina edilərək qüvvədə olan məhkəmə qərarı mövcud olduğu təqdirdə məhdudiyyətin götürülməsinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, gəldiyi nəticə üzrə əsaslandırması yanlış olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi həmçinin iddiaçıya məxsus internet informasiya ehtiyatlarına məhdudiyyətin qoyulması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğuna istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, məhdudiyyətin qoyulması ilə bağlı qeyd edilən qətnamənin mövcudluğu sonradan məhdudiyyətin aradan qaldırılması üçün əsas olan halların yaranmasına və ya məhdudiyyətin qoyulmasına əsas olan halın aradan qalxmasına dair öz hüquqi qüvvəsini saxlaya bilməz. Qeyd edilən məqamlar mütləq araşdırılmalıdır. Lakin inzibati məhkəmə icraatında inzibati məhkəmə məhz cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın qanuniliyini araşdırdığından, hazırki halda isə qüvvədə olan İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 13-3-cü maddəsində İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üsulları və bununla bağlı adiyyəti üzrə məhkəməyə müraciət etməklə bağlı müddəalar təsbit edilsə də, həmin qanunda qoyulmuş məhdudiyyətin aradan qaldırılması mexanizmi ilə bağlı müddəalar təsbit edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş inzibati iş kimi qəbul edilərək, cavabdeh tərəfindən hər hansı qanunvericilik normasının pozulub-pozulmadığını demək mümkün olmayacaqdır. Belə ki, cavabdeh inzibati orqanın qanunvericliklə üzərinə qoyulmuş vəzifə və səlahiyyətlər sırasında (nə İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu ilə, nə də ki, qurumun Əsasnaməsi ilə) qeyd edilən hal üzrə norma və onun tənzimlənmə mexanizmi mövcud deyildir. İşin hallarından göründüyü kimi, hazırkı mübahisənin əsası mülki hüquq münasibətlərindən qaynaqlanır. Belə ki, hazırki tələbində iddiaçının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyi məhdudlaşdırma məhz hazırki iş üzrə cavabdehin ərizəsi əsasında xüsusi icraat qaydasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qoyulduğundan, həmin məhdudiyyətin götürülməsi də məhdudlaşma üçün əsasların aradan qalxdığı halda müvafiq rayon məhkəməsinə tərəflərin verdiyi ərizə ilə mümkündür. Belə ki, AR MPM-in 355-20.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-20.2-ci maddəsinə əsasən yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. Həmçinin, diqqətə çatdırılır ki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)-1776/2024 saylı, xx.xx.2024-cü il tarixli qətanəməsindən görünür ki, oxşar iş üzrə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılaraq məhkəmə qətnaməsi ilə mübahisə həll edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8543/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8543/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-3523/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3523/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver