Məhkəmə qərarları › İş №2-1(103)-3524/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3524/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3524/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2708/2023 saylı, 25 may 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-də xx.xx.2003-cü il tarixindən xx.xx.2006-ci il tarixinədək olan işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anadangəlmə əlildir. Əlilliyi ilə bağlı pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Müraciətinə cavab olaraq qeyd edilmişdir ki, X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış pensiya kapitalının 17806,86 manat olmaqla qanunvericilikdə tələb olunan 17280,00 manat pensiya kapitalından çox olmasına baxmayaraq, ümumi sığorta stajı 6 il 11 ay təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 8 il 4 aydan (40 yaşına uyğun olaraq) azdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqinə əsasən "xxxx" MMC-nin xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən, həmin dövrlərin ümumi siğorta stajına əlavə edilməsinin qanunamüvafıq hesab olunmadığı, əlavə olaraq “Sosial müavinətlər haqqında” Qanunun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət atmaq hüququnun olduğu qeyd olunmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. O cümlədən, iddiaçıya xx.xx.2008-ci il tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinətin təyin edildiyi və xx.xx.2022-ci il tarixindən 180 manata çatdırıldığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassız olmuşdur. Çünki o, əmək kitabçasında göstərilən bütün müddətlər ərzində faktiki işləmişdir. İşlədiyi müddətlər onun adına açılmış əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı 31 may 2022ci il tarixində Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbini qarşılamadığına əsaslanaraq imtina məktubu ilə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İşin faktiki hallarına əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-dəki əmək fəaliyyəti inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqə əsasən "xxxx" MMC-nin xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığı aşkarlanmışdır. Buna əsasən inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədəki stajı sosial sığorta stajına daxil edilmir. X1 Sisteminin Pensiya altsistemi poqram təminatına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 17806,86 manat olmaqla qanunvericilikdə tələb olunan 17280,00 manat pensiya kapitalından çox olmasına baxmayaraq, tələb olunan 8 il 4 ay (40 yaşına uyğun olaraq) sosial sığorta stajına qarşı iddiaçının ümumi sığorta stajı 6 il 11 ay təşkil edir. Bu səbəbdən də iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2708/2023 saylı, 25 may 2023-cü il il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8782/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AA seriyalı, xxxxxxx FİN №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1981-ci il təvəlüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2003-cü il tarixdən doldurulmağa başlamış iddiaçının ******* №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də təhlükəsizlik üzrə mühəndis, xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" Azərbaycan MMC şirkətində qrup köməkçisi, xx.xx.2020-ci ildən xx.xx.2020ci ilədək "xxxx" MMC-də insan resursları üzrə mütəxəssis vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı “ümumi xəstəlik” səbəbilə 15 yanvar 2002-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 №li qərarı ilə İddiaçı əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qərarın imtinanın səbəbləri haqqında bölməsində qeyd olunmuşdur ki: “Araşdırmanın nəticəsinə əsasən əmək kitabçasında qeyd edilən xx.xx.2003-xx.xx.2006-cı il tarixlərindəki olan dövr öz təsdiqini tapmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. Vətəndaşın faktiki sosial sığorta stajı (6 il 11 ay) və pensiya kapitalı (17806,86) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən 40 yaş üçün tələb olunan 8 il 4 ay sığorta stajı olmadığı üçün İİ dərəcə əlilliyə görə əmək pensiyası hüququ yoxdur”. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, xx.xx.1981-ci il təvəllüdlü İİ dərəcə müddətsiz əlil olan iddiaçı ona xx.xx.2022-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş edir. Bu məqsədlə iddiaçının cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh iddiaçının "xxxx" MMC-də işlədiyi xx.xx.2003-xx.xx.2006-cı illər arasındakı dövrü sosial sığorta stajına daxil etməmişdir. İmtina belə əsaslandırılmışdır ki, qeyd olunan dövrlər üzrə müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının İİ dərəcə əlil statusuna malik olması və iddiaçının fərdi hesabının sığorta hissəsində əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalına malik olması işin mübahisələndirilməyən halını təşkil edir. İşin cavabdeh tərəfindən mübahisələndirilən məqamı iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan 8 il 4 ay (40 yaşına uyğun olaraq) sosial sığorta stajına qarşı ümumi sığorta stajı 6 il 11 ay təşkil edir. Qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq 41 yaşlı iddiaçının tələb olunan ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (40 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 25 il) x 4 ay = 100 ay = 08 il 4 ay) sığorta stajı tələb olunur. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi iddiaçının xx.xx.2003-xx.xx.2006-cı illərdəki "xxxx" MMC-də işlədiyi dövrə münasibətdə nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı qeyd olunan müəssisənin 2003-cü il tarixdən hal-hazıradək fəaliyyət göstərməsi aparılan araşdırmalar nəticəsində təsdiqini tapdığından və iddiaçının qeyd olunan illərdə işləməsinə dair əmək kitabçasında müvafiq qeydlər aparıldığından, sözügedən müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanının məlum olmaması iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, ona münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən fərdi hesabında olan pensiya kapitalı toplandığından (17806,86 manat) və iddiaçının "xxxx" MMC-də işlədiyi qanunla tələb olunan 08 ildən artıq sığorta stajı mövcud olduğundan (6 il 11 ay +2 il 1 ay 4 gün= 9 il 4 gün ) iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2708/2023 saylı, 25 may 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar