Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3524/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların qanunsuz hesab edilərək ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 yanvar 2023-cü il tarixli İQ-01/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” və 15 fevral 2023-cü il tarixli 22 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, “qaçqın statusu verilməsi haqqında” vəsatətin təmin edilməsi və ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Pakistan İslam Respublikasının Lahor şəhərində dünyaya gəlmiş və dini etiqadıma görə müsəlmandır. Orta məktəbi bitirdikdən sonra Lahor şəhərində 1992-1996-cı illərdə maliyyə üzrə magistr təhsili almış, daha sonra 1996-2006-cı illərdə aşpaz kimi çalışmış, 2010-2022-ci iliərdə Pakistanın Pişavar şəhərində “Dry CeJJ” adlı Şirkətdə direktor vəzifəsində çalışmışdır. Hal-hazırda evlidir, Komai Waheeda adlı Pakistan İslam Respublikası vətəndaşı ilə ailə həyatı qurmuş və bu nikahdan 3 qız və 1 oğlan övladı dünyaya gəlmişdir. Pakistan vətəndaşıdır və 12 iyul 2022-ci il tarixdə təqribən axşam saat 8 radələrində Pakistan İslam Respublikasının Pişavar şəhərində Shahid Hussain adlı dostu ilə birlikdə olarkən 3 nəfər naməlum şəxs odlu silahdan atəş açmaqla dostunu qətlə yetirmişlər. Bundan sonra isə qətldə şübhəli bilinən şəxslər tərəfindən təhdidlərə məruz qalmışdır. Belə ki, cinayət törətmiş şəxslər onlar barədə mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə onu da öldürəcəkləri barədə işlədiyi ofisin önünə təhdid məktubu qoymuşlar. Baş vermiş cinayət hədisəsi ilə əlaqədar məhkəmədə şahid qismində dindirilmişdir. Həyatı təhlükədə olduğu üçün Pakistan İslam Respublikasını tərk etmək məcburiyyətində qalmışdır və 7 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, halhazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Lakin ailəsi hələ də Pakistandadır və onların da həyatı təhlükədədir. Qaçqın statusunun verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatətin araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətiəri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Qaçqın statusunun verilməsindən imtina edilməsi barədə” 11 yanvar 2023-cü il tarixli İQ-01/1 nömrəli qərar verilmişdir. Sözügedən qərardan tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə inzibati qaydada şikayət verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 15 fevral 2023- cü il tarixli 22 nömrəli inzibati şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Qaçqın statusunun verilməsindən imtina edilməsi barədə” 11 yanvar 2023-cü il tarixli İQ-01/1 nömrəli qərarın dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş hər iki qərar qanunsuzdur və buna görə ləğv edilərək ona qaçqın statusunun verilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Belə ki, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı bir neçə arqumentlərə əsaslanmışdır. Cavabdeh orqan hesab etmişdir ki, izahatları inandırıcı deyil və bir-birinə ziddir. Bundan başqa cinayət hadisəsindən sonra onun Pakistana yenidən qayıtmağı, hüquq mühafizə orqanlarına müraciət etməməyi, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun müəyyən edilməməsi qənaətinə gələrək inzibati orqan qaçqın statusunun verilməsindən imtina etmişdir. İzahatlarını ingilis dilində vermiş, izahatları bir-birinə tam uyğun olmuşdur. Cinayət törətmiş şəxslər tərəfindən təhdidlərə məruz qaldığından sonra Pakistanı tərk etmiş, lakin təxirəsalınmaz işləri səbəbindən həyatı təhlükədə olmasına baxmayaraq çox qısa müddətə, yəni 2-3 günlük Pakistana qayıtmış və 7 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Cinayət törətmiş şəxslər onun onlar barədə mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəkləri ilə bağlı hədə-qorxuları səbəbindən mühafizə orqanlarına müraciət etməkdən çəkinmişdir. Onun həyatı təhlükədədir və bu səbəbdən ona qaçqın statusu verilməlidir ki, Azərbaycan Respublikasında təhlükəsiz şəraitdə yaşaya bilsin. Qeyd olunanlara əsasən cavabdehin qəbul etdiyi qərarlar qanunsuz olmuş və bu səbəbdən ləğv edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “11 yanvar 2023- cü il tarixli İQ-01/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir . İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlərr. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş M6- ***-**** saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən qaçqın statusu almaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və adına ***-**** saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına əsasən xx.xx.2023-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.0.15-ci maddəsinə əsasən arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikası ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-01/1 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərara əsasən Pakistan İslam Respublikasının vətəndaşı İddiaçıa qaçqın statusu verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərara əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-01/1 nömrəli qərarından Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-37/1-B-33- 18/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-37/1-B-xx-xx/2023 nömrəli inzibati şikayətlər təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə şəxsin vəsatətində və müsahibəsində ziddiyyətlər mövcuddur. Belə ki: a) Ameer İmran qatillər tərəfindən hədələndiyini və bu barədə polisə məlumat verməməsi barədə xəbərdarlıq olunduğunu bildirsə də, Ameer baş verənlərlə bağlı polisə məlumat verməməsinə baxmayaraq yenə də həmin şəxslər tərəfindən təqibə məruz qaldığını göstərmişdir; b) Ameer İmran qatilləri tanıdığını bildirsə də, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməmiş, qatillərin tapılması istiqamətində köməklik göstərməmişdir. Dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951- ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. İddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmamış və iddiaçı vətəndaşı olduğu ölkədə təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda, o cümlədən 2-1(102)- 3182/2019 saylı, 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-2143/2020 saylı, 25 noyabr 2020-ci il tarixli, 2-1(102)-366/2021 saylı, 24 fevral 2021-ci il tarixli və 2-1(102)-535/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 937/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3524/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3524/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver