Məhkəmə qərarları › İş №2-1(103)-3527/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3527/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3527/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi ilə, X8 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Ayşəm Lehsan qızı Mirzəyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs Maraqlı şəxs2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 oğunun iştirakları, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməklə) “ünvan 1 ünvanından Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2-1(112)-8236/2023 nömrəli qərarından üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanından Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı əsasında aldığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi ünvanında yerləşən 38 nömrəli ev iddiaçının xüsusi mülkiyyətindədir. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən arayış alarkən iddiaçıya məlum olmuşdur ki, ona məxsus evdə naməlum şəxslər xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs1, xx.xx.1968-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx.xx.2007-ci il təvəllüdlü Maraqlı şəxs3 qeydiyyatdadırlar. Həmin şəxslər alqı-satqı əsasında iddiaçının evi aldığı X2 həyat yoldaşı və uşaqlarıdır. Aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcılar satılan əmlakda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmalarını təmin etməyi öhdələrinə götürsələr də, bu öhdəliyi yerinə yetirməmişlər. İddiaçı yuxarıda adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, cavabdeh tərəfindən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli imtina məktubu verilmiş və ona məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı Xəzər rayon Polis İdarəsinin imtinasını əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(112)-8751/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim Tural Məlikov) Üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(112)-8236/2023 saylı qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin səhv olaraq guya onun həmin evdə yaşamadığını qeyd etdiyini, halbuki həmin evdə yaşayaraq, evdən istifadə hüququnun olduğunu, istifadə hüququ ola-ola məhkəmə tərəfindən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini qanunsuz hesab edən şikayətçi, iddiaçının həmin evdə yaşamadığını, onunla bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirildiyini və Xətai Rayon Məhkəməsinin icraatında bununla bağlı məhkəmə mübahisəsinin olduğunu qeyd etmişdir. Ücüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin səhv olaraq guya onun və bacısının həmin yaşayış evində yaşamadıqlarını qeyd etdiyini, halbuki Namiq Dadaşovun oğlu kimi həmin evdən istifadə hüquqlarının mövcud olduğunu, istifadə hüquqları ola-ola məhkəmə tərəfindən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini qanunsuz hesab edən şikayətçi, iddiaçının həmin evdə yaşamadığını, onunla bağlanmış alqı-satqı müqaviləsinin mübahisələndirildiyini və Xətai Rayon Məhkəməsinin icraatında bununla bağlı məhkəmə mübahisəsinin olduğunu qeyd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək inzibati iş üzrə məhkəmə iclasının Xəzər RPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin və digər üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, Maraqlı şəxs2 2013-cü ildən Dadaşov Namiqin evinə köçməklə orada yaşadığını, həmin evdən istifadə hüququ qazandığını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz etdiyini, Maraqlı şəxs2 bu məsələ ilə ümumiyyətlə əlaqəsinin olmadığını, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını, sonradan münasibətlər pozulduğundan İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv olunması və çıxarışın etibarsız hesab olunmasına dair iddia qaldırılsa da, işin Ali Məhkəməyə qədər getdiyini, iddianın rədd olunduğunu, tərəfin alqı-satqı zamanı imza edərək, qeydiyyatdan çıxacağına razılıq verdiyini, heç bir subyektiv hüququnun olmadığını, odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-45/2-M- 63xx/xx/2023 saylı məktubdan görünür ki, iddiaçıya “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 75.2 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət növündə İddiaçı adına qeydiyyatdan keçmişdir. AN-İ ******* nömrəli, 10 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində X6, X7, X5, alıcı qismində İddiaçı olmaqla, satıcılar ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 75.2 kv/m olan fərdi yaşayış evini alıcıya satmışlar, müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür, 13-cü bəndinə əsasən satıcılar satılan əmlakda qeydiyyatda olan şəxslərin xx.xx.2021-ci il tarixdən qeydiyyatdan çıxmalarını təmin etməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, X11 (xx.xx.2005-ci il təvəllüdlü); Maraqlı şəxs2 (xx.xx.1968-ci il təvəllüdlü); Maraqlı şəxs3 (xx.xx.2007-ci il təvəllüdlü) ünvan 3 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsinin sorğusuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2023-cü il tarixli 18/2- 12415/2023 nömrəli məktubu ilə bildirmişdir ki, ünvan 3 ünvanına qeyd olunan üçüncü şəxslərin qeydiyyata alınmasına əsas verən sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı sözügedən evin hazırkı mülkiyyətçisidir, üçüncü şəxslər isə keçmiş mülkiyyətçinin qohumlarıdır. Üçüncü şəxslər iddiaçıya məxsus evdə faktiki olaraq yaşamır, onların həmin evə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Belə olan halda, həmin şəxslər sözügedən mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın imtinası isə iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı üçüncü şəxslər, o cümlədən Maraqlı şəxs2 və Maraqlı şəxs1 ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Belə ki, apellyasiya şikayətlərinin əsas dəlili üçüncü şəxslərin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.2 kv/m olan fərdi yaşayış evində yaşayaraq, istifadə hüquqlarının mövcud olması və iddiaçının həmin evdə yaşamaması, onunla bağlanmış alqı-satqı müqaviləsinin mübahisələndirilməsi və Xətai Rayon Məhkəməsinin icraatında bununla bağlı məhkəmə mübahisəsinin olmasından ibarətdir. Məhkəmə kollegiyası ilk növbədə üçüncü şəxslərin istinad etdiyi məhkəmə mübahisəsi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-(011)- 3889/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar X3, X4 və X1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alq-satqı müqaviləsinin və onun əsasında DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm faktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanunun mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus ev üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 apellyasiya şikayətlərində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikaytəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(112)-8236/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar